Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İki od arasında: Qayınana və gəlinin ulduzları niyə barışmır?
İki od arasında: Qayınana və gəlinin ulduzları niyə barışmır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2039
Səs ver:
alt
 

Psixoloqlar: "İntellekt və mənəvi səviyyə yüksək olanda gəlinlə qayınana öz maraqlarını bölüşə bilirlər".

Bəşəriyyət mövcud olandan bəri həllini tapmayan, həmişə müzakirə obyekti olan mübahisəli mövzulardan biri də gəlin-qayınana münasibətləridir. İnsandan-insana dəyişən fikirlər, toplumdan-topluma fərqli mentalitet bizim cəmiyyətdə də fərqli sferalara daşınır. Elə bir ev yoxdur ki, orada gəlin və qayınana arasında kiçik də olsa, mübahisə yaranmasın. Qayınanalar günahı gəlində, gəlinlər isə qayınanalarda görürlər. Bir çox hallarda isə bu mübahisələr ailələrin dağılması ilə nəticələnir.

Kim haqlıdır?

Yazıya belə bir sualla başlamaq istərdik - bu problem nədən yaranır? Sosioloqlar deyirlər ki, gəlin-qayınana çəkişməsinin təməlini qısqanclıq qoyur. Daha çox oğul anası ilə gəlin arasında yaşanan bu çəkişmələr nisbətən az hallarda qız anası və kürəkən arasında baş verir. Münaqişələr daha çox gəlin-qayınana arasında baş verdiyindən bu yazımızda sırf bu barədə bəhs edəcəyik.

Gəlin-qayınana arasındakı münaqişələrin əsası ananın oğlu, gəlinin həyat yoldaşı olan kişinin gözündə daha əhəmiyyətli olmaq səbəbi ilə yaranır. Qısqanclıq və dözümsüzlük zamanla silsilə halını alır və iki qadının bir-birinə aqressiv münasibəti adət halına çevrilir. Qayınana ərindən görmədiyi sevgini oğlundan istəyir, gəlin ərinin sevgisini bölüşmək istəmir, ana oğlunu paylaşmaq istəmir, gəlin isə qayınananın sıxışdırmasından, söz-söhbətindən bezir və hər gün ərinə şikayət edir, kişi anası ilə həyat yoldaşının arasında qalır, mübahisələr davaya çevrilir. Qayınana bəzən istəmədən, bəzən də istəyərək gəlini ilə oğlunun ailəsini dağıdır. Sosioloqlar bildirirlər ki, ailədaxili zorakılığın səbəbkarı da çox vaxt qayınanalar olur. Lakin yaxşı qayınanaya pis münasibət göstərən gəlinlər də az deyil.

Mən çəkdiyimi sən də çək!

Ailə psixoloqları və sosioloqlar bildirirlər ki, ailələrdə zorakılığın bir səbəbkarı kişidirsə, digər səbəbi onu təhrik edən anasıdır, yəni gəlinin qayınanası. Amma gəlin də "süddən çıxmış ağ qaşıq", "aydan arı, sudan duru" deyil.

Əksər qayınanalar gəncliklərində öz qayınanalarından gördükləri şiddəti, zorakılığı, mənəvi basqını öz gəlinlərinə tətbiq edirlər. Bu bir növ "mən çəkmişəm, sən də çək" məsəlidir. Əgər ananın həyat yoldaşı yoxdursa, yaşam səbəbi yalnız oğludursa, onun mənəvi və maddi dəstəyinə möhtacdırsa, oğlunun yanında başqa bir qadın görməyə, sevgisini və şəfqətini paylaşmağa dözə bilmir.

Maraqlıdır ki, bu cür qayınanaların hamısı təxminən belə fikirləşir: "Oğlumu mən dünyaya gətirdim, mən böyütdüm, onun yalnız mənə ehtiyacı var, onu yalnız mən qorumalıyam. Oğlumun məni unutmaması üçün həmişə yanında olmalıyam, o, nəyin yaxşı, nəyin pis olduğunu anlamır, onu mən yönləndirməliyəm. Oğlumun evi mənim evimdir, gəlinin o evdə söz deməyə haqqı yoxdur, oğlumun evində baş verənlər mənə də aiddir, gəlin onu mənim qədər sevə bilməz".

Gəlin nə düşünür?

İndi isə qayınanası ilə problem yaşayan yaxın qohumum olan bir gəlinin düşüncəsini oxuyun: "Qayınanam hər addımbaşı həyatımıza qarışır. Durmadan mənə nə etməli olduğumu söyləyir. Mənimlə elə davranır ki, sanki mən gəlini yox, oğlunun xidmətçisiyəm. Sanki mənim tək işim oğlunun xidmətində durmaqdır. Bütün günü dedi-qodumu edir. Hər fürsətdə oğluna mənim haqqımda pis sözlər söyləyib şikayət edir, bizi dalaşdırır. Oğlundan məni ayırmaq üçün əlindən gələni edir. Hər fürsətdə mənim səhvlərimi ortaya çıxarmaq üçün pusqu qurur. Uşaqlarımın beynini mənim haqqımda mənfi düşüncələrlə doldurur. Mən evdə olmayanda otağımı, şəxsi əşyalarımı qurdalayır, nə axtarır, bilmirəm".

"Bəs sən onunla ünsiyyət qurmaq üçün nə edirsən?", - deyə soruşdum, "Onsuz da başa düşmür, özümü niyə yoruram?", - dedi.

Əslində gəlin-qayınana probleminin kökü sadəcə ünsiyyətdədir. Daha anlayışlı, daha səbrli olmaq, hər şeyə yalnız öz prizmandan baxmamaq, hərtərəfli düşünmək və ən əsası - ünsiyyət qura bilmək ən asan çıxış yoludur. Evləndikdən sonra kişinin ailəsi həyat yoldaşıdır. Analar yaxşı niyyətlə də olsa, nəzarəti və idarəetməni yenə əllərində saxlamağa çalışacaqlar. Elə kişilər var ki, anası ilə həyat yoldaşının arasında münaqişə yaradan məhz özü olur, elə kişi də var ki, heç bir halda anası ilə həyat yoldaşını qarşı-qarşıya gətirmir.

Ekspertlər deyirlər ki, dünyanın ən yaxşı iki qadını da olsa, heç vaxt münaqişəsiz gəlin-qayınana olmur. Hər bir qadının içində bir hakimlik duyğusu var, ikisi qarşılaşdıqda isə istər-istəməz problem yaranır. Necə deyərlər, "iki qoçun başı bir qazanda qaynamaz".

Gəlinlərə kiçik məsləhətlər

Psixoloq Arzu Cavadova məxsusi olaraq gəlinlər üçün yaşam qaydalarını təqdim edir. Bu məsləhətlər daha rahat və daha sakit bir həyatın təminatıdır. Psixoloq deyir ki, əgər qayınananızla aranızda həll edə bilmədiyiniz problemləriniz varsa və həyat yoldaşınız sizin nələr hiss etdiyinizi anlamırsa, problemlər üçün sizi günahlandırırsa, anasını sevmədiyinizi, onu evinizdə istəmədiyinizi və səbəbsiz problem yaratdığınızı düşünürsə, onunla ünsiyyət qurmağa çalışın. Öncəliklə aşağıda qeyd etdiklərimizi diqqətdə saxlayın.

Həyat yoldaşınızla düşüncələrinizi və yaşadıqlarınızı paylaşın, amma unutmayın ki, haqqında danışdığınız qadın həyat yoldaşınızın anasıdır. Hər nə qədər problem yaşamış olsanız da, o sizin həyat yoldaşınızı dünyaya gətirən, böyüdən qadındır. Yoldaşınıza duyğularınızı izah edərkən anasını alçaltmaq, suçlamaq yerinə, hadisələri daha sakit və açıqlayıcı şəkildə izah edin.

Məsələn, tutaq ki, həyat yoldaşınızın anası sizi qəsdlə qonaqlarınızın qarşısında hörmətdən saldı və çətin anlar yaşamanıza səbəb oldu. Bunu yoldaşınıza izah edərkən "Anan çox pis adamdır, ona nifrət edirəm, üzünü görmək istəmirəm, bizdən uzaq olsun, o bizim bədbəxt olmamızı istəyir" yerinə, kobudluq etmədən və onu incitmədən "Anan mənə qonaqların yanında belə dedi, çox utandım, özümü təhqir olunmuş hiss etdim. Amma onun bunu bilərəkdən etdiyini düşünmürəm" demək daha məqsədəuyğundur.

Həyat yoldaşınızdan öz ananız haqqında nələr düşündüyünü soruşun. Sonra siz də onun anası haqqında düşüncələrinizi söyləyin. Əgər hər ikiniz duyğu və düşüncələrinizi paylaşsanız, bir-birinizə qarşı daha dürüst bir şəkildə fikirlərinizi söyləyərsiniz. Onun da sizin ananızın bəzi hərəkətlərindən xoşlanmadığını bu zaman öyrənəcəksiniz. O zaman yoldaşınızın nə qədər səbrli olduğunu hiss edəcəksiniz. Sizin ananızın da səhvi ola bilər və siz də bəzi şeyləri onun kimi görməməzliyə vurun.

Qayınananıza bir az zaman verin, onun da hər normal insan kimi problemlərinin ola biləcəyini, yaşadığı hadisələrin nəticəsi olaraq bu şəkildə davrana biləcəyini düşünün. Hər bir insanın keçirdiyi daxili həyəcan, stres, aqressiya bir gün özünü büruzə verir çünki. Əmin olun, siz nə qədər nəzakətli və anlayışlı olsanız, hər şey düzələcək. İnsanın yaşlandıqca uşaqlaşdığını da ağlınızın bir küncündə saxlayın. Görəcəksiniz, bu bilgi onunla daha az münaqişə yaşamanızı təmin edəcək.

Onunla maraqlı, ən əsası əyləncəli vaxt keçirməyə və onu daha yaxından tanımağa çalışın. Sizə qarşı rəftarlarına, etdiyi davranışlara əsəbləşməyin. Onunla bağlı probleminizi həyat yoldaşınıza çatdırmayın, əksinə, özü ilə dil tapmağa çalışın. Onun sözlərindən incidiyinizi söyləyin və niyə belə davrandığını soruşun.

Bütün qadınlar hədiyyə almağı sevirlər. Ad günlərində, Yeni İldə, Qadınlar Günündə ona kiçik də olsa, hədiyyələr edin. Bəlkə də qayınananızla yaşadığınız problemlər bir hədiyyə ilə həllini tapdı. Məsələn, ad günündə həyat yoldaşınızla ikinizin adından etdiyiniz hədiyyədən əlavə, onun ehtiyacı olan xırda bir şeyi də əlavə öz adınızdan alın. Onun üçün xüsusi bir hədiyyə aldığınızı görəndə özünü xoşbəxt hiss edəcək və sizin ona həqiqətən dəyər verdiyinizi anlayacaq.

Əsla süni davranmayın. Qayınananız uşaq deyil, hər şeyin fərqindədir. Əgər onu sevmirsinizsə, o bunu bilir. Sizin süni davranışlarınızı da hiss edəcək. Bundansa, onu niyə sevmədiyinizin səbəblərini aydınlaşdırın, problemi bu cür çözün.

Günahı həmişə qayınanada axtarmayın, bəlkə sizin özünüzdə də problem var. Öncə özünüzə nəzər salın, özünüzdə sevmədiyiniz xarakterinizi axtarın, qarşıdakını qıcıqlandıran hərəkətinizin olub-olmamasını araşdırın. Bəlkə, qayınananızın heç vaxt bəyənmədiyi bir davranış sizin tez-tez etdiyiniz bir hərəkətdir.

Çəkişmənin səbəbi nədir - paxıllıq, yoxsa məhəbbət?

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, qayınana öz oğlunu - gəlinin ərini çox sevir: "Gəlindən öncə onun öz oğlu ilə öz dünyası, öz prinsipləri, öz qayğıları olur. Gəlin bu sevginin çoxşaxəliliyini, dərinliyini duya bilmir. Gəlin özünü ərinə daha yaxın hesab edir. Gəlinin də ərinə qarşı öz dünyası, öz prinsipləri, öz qayğısı var. İntellekt və mənəvi səviyyə yüksək olanda gəlinlə qayınana öz maraqlarını bölüşə bilirlər. Təəssüf ki, bu, əksər hallarda mümkün olmur, maraqlar toqquşur. Əslində, biz uşaqlıqdan qızlarımızı bu münasibətləri tənzimləməyə hazırlamalıyıq. Amma əksər hallarda qızın anası, nənəsi də bu alovu daha da qızışdırır".

Göründüyü kimi, əgər problem varsa, bunun günahı mütləq hər iki tərəfdədir. Dünyada mehribanlıqla, sevgi ilə, qarşılıqlı hörmətlə çözülməyən heç bir problem yoxdur. Yetər ki, insanlar bunu bacarsınlar. O zaman çox bədbəxtliklərin qarşısı alınar, milyonlarla ailə dağılmaqdan xilas olar, on milyonlarla uşaq yetim qalmaz. Bu qədər gözəllik üçün deyilənləri etməyə dəyər.

Lalə Mehralı



Şərhlər:
Baxılıb: 2039
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz