Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 26)
QARAQAN -
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1019
Səs ver:

 

Təğyiri-Libas
İlk dəfə əynimdə Ulduzlu köynək olmadan şəhərə çıxmışdım. İndi camaat mənə heç baxmırdı. Onlar üçün adi adam idim. Heç kəsin baxışlarında qorxu görmürdüm. Onlar məndən qorxmurdular. Onlar məni sevmirdilər. Onların vecinə deyildi.. Yavaş-yavaş şəhərin daha çox A-nın tərəfdarları yığışan hissəsinə getdim. Parklardan birində bir neçə ulduzlu köynək görüb onlara yaxınlaşdım. Oğlanlar mənə tərs-tərs baxırdılar. Sakitcə salamlaşıb yanlarında oturdum. Onlardan biri məndən soruşdu:
- Nə lazımdı sənə?
Dedim:
- Heçç.. Siz HOST-dansız?
Oğlan dedi:
- Hə... Nədir ki?
- Mənə bir az danışa bilərsiz? Özümü son vaxtlar çox pis hiss edirəm. Hər şey maraqsızdı, heç nə etmək istəmirəm. Amma sizə baxanda elə bilirəm ki, həyatınızın mənası var. Nədir sizin həyatınızın mənası?
Oğlan dedi:
- Həyatın mənası olmur. Bu günəşin çıxması kimidir. Günəş çıxanda göyün üzü qızarır, çəhrayı rənglər, ağ ilə maviyə qarışır. İnsanlar bu mənzərəyə baxanda sevinirlər. Onların bu mənzərədən xoşu gəlir. Amma soruşanda ki, niyə xoşun gəlir? Cavab verə bilmir. Çünki bunun izahı yoxdur. Ya da meyvə kimi, kimsə alma xoşlayır kimsə armud. Soruşanda niyə yenə izahı yoxdur. Bu belədir. Həyat da sadəcə var. Boş səhifə kimi. Dəftər kimi. Dəftərin mənası var? Yox. Dəftərin içi boş olanda onun heç bir mənası olmur. Həmin dəftərə şeir yazsan olacaq şeir dəftəri, şəkil çəksən olacaq albom, nə gəldi yazsan olacaq qaralama. Həyat boş bir səhifədi. Nə yazacağımızı isə ancaq özümüz seçə bilərik. Mənasız cümlələrdən tutmuş, konstitutsiyaya qədər. Keçmişinə bax. Onda biləcəksən ki, həyatın indiyə kimi nə dəftəri olub. Amma həyatın dəftərdən bircə fərqi var, köhnə səhifələrini cıra bilməzsən.
- Yaxşı, bəs siz nə edirsiniz? Nə yazırsınız bu dəftərdə?
- Biz, A dediyi kimi sinifdə müəllim mühazirə yazdıranda öz dəftərimizin arxa səhifəsində nə istəyiriksə onu yazırıq. Müəllim deyəni yox. Ürəyimiz nə istəyirsə onu yazırıq. Kimsə şeir, kimsə sevdiyi futbol komandasının cədvəlini, kimsə sevgilisinə məktub... Başqa nə ağlına gəlirsə hamısı.. Düzdü bizə digərləri ikiçi, avara deyəcək. Amma dərsi öyrənmək lazım olanda biz hər zaman parta yoldaşımızdan onun dəftərini götürə bilərik. Öz dəftərimizdə isə doğma bir şey olacaq.
Hmm. Bu uşaqlar elə rahat danışırdılar ki, bir anlıq özümüzlə fəxr etməyə başladım. Biz insanlara nə isə öyrədə bilmişik.
- Bəs A kimdi?
Oğlan ətrafa baxıb sakitcə pıçıldadı:
- A sonuncu qəhrəmandır. Sonuncu seçilmiş, Sonuncu elçi. 
Başıma elə bil qaynar su tökdülər. Bunlar nə danışırlar? 
- Necə yəni? Siz nə danışırsınız? Kim deyib bunu sizə?
Uşaqlar dedi:
- Kimsə deməlidir ki? Özümüz görmürük bəyəm?
- Necə görürsüz? 
Oğlan bir az da yaxınlaşıb dedi:
- Onun vəsiqəsi yoxdur. Onu çox az adam görüb. Gecələr biz yatırıq. Səhər oyananda onun artıq min səhifəlik planı olur. Gündüzlər üzə çıxmır.. 9 mərtəbədən aşağı tullanıb. Valideynləri naməlumdur.. Özü naməlumdur. Adı naməlumdur. Heç kəs onun qarşısını ala bilmir. Zibil yeşiyindən tapıblar. Deyilənə görə onu mələklər gətirib.
Mən dinləyirdim. Oğlan bir az fikirləşib davam etdi:
- Bilirsən, biz çox düşünürdük ki, niyə məhz Azərbaycan? Niyə sonuncu qəhrəman buradan çıxmalı idi. Axır anladıq ki, onun gəlməyi üçün buradan yaxşı yer ola bilməzdi. Çünki Azərbaycan dünyanın mərkəzində yerləşir. Nə şərqdir, nə qərb. Nə islam ölkəsidir, nə xristian ölkəsi. Nə inkişaf etmişdi, nə geridə qalmış. Nə ənənəyə bağlıdır, nə müasir. Azərbaycanın ideologiyası yoxdur. Bax, bizim bircə fikrimiz var. Qarabağı qaytarmaq. Başqa heç nə. Azərbaycanlıları birləşdirən başqa heç nə yoxdur. Indi təsəvvür elə ki, Qarabağ da qayıtdı. Hə.. Bəs sonra? Sonra nə etmək lazımdır. İnkişaf eləmək? Bu ideologiya ola bilər? İnkişaf.. Demokratiya? Yoxsa nə? Nə istəyir azərbaycanlılar. Özləri bilir? Yox. Azərbaycan gah geriyə gah irəliyə gedir, gah yerində sayır. Gah İslama qayıdır. Gah efirdə soyunur. Gah deyir ki, türk dövlətidir, gah deyir ki dünyəvidir. Deyirlər ki, dahilər, qəhrəmanlar çiçək kimidir. Onların yaxşı yetişməsi üçün çoxlu peyin lazımdır. Azərbaycanda da peyin çoxdur. Ona görə də A yetişdi. Gəldi ki, bizi sonra dünyanı xilas etsin. 
Deməli hamı A-nın qeyri-adi olduğunu düşünür. Yəqin bu doğrudan da belədir. Amma nə isə inandırıcı gəlmir. Mən tam inana bilmirdim. Məncə A sadəcə çox ağıllı və güclü bir şəxsiyyət idi. Mən bunu yazmalı idim. Kitabın sonunda A-nın sonuncu qəhrəman olduğunu yazacaqdım. Ona görə də Episentrə yollandım. Yol boyu dağıdılmış mağazalar, daşlanan fahişələri görürdüm. Xaos getdikcə daha da böyüyürdü. Və bu mənim xoşuma gəlirdi. Küləklər şəhərinə Qasırğa gəlmişdi.

ERMƏNİ
Çingiz Qarabağ qaçqını idi. Onun bütün ailəsini Xocalıda qırmışdılar. O vaxtlar Çingizin 7 yaşı olardı. Amma ailəsi heç yadında qalmamışdı. Xocalının nə bir daxması nə bir ağacı. Heç nə .... Düşmən hücuma keçəndə mərminin biri düz Çingizin yanında partlamışdı. Çingiz də bütün uşaqlığını bu partlayışdan sonra unutmuşu. Yaddaşında ancaq qarlı yollar, atəş səsi və ölülər var idi. Qaçqın şəhərciyində onu digər yetimlər kimi ailələrə bölüşdürmüşdülər. Yazıq uşağın hansı şəraitdə böyüdüyünü heç təsəvvür də etmək olmazdı. Yad şəhər, evsiz-eşiksiz. Vətəndən didərgin. Atasının, anasının qanı yerdə.. Amma o heç nə edə bilmirdi. Ailəsindən bircə yadigar qalmışdı. O da anasının şəkli. Balaca buzovun başını sığallayan müqəddəs ana. Anası şəkildən ona baxırdı. Çingiz bütün uşaqlığını bu şəkillə keçirmişdi. Əlindəki şəklə baxıb anasını nə qədər çox sevirdisə alçaq ermənilərə də bir o qədər nifrət eləyirdi. Qaniçən, insafsız, yırtıcı ermənilər. &¸ingiz onlara nifrət edirdi. Bu nifrət də onu gücləndirirdi. O böyüdükcə içindəki nifrət daha da artırdı. Çingiz özünə söz vermişdi ki, bir gün bütün erməniləri məhv edəcək. Uşaq vaxtı döyüşlə məşğul olmuş, məktəbdə tarix dərslərini hamıdan yaxşı oxumuşdu. Əsgərliyini çəkmiş və hərbçi olmaq qərarına gəlmişdi. Çingiz silahdan ayrılmırdı. Hər gecə yuxuda ermənilərin kəndlərinə hücum edib evlərini yandırırdı. Erməni kişilərini güllələyib, qadınlarını zorlayır, uşaqlarını boğurdu. Dostları ilə görüşəndə onları da müqəddəs müharibəyə hazırlayırdı. Çingiz deyirdi:
-Dostlar, biz həmişə unutqan xalq olmuşuq. Biz türklərin ən böyük səhvi unutqanlığımızdadır. Biz bu erməniləri vaxtında qırmalıydıq. Ey türk, kəndinə qayıt. Sən özünə qayıdanda güclü olursan. Biz seçilmiş millətik. Dünyanı türklər idarə etməlidir. Bizim düşmənlərimiz heç vaxt bizi rahat yaşamağa qoymayacaqlar. Ona görə biz birləşib onlar məhv etməliyik. Ermənilər həmişə alçaq olublar. Əsrlərlə öz ikiüzlü, yaltaq siyasətləri ilə bizim etibarımızı qazanıb, hər dəfə də bizə arxadan zərbə endiriblər. Onlara inanmaq olmaz. Onların hamısı alçaqdır, hamısı ölməlidir. Uşaqlar da murdardır çünki onların qanında murdar qan, oğru qanı axır. Ermənilərin hamısını yer üzündən silmək lazımdır. Sülh olmaz. Ancaq müharibə. Onlar bizim qanımızı töküb, biz də onların qanını tökməliyik. Sonuncu erməniyə qədər hamısı ölməlidir.
Çingizin çağırışları dostlarını da həvəsləndirirdi. Onlar hər yerdə bu fikirlərini yayır, insanları erməni köpəkləri ilə mübarizəyə çağırırdılar. Məqsəd təkcə Qarabağı yox, bütün Ermənistanı almaq idi. Çingiz deyirdi :
- Ermənistana bomba atıb hamısını qırmaq lazımdır. Uşaqları da, qadınları da.. Çünki hər bir uşaq gələcəkdə erməni əsgəri olacaq. Hər bir qadın nə vaxtsa qaniçən ermənini doğacaq. Onların hamısı bizə nifrət eləyir. Siz üzdə adi erməniləri görüb deyə bilərsiniz ki, onlar günahkar deyil. Amma onlar içində sizə nifrət edir. Türk olduğunuz üçün sizə nifrət edir. Siz nə istəyirsiniz, sülh? Sülh?!! Hansı sülh? Qarabağ qayıdandan sonra sərhədlər açılsın? Ermənilər yenə Bakıya gəlsin? Hansısa erməni zibili bizim təmiz azərbaycanlı qızların yatağına girsin? Bunu istəyirsiniz? Bəs Namus, Qeyrət? Biz gərək hücum edib onların soyunu qıraq, nəsillərini kəsək ..
Çingizin 21 yaşı tamam olanda gözəl bir qızla tanış olur. Səbinə. Çingiz Səbinəyə ilk baxışdan vurulur. Səbinə tarix fakültəsində oxuyurdu. Çingiz də fəxrlə geyindiyi hərbi formada hər gün Səbinəni həyətdə gözləyirdi. Dərs qurtaranda əl-ələ tutub bağda gəzirdilər. Qısa vaxtda bir-birlərinə öyrəşirlər. O vaxta Çingizin imkanı da yaxşılaşır. Özünə şəhərin mərkəzində mənzil alır. Bir gün Səbinəgilə elçi gedir. Qızın ailəsi də görür ki, oğlan hərbçidir, içmək yox, çəkmək yox, vətəninə bağlı, öz ayaqları üstündə dayanmış boylu-buxunlu cavan oğlan. Daha qarşı çıxmağın mənası olmazdı. Əgər cavanlar bir-birlərini sevirlərsə heç nə demək olmaz. Çingizlə Səbinə nişanlanırlar. Hər şey çox yaxşı getdiyi vaxtda Çingizin yanına qara geyimli bir neçə oğlan gəlir:
- Çingiz, səni iki günlük aparmalıyıq.
Çingiz donub qalır:
- Siz kimsiniz? Necə yəni aparmalısınız? Hara?
Onlardan biri deyir:
- Çingiz, bilirik ki, indi toya hazırlaşırsan. Amma səni bir nəfərlə görüşdürmək lazımdır. Toya görə narahat olma, biz bütün yükü öz üzərimizə götürürük. Səni bir nəfərlə görüşdürmək çox vacibdir.
- Kimlə? Harada?
- Çingiz ,Gürcüstana getməliyik. Anan səni gözləyir.
Bu müqəddəs kəlməni eşidən Çingizin gözləri dolur. Qarşısındakı oğlanları qucaqlayıb bağrına basır. Əlləri əsməyə başlayır. Deməli onun anası sağdı. Deməli o da qaça bilib. Neçə il sonra. Neçə il sonra...Axır o anasına qovuşa biləcək. Hər zaman əzizlədiyi şəkildəki gözəl anası onun toyuna gələcək. Çingiz anasının saçlarını sığallayıb gözlərindən öpəcək.. 
Səhəri gün onlar qatarla Gürcüstana yollandılar. Yad vağzalın qarşısında anası qucaqlarını açıb hönkür- hönkür ağlayırdı. Çingiz də ağlayırdı. Anasına sarılıb ağlayırdı. Anasının əlində Çingizdəki şəkilin o biri hissəsi – cırılmış hissəsi vardı. Bu Çingizin uşaqlığı idi. Çingiz indi başa düşmüşdü ki, bu şəkili anası onun ovucuna basmışdı ki, qaniçən ermənilərin hücumundan sonra bir-birilərini tapa bilsinlər. Çingizin içində hər şey qaynayırdı. Artıq o anasını evinə apara bilərdi. Axır anası yad gürcü ellərindən doğma Azərbaycanına gələ bilərdi. Ana qucağının istisində Çingiz bütün soyuq tənha gecələrini yadına salır və daha da bərk hönkürürdü. Anasının incə mızıltısı onun qulaqlarından keçib qəlbinin ən dərin hüceyrələrinə hopurdu. Amma... Çingiz bilmirdi... Çingiz bir şeyi bilmirdi.
Anası Çingizə nə isə deyirdi. Amma o bu dildən heç nə anlamırdı. Heç bilmirdi anası hansı dildə danışır. Birdən kimsə əlini onun çiyninə qoydu. Arxadan qara geyimli oğlan dilləndi.
- Çingiz , sənin anan ermənidir!!!
Zaman dayandı, əqrəblər donub qaldı, hər şey susdu. Əbədi sükutdan qulaqlar partlayacaqdı. Hər şey bir an içində məhv olmuşdu. Qara paltarlı oğlan davam etdi.
- Sənin atan da ermənidir. Sənin bütün nəslin erməni olub. Sən də ermənisən. 
Çingiz dönüb oğlanın üzünə yumruq ilişdirmək istədi. Lakin digər oğlanlar onu saxladı. Çingiz yaralı canavar kimi nərildəməyə başladı. Anası onu qucaqlamaq istədi. Amma Çingiz geri çəkildi. Başını qucaqlayıb yerə yıxıldı. O inana bilmirdi.
Oğlan bir az gözləyib yenə əlini onun çiyninə qoydu:
- Çingiz , güclü ol! Biz sənin yaxşılığını istəyirik. İstəyirik ki, həqiqəti biləsən. Sənin ailən Xocalıdakı erməni ailələrindən idi. Müharibə vaxtı onlar hücum edəndə sizi də türk sanıb qovublar. Sən də yanında partlayan mərmidən yaddaşını itirmişdin. İndi də.. İndi də belə.. Sən artıq hər şeyi bilirsən. 
Çingizin bütün həyatı, fikirləri, arzuları məhv olmuşdu. Anasını tapıb vətənini itirmişdi. Amma o zəif deyildi. O buna dözə bilərdi. Hərbçi həyatı ona bütün ağrılara tab gətirməyi öyrətmişdi. Çingiz göz yaşlarını silib dərindən nəfəs aldı. Sonra ayağa qalxıb qara geyimli adamlara baxdı:
- Siz... Siz bunu sübut edə bilərsiniz?
Qara geyimlilərdən biri dedi:
- Biz itkin düşmüşlərin axtarışı ilə məşğuluq. Sənin bütün sənədlərin bizim ofisdədir. Doğum kağızı, uşaqlıq şəkillərin. Sənin adın da Çingiz deyil, Vardandır. O gün səni televiziyada müsahibə verəndə göstəriblər. Anan da təsadüfən buradan səni görüb. Biz gedib maraqlandıq və bizə sənin ünvanını dedilər. Sənin anan çox yaxşı qadındır. O səni neçə ildir ki gözləyir. Amma atan müharibə vaxtı ölüb.
- Bəs anam Azərbaycanca heç bilmir? 
- Biz onunla danışmaq istəmişdik. Amma deyəsən çox az bilir.
Bu sözləri eşidəndə Çingizin anası pıçıldadı:
- Mən səni Sevir oğul. Oğul. Mənim. Doğma oğul. Sevgi.
Bu sözlərdən sonra Çingiz ikinci dəfə anasına sarıldı. O nə edəcəyini bilmirdi. Amma deyəsən arxadakı qara geyimlilər artıq hər şeyi ölçüb-biçmişdilər.
- Çingiz, artıq heç nəyi dəyişə bilməzsən. İstəyirsənsə ananı da götürüb Bakıya gəl. Heç kəs heçnə bilməyəcək. Biz Səbinəyə də heç nə demərik.
Bu sözləri eşidəndə Çingiz bir daha qara geyimlilərin üzərinə cumdu. Bu dəfə o, sərt zərbə ilə ortadakını yerə yıxdı. Lakin digər ikisi, onun qollarını burub saxladılar. Çingiz tərpənə bilmirdi. Yerə yıxılmış qara geyimli isə davam etdi:
- Həə, Səbinə. Sənin sevgilin Səbinə. Deyəsən iki-üç günə toyunuz olacaq. Sən doğrudan da buna inanırsan? Səncə biz qoyarıq ki, namuslu azərbaycanlı qızı erməni ilə bir yastığa baş qoysun? Səncə qoyarıq ki, sənin murdar erməni anan Azərbaycan torpağına ayaq bassın? Səncə biz qoyarıq ki, sən özün, alçaq erməni, bizə nifrət edən erməni bizimlə bir yaşayasan? Sən bizə nifrət edirsən. Sən bütün türklərə nifrət edirsən. Sən bütün azərbaycanlılara nifrət edirsən. Sən Səbinəyə də nifrət edirsən.
Çingiz dizləri üstə çöküb ağladı.
-Mən Səbinəni sevirəm. Mən Azərbaycanı sevirəm. Mən anamı sevirəm. Mən sizi sevirəm.
Qara geyimli oğlan onun gözlərindən öpüb sakitcə pıçıldadı:
- Çingiz, erməni olmaq necə hissdi? Səncə nəsə dəyişdi? Sən Vardansan, yoxsa həmin Çingizsən? Biz səni buraxırıq, Səbinəyə də heç nə deməyəcəyik. Ananı da özünlə apara bilərsən. İndi hər şey sənin öz vicdanındadır. Səbinə əsl Azərbaycan oğluna layiqdir. Amma sən ermənisən. Onunla evlənməklə sən daha bir Azərbaycan qızının namusunu pozacaqsan. Sən pis insansan. Eşidirsən? SƏN PİS İNSANSAN!!!
Çingiz sakitcə dedi:
- Axı mən heç kəsə pislik etməmişəm. Axı mən pis insan deyiləm.
Qara geyimli cavab verdi:
- Sən ermənisən. Özün demirdin ki, bütün ermənilər pisdir?

Ardı var..

 

 



Şərhlər:
Baxılıb: 1019
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz