Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi qeyrətli, rəşadətli Azərbaycan qadını
Kişi qeyrətli, rəşadətli Azərbaycan qadını
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2577
Səs ver:

 

 

Qadın zərif məxluq sayılır. O, zərif olsa da, qətiyyən zəif sayıla bilməz. Çünki ilk növbədə anadır. Deməli, qadın həyat mənbəyidir. Onun cəmiyyətdə rolu təkcə bununla bitmir. Həyatın mənbəyi və mənsəbi olan qadın həm də onun istiqamətçisidir. Başqa sözlə desək, məhz incə duyğuların daşıyıcıları olan qadınlar cəmiyyəti xoş məcralara yönəldir. Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşən Azərbaycanın uğurları birbaşa onun qadınının uğurları sayıla bilər.

Azərbaycan qadını. Ana südündə halal nemətləri toplayan, laylasında ilahi zümzüməni pıçıldayan, ən yüksək insani keyfiyyətlərin daşıyıcısı olan insan övladı. O öz zəkası, nüfuzu və müdrikliyi ilə bəşər tarixində özünəməxsus iz salmışlar. Belə ki, ta qədimdən ulu nənələrimiz cəmiyyətin inkişafında və idarəçiliyində fəal iştirak etmişlər. Son min ilin tarixinə qısa nəzər salaq. Adına 1186-cı ildə Naxçıvanda Əcəmi Əbubəkr tərəfindən möhtəşəm türbə ucalan Mömünə xatun Azərbaycan Atabəyi Şəmsəddin Eldəgizin xanımı olmuşdur. O, Sultanla Atabəylər arasında xoş münasibətlər yaradaraq, ara müharibələrinin qarşısını almışdır. XII əsrdə təkcə Azərbaycanda deyil, bütün Şərqdə tanınan, rübailərində fikir dərinliyini və gözəlliyi özündə birləşdirən Məhsəti Gəncəvi dövrünün kişi yazarlarından heç də geridə qalmamış, gözəl musiqi duyumu, şahmat oynamağı ilə hamını heyran qoymuşdur. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun və gəlini Dəspinə xatun tarixə səfir xanım kimi imza atmışlar. Osmanlı sultanı Məhəmməd İkinci Fatihin dövründə o, öz səfirlik missiyasını ləyaqətlə yerinə yetirmişdir. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə öz ailəsinə, ərinə, müqəddəs ocağına sadiq bir qadın kimi tarixdə özünəməxsus yer tutmuşdur. Belə ki, Fətəli xan Dərbənddə olmadığı dövrdə şəhəri öz qardaşı Əmir Həmzənin başçılıq etdiyi koalisiyadan müdafiə edərək Fətəli xana təhvil vermişdir. XVI əsrdə Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri əfsanələşərək şifahi xalq ədəbiyyatına qovuşmuş, Xan qızı Natəvan isə həm lirik şerləri ilə, həm də apardığı siyasətlə Azərbaycan tarixinə öz dəyərli töhfəsini vermişdir.

XIX əsrin ortalarından başlayaraq, Azərbaycan qadınları milli mənlərini dərk edərək maariflənmə yolunda mübarizəyə qoşulmuşlar. XIX əsrin 50-ci illərində Zaqafqaziyada fəaliyyət göstərən «Müqəddəs Nina» cəmiyyətinin Azərbaycanda eyni adlı qadın təhsil idarəsi fəaliyyətə başlamışdır. Burada 17 nəfər azərbaycanlı qadın var idi: Fatma Əsədbəy, Xədicə Haqverdiyeva, Gövhər Qurtqaşinskaya, Balaxanım Xandəmirova maarifçi dünya-görüşlərinə görə fərqlənirdilər. 1850-ci ildə maarifpərvər qadın Dilbər xanım atası Mirmahmud kişinin köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açaraq, 1863-cü ilə qədər burada şəriət, ana dili, nəğmə və s. dərsləri tədris etmişdir. İrəvan quberniyasında da 1865-ci ildə «Müqədds Pipsime» cəmiyyəti qızlar üçün məktəb açmışdır və burada fəaliyyət göstərən 65 qızdan 42-si azərbaycanlı idi. 1864-cü ildə Dərbənddə, 1872-ci ildə Zaqatalada, 1873-cü ildə isə Şuşada qız məktəbləri yaranmış, Bakıda isə 1874-cü ildə ilk qadın gimnaziyası açılmışdır. 1896-1901-ci ildə H.Z.Tağıyevin maliyyə xərcləri hesabına (183 min rubl qızıl pul) ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbi tikilmiş, 1901-ci ildə oktyabrın 9-da H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın rəhbərliyi altında fəaliyyətə başlamışdır. Bu məktəbin tarixində dünyəvi təhsilin inkişafında və savadlı mütəxəssislərin yetişməsində hədsiz zəhməti olan maarifçi qadınlar fərqlənmişlər:

Bakıda Rəhilə Hacıbababəyova, Məryəm Sulkeviç, Nabat Nərimanova, Şəhrəbanu Şabanova, Səkinə Axundzadə, Gülbahar Ahrıyeva, Şəfiqə Əfəndizadə, Ayşad Dibirova, Məryəm Qembitskaya. Direktor vəzifəsinə Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova təyin edilmişdir. Hənifə Məlikova, həmçinin öz evində yaşlılara dərs demiş, Nicat» cəmiyyətinin qadın bölmələrinin yaradıcılarından olmuşdur. Rəhilə Hacıbababəyova ilk maarifçi qadınlardan idi və 1902-ci ildə Bakıda Aleksandr-rus Azərbaycan qız məktəbində pedaqoji fəaliyyətə başlamış, onun təşəbbüsü ilə qızlar üçün 1910,1914-cü illərdə 2 sinifli ibtidai məktəb açılmışdır.

1906-cı ildə Gəncədə ilk dəfə olaraq Müsəlman Qadın Komitəsinin başçılığı altında qadınlar arasında xeyriyyə marafonu keçirilir. Həmidə xanım Cavanşir 1910-cu ildə «Molla Nəsrəddin» jurnalında qadın problemləri ilə bağlı dəfələrlə çıxış edir. Elə həmin ildə onun və Sofiya Şahtaxtinskayanın təşəbbüsü ilə Tiflisdə Qafqaz Xeyriyyə Cəmiyyəti yaradılır. 45 üzvdən ibarət bu cəmiyyətə Gövhərxanım Qacar sədr seçilir. 1911-ci ildə Xədicə Əlibəyovanın rəhbərliyi altında ilk qadın jurnalı «İşıq» çap edilir. 1912-ci ildə H.Z.Tağıyevin açdığı rus-müsəlman qız məktəbinin ilk məzunlarından olan Nazlı Tahirova-Nəcəfova Naxçıvanda qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri işləmişdir. Liza Muxtarova 1914-cü ildə Hənifə Zərdabinin (1908-ci ildə) təşkil etdiyi ilk qadın xeyriyyə cəmiyyəti əsasında Bakı «Qadın Xeyriyyə Cəmiyyəti»ni yaradır. Liza Muxtarova eyni zamanda 1913-cü ildə təşkil olunmuş, «Uşaq xəstəxanası» xeyriyyə cəmiyyətinin üzvi və «Qafqaz Vərəmlə Mübarizə Cəmiyyəti»nin Bakı bölməsinin rəhbəri olmuşdur. Bu dövrdə fəaliyyət göstərən «Bakı Qadın Müsəlman Xeyriyyə Cəmiyyəti»nin fəaliyyətində bütün təbəqələrdən olan nümayəndələr iştirak edirdi: İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova... İsmət Aşurbəyova fars, alman, fransız dillərini sərbəst bilən, poeziyanı çox sevən yüksək mədəniyyətə malik bir xanım idi. Şövkət Məmmədova o dövrdə İtaliyada ilk vokal musiqi təhsili alan yeganə qadın idi. Kiyevdə təhsilini davam etdirən zaman xeyriyyə konsertləri təşkil edərək azərbaycanlı tələbələrə köməklik göstərirdi. Şərabanu Zeynalova Bakıda Əli Bayramov adına klubun təşkilində fəal iştirak etmiş, 1917-1920-ci illərdə H.Z.Tağıyev adına toxuculuq fabrikində qadınlar arasında inqilabi iş apararaq fəhlə qadınların tətil, nümayiş və mitinqlərini təşkil etmişdir. Həqiqət Rzayeva Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənni, 1918-ci ildə «Arşın mal alan»da ilk dəfə Gülçöhrəni oynayan qadın aktrisa Qəmər xanım (Tamara Vissarionova Topuriya) olmuşdur. Aşurbəylilər nəsli Azərbaycana ensiklopedik biliyə malik qadın, tarix elmləri doktoru, rəssam, şərqşünas Aşurbəyli Sara Balabəy qızını bəxş etmişdir. Bu qadınların hər biri Azərbaycanın qaranlıq səmasında doğan bir Dan Ulduzu idi. Təəssüf ki, tarix boyu istər İslama qədərki dövr, istərsə də İslamdan sonrakı dövr mövcud hakim quruluş və ruhani aləm tərəfindən qadınlara qarşı münasibət Şərqdə də, Qərbdə də çox acınacaqlı olmuşdur. Qadınların hüquqları tapdalanmış, dünyagörüşlərinə görə təqiblərə məruz qalmışlar. Sovetlər tərəfindən rus imperiyası devrildikdən sonra 1918-ci ilin mayın 28-də Şərqdə ilk dəfə olaraq demokratik dövlət yaradıldı. Düzdür, bu dövlət insanların ürəyindəki azadlıq ideyalarını oyadaraq, onlan zülmdən, köləlikdən, əsarətdən azad etdi. ADR-in elə ilk iclaslarından birində qadın və kişilərin bərabərliyi məsələsi müzakirə edildi. Ancaq bu gənc dövlət öz missiyasını sona qədər yerinə yetirə bilmədi. Azərbaycanın Sovet imperiyası tərəfindən işğalı onun sonrakı tarixində təzadlı izlər qoydu. 1921-ci ildə Bakıda azərbaycanlı qızların təhsil almaları üçün məktebəqədər tərbiyə institutu yaradıldı və bu institut 1922-ci ildə Ali Pedaqoji Qadın İnstitutuna çevrildi. İnstitutun ilk buraxılışı 1924-cü ildə oldu. Bu münasibətlə Nəriman Nərimanov məzunlara təbrik məktubu göndərmişdi. 17 nəfər məzun (təhsil alan 104 tələbədən): Mələk Axundzadə, Humay Atakişizadə, Sənubər Əliyeva, Gövhər Usubova, Fatma Tutayuq, Nəzirə Pipinova, Tutu Hacızadə, ŞahluzaXızıbəyli, Sürəyya Xələfzadə, Xədicə Şahtaxtlı, Şövkət Sadıqzadə, Səkinə Səfərzadə, Südabə Əlizadə, Gülruh Qazizadə, Şirin və Müqdənisə Qiyasbəylilər, Xanımana Məmmədzadə Azərbaycanda ilk dəfə ali peda­qoji təhsil diplomu aldılar.

1937-1938-ci illərdə vəzifədə olan qeyri-millət nümayəndələrinin «ciddi» səyi nəticəsində Azərbaycan, Zaqafqaziyada ən çox dərin zəkaların, düşünən beyinlərin məhvinə yönələn repressiya və deportasiya qurbanlarının ön sırasında oldu. Bunların içərisində Azərbaycan qadınları Ayna Sultanova, Nazlı Tahirova-Nəcəfova, Bakıda ilk «Şərq Konservatoriyası»nın yaradıcısı Xədicə Qayıbova, Tibb İnstitutunun müəllimi Mədinə Qiyasbəyli... var idi. Azərbaycan xalqı bu dövrdə dərin faciələr yaşadı. 1941-l945-ci illərdə 50 milyon insanı qurbanına çevirən II Dünya Müharibəsində Azərbaycan xalqının rolu əvəzsiz oldu. Azərbaycan qadınları və qızları arxa cəbhədə kişilərin gördüyü işlərin öhdəsindən gəldikləri kimi, ön cəbhədə də torpaqların faşistlərdən azad edilməsində böyük rəşadət və qəhrəmanlıq göstərdilər. Bu baxımdan Dürrə Məmmədova, Adilə Əliyeva, Təzəxanım Əzimoya, Asiya Yusifova, İrina Qədimova və başqalarını xatırlamaq olar.

Müasir dövrdə gender bərabərliyi dünya qarşısında həlli vacib olan problem sırasında təqdim olunur. Cəhalətdə olan cəmiyyətlər qadınların hüquqlarını qorumaqda olduqları halda, özlərini inkişaf etmiş ölkələrin cəmiyyətləri sayan toplumlar  kişilərin tapdalanmış hüquqlarını bərqərar etməyə çalışırlar. Azərbaycanda isə hər kəs hüquqlarının bitdiyi, vəzifələrinin başladığı qızıl nöqtəni tanıyır. Çünki bizim cəmiyyət milli-mənəvi dəyərlərlə yaşayır. O dəyərlərlə ki, ana olan qadının müqəddəs yerini qoruyub saxlaya bilir.

Könül Aypara

 


Redakte etdi: PRETTY_GIRL




Şərhlər:
Baxılıb: 2577
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz