Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Yoldaşıma demişəm, bağa gedib qayıdacam...” - Etiraf
“Yoldaşıma demişəm, bağa gedib qayıdacam...” - Etiraf
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 42905
Səs ver:
"Sevgi etirafları" layihəsində

Onunla tanışlığımın yaşı elə də çox deyil. Feysbuk sosial şəbəkəsindəki 5000 dostumdan biridir

Tanışlığımız da elə burdan başlayıb. Dediyinə görə, yazdığım statuslar, şeirlər və müəllifi olduğum yazılar ürəyincə olduğu üçün mənimlə dost olmaq istəyib. Bir müddətdən sonra isə virtual tanışlıq real dostluqla əvəzləndi. Doğrusu, görüşmək təklifi də ondan gəldi və imkan tapan kimi görüşümüz baş tutdu. İlk görüşümüzdəcə zarafatından qalmadı:

- Sən də ki maşallah, "görüşmək istəyirəm” deyən kimi əlbəəl razılaşdın, - dedi.

Mən də zarafata saldım:

- Sən necə düşünürsən, mən kiminsə arzusunu gözündə qoyan adama oxşayıram? Anam belə doğub məni...

Bu söhbət virtual tanışlığımızın ikinci ayında olmuşdu. O vaxta qədər isə mənə şeirlərini göndərmişdi və xahiş etmişdi ki, fikirlərimi bildirim. Şeirlərini oxuduqdan sonra eləcə, "səmimi hisslərin var”, - yazmışdım. Həm də bir neçə şeirinə də əl "gəzdirmişdim”. Əslində, həmin şeirləri demək olar ki, təzədən yazmışdım. O, bunu bəyənsə də qəbul etməmişdi:


- Bu şeirlərin altına imzamı qoya bilmərəm, bunları sən yazmısan,- demişdi. Mən isə onu inandırmışdım ki, sən o hissləri, yaşamı yazıb, mənə hiss etdirib, mənə yaşatmasaydın, heç cürə həmin şeirləri belə redaktə edə bilməzdim. O, buna inanmışdı. Və həmin gündən bizim aramızda səmimi dostluq münasibətləri yaranmışdı. Axırı biz onunla FB-nin hüdudlarından kənarda görüşüb yaxından tanış ola bilmişdik.

Ağgül (ad şərtidir) ev xanımıdır. İki ali təhsil alıb. İlk olaraq Tusi adına Pedaqoji Universiteti, sonradan isə Tibb Universitetini bitirib. Gözəl rəsm çəkir. Ailə qurana qədər isə xəstəxanaların birində həkim işləyib. Dediyinə görə, rəhmətlik qayınatası çox hörmətli və pullu kişi olub. Qayınanası hələ də məktəblərin birində direktor müavini çalışır. Həyat yoldaşı isə güc strukturlarından birinin yüksək rütbəli zabitidir. Bir uşaq anasıdır. Dediyinə görə, oxuduğu kitablar və yazdığı şeirlər olmasa, yaşaya bilməz. Bir də qızı. Onu ən çox bu həyata bağlayan da yeganə övladıdır. Ərini sevmir. Amma "ondan yaxşı adama da ərə gedə biləcəyimi təsəvvür edə bilmirəm”, - deyir.

Ağgül Azərbaycanın şimal-qərb rayonlarından birində doğulub. Sarışın  saçlı, ağbəniz xanımdır.

NÖVBƏTİ GÖRÜŞ

Bu dəfə də mənimlə görüşüb söhbət etmək istədiyini dedi və qərara gəldik ki, şəhər kənarına - onun bağ evinə gedək.

Vədələşdiyimiz yerdə görüşürük. Onun maşınına əyləşirəm. Son model xarici maşın sürür. Hiss olunur ki, naşıdır. Sükan arxasında o qədər də sərbəst deyil. Təklif edirəm ki, yerimizi dəyişək, maşını mən sürüm. Razılaşmır:

- Sürməyi təzə öyrənirəm, yol da basırıq deyil. Yoldaşıma demişəm ki, bağa gedib qayıdacam. Həm də maşın sürüm. O, pis baxmır belə şeyə.

Sonra da gözucu mənə baxır:

- Bilirsən, səninlə bu dəfə niyə görüşmək istədim?


O MƏNİM HƏYATIMI BİLİR
 
- Nə bilim, yəqin yuxuna girib ki, mən də səninlə görüşmək istəmişəm, - zarafat edirəm.


- Yox, sən zarafat edirsən. Amma mən sənin bir neçə yazını oxuyandan sonra həmin qadınların etirafına inandım. Qonşumuzda bir gəlin var, həkim olduğum üçün mənə iynələrini vurdurur. Mehriban qızıdır. O da oxumuşdu sənin yazını, demişdi ki, yazarın fantaziyasıdır. Heç bir qadın belə etiraf etməz. Nəyi var, içində saxlayar. Mən ona sübut edəcəm ki, qadınlar etiraf etməyi bacarır. Ona çox şeyi danışmışam. Həyatımı bilir. İndi sənə danışacam.

Maşını aşağı sürətlə sürür və bu da bəzən arxadan gələn maşınların haqlı etirazına – aramsız siqnallarına səbəb olur. Əhəmiyyət vermir. Qısa ətəkdə ayaqlarını pedalın üstündə "oynatması” gözəgəlimlidir. Ayaqalrına baxdığımı hiss edir, maşının sandıqçasından siqaret çıxarır. Yandırdıqdan sonra:


- Bilirsən, o dediyim gəlin xoşbəxtdir. Sevdiyinə ərə gedib. Baxmayaraq ki, ərinin qazancı o qədər də çox deyil, amma xoşbəxtdir. Bilirsən, o, həm də xoşbəxt olmaq üçün nəyisə qurban da verə bilir. Onunla keçmişim haqda söhbət edirəm, mənə deyir ki, sən naşükürsən, o məni bəxtəvər kimi görür. Hələ desən, qibtə də edir.


- O gəlin düz deyir də... Demək istəyirsən ki, sən xoşbəxt deyilsən? Ailən var, uşağın, qayınanan dediyinə görə, səni çox istəyir. Eviniz, bağınız, altında maşının, gəzmədiyin yer qalmayıb, ərin də, maşallah polkovnik olsa da, qulluğunda çavuş kimi durur.

- Səncə, bütün bunlar xoşbəxt olmağa bəs edər?


ƏRİM HƏR ŞEYİ BİLİR

- Hələ bir az da artıqdır. Səni döymürlər, incitmirlər. Ailəndə sənə inananları "uff” demədən aldadırsan, başqa adla Fb-yə girirsən, mənimlə sərbəst görüşüb paylaşa, dərdləşə, hətta öz maşının da bağına apara bilirsən. İki ali təhsilin var. Müasir xanımsan və hətta hər gün 5-10 şeir yazırsan. Təbin də səni yarı yolda qoymur.  

- Bunlar hamısı düzdür. Amma mən ərimi aldada bilmərəm. O, hər şeyi bilir...

- Hər şey deyəndə, yəni nəyi bilir, mənimlə görüşməyini, şeir yazmağını?

- Yox, o bilir ki, mən onu sevmirəm. Mənə özü dedi. Dedi, Ağgül, bizim aramızda olan sevgi deyil. Sənə ölənə qədər hörmətim olacaq. Atama, anama yaxşı gəlin, mənə diqqətli həyat yoldaşı olmusan, qızımın anasısan. Yaşayaq beləcə...


BAĞDA

Artıq bağa çatmışıq. O qədər də böyük olmayan ikimətrəbəli  yaraşıqlı bağ evləri var. Birinci mərtəbəsə böyük qonaq otağı, mətbəx və o qədər də böyük olmayan duş və ayaqyolu var. İkinci mərtəbədə isə 3 yataq otağı və hər otağın ayrıca hamamı. Otaqları gəzdikdən sonra aşağı həyətə düşürük və söhbətimizi davam etdiririk.

- Gəl, belə danışaq, mənim sənə inanmadığımı qəbul et. Mənə elə gəlir ki, sən 35 yaşının tamamında özünü 15 yaşlı kimi aparırsan. Bəs sən niyə  istədiyinə ərə getmədin?

- Atam verdi məni. Mənə qulaq asan vardı ki?


MƏNİ QAYINATAM BƏYƏNİB

- Sən iki ali məktəb bitirmişdin, hələ vaxt tapıb işləmişdin də. Uşaq deyildin ki. Necə ola bilərdi səni atan verəydi?

- Hə, məni atam verdi. Sevdiyim adam isə artıq başqasını almışdı. İçimdə boşluq vardı. Yoldaşımgil mənim əmim arvadının qohumlarıdır. Əmim qızı ilə bunlara gəlmişdik. Kişi məni görüb, bəyənib. Dedi ki, atana de, sizə qonaq  gələcəyik. Dedim, gəlin. Gözümüz üstə yeriniz var. Valideynlərim rayonda olur. Getdilər və məni istədilər. Atam da anamla məsləhət edib razılıq verdi. Yoldaşımla sonradan tanış olduq. İşlədiyim xəstəxanaya gəldi. Yaraşıqlı, hündürboy oğlan idi. Qızlar onu görəndən sonra dedilər ki, bəxtin gətirib, beləsi ələ düşməz.

- Daha nə istəyirsən. Düz deyirlər də... yoxsa belə sərbəstliyi tapa bilərdinmi? Ona deyirsən ki, bu şeirləri ona yazırsan?

- Yox mən şeirlərimi Tərlana yazıram. Onu indi də sevirəm.

 

ATAM MƏNİ BƏDBƏXT ELƏDİ

- Sən nə pis qızsan, qız.


Ağlayır. Gözlərinin içi qanla dolub. Əlləri ilə gözünün yaşını silir.

- Atam məni bədbəxt elədi, - deyir. - Atamı bağışladım. Dedim, ata, bu mənim taleyimdir, mənim həyatımdır. O mənə dedi ki, bacarsan məni bağışla.

- Atan bildi ki, ərinlə soyuqsan?

- Yox, atam bilirdi Tərlanı sevirdim.


- Qoşulub qaçaydın da. – Əşi, bu nədir e, fikirləşirəm. Sentimental həyat tərzi keçirən, rahat ömür sürən bir qadının dərdlərini vərəqləyirəm. O isə artıq hıçqırır:

- Axı o, evlənmişdi.

- Bəs niyə ağlayırsan, o ki səni sevməyib. Səni sevməyəni necə sevə bilərsən?..

- Sevib o məni, - artıq mənə qarşı bir qəzəb hiss olunur onda. O mənim sinif yoldaşım idi. Onu çox sevirdim. O da mənə hey xəbər göndərirdi ki, sevirəm, bir cavab ver. Mən heç nə demirdim. Əsgər getdi-gəldi, yenə də xəbər göndərdi. Mən Bakıda oxuyurdum. Utanırdım, "hə” deyə bilmirdim. Heç qızlara da demirdim ki, onu sevirəm. O da başqasını aldı. O da bədbəxt oldu.

BACARSAN BAĞIŞLA

- Niyə?

- Saqqal saxlayır. Vəhabidir. Rayona gedəndə gördüm. Mənə xəbər göndərdi ki, istəsə boşansın, onu da alaram. İkinizi də saxlayaram. Amma mən razı deyiləm. Atam kənddə olanda otağıma keçdi. Boynumu qucaqladı. "Bağışla qızım, səni bədbəxt etdim, - dedi. – Bacarsan, bağışla”.

Bilirsən, atam mənim rahat yaşamamı istəyirdi. İstəyirdi xoşbəxt olam. Onda günah görmürəm.

- Sənin də qızın var.

- Mən qızımı xoşbəxt görmək istəyirəm. Kimi sevsə, qoy ona da getsin. Amma çox istəyərəm ki, qızımın əri atası kimi olsun. Yaraşıqlı, bacarıqlı, ailə qədri bilən.


TƏRLANA GETSƏYDİM...


- Amma sən düşünürsən ki, Tərlana getsəydin, xoşbəxt olacaqdın?

- Yox, Tərlana getsəydim daha pis gün yaşayacaqdım, yəqin ki. Onun durumu, düşdüyü mühit məni qane etmir. Mən indiki Tərlanı sevmirəm ki. Mən Zaqatalada, orta məktəbdə oxuduğum, sevdiyim o avar balasını sevirdim. İndiki Tərlan o Tərlanı da öldürdü. Xəyalımdakı Tərlanıma şeirlər yazıram.


- Sən hər kəsdə Tərlandan nə isə görürsən, ürək qızdırırsan, özün–özünlə danışırsan... Bax, elə çox güman ki, məndə də sənin Tərlanının hansısa cizgisi olmalıdır.

- Yox, sən nə danışırsan. Sən sadəcə adamla FB-də elə danışırsan ki, guya illərdir tanışıq və sən hər şeyi bilirsən.

Mən isə onun haqda doğrudan da bəzi şeyləri öyrənmişdim. Bunu onun özü bir dəfə başqa bir rəfiqəsinin faciəsi kimi mənə nəql etmişdi. Yazmışdı ki, rəfiqəmin əri qonşusunun arvadı ilə görüşür. Həmin qadın rəfiqəsi gilə gedib gəlir. Dost kimi ailənin rəğbətini də qazanıb. Əri bunu çox ustalıqla gizlədə bilir. Hələ məndən soruşmuşdu ki, rəfiqəm nə etsin? Mən də demişdim ki, heç nə... həyatını yaşasın və mənim telefonumu ver zəng etsin, görüşək, söhbət edək. Razılaşmamışdı.

 

Bilirdim ki Ağgülün "rəfiqəsi” elə onun özüdür.


Şərhlər:
Baxılıb: 42905
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz