Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Ərimə dedim, daş düşsün sənin durmuşunun başına” +18
“Ərimə dedim, daş düşsün sənin durmuşunun başına” +18
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2973
Səs ver:
Viləşçayın qıvrıla-qıvrıla axan qayalıq hissəsində, dəmirağacının xırda, amma sıx yarpaqlarının kölgəsində oturub tum satan qadının hərəkətləri məndə ona qarşı maraq oyadır.

Yaşı o qədər də çox olmaz, təxminən 50-55. Yelçəyinin altından sivişib çıxan saçları ağarıb. Sanki əlini pörtüblər, qırmızıya çalan quru dəri yanmış kimi görünür. Arada söyüşlə danışır. Bu çay boyu "səpələnmiş” kafelərin ona ərk edən, tanıyan, əldə-ayaqda qaçan "bic-vələdüzzinaları” ilə olur. Bura istirahətə gələn gənclər meşəyə gəzməyə gedərkən ondan tum alır, əvəzində, "Allah əvəzini versin” alqışını eşidirlər.

Qadının geyimi səliqəlidir. Ağzı isə boş dayanmır, gah qaynadılmış qarğıdalının dənələrini ovuclayıb yeyir, gah da öz-özünə nə isə danışırmış kimi çənəsi tərpənir.

Yaxınlaşıram. Salam verirəm. Özümü kölgəyə, kürəyimi ağacın gövdəsinə verib suların sivirib hamarlaşdırdığı daşın üstündə otururam.

Bunlar olmasa

- Adamlar yorulmaq bilmir, aşağı-yuxarı hərəkət edirlər, – bu sözləri qadını söhbətə çəkmək üçün deyirəm. Cəhdim ilk andan alınır.

Qadın:

- Burada niyə yorulsunlar ki? Gəliblər yorğunluqları çıxsın. Allah bərəkət versin bu adamlara, bunlar olmasa acından ölərik…

- Mən pis məna da demirəm ki, eləcə daşlıq-qayalıqdır. Yixilarlar, qol qıçları sınar..

Qadın qarşısında dəsmala bükülmüş qazandan qaynadılmış bir qarğıdalı götürüb mənə uzadır:

- 50 qəpikdir. Al ye, gözlərinə işıq gəlsin. Peyğəmbərbuğdasıdı. Yıxılıb qıçları sınmırsa, buna da şükür eləmək lazımdır. Ölmürlər ki… Doxturlar da dolanmalıdır, ya yox? O da onların yeməyi üçündür…

Molla "kopoolu”…

Qadın söhbətcildir. Onunla söhbətin alınacağına inanıram.

- Gərək elə həkim qolu-qıçı sınandan dolansın?

Qadını gülmək tutur. Uğunub gedir. Deyəsən əhli-kefdir – fikirləşirəm.

- Ay adam, mən hələ mollaları demədim. Molla kopoolu da dolanmalıdır da, gərək ölü düşə, bunlar da gedib cücə-plov yeyələr, – gülüşünə fasilə verib deyir bunları. Mollaların da ruzisini verdikdən sonra oturduğu yerdən azca qalxır, altındakı döşəkcəni rahatlayıb, yenidən oturur. Qulaqlarındakı qədim lola sırğalar səs salır. Sırğaların ağırlığında qulaqların deşikləri genəlib.

- Bura bərəkətli yerdi. Burda ac qalanın başına Viləşin daşı düşsün. Gərək təpərin ola. Sən də istirahətə gələnsən?

- Hə, amma çox qala bilməyəcəm. Qayıdacam şəhərə.

- Vannaya giribsən? Heç xəstəyə oxşamırsan, maşallah sifətin turp kimidir.

Qadının bu qədər sərbəstliyi xətrimə də dəyir. Amma söhbəti yarımçıq saxlamıram:

- Mən yazı-pozu adamıyam, istəyirəm səninlə bir balaca söhbət edəm. Razısan?
- Mənim nəyimdən yazırsan. Get buranın böyüklərindən yaz, bu da sənin ruzun olsun. Əliaçıq allah adamıdı.
- Yox, mən onlardan yox, səndən yazmaq istəyirəm. Kimsən, nəçisən, adın nədi və sairə…

Qadını salmağın yolunu yaxşı bilirdim. Əslində, mən artıq onunla söhbətə başlamışdım. Amma özünün bilməsi də vacib şərt idi. Axır ki, razılaşır:

- Köşəm yox, köşəyim yox. Ərim yox, balalarım yox. Nə olacaq ki, kimdən çəkinim ki… yaz da…

İstirahətə gələn arvad xeylaqlarını…

Və başlayır hekayətini danışmağa:

- Adım Qızbacıdı. Dağın o üzündəki kənddənəm. Havalar isti olduğu üçün elə burda da qalıram. Yer götürmüşəm. Yaxşı yerdir. İstirahətə gələn arvad xeylaqlarını öz yerimdə yerləşdirirəm. Deyirəm ki, mənim qonaqlarımdı. Müalicə, vanna pullarını ora ödəyirlər. Qalmaq pullarını isə mən alıram. Allaha şükür, 5-10 manat da oradan qalır. Tək qadınam. Kəfənniyimi, o dünyalığımı hazırlamışam.

İki dəfə ərə getmişəm

- Deyirsən təksən, maşallah cavanlığında çoxunun bağrını partladana oxşayırsan, nə əcəb ərə getməyibsən?
- Niyə getməmişəm, düz iki dəfə ərdə olmuşam. Bəxtim gətirmədi. Uşağım olmadı. Sonra da başıma müsibətlər gəldi.
- Hər iki ərin səni boşadı?
- Yox birindən qaçıb canımı qurtardım. Türkmənə ərə getmişdim. Daş başına olmuş iy verirdi. Ayda bir dəfə güclə çimizdirirdim. Elə hey üstümə qışqırırdı: "Niyə doğmursan, mən uşaq istəyirəm”. Başqa arvadından uşaqları vardı. Mənə deyirdi ki, durmuşa gəlibsən, doğmayıbsan”.
- Ərinin adı Durmuş idi?

Qazbacının gülüşü daşlara çırpılır. Ürəkdən gülür:

- Yox e. Başı batmışlar ərə getməyə "durmuşa getmək” deyirlər, – yenə də gülür. – Dedim, daş düşsün sənin durmuşunun başına. Bilsəydim, heç gəlməzdim.

Məni satdı

- Bəs yaxşı, niyə Türkmənistana ərə getdin?

Hə, bax bu sualdan sonra Qızbacının sifəti dəyişdi, gözləri çayın qarşı tərəfindəki qayalığa, meşəliyə dikildi. Baxışları ilə sıx ağacların arxasında qalmış gənclik illərini axtarırdı sanki. Bayaqkı şux, zarafatcıl adamdan əsər-əlamət yox idi…

- Məni bir bacısı q… aldatdı, satdı keçisaqqal türkmənə. Apardı, ömrümü-günümü qara elədi.
- Necə satdı?
- Bayram adı bir kəndçimiz vardı. Türkmənistanda yaşayırdı. Pambıq zavodunda işləyirdi. Kəndə gəlirdi. Yaxşı pullu adam idi. Kənddən çox adamı aparıb işə düzəltmişdi. Hörmətli adam idi. Vaxtı keçmiş qızları da aparardı. Ev-eşik yiyəsi edərdi. Mən cavan idim, gözəl idim. Kənddə məni istəyənlər də vardı. Nənəm qəbrinə p.. olmuşa bir az parçadan-zaddan pay vermişdi. Demişdi ki, nəvəni almaq istəyirəm Nənəm anama, anam da mənə dedi. Razılaşdım. Cavan və pullu adam idi, ağ "Jiqulisi” vardı. Kənddə toylarda pulu yarpaq kimi səpələyirdi. Razılaşdım.

Gəmidə yanıma girdi

Amma bu dedi toyu orda edəcəm. Məni qaçırtdı. Gəmidə girdi yanıma. Dedi, arvadım olacaqsan. Əvvəlcə razı olmadım. Sonra dedi ki, nədən çəkinirsən, ki?.. İndi, ya sabah. Nə isə, mən gəmidən düşəndə artıq onun arvadı idim. Krasnovodskdan Nebitdağa gəldik. Bir türkmən dostu vardı. Bir həftə qaldıq onlarda. Deyirdi Marvi şəhərinə gedib toyumuzu orda edərik. Bir həftə ər-arvad kimi yaşadıq. Arada həyətdə oturanda qoca arvadlar gəlib mənə baxır, öz-aralarında nəsə danışıb gedirdilər. Həftəsonu gəldik Çiləkən şəhərinə. Orda bir qoca kişi vardı. Onun evində qaldıq. Onu hamı tanıyırdı. Gəlib görüşürdülər. Çəkinmədən məni də çağırırdı yad kişilərin yanına. Axırda məni bir qadına qoşdu. Get, bunlarda qal, gələcəm ardınca, işim var, – dedi. O gedən getdi.
- Bəs sən nə etdin?
- Heç nə, orda məni başa saldılar ki, səni almışıq. Arvadın qardaşı vardı. Ona alıblar. Dedim ki, bəs mən Bayramın arvadıyam. O mənimlə olub. Evlənəcəyik. Dedilər yox, o səni bizə gəlin gətirib. Burada qızlara başlıq çox istədiklərinə görə, sən demə, Bayram qızları gətirib türkmənlərə satırmış. Məni bir kəndə apardılar. Ərim o kənddə yaşayırdı. Yaşıllıq deyilən şey gözə dəymirdi. Kənddə 10-15 ağac ancaq olardı.

Qız olsaydım baha satacaqdı

- Bəs sən qız deyildin axı…
- Hə, qız olsaydım 1000 qat baha alacaqmışlar. Qaldım orada. Toy elədilər. Gecə ərim girdi yanıma… Püff, yadıma düşəndə ödüm ağzıma gəlir…
- Çox eybəcər idi?
- Yox, əslində yaraşıqlı idi. Sadəcə, iy verirdi. Hələ bu çimmişdi ha…
Çoxlu qoyunları vardı. Ərimin türkmən arvadı çöldə balaları ilə qalardı. Kişim vaxt tapıb gələrdi yanıma. İri ləyəndə çimizdirərdim. Təmizə güclə çıxardardım. Nə isə, beləcə 5 il zülm çəkdim.

Bayram məni yenə qaçırtdı

- Bayramı heç görmədin?
- Niyə? Gördüm. Bir dəfə gəldi mən yaşadığım kəndə. Yalvardım, məni qurtar burdan, dedim. Ürəyinə insaf gəldi. Qaçırdıb, gətirdi. Krasnovodskdan gəmi ilə Bakıya yola saldı. Dedi, camaatın qızlarının bəxti gətirdi, sənə çox pul istəyirdim. Sən gözəl idin. Bəyənirdilər, amma o qədər də çox pul vermirdilər şəhərlərdə. Axırda o çobana satdım.
- Peşman idi?
- Heç peşmançılıq-zad görmürdüm onda. Onun peşəsi, sənəti bu imiş də…
- İndi haradadır?
- Burada, kənddə olur. Ailəsi, uşaqları var. Bu gözü ilə görmüş hətta xalası qızını, başqa qohumlarını da aparıb satıbmış orda. İndi onların ailələri orada olur. Yaşayırlar. Uşaqları-zadı var. Mənimki gətirmədi…

Bayramın qardaşına ərə getdim…

- Bəs ikinci dəfə kimə ərə getdin?
- Bayramın dul qardaşına. Məndən böyük idi. Onunla ailə qurdum ki, Bayram məni dədəsinin evində, qardaşının arvadı kimi görüb utansın. Başa düşsün ki, qardaşı arvadı ilə yatıb.
- Utandımı?
- Yox, kəndə gələn günün səhəri məni evdən qovdular, bizə belə gəzəyən qadın lazım deyil, – dedilər…
- Bəs sonra?
- Sonrası da bax budur. Burdayam. Ata-ana ölüb. Bacı-qardaş yoxdur. Təkəm…


Şərhlər:
Baxılıb: 2973
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz