Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Leyla: Həmişə birinci məsləhəti həyat yoldaşımdan alıram - fotolar
Leyla: Həmişə birinci məsləhəti həyat yoldaşımdan alıram - fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 639
Səs ver:
Aparıcı Leyla Quliyeva - sakit, mülayim və gülərüz xanım... 11 ildir televiziya məkanında öz sözünü demiş aparıcılarındandır. Amma gündəmdə olmağı çox sevmir. Onunla müsahibəmiz də elə bununla bağlı oldu. L.Quliyeva özü üçün qoyduğu çərçivələrdən, ailəsindən və işindən danışıb.

- Leyla Quliyeva niyə hər zaman gündəmdən uzaq olub?
- Yeri gəldi-gəlmədi ortada olmağı sevən deyiləm. Əgər yeni bir layihəm, sözüm varsa, üz tuturam tanıdığım saytlara. Bəzən də heç özüm nəsə demədən haqqımda yazırlar. Bu da mənə xoşdur. Müəyyən səsli-küylü məclislərə qatılım, yerli-yersiz açıqlamalar verim, kiminsə haqqında nəsə söyləyim - bunlar mənə yaddır. İşim üzdə olmaqla əlaqədar olsa da, nadir hallarda tədbirlərə dəvət alanda razılaşıram. Yenə də baxıram ki, o tədbirə getsəm mənəvi baxımdan nə qazanacağam. Çox say-seçmə yerlərə gedirəm. Son vaxtlar düşüncələrimdə dəyişikliklər olduğu üçün tədbirlərin də sayını azaltmışam. 2005-ci ildən televiziya sahəsindəyəm. O vaxtdan belə şeylər etməmişəmsə, bundan sonra gündəmdə olmağı heç düşünmürəm. 

- Hər zaman özünüzü bir çərçivəyə salmısınız. Buna görə peşmançılıq çəkdiyiniz an olub?
- Heç vaxt... Hərdən daxilən özümlə çəkişmələrim olurdu ki, bəlkə mən də gündəmə gəlim. Bir çox məsələləri dərk edəndən sonra gördüm ki, elə belə yaxşıdır. Özüm üçün qoyduğum çərçivələr mənə heç bir çətinlik yaratmayıb. Öz işimdəyəm, layihələrimdəyəm, tədbirlərimdəyəm. İnsanlar məndə bir az dəyişiklik görəndə reaksiya verirlər. Hətta bir tərz, davranış belə onlarda şok yaradır. Öz çevrəmdə kifayət qədər deyib-gülən, şən biriyəm, komplekssiz adamam. 

"ÜSYAN EDƏCƏK YAŞDA, İNQİLAB EDƏCƏK STATUSDA DEYİLƏM"

- Bəzilər bunu həyat yoldaşınızın sizə qadağa qoyması ilə əlaqələndirir...
- O da bu sahənin adamıdır. Bu aləmin özünəməxsus xüsusiyyətlərini məndən də yaxşı bilir. Bu sahədə məndən də əvvəl işləyib. Onunla razılaşdırdığımız və mənim də onunla razı olduğum məqamlar var. Mənim üçün ailənin sabitliyi çox vacibdir. İki övladım var. Üsyan edəcək yaşda, inqilab edəcək statusda deyiləm. Biz hər şeyi qarşılıqlı razılaşma ilə edirik. O, mənə heç nədə mane olmur. Öz baxışı var, çalışırıq ki, ona uyğunlaşaq. Mənim də müəyyən məsələlərdə öz fikrim var, o da bunla razılaşır. 

- Bir vaxtlar həyat yoldaşınızla eyni telekanalda çalışmısınız. Sevdiyiniz insanla eyni yerdə işləməyin avantajı, dezavantajı nə olub?
- İlk avantajı o oldu ki, indi bizim gözəl ailəmiz, gül kimi övladlarımız var. Birinci növbədə mənə məsləhət verən insandır. Hansısa layihə, fotosessiya, müsahibə olanda mən ondan məsləhət alıram. 99 faiz halda onun dedikləri düz çıxır. Bir neçə dəfə qulaq asmadım, amma sonra gördüm ki, onun sözündə həqiqət var. İlk növbədə, Abbas insanları çox yaxşı ayırd etməyi bacarır. Mən insanlarda yanılıram, ilk vaxtlar hamıya gözəl münasibət göstərirəm. Amma 3 qəpiklik insana 5 qəpik dəyər vermək olmaz. Bu hallar olmasın deyə, ona qulaq asıram. Dezavantajı isə heç olmayıb. 

"İTV-DƏ LAZIM OLDUĞUMU HİSS ETMƏDİM"

- Leyla xanımın İctimai telekanaldan getməsi çoxlarını təəccübləndirdi. Bu kanaldan getməyinizə nə səbəb oldu?
- İnsan heç vaxt ona xoş olan yerdən ayrılmaz. Mən iş yerimə ailə kimi baxıram. İstər-istəməz günümüzün çox hissəsini orada keçiririk. İş yeri mənim üçün həssas seçimdir. 2005-ci ildən ilk yarandığı gündən İctimai televiziyada çalışan, açılış konsertini aparan adamam. Mən o kanalın ərsəyə gətirdiyi simayam. Hazırki İctimai televiziyanın vəziyyəti və yürütdüyü strategiya... Son 3 ildə orada yeni sima yarandığını, ərsəyə gətirdiyi maraqlı layihələri görmürük. Bizim olduğumuz vaxtda İctimai Televiziya hansı uğurlara imza atdısa, hamısı göz qabağındadır. İctimai televiziya çox qısa vaxtda, təxminən 2005-2012-ci illər arasında dünya incəsənət tarixinin keçdiyi etapları keçdi. Başlandı, inkişaf etdi, intibah dövrünə çatdı. İndi nə moderndir, nə də avanqarddır. Mənim İctimai telekanaldan getməyim 2013-cü ildə oldu. 2012-ci ildə "Eurovision" aparıcısı idim. Həmin vaxt da çıxmaq istəyirdim. Çünki edə biləcəyimi etdim. Murad Ariflə mən müsabiqənin ilk şərhçisi olduq, ölkələrə getdik, müsabiqəni lap yaxından öyrəndik. Bunun bəlli nəticəsi oldu. Biz gəldik və böyük şounu keçirdik. Biz müsabiqə və ölkə üçün hər şey etdik, bacardıq. Sonra lazım olduğumu hiss etmədim. Fikirləşdim ki, yeni üzlər gəlsin, bəlkə onların da deyəcək sözü var. Bu düşüncə ilə geri çəkildim. Bu mənim üçün dramaturgiya xətti idi, kuliminasiyaya çatdım və getdim. Sonra Bakıda ən böyük holdinqlərdən birində "İctimaiyyətlə əlaqələr şöbəsi"ndə çalışmağa dəvət aldım. Bu günə qədər də orada çalışıram. Özümü tamam yeni bir sahədə sınadım. O anda mən artıq televiziya sahəsini istəmirdim, başqa sahəyə can atırdım. Piar-marketinq mənim üçün maraqlı sahədir. Burada artıq mənim üçün yeni qapılar açıldı. Özümü, biliklərimi tədbiq edə bildim, treninqlərdə iştirak etdim, bu günə qədər özümə bəlli olmayan tərəflərimi açdım. Amerikada Azərbaycan qeyri-maddi irsinin, dəyərlərinin təbliğatı ilə məşğul olan "Azerbaijan-American Alliance” adlı şirkətin piar-menecer işini aparırdım. Biz Amerikada Xocalı Soyqırımının tanıtım kompaniyasını keçirmişik, bundan başqa mədəniyyət sahəsində tanıtım işləri ilə məşğul olmuşam.

- Yenidən televiziya sahəsinə qayıtmağınız necə oldu?
- Bir müddət düşünürdüm ki, televiziya sahəsinə heç qayıtmayacağam. Amma "Çto, qde, koqda" oyunlarından tanıdığımız Balaş Qasımov mənə iki layihə təklif etdi. Onların dünya səviyyəsində olduğunu gördüm. Azərbaycanda ilk dəfə idi ki, lisenziyalı layihə edilirdi. Mən Balaş, onun komandasına inandım və bildim ki, burada keyfiyyətli işdən söhbət gedir. Sıradan musiqili veriliş, konsertdən yoruldum. Mən həm də bir tamaşaçıyam. Evə gələndə oturub nəyəsə baxmaq istəyirsən. Bəziləri deyir, biz Azərbaycan kanallarını izləmirik. İzləmirsinizsə, insanları haradan tanıyırsınız? Bu qeyri-səmimilikdir. Musiqimiz superdi, onu dinləmək hər zaman xoşdur, amma amal bu deyil.

"FİKİRLƏRİMİ DEYİB, UCUZLAŞDIRMAQ İSTƏMİRƏM"

- Sizi bu aralar "Səs Azərbaycan" layihəsinin reklam çarxlarında gördük. Amma efir başlayanda aparıcı kimi siz yox, Tural Əsədov efirə çıxdı...
- "The Voice" mənim ən çox bəyəndiyim bir layihədir. Bütün dünyada var. Türkiyə, İngiltərə, Rusiya buraxılışlarına zövqlə baxıram, oradakı zarafatlar, münsiflərin bir-biri ilə danışmağı, səmimiyyəti çox gözəldir. Biləndə ölkəmizdə də belə layihə var, reklamında rol almağa razılaşdım. İndi onlara uğurlar arzulayıram. Tural mənim ən uğurlu tərəf müqabillərimdən biridir, münsiflər də sevilən müğənnilərimizdir. Mən AzTV-də iki veriliş aparıram, üçüncü layihə ilə tamaşaçıların gözünü yormaq istəmirəm. Bu mənə yad olan haldır. Tural isə işinin peşəkarıdır.

- Bəs, "Səs Azərbaycan"ı bəyəndiniz?
- Ekran şəkli baxımından, işıq, səs, səviyyə, dekor öz yerindədir. Heç kim inciməsin, amma Azərbaycan teleməkanında olan ən gözəl görüntülərdən biridir. Bu, onların sözləşməyə uyğun yerinə yetirməli olduqları bir müddəadır. Bizim üçün gözəldir, baxırıq, istedadlı uşaqlar görürük. Bəzi məqamlar var ki, bizim "Səs”də görmək istəyərdim. Düşünürəm ki, mən deməklə onu düzəldən deyillər. Ona görə də deyib, ucuzlaşdırmaq istəmirəm. 

"KANAL ÖZ APARICISINI UCUZLAŞDIRMAMALIDIR"

- Son dövrlərdə televiziya ən çox tənqid olunan bir sahə olub. Tamaşaçını ekran qarşısından didərgin salan nədir?
- Nəsə desəm, həmkarlarım bunu öz ünvanına götürə bilər. Kiminsə xətrinə dəymək istəmirəm. Mən televiziyanın bugünkü problemlərini bilirəm. Orada çalışan həmkarlarımın üzləşdiyi çətinlikləri də bilirəm. Mənə elə gəlir ki, biz axının tələbinə cavab verməyə çalışırıq. Çox vaxt biz reytinq qurbanı oluruq. Baxım görüm kimin hərəkəti çox izlənilir, mən də onu edim. Verilişlərimizdə ancaq müğənniləri görəndə çox heyfslənirəm. Toy-bayram olanda müğənnilərə üz tuturuq, onların sayəsində ruhumuz dincəlir. Amma cəmiyyətdə fikir yaradan tək müğənnilər deyil. Düzdür, onlar üzdədir, hamının maraqlandığı insanlardır. Amma bizim yeni nəsil yazarlarımız, istedadlı rəssamlarımız var. Mən onları görmək istəyirəm. Müğənnilərimizin hər cəhətini, içlərini bilməli olduğumuzdan daha artıq bilirik məncə. Televiziyamızda yeni ssenaristlərə, redaktorlara, düşünən beyinlərə, nəfəsə ehtiyac var. Hər şey sonda gəlir maliyyə məsələlərinə və strategiyaya toxunur. Reklam agentləri olmalıdır və onlar hər verilişə uyğun reklam gətirməlidir. Dəfələrlə belə hadisə ilə üz-üzə qalmışam. Hansısa layihəni etmək istəyəndə bizə deyiblər, maliyyə dəstəyi tapın. Kanal öz aparıcısını maliyyə dəstəyi axtaracaq qədər ucuzlaşdırmamalıdır. O, bir sima olaraq əlçatmaz qalmalıdır. 

- Telekanalların belə bir riskə getməsi nəticə verəcək?
- Bizdən öncə gələn insanların da üzləşdiyi çətinliklər olub. Novatorlar ilk vaxtlar çox qınanıblar, rəzillik içərisində yaşayıblar. Amma indi biz deyirik, filankəs, Allah sənə rəhmət eləsin. Olsun ki, kimsə də bizi qınayacaq, amma bəlkə bizdən sonrakı nəsil bunu qəbul edəcək. Bu riskə getmək lazımdır. Mənim apardığım "61" və "Əlaçı" reytinqli verilişlər deyil. Bu, məni qətiyyən narahat etmir. Amma orada iştirak edən məktəblilər də məhz bilikləri hesabına nəsə əldə etdiklərini görüb ruhlanırlar. 

- Davamlı izlədiyiniz, bəyəndiyiniz veriliş var?
- Fuad Axundovun apardığı verilişi çox maraqla izləyirdim. Bakını özümdən çox sevirəm. Dəfələrlə xaricdə işləmək təklifi gəlib, amma ona getməmişəm, getmərəm də. Öz şəhərini tanımaq və ona özün qədər bələd olmaq vacibdir. İndi yaşayırıq, amma 50 il əvvəli bilmirik. Nərgiz Cəlilova harada olursa, o verilişə baxıram, ondan nəsə öyrənirəm. Biz hamımız ona baxıb öyrənmişik. Emin Musəvinin verilişlərini sevirdim. Bunlarla yanaşı, DJ Fatehin apardığı «Breyn-Rinq» verilişini artıq neçə ildir ki, izləyirəm. Bəzi verilişlərə baxıram. Digər həmkarlarıma da hörmətlə yanaşıram. 

"ÖVLADLARIMI ONLARDAN BAŞQASINA ETİBAR EDƏ BİLMƏRƏM"

- Leyla Quliyeva həm də iki uşaq anasıdır. İş və ailə... Necə çatdırırsınız?
- Ailəmin dəstəyi çox kömək olur. Analar olmasaydı, çox çətinlik çəkərdim. Övladlarımı onlardan başqa heç kimə etibar edə bilmərəm. Deyə bilmərəm ki, başım işə qarışıb, onları diqqətdən kənarda saxlamışam. Uşaqlar bizim ailəmizin güzgüsüdür. Həmişə deyirəm ki, qadının bəşəriyyət qarşısında bir borcu var - ana olmaq. Mən iki dəfə borcumu yerinə yetirmişəm. Amma əsas şərt övladı dünyaya gətirmək yox, onu boya-başa çatdırıb, cəmiyyətə xeyirli bir övlad etməkdir. Qızımın 6 yaşı olacaq, təhsili ilə ciddi məşğul oluruq. Bu yaşda ona nə verməliyiksə, onu edirik. O, bizdən nə götürəcək, bilmirəm. Oğlan isə hələ balacadır. Müəyyən dərnəklərə gedir. Çalışıram, uşaqlara geniş üfüqlər açım: musiqi, idman, rəsm. Sabah seçim edəndə də bilsinlər ki, onlara hansı daha yaxşı yaraşır. Seçimi uşağın özünə buraxmaq lazımdır.

- Hər bir qadın gənc yaşlarında gələcək ailəsi ilə bağlı xəyallar qurur. Sizin xəyallarınız nə olub? Yenidən ana olmağı düşünürsünüz?
- Mən ailədə tək uşaq olmuşam. Ona görə də heç vaxt fikirləşmirdim ki, mən çoxuşaqlı ana olacam. Mənim üçün övladların sayı əhəmiyyət daşımır. Əsas keyfiyyətdir. Cəmiyyətə yararlı uşaqlar olsunlar. Adam evə yorğun gəlir, onların bir kəlməsi əhvalını dəyişə bilir. Qızım heç vaxt ona vaxt ayırmamaqda şikayətlənmir. Onun bütün günü doludur: şahmata, idmana gedir. Evdə olanda da heç imkan verməz ki, ona vaxt ayırmayasan. Özünə diqqət tələb edən qızdır. Mən passiv ev xanımı deyiləm. İstəyərdim ki, qızım da belə olsun.

- Birdən övladlarınız da aparıcı olmaq istəsə, razılaşarsınız?
- Mən istəmirəm o axına düşsün. İlk soruşacağım "Niyə aparıcı olmaq istəyirsən?" olacaq. Əgər bunu tanınmaq üçün edəcəksə, mən təbii "yox" deyəcəyəm. Bunu da mən əsaslandıracam. O məndən irəli getməlidir, getməsə, yaxşı övlad deyil. Aparıcı olmaq, incəsənət sahəsini seçmək, bu sahədə sözünü deyə biləcəksə, olsun. Yox, əgər sıradan biri olacaqsa, olmaz. Mən və atası onlara bu işin mövcud çətinliklərini, özünəməxsus xüsusiyyətlərini çatdıracağıq.

"MƏNİ TELEVİZİYAYA AYGÜN SƏMƏDZADƏ GƏTİRİB"

- Musiqiçi ailəsində böyümüsünüz, uşaqlıda bu işlə məşğul olmusunuz. Hətta 2001-ci ildə Heydər Əliyev Sarayında Heydər Əliyev və Roma Papası qarşısında mahnı da oxumusunuz. Niyə sonradan musiqidən uzaqlaşdınız?
- Bəzi müğənnilər demiş, 3 yaşından musiqi ilə məşğulam (gülür). Anam musiqişünasdır, onun sayəsində bütün Azərbaycan musiqi tarixini bilirəm. Xuraman Qasımovanın sinfində oxumuşam. Çox istəyərdim ki, ölkəmizdə klassik musiqi muğam qədər inkişaf etsin. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçən Muğam müsabiqələri bu sənəti çox inkişaf etdirdi. Onların sayəsində nə qədər uşaq xalq çalğı alətlərinə meyl göstərdi. Klassik musiqi isə hazırda istənilən qədər inkişaf etməyib. İndi Opera və Balet Teatrında Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Arif Məlikovun, Verdinin, Bizenin, Rossininin əsərlərinə tamaşa edirik. Bir az bundan sonra tamaşaçı nəyə baxacaq? Bizim klassik musiqi ilə məşğul olan gözəl musiqiçilərimiz var. Mənim bu gün tanınmış insan olmağımda, İctimai telekanala gəlişimdə Aygün Səmədzadənin misilsiz rolu var. Konservatoriyada bizə dərs deyirdi, bir gün gəldi dedi ki, yeni telekanal açılacaq, kastinq keçiriləcək. Kim istəyirsə, mənə adını yazıb versin. Mən və bir neçə qrup yoldaşım getdik. Seçildik 2 nəfər qaldıq. Aygün xanım mənim müdirim oldu. Əgər Aygün xanım qarşıma çıxmasa və təklif etməsəydi, indi operada, musiqi məktəbində fəaliyyətimi davam etdirəcəkdim. Bu gün də ona sonsuz minnətdaram. Ötən dəfə Aygün xanımın yaradıcılıq gecəsində isə dinlədiyimiz bir sıra instrumental-xoreoqrafik nömrələrdən sonra bəlli oldu ki, o, hansısa balet musiqisi üzərində işləyir. Yəni, hamının mahnı bəstəkarı, gözəl melodist kimi tanıdığı bu insanın içində görün hansı potensial var. İnanmıram ki, bizim bəstəkarlar arasında müzikl yazmaq istəyən yoxdur. İstedadlı nəslin nümayəndələrini canlandırmaq və klassik musiqiyə yönləndirmək lazımdır. Mən musiqi ilə nəfəs alan adamam, sadəcə, televiziyaya yönəldim və musiqidən uzaqlaşdım. Amma yenə də aparıcı kimi musiqi sahəsində nələrsə etdim. Hərdən evdə yeri gəldi-gəlmədi oxuyuram da. Hazırda elmi iş müdafiə etmək üçün hazırlaşıram. Nə vaxtsa imkan olsa, mən musiqi sahəsində də bacarıqlarımı göstərərəm. 

- Sizinlə eyni ərəfədə aparıcı Hüsniyyə Məhərrəmova da tanındı. Sizi hətta "siam əkizləri" adlandırırdılar. İndi ikiniz də ayrı telekanallarda çalışırsınız. Münasibətiniz var?
- İctimai televiziya ərsəyə gtirdiyi simalar bu gün orada deyil. Hərəmiz çox fərqliyiq. Hərənin öz auditoriyası, janrı və tərzi var. Biz o vaxt həmin telekanalın uğrunu təmin edənlər idik. Bu gün hərə öz yolunu seçib, müxtəlif yerlərdəyik. Biz böyük bir sınaqlardan keçdik. Dünyaya gəldik, böyüdük, indi orada qazandığımız keyfiyyətləri başqa yerdə tədbiq edirik. Biz çox fərqliyiq, publikamız fərqliyik. 

- Dostluğunuz davam edir?
- Dost mənim üçün çətin məfhumdur. Hər insana dost deyə bilmirəm. Televiziya sahəsi də bütün gözəllikləri ilə yanaşı, başqa yönləri də var... Bir az cəngəllik xüsusiyyəti özünü burada güclü büruzə verir. Cəngəllikdə yanlız güclülər qalib gəlir. Qalib gələnlər üzdədir və siz onları görürsünüz. Təbii seçim öz sözünü deyib. 

- Amma qaliblər bəzən bir-biri ilə düşmən olur. Bəlkə də bu paxıllıqdan irəli gəlir...
- İnsanı yıxan, zəif olduğunu büruzə verən birinci hiss paxıllıqdır. Kiminsə səndən üstün olduğunu dərk edirsən. Mən öz potensialımı bildiyim, məni daxildən yeyən bir hissim olmadığı üçün paxıllıq etmirəm. Mən maksimum kiməsə baxıb, "Gör nə yaxşı üzərində işləyib. İndi publika ilə daha yaxşı ünsiyyət qurur" deyə bilərəm. Nə paxıllıq etmirəm, nə də mənə məsləhət üçün üz tutanları geri çevirmirəm. Bu on il ərzində nəsə öyrənmişəmsə və kiminsə mənə ehtiyacı olarsa, fikrimi bölüşərəm. Özümdənrazı deyiləm, potensialımdan əminəm. Nə özümü kiməsə rəqib görürəm, nə də özüm kiməsə paxıllıq edəcək qədər zəifəm. 

- Sizi hər zaman baxımlı xanım kimi görməyə öyrəşmişik. Özünüzə necə qulluq edirsiniz?
- Saatlarla özümlə məşğul deyiləm. Hər bir xanımın etdiyi prosedurlardan keçirəm. Vaxtım olanda mütəmadi gedirəm. Çalışıram həmişə formada olum, bu mənə əminlik verir. Mənim üçün önəmlisi daxili vəziyyətimdir. Bəzən oturub gözəl bir insanla söhbət edərsən, ünsiyyət vaxtı bəlli olar ki, onun yaraşıqlı zahiri görkəmindən iç aləmində əsər-əlamət yoxdur və o, həmin an gözündə heç kim olar. Zahiri görkəm, maddi vəziyyət, sosial mənsubiyyət - boşdur. 

- Sizi sosial şəbəkələrdən uzaq görürük...
- İstifadəçi deyiləm. Amma hər şeydən xəbərim var: kimə nə şərh yazılır, nələr var. "Like" mənim üçün göstərici deyil (gülür). Ona sərf edəcək vaxtım yoxdur. Və hamıya demək istərdim ki, sosial şəbəkələrdə adıma açılan profillər heç bir şəkildə mənə aid deyil, saxtadır. Belə səhifələri görənlər onlar barəsində şikayət edib, bağlatdıra bilər. Öz sözümü ikinci insana demirəm, onu sosial şəbəkədə necə paylaşım? Bunu edənləri də qınamıram, həyat tərzinə çevirilib. Sosiallaşmaq istəmirəm. Hərənin öz iç dünyası var, özündə qalsa yaxşıdır.

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 639
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz