Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 41)
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 41)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 540
Səs ver:
İkinci dəftər
41


Bağ evimizin gilavar səmtində, atamın düzəltdiyi və hələ taxtalarının rəngi çəkilməmiş açıq eyvanda, qatlama çarpayıda uzanıb gözlərimi yummuşdum. Bura səhərdən bəri gün düşmədiyindən sərin idi. Meh əsdikcə üstümdəki mələfəni oxşayır, burnuma təzə taxta və əlif qoxusu gəlirdi. Mən nə yatmışdım, nə də oyaqdım. Ətrafdakı hənirti və səsləri eşidirdim. Lakin mürgü məni yuxuya dartırdı. Anamın ayaqlarının yumşaq tappıltısı yaxınlaşırdı… uzaqlaşırdı. Nahara hazırlıq görürdü: quyudan su çəkirdi, samovara od salırdı, həyəti, səkini süpürürdü. İstirahət günü olduğundan şəhərdən qonağımız gələ bilərdi. Ancaq mən heç kimi arzulamırdım; ürəyim qubarlı idi. Fikirlərimin dolaşıq çəngəlliyində ilişib qalmışdım. Başqası ilə görüşəcək halda deyildim. Atam isə çarhovuzun yanındakı böyük çinarın kölgəsində külafirəngi düzəldirdi. Dörd dirək basdırmışdı, indi üstünü örtürdü. Sonra sürahi vuracaqdı, böyürdən pilləkən qaldıracaqdı. Aşağıda əkdiyi sarmaşıqları yuxarı dırmaşdıracaqdı.
Bunların hamısı mənə izafi zəhmət görünürdü. Həyat gözümdə mənasızlaşmışdı. Yaşamaq, yaratmaq, qurmaq məvhumları da təsəvvürümdə sevmək-sevilmək kimi saxtalaşmışdı. Qadınına mehriban, qayğıkeş olanları sədaqətli kişi roluna girmiş aktyor sanırdım. Ey var! Mən doğruluğa inamımı necə itirmişdim! Onu bir daha tapacağıma gümanım yox idi.
Maşın siqnalı məni diksindirdi. Bu səsdə həm ötüb-keçmiş bir ünsiyyətin əks-sədasını xatırladım, həm də onu nifrətlə yad etdim. Yanılmamışdım: mələfənin ucunu qaldırdım, ağacların arasından ora baxanda "Volqa”nı uzaqdan tanıdım. Maşın darvazaya çatıb yavaşıdı və sola burularaq həyətə girdi. Dərya qoltuğunda kağız bağlama, əlində bir dəstə qəzet kabinədən çıxanda durub irəli cummaq, "Niyə gəlmisən?! Rədd ol, geri qayıt!”—demək istədim. Həyəcanımı güclə boğdum. Atam onu görüncə işdən əl çəkdi. Ancaq aşağı enmədi, heyrətindən külafirəngidə donub büt kimi hərəkətsiz dayandı. Anam evə çəkilmişdi; eyvana açılan pəncərənin pərdəsi arxasından bu tərəfə nəzər yetirirdi ki, onu necə qarşılayacağam. Dərya təzə yarımqol sarı köynəkdə idi; şübhəsiz xaricdən gətirmişdi. Döş cibinin üstdə markayaoxşar əlvan bir şəkil toxunmuşdu. O, artırmaya qədəm qoycaq gözü mənə sataşdı. Əlindəki şeyləri bir kənara atıb, qollarını açaraq:
—Könül!..—deyə irəli yeriyəndə ilan çalmış kimi dikəldim. Məni qucaqlamağa gəlirdi.
—Kənar dur!—çağırdım.
Nəfəsimin titrəməsindən ürksə də, elə güman etdi ki, güya atamdan çəkindiyim üçün onu yaxın buraxmadım. Biləyimdən yapışıb öpmək istədi. Çırpındım, qoymadım.
—Nə olub, Könülcan?
—Onun sənə dəxli yoxdur!
Geri adladı. Çiyinlərini qaldırıb, dodaqlarını büzdü.
—Heç nə anlamıram… Məni niyə belə qarşılayırsan? Yenə nə eşitmisən? Dəryanın baxışları soyuq, səsi yad idi. Günün istisində qarsıyıb bürünc rənginə düşmüş sifəti qartımış və kobudlaşmışdı. Sarıya çalan bığları seyrəlmişdi. O, bu yabançı görkəmdə məni özündən daha da çiyrindirdi.
—Niyə danışmırsan, Könül? Bağa haçan gəlmisən, hə? Ay qız səninləyəm. Qəzetlərin poçt yeşiyində yığılıb qalmasından bildim: beş-altı gündür burdasan. Bəs imtahanlara hazırlaşmırsan? Atamdan həya eləməsəydim, bütün gücümü toplayıb onun bu qondarma suallarına möhkəm bir sillə ilə cavab verərdim.
—Hə...ba-şa düş-düm. Gec məktub yazmağımdan gileylisən… Amma nahaq yerə! O, gətirdiyi qəzetlərin arasından ağ bir zərf çıxarıb ətəyimə atdı.
—Buyur! Gör havaxtdan yeşikdə qalıb! Poçtalyon dalınca bağa gələsi deyildi ki! Mən qeyzimdən əsirdim. Boğazım qəhərlənmişdi. Dilim qurumuşdu. Zərfə etinasız bir nəzər fırlatdım. Həminki idi! Qurduğu gözbağlıca oyunun baş tutacağından əmin olan Dərya oğrun-oğrun içini çəkib üstümə kəkələndi:
—Adam bir işin axırına çıxmamış hökm verməz! Bu da səninçün o dəfəki deyil! Zərfi açıb məktubun ilk sətrini oxuyunca beynimdən sanki od püskürdü. "Əzizim, istəklim Könül!” Bəli! Zərfin içindəki kağızı dəyişmişdi. Demək bura gəlməzdən qabaq onun—Nərminənin görüşünə getmişdi. Mən bu ikiqat riyakarlığın müqabilində nə etsəydim, haqqım vardı. Məktubu yenə dörd qatlayıb zərfin içinə qoydum və sərtliklə Dəryanın sifətinə çırpdım.
—Namərd!
O, şaşqın halda məni sakitləşdirməyə çalışanda… Heyhat… atamın ayaqyalın, başıaçıq bizə sarı ağır-ağır addımladığını gördüm; dizləri yırtıq, köhnə boz şalvarda, qolları çirməkli, üzülmüş qara köynəkdə idi. Əlində balta vardı. Tüklü biləkləri qabarmışdı. Zəhmindən adamı vahimə basırdı. Çatılmış qalın, pırpız qaşları altda gizlənən gözlərində qəzəb qığılcımları işıldayırdı. Cod bığları kirpi tikanları tək qalxıb burnuna dirənmişdi. İlahi, döyüş meydanına girən qoca cəngavərə oxşayırdı atam.
O, dinməzcə yaxınlaşıb Dəryanın bərabərinə çatanda, anam "Murad!” deyə dişarı atıldı. Ay aman, nə dəhşətli səhnə idi! Mən də ixtiyarsız olaraq qışqırdım:
—Pa!..
Atam sanki bizi eşitmirdi. Dərya hipnoz edilmiş kimi qımıldanmırdı da. Eyvanın bir küncünə tullanan baltanın tıqqıltısı məni diksindirdi.
—Haramzada!.. Sən nə rəzil adamsanmış! Xirtdəyin caynağıma keçməmiş itil gözlərimin qabağından!
—Murad əmi, mən gəlmişəm sizdən üzr istəyim. Mən...
—Sus! Sən!.. Sən mənim Könülümü, on doqquz il ağlamaq nədir bilməyən yeganə balamı göz yaşı axıtmağa vadar etdin. Uzaqlaş burdan! Könül səni görmək belə istəmir!
—Düz deyirsən, pa. Mənim ona olan məhəbbətim, indi nifrətə çevrilmişdir. İkiəlli üzümü qapayıb hönkürdüm. Qollarını sinəsində çarpazlayaraq məlul-məlul durmuş anam eynimdə dumanlandı. Arvadı tanıya bilmədim. Sanki gözümə düşməyən çeşmək taxmışdım.
—Mən bu gün şəhərdən evimizə qonaq gəlməsini çox arzulayırdım. Ancaq səni yox!—deyə anam da sakit xislətinə rəğmən dilləndi. Dərya maşına tərəf getdi. Motor gurladı. Onun gətirdiyi bağlamaları dalınca atdım:
—Apar bunları da istəklinə ver!—dedim.
Dərya ərinmədi, şeyləri götürüb, içəri qoydu və istehza ilə məni süzdü... Maşın uzaqlaşdıqca, araya elə qəmgin sükut çökdü ki, ürəyimin döyüntüsünü eşitdim. Atam əlləri əsə-əsə bir siqaret yandırdı, baltanı götürüb yenə külafirəngiyə qalxdı. Bayaq yarımçıq buraxdığı işini davam etdirməyə başladı...


Şərhlər:
Baxılıb: 540
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz