Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan kinosunda erotika
Azərbaycan kinosunda erotika
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6302
Səs ver:
Qəribə hadisə baş verib. 2011-ci ildə çəkilmiş bir filmdə kiçik bir epizod Azərbaycan tamaşaçılarını iki il sonra ilgiləndirib: Heç demə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Bizim kino” prodüser mərkəzində rejissor Yavər Rzayevin çəkdiyi "İlahi məxluq” filmində erotik səhnə varmış. Aktrisa Vəfa Zeynalova da həmin erotik səhnəyə çəkilibmiş... Azərbaycan kinosunun Azərbaycan tamaşaçısına gəlib çatması üçün xeyli vaxt lazım olub, ancaq yazıda bu anlaşılmazlığı araşdırmaqdan uzağıq.  

Suallarımız başqadır: Dünya kinematoqrafiyasına inteqrasiya olunmağımızı arzulayan tamaşaçıların kiçicik bir səhnəyə dözümsüzlüyü haradan qaynaqlanır?  Ümumiyyətlə, sənətdə hansı hallarda bu cür səhnələr məqbul, hansı hallarda qeyri-məqbul sayılır? Görək sənətçilər nə deyirlər...

Heç vaxt açıq-saçıq səhnələrə çəkilmədiyini və bundan sonra da çəkilməyəcəyini bildirən xalq artisti Firəngiz Mütəllimova bunu nə özünə, nə cəmiyyətə, nə də ailəsinə sığışdırar: "Mən Hollivudda çəkilmirəm ki, o səhnələrə görə milyonlar qazanım. Sözün düzü, heç mənə indiyə kimi elə rollar da təklif etməyiblər. "Evləri köndələn yar” tamaşasının bir yerində üzümü çevirəndə Fəxrəddin Manafov yanağımdan öpür. O da tamaşa gərəyi olub. "Bəyin oğurlanması” filmində traktorda Vidadi yanağımdan öpüb. Bu qədər. "İlahi məxluq” filminə baxmamışam, o barədə bir söz deyə bilmərəm. Hər kəs özünə cavabdehdir. Xarici filmlərdə o epizodlara baxanda pis yanaşmıram. Yəni, hər şey gözəl olanda yaxşı olur. Estetik baxımdan gözəldirsə, qoyun çəkilsin. Amma ikrah hiss oyadan səhnələrin əleyhinəyəm”.  

Əməkdar artist Münəvvər Əliyeva hesab edir ki, aktrisa öz obrazına bəraət qazandırmaqdan ötrü hər şey etməlidir: "Niyə siz xarici filmlərə baxırsız? Niyə "Issız adam” adlı türk filminə baxıb, bayılırsınız? "Issız adam” kimi bir film Azərbaycanda çəkilsə, hamı başlayacaq dedi-qoduya. Bu nə dərəcədə  doğrudur? Hansı mentalitetdən danışırıq? İndi Azərbaycan qızları necədir, hamı bunu çox gözəl bilir. Amma həmin qızları səhnəyə, efirə çıxaranda deyirik ki, olmaz.

Aktrisanın borcu rejissorun verdiyi tapşırığı yerinə yetirməkdir. Əks təqdirdə rejissor deyər ki, xoş getdin. Onsuz da başqa biri çəkiləcək. Heç kimə sirr deyil ki, indiyə qədər o tip səhnələrə aktrisaları xarici ölkədən dəvət edib, çəkiblər. "Təhminə və Zaur”da Təhminə obrazına türk aktrisası çəkildi. Bəyəm o rola azərbaycanlı aktrisaları çəkə bilməzdilər?

Vəfa Zeynalova çəkilib, düz eləyib. Rejissora bu lazım idi, aktrisa da etməliydi. O filmə mən özüm də çəkilmişəm, amma çox böyük səs-küyə səbəb olacaq qeyri-etik nəsə yoxdur”. 

Əməkdar artist Kəmalə Müzəffərin fikrincə, rejissorun dedikləri ssenariyə uyğun gəlməlidir: "Yəni mən bir aktrisa olaraq rejissora inanmalıyam. Ssenarini tələb etsə, baxaram görüm onu kim yazıb. Hər yerindən duran bir ssenari yazacaq, mən də onu oynayacam? Yox, qətiyyən.  Sonuncu "Müharibə” tamaşamda zorlanma səhnəsi var. O səhnəni böyük məmnuniyyətlə oynadım. Çünki mütləq o səhnə oynanılmalı idi. Ki, qadın ərinə sonda o sözləri desin: "Mənim üçün artıq fərqi yoxdur. Müharibə dövründə məni hamı zorlayıb”.

Gənc aktrisa Zülfiyyə Qurbanova hesab edir ki,  aktrisanın çərçivələri olmamalıdır: "Azərbaycan "mentalitetlər”in birləşdiyi ölkədir. Nə istəsəniz, burada var: məsələn, bir aktrisa filmdə aktyorla, yəni tərəf-müqabili ilə azərbaycanlıların açıq-saçıq dediyi, sənətdəsə normal qəbul olunan səmimi səhnələrdə öpüşür, bir-birinin əlindən tutur və sair... Dərs adı ilə evdən çıxan, amma gününü sevgilisinin evində keçirən bir qız evə gəlir və televizorda bayaq dediyim səhnəni görür və deyir ki, "ata, necə tərbiyəsizdirlər”. İnsanlar gizlində hər şeyi edirlər, amma aktrisa bir kadra çəkilir, o dəqiqə hamı bundan danışır. Başa düşmürlər ki, aktrisa bundan qorxsa, heç kadra çəkilməz”.

Zülfiyyə Qurbanova deyir ki, səhnənin necə çəkilməsindən çox şey asılıdır: "İnanın, film sizi o qədər cəlb edə bilər ki, buna heç fikir də verməzsiniz. Amma film elə çəkilə bilər ki, ilk andan o səhnə adamın gözünə girər. Bu məsələdə əsas yük rejissorun üzərinə düşür.  Niyə biz Hollivuda baxırıq, onlar soyunurlar və biz bunu sənət kimi qəbul edirik. Mən əminəm ki, indiyə qədər Azərbaycanda çox böyük səs-küyə səbəb olan səhnələr çəkilməyib”.

Aktrisa onu da etiraf edir ki, məhz açıq-saçıq səhnəyə görə ona təklif olunan roldan imtina edib: "Tamaşaçı fikrinə görə yox, sadəcə düşüncəmin imkan verdiyindən açıq səhnə olduğuna görə imtina etmişəm. Bizim rejissorlar bu səhnələrə çəkilmək üçün xarici aktrisalardan çox, adi tamaşaçıya üz tutur. Aktyorluqla heç bir əlaqəsi olmayan qızlar bu səhnələrə çəkilirlər. Belə çıxır onlar aktrisalardan daha cəsarətlidirlər”.

Aktrisa Günel Məmmədova isə deyir ki, açıq-saçıq səhnələrdə oynamamasının səbəbi cəmiyyətdir: "Hələ mən "Ləkə” serialında Arzu rolunu oynadığıma görə tamaşaçıların etirazları ilə qarşılaşıram. Tamaşaçılar serialın sosial şəbəkələrdəki səhifələrində Arzuyla bağlı birmənalı fikirlər səsləndirmirlər. Yəni, bizim cəmiyyət aktrisanı oynadığı roluna görə qiymətləndirir. Amma xaricdə belə deyil. Ona görə hələ də çərçivələrimi saxlamışam. Bununla belə açıq-saçıq səhnələr olan filmlərimizin çəkilməsinə normal baxıram. Hazırda Türkiyənin özündə belə, açıq səhnələrdən istifadə olunur.

Hələ başqa ölkələri demirəm. Bizim qəribə psixologiyamız var. Hamımız Türkiyə, Rusiya, İtaliya seriallarına baxırıq və ordakı erotik səhnələrin olmasını normal qəbul edirik. Özümüzə gələndə top atəşinə tuturuq”.

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov şərqli, müsəlman kişisi olaraq filmlərdə açıq-saçıq, erotik səhnələri qeyri-məqbul hesab edir: "Ən dəhşətlisi odur ki, bu insanlar orijinallıq xatirinə başlarından böyük qələti edirlər, sonra da don geyindirirlər. Bu ya olmalıdır, ya da olmamalıdır. Elə millətik ki, bizi öz başımıza buraxmaq olmaz, o dəqiqə cızığımızdan çıxırıq. Ona görə bu millətin tarixi, mənəviyyatı, isməti ilə bağlı hər şeyə çox ciddi nəzarət olunmalıdır.

Bu yaxınlarda Akademik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin quruluş verdiyi bir tamaşaya baxdım. Siz dediyiniz erotik epizod Akademik Dram Teatrının səhnəsində daha acınacaqlı vəziyyətdədir. Hətta buna görə mənimlə bərabər ora dəvət olunan Alim Qasımovla birgə tamaşanı yarıdan tərk etməli olduq. Soruşmaq lazımdır, Azərbaycan xalqının məbədgahı - Akademik Dram Teatrı belə eksperimentlər üçündürmü? Getsinlər, başqa teatrlarda bunu etsinlər. Bu məsələlərə nəzarət olunmasa, daha eybəcər səhnələrin şahidi olacağıq”.   

Rejissor hesab edir ki, filmlərdə belə səhnələrə ssenarini təsdiq etməmişdən öncə diqqət yetirilməlidir: "Birincisi, aktrisa kimdir ki, rejissorun dediyini etməsin? İkincisi, rejissor kimdir ki, ssenaridə əgər o xətt varsa və o ümumi filmin gedişatına xidmət edirsə, onu çəkməsin? Sadəcə aktrisa o roldan imtina edə bilər”.

Rejissor daha sonra "Gecə qatarında qətl” filmini xatırladı və əlavə etdi: "O filmdə ermənilərin tarixən qadınlardan istifadə edib xəyanət etmələri barədə bir epizod var idi. Mən o rola odessalı bir aktrisanı çəkdim. Heç ona söz deyən də olmadı, çünki orada erməninin mahiyyəti açılırdı, həm də o aktrisalar üçün bu adidir. Yəni vəziyyətdən də bu cür çıxmaq mümkündür. Sənət baxımından filmin dramaturji xəttinin inkişafına xidmət edirsə, onu etmək olar”.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə hesab edir ki, bizim cəmiyyət artıq bütün əxlaqi normaları ifrat dərəcədə keçib: "Əxlaqsızlığın əxlaq normalarına keçdiyi bir zamanda yaşayırıq, amma filmlərdə, tamaşalarda mühafizəkarcasına nəyi qorumaq istəyirik, mən anlamıram. İnsanlar özlərini orada görüb qəbul etmək istəmirlər, yaxud özlərini tanıyırlar, ya onların natamamlıq kompleksləri var, bunu başa düşə bilmirəm. Bu gün ən məsum bildiyiniz adamların internetdə istənilən formada şəkillərini yayırlar. Bəlli olur ki, o adamlar hansı həyat tərzi sürürlər”. 

Azərbaycan filmlərində aşırı açıq-saçıq səhnələrin olmadığını deyən xanım rejissor bildirir ki, belə epizodlar çəkilsə, bunun əleyhinə çıxmaz: "Əgər məntiqlə lazımdırsa, sonucda onun tərbiyəvi əhəmiyyəti varsa, mən buna gedərəm. Çünki hər bir şeyin məntiqi sonucu olmalıdır. "Qatil” tamaşamdakı səhnə tərbiyəvi xarakter daşıyırdı və  mütləq olmalı idi. Birinci hissəyə baxmadan ikinci hissəni açıq-saçıqlıqda ittiham edən adam mənim üçün nadandır”.

Prodüser Fehruz Şamıyev: "Rejissor Yavər Rzayevin "İlahi məxluq” filminin premyerası iki il bundan əvvəl olub. Bu iki il ərzində bir dəfə də olsun, həmin filmdən hansısa məqalə, material hazırlamayan niyə-nədən indi birdən-birə orada hansısa erotik səhnəni təqdim edir?

Maraqlıdır ki, filmin özündən söhbət getmir, həmin ekran əsərində rol alan Vəfa Zeynalovanın erotik səhnəsi var deyə film diqqətə çıxıb. Yəni "İlahi məxluq” filmi yox, onun bir epizodu və orda çəkilən aktrisa müzakirə olunur.

O ki qaldı filmdəki həmin səhnələrə, orada nə erotik, nə də pornoqrafik səhnə var. Filmlərdə erotik səhnələrin olması qəbahət deyil. Bu səhnələr filmin müəyyən yükünü daşıyırsa, niyə də olmasın? Bu baxımdan  filmin verdiyi mesaja uyğun olaraq hansısa erotik səhnələrə yer ayrıla bilər və bu normaldır. Azərbaycan kinosunda Ayaz Salayevin "Yarasa” filmində bu, daha açıq şəkildə göstərilib.

Bir məsələni də yada salmaq istəyirəm, Yavər Rzayevin "İlahi məxluq” filmindəki sözügedən səhnənin bənzəri rejissorun 1996-cı ildə çəkdiyi "Sarı gəlin” filmində də var. Həmin filmdə isə erməni əsgərləri azərbaycanlı əsir qadını zorlayırlar. Yəni, orda da həmin səhnə filmin dramaturji strukturuna xidmət edir”.

Aktrisa Vəfa Zeynalova jurnalistlərin son günlər ona ünvanlandığı suallardan yorulduğunu bildirib və öz "facebook” səhifəsində status yazıb: "Heç bir ay yoxdur ki, Macarıstanda keçirilən Gənclər festivalında ermənilərin qondarma Qarabağ bayrağı qaldırdıqlarına görə mən və bir neçə vətəndaşımız böyük mübahisələrdən sonra nəinki bayrağı endirdik, həmçinin erməni dəstəsini festivaldan uzaqlaşdırdıq. Mənə çox maraqlıdır, nəyə görə bizim jurnalistlərə bu böyük işimiz maraqlı gəlmədi, amma filmdə çəkildiyim bir epizodu bu qədər bəzəyib-düzəyib şişirdirsiniz, oxucu dilənirsiniz. İnanın mənə, bizim gördüyümüz bu böyük işdən yazsaydınız, daha çox oxucu toplamış olardınız”. 

/Teleqraf/


Şərhlər:
Baxılıb: 6302
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz