Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lal-kar oğlanla nişanlanan qız: “Çoxuşaqlı ailə olmaq istəyirik” - HƏYAT HEKAYƏTİ
Lal-kar oğlanla nişanlanan qız: “Çoxuşaqlı ailə olmaq istəyirik” - HƏYAT HEKAYƏTİ
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8557
Səs ver:
"Bəzən qarşılıqlı anlamlı səssizlik bir ovuc sözcükdən daha mənalıdır”. Bu sözlər amerikalı yazıçı Mia Şeridanın "Başqa dildə sevgi” romanındandıdr. Əsəri ola bilsin ki, çoxunuz oxumamısınız. Amma güman ki, məşhur "Başqa dildə sevgi” türk filmini izləyənlər az deyil. Söhbətə əbəs yerə kitabdan və filmdən başlamadım. Əlbəttə, sözümün canı var...

Olduqca pozitiv olan bu gənc cütlüyü tanımayana qədər mən də elə bilirdim ki, belə sevgilərə ancaq ya romanlarda, ya da filmlərdə rast gəlmək mümkündür. Amma elə deyilmiş, xanımlar və cənablar. Qəhrəmanlarımız tamamilə real həyatda yaşayan insanlardır.

Solmaz və Kənan 6 ildir sevgilidirlər. 2014-cü ilin avqust ayında nişanlanıblar. Onlarla rastlaşsanız, ilk baxışda sizlərə də qeyri-adi təsir bağışlamaya bilər. Yalnız biləndə ki, Kənan eşitmə və danışma əngəlli, Solmaz isə fiziki məhdudiyyəti olmayan bir xanımdır, çaşıb qala bilərsiniz. Bəli, belədir, müasir zəmanədə insanlığın get-gedə bizdən uzaqlaşdığı, əsl sevginin kölgələrə çəkildiyi bir cəmiyyətdə Solmaz-Kənan cütlüyünə rast gəlmək sözün əsl mənasında böyük xoşbəxtlikdir. Daha heç nə demək istəmirəm. Əlqərəz, özünüz oxuyun, özünüz nəticə çıxarın.

Qeyd edim ki, Kənanla söhbətimizdə surdo tərcüməçiliyi Solmaz edirdi.

- Necə tanış olmusunuz?
Solmaz:

- İlk tanışlığımız qohumumuzun xeyir işində olub. Amma ilk qarşılaşmada aramızda heç bir münasibət yaranmamışdı. Sonra biz həmin qohumumuzgildə bir də qarşılaşmalı olduq. Artıq həmin gün Kənan mənə sevgisini etiraf elədi. Təbii olaraq, mən də təklifini rədd eləmişdim. Sonra yavaş-yavaş, necə oldusa, özüm də şans vermək qərarına gəldim.

- Həmin vaxt Kənanın durumundan xəbərdar idiniz?
Solmaz:

- Bəli, biz uzaq qohumuq. Daha əvvəl də xəbərim var idi ki, belə bir oğlan qohumum var.

- Necə oldu ki, sonradan qərarınızı dəyişdirdiniz, şans vermək istədiniz?
Solmaz:

- Vallah, heç özüm də bilmədim, necə alındı. Ola bilsin, xasiyyətini çox bəyənmişdim. Tədricən danışmağa, evdəkilərdən xəbərsiz görüşməyə başladıq. O zaman mənə evdən çıxmağa icazə vermirdilər. Çünki 15 yaşım var idi, kollecə təzə başlamışdım. Kənan hər gün məni kollecə aparıb-gətirirdi. Bir neçə il belə davam elədik. Sonradan artıq ailələrimiz bu işdən xəbər tutdu.

- Solmaz, bəlkə səninki sevgi deyil, mərhəmətdir. Bu haqda heç düşünmüsünüzmü?
- Çox adam mənə bu sualı verib. Amma mən sevgi ilə mərhəməti ayırd edə bilirəm. Əminəm ki, mənim onunla indiki münasibətim sevgidir.

- Qız valideynləri hər zaman mühafizəkar olurlar. Ailəniz münasibətdən xəbər tutanda ilk reaksiya necə oldu?
- Münasibətimizdən ailəmdə ilk anam xəbər tutdu. Anam namaz qılır, ibadət edir. O baxımdan fiziki qüsurlu insanlara münasibətdə heç vaxt pis ola bilməz. Lakin dediyiniz kimi, ailədə qız övladlarına qarşı daha mühafizəkar davranırlar. Ona görə də əvvəl münasibətimizə etirazını bildirdi. Demişdi ki, hər nə qədər yaxşı insan da olsa, gələcəkdə sənə çətin olacaq. Yaşın da azdır hələ, uşaqsan. Onda artıq 17 yaşım var idi.

Bir müddət görüşməyə qadağalar qoymuşdular. Əlaqəmiz kəsilmişdi. Lakin heç nəyə baxmayaraq, yenə də biz danışmağa başladıq. Artıq iki tərəfdən də valideynlər görürdü ki, bizi durdurmaq mümkün deyil...

Bir müddətdən sonra Kənanın anası da zəng edib, anama demişdi ki, bir-birilərini sevirlər, qarışmayın. Amma anam onda da razılıq verməmişdi. O vaxt Kənan işləmirdi , anam buna görə razı deyildi, deyirdi ki, qoy işləsin, öz pulunu özü qazansın, ayaqları üstə sərbəst dura bilsin, sonra Allah bilən məsləhətdir. Sonra atam da artıq münasibətimizdən agah oldu. Atam daha pis reaksiya verdi. "Başın xarabdır, bu yaşda, bu nə hərəkətdir eləyirsən?”, - dedi. O da çox etiraz elədi, anam kimi o da mənim üçün çətin olacağını dedi. Sonra Kənan iş tapdı, hər şey yoluna düşdü. Kənangilin ailəsi bizə danışığa gəldi. Razılığa gəldilər. 2014-cü ilin avqustunda nişanlandıq. Artıq 6 ildir bir yerdəyik.

- O sınaq mərhələsindən necə keçdiniz?
- Çox çətin. Getsin, o günlər bir də qayıtmasın.

- Qadın heç vaxt bir şeyə əmin olmamış addım atmaz. Həmişə dəqiqləşdirər, ölçər-biçər. Siz necə əmin oldunuz bu münasibətinizdən, Kənanın sevgisindən və hər şeyi valideynlərinizə demək qərarına gəldiniz?
- Çünki həqiqətən o məni elə çətin vəziyyətlərdə tək qoymadı, atıb getmədi. Baxmayaraq ki, valideynlərim onu istəmirdi, münasibətimizə razılıq vermirdi, amma o sonadək mübarizə apardı, çıxıb getmədi. Sözünün üstündə durdu.

- Kənan, Solmazı necə oldu ki, bəyəndiniz?
- Biz uzaq qohumuq. Solmazda da əvvəldən gözüm var idi. Qız axtarırdım evlənməyə. Əvvəlcə gözəlliyinə vurulmuşdum. Sonra xasiyyəti də xoşuma gəldi. Mənə, fikirlərimə, hislərimə hörmətlə yanaşır. Ona qədər qarşıma ürəyimə yatan biri çıxmamışdı. Düzdür, Solmazdan əvvəl də münasibət qurmaq istədiyim qızlar olub, amma heç kəs məni başa düşməmişdi, ciddi qəbul eləməmişdi.

- Solmazın ailəsinin münasibətindən xəbər tutduq. Kənan, bəs biləndə ki, ailə quracağın qız sizin kimi deyil, evdə hansısa təpki göstərdilər?
- Təbii, onların da müəyyən narazılıqları oldu. Anam deyirdi, özün bilərsən. Atam isə deyirdi özün kimi qız tap ki, yola gedə biləsən. Əvvəl razı deyildilər. Sonradan yavaş-yavaş bizi qəbul eləməyə başladılar. İndi şükürlər olsun, hər iki tərəfdən valideynlərin heç bir narazılığı yoxdur.

- Kənan, qorxmadınız ki, birdən əngəlli olduğunuz üçün Solmaz sizi qəbul eləməz, istəməzdi?
- O qorxu indiyə qədər var, onu da fikirləşmişdim. Lakin o, qəbul etməsəydi, fikrinə hörmətlə yanaşardım. Solmaz məni istəməsəydi, həyatıma onsuz davam edəcəkdim. Heç kəs olmayacaqdı. Qocalana qədər tək yaşayacaqdım. Solmaz mənim hər şeyimdir.

- Deyirlər ki, sevginin dili olmur. Bəs, siz bir-birinizlə necə anlaşırsınız?
Solmaz:

- Təzə tanış olanda telefonda yazışırdıq. Yavaş-yavaş mənə bir-iki söz öyrətdi. Get-gedə anlamağa başladım. Lal dilini öyrənmək çox asan gəldi mənə. Jestikanı bilməyim həm də yaxşı tərəfi odur ki, imtahanda köməyimə çatırdı. Qızlara "A”, "B”, "C”ni lalca öyrətmişdim, imtahan variantlarında bir-birimizə kömək olurduq.

Hərdən Kənangilə gedəndə anası məndən "tərcüməçi” kimi istifadə edir. Deyir, soruş ki, filan şey necə oldu, Kənan nə düşünür. Evdə valideynləri də bu dili bilmir. Biz "skype”də danışanda hərdən anam da deyir ki, bəsdir də,siz nə danışırsınız bu qədər?
İnanın səmimiyyətimə, mənə Kənanla danışmaq daha rahatdır, nəinki başqa danışa bilən biri ilə. Bəlkə də mən Kənandan başqa danışa bilən biri ilə münasibət qursaydım, bu qədər yaxşı yola gedə bilmzədim.

Kənan:
- Mən Xətaidəki 55 saylı internat məktəbində oxumuşam. Lal dilini də orda öyrənmişəm. Ailəmizdə lal dilini heç kəs bilmir. Solmaza da bu dili güclə öyrətmişdim. Başa salana qədər birtəhər olmuşdum...

- Bəs, ətrafdakı dost-tanışlar sizin münasibətinizi biləndə necə reaksiya verdilər?
Kənan:

- Çox adam mənə deyirdi ki, o qız danışır, sən danışmırsan, yola getməzsiniz. Qız səni aldadar, xəyanət edər. Lakin mən heç kəsə qulaq asmadım.

Solmaz:
- Təbii, rəfiqələrim normal qarşılamamışdı. Elə o vaxtdan çoxu mənə deyirdi ki, sən hələ bir az böyü, gör səni kimlər istəyəcək, belə qərar vermək hələ tezdir. Amma nə bilim, nəsə gözüm Kənanı tutdu.

-Cəmiyyətin sizə münasibəti necədir? Küçədə, yolda gəzəndə necə baxırlar sizə?
Solmaz:

- Təbii ki, çox qəribə qarşılayırlar. Metroda, avtobusda olanda hər kəsin nəzəri bizim üzərimizdə olur. Elə olur ki, telefonuma zəng gəlir. Açıb danışmağa başlayanda hər kəs məəttəl qalır ki, mən danışıram, oğlan yox.

Hətta olur ki, bir mağazaya paltara baxmağa gedirik. Görürəm ki, satıcı qız o biri satıcının qolundan vurub deyir ki, bunlara bax. Elə bilirlər ki, mən də lalam, eşitmirəm, arxamızca danışırlar. Çıxanda bir kəlmə söz deyirəm, donub qalırlar. Düzdür, bir az sıxılır adam, narahat olur. Amma artıq getdikcə öyrəşməyə başlayırsan. Bəlkə də elə onların belə münasibəti bizi daha da çox bir-birimizə bağlayır.

Kənan:
- Lal olduğum üçün heç vaxt kompleksim olmayıb. Amma hərdən hiss edəndə ki, ətrafdan kimlərsə arxanca danışır, əsəbiləşirsən.

- Kənan, ölkəmizdə sizin kimi fiziki məhdudiyyətli insanlar kifayət qədərdir. Sizlərə münasibət necədir?
Kənan:

- Düzdür, Azərbaycan mənim vətənimdir. Ancaq buranın bəzi qayda-qanunu ilə razı deyiləm. Burada yaşamaq çox çətindir. Maaşlar azdır, dolanmaq mümkün deyil. Bizim kimi əngəlli insanları da ümumiyyətlə, cəmiyyətdən kənar tuturlar. Məni demək olar ki, bura bağlayan ailəmdir. Gələcəkdə evlənib Azərbaycanda yaşamaq istəməzdim. İnşallah, planımız var, evləndikdən sonra Solmazla birgə xarici ölkələrin birində yaşayaq.

- Niyə Azərbaycanda yaşamaq istəməzsiniz?
- Çünki burada bizim kimi əngəlli insanların fikrinə, nə düşündüyünə hörmət etmirlər. İş axtaranda tapmaq olmur. Hər dəfə çoxlu problemlər yaşanır. İş vermirlər. Bizə ayrılan pensiyalar da çox azdır. 43 manat aylıq pensiyamızdır. Onunla da dolanmaq mümkün deyil. Düşünürəm ki, hələ ailə qursam, daha da çətin olacaq mənə burada yaşamaq. Bizdə problem olsa da, sənə qulaq asmazlar, kömək etməzlər. Amma xaricdə belə deyil. Mən bildiyimə görə, başqa ölkələrdə eşitmə qüsurlu insanlara kömək çox olur. Onlar öz vətəndaşlarına hörmət edirlər.

- Nələrin olmasını, dəyişməsini arzu edərdiniz?
- İstərdim pensiyalarımız artsın, iş tapmaq mümkün olsun. Cəmiyyətdə ətrafımdakı insanlar lal dilini bilsinlər, jestikanı öyrənsinlər. Televiziyalarda eşitmə-danışma əngəllilər üçün heç bir veriliş, proqram yoxdur. Çox vaxt informasiya almaqda çətinliklər yaşayıram. İstərdim ki, bizlərin də başa düşməyi üçün südro-tərcüməçilər olsun. Bizi cəmiyyətdən təcrid etməsinlər. Hamı ilə ünsiyyət qura bilək. Bizi normal qarşılasınlar. Qəribə baxmasınlar.

- Solmaz, nə vaxtsa qarşınıza Kənan kimi biri çıxacağını gözləyərdiniz?
- Yox, heç vaxt. Heç vaxt ağlıma gəlməzdi ki, belə bu qədər münasibətimiz irəliləyə bilər. Düşünmürdüm ki, nə vaxtsa belə bir oğlana nişanlanacağam . O, çox ağıllı, müasir düşüncəli biridir.

- Münasibətinizdə ən önəmli şey, "ana xətt” nədir?
Solmaz:

-Bir-birimizə qarşılıqlı hörmət, sevgi və anlayış. Biz ikimiz də bir-birimizin dilindən anlayırıq. Bir-birimizi çox yaxşı başa düşə bilirik. Hətta əsəbiləşəndə belə, bir-birimizi anlamağa çalışırıq. Kənan mənim bir baxışımdan tutur ki, nə demək istəyirəm, mən əsəbi olanda necə rəftar etmək lazımdır. Əsəbi vaxtlarda bir-birimizi ört-basdır edirik. O, əsəbi olanda mən susuram, mən əsəbi olanda o susur. Əsəblərimiz soyuyandan sonra oturub qarşılıqlı problemlərimizi çözürük. Bir-birimizə qarşı çox anlayışlıyıq. Bəlkə də, onun eşitmə qüsurlu olmağı bizim daha yaxşı anlaşmağımıza kömək olur.

Kənan:
- Məncə də qarşılıqlı anlayış və hörmət münasibətimizdə ən önəmli şeydir.

- Münasibətinizdə ən fədakar tərəf kimdir?
Kənan:

-Mənə elə gəlir ki, Solmaz. Çox yaxşı insandır. Başa düşən, hörmət edən. Amma bir xasiyyətini heç bəyənmirəm. Məsələ, məni təkbaşına harasa getməyə qoymaz.

- Solmaz, niyə qoymursunuz, qısqanırsınızmı?
- Xeyr, qısqanclıqdan deyil. Sadəcə qorxuram ki, başına bir iş gələr, bir problem yaşanar. Necə ki, bir ana övladı üçün qayğılanar, məndə də elədir. Amma ölkə daxilində hara istəyir gedir gəlir.

- Kənan, deyirlər danışma-eşitmə qüsurlu insanlar bir az əsəbi olur. İşdir, Solmaz əsəbiləşdirsə, nə edərsiniz?
- Çox vacib şey olmasa, əl qaldırmaram . Zarafat bir yana, qadına şiddət göstərən kişilərə haqq qazandıra bilmərəm. Düzdür, mübahisə ikitərəfli olur, hər şeyin bir səbəbi olur. Amma düşünürəm ki, hər kişi qadına əl qadıra, döyə bilər, amma hər kişi kişiyə əl qaldıra bilməz. Əgər kişi belə güclüdürsə, gücünü qadının üstündə yox, kişinin üstündə göstərsin.

- Solmaz, yəqin ki, mətbuatı izləyirsiniz. Bəzən azyaşlı qızları zorla ərə verirlər. Boşanmaların sayı artır, gənc evlənən xanımların tez-tez evdən qaçma halları çoxalıb. Bu məsələlərə münasibətiniz necədir?
- Bizim cəmiyyətdə belədir, qız uşaqlarının fikrinə, nə hiss etdiyinə hörmət etmirlər, önəm vermirlər. Məcbur eləyirlər ki, sən filankəslə evlənməlisən, vəssalam. Zorla ərə verilən qızlar getdikləri yerdə xoşbəxt ola bilmirlər. Nəticədə evləndikdən sonra da belə hallar yaşanır. Məncə, məcburiyyətlə heç nəyi əldə etmək olmaz.

-Solmaz, xoşbəxtsinizmi?
- Bəli çox. O, çox düşüncəli insandır . Ən xırda şeylərə belə diqqət edir. Bir dəfə o qədər bərk susamışdım ki, dedim, get adi su al mənə. Soruşdu ki, bəs mən nə içim. Dedim, "İce Tea”, "Koka-kola” bax da. Gedib "İce Tea” alıb gətirmişdi. Heç demə, yoxlayırmış görək mənim ürəyimdən nə keçir.Məni sevindirməyi çox yaxşı bacarır.

- Bir az da xəyallarınızdan danışaq. Gələcək üçün nə fikirləşirsiniz?
- Yaxın zamanda evlənib Rusiya, Almaniya və ya başqa xarici ölkələrin birinə köçməyi planlaşdırmışam. Çoxuşaqlı ailəyə sahib olmaq istəyirik.

- Gənclər, hazırda sizin kimi münasibətdə olan cütlüklərə nə ürək sözləriniz var?
Solmaz:

- Bir-birilərini başa düşsünlər. Səhv etdikdə səhvlərini boyunlarına alsınlar, üzr istəsinlər. Məncə, sevgi dinə, irqə, milliyyətə, boya, çəkiyə baxmır. Əgər həqiqətən sevirlərsə, sona qədər mübarizə aparıb, öz istədiklərinə nail olsunlar.

Kənan:
- Ağıllı olsunlar. Bir-birilərinə qarşı anlayışlı olsunlar. Ən vacibi, xoşbəxt olsunlar...

 

 


 



Şərhlər:
Baxılıb: 8557
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz