Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda internet evliliyi: yaxşı, yoxsa pisdi?
Azərbaycanda internet evliliyi: yaxşı, yoxsa pisdi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1184
Səs ver:

Son zamanlar gənclərin böyük faizi bir çox işlərini oturduqları yerdən internet vasitəsilə həll etdikləri kimi, ailə quracağı insanı da internet vasitəsilə tapırlar.

 
Əvvəllər internetdən istifadə edilməsinə mənfi düşüncə ilə baxan gənclərin bir çoxu, artıq, internetdə qız və ya oğlan tanışı olmayan yoldaşlarına təəccüblə baxırlar. Araşdırmalar nəticəsində məlum olub ki, hər il dünyada bir milyon insan internet vasitəsilə tapdığı partnyorla ailə həyatı qurur. Bu tendensiyanın geniş yayıldığı ölkələr siyahısına ABŞ, İsveçrə və bir neçə Avropa ölkəsi başçılıq edir. Çox təəccüblü olsa da, qeyd edək ki, İran da bu siyahıda öndə gedən dövlətlər içərisindədir. Azərbaycan hələ ki, bu mövzuda öndəgedən ölkələr içərisində yer almasa da, internet vasitəsilə qurulan ailələr də yox deyil. Bu ailələrdən birini qəzetimiz vasitəsilə sizinlə də tanış etmək istədik.
 
"İlk günki kimi, hər şey gözəldir”
 
Arzu Şiriyeva adlı vətəndaşımız internet vasitəsilə tanışlıq nəticəsində ailə qurub. Onun hal-hazırda evli olduğu Elvin Şiriyevlə tanışlığı belə olub: "Biz 2010-cu ildə tanış olduq. Bir il müddətində aramızdakı məsafə uzaq olduğu üçün sadəcə internet vasitəsilə əlaqə saxlaya bildik və bu müddətdə də sevgili olduq. 2012-ci ildə isə evləndik. Hal-hazırda qızımız var və ilk günki kimi hər şey gözəldir”. Arzu xanım internetdə hər adama inanmağın doğru olmadığını bildirdi: "Biz bir-birimizlə əlaqə saxladığımız zaman ilk vaxtlar sadəcə vaxt keçirmək üçün əlaqə saxlayırdıq. Amma sonralar fikrimiz ciddiləşdi. Əsas olaraq həyatdakı hədəflərimiz və qarşı tərəfdən nə gözlədiyimizlə bağlı düşüncələrimizi öyrəndik və bir-birimizin əskiklərini tamamlamağa çalışdıq”. Ailə narazılığına gəlincə, gənclərin heç birinin valideyni bu evliliyə mane olmayıb. Gənc ailənin bu yolla evlənmək istəyən gənclərə də nəsihətləri oldu: "Biz interneti gözümüzdə o qədər böyütmüşük ki, elə bilirik internetdən istifadə edənlər yanlış yoldadırlar. O qədər real həyatda tanış olub aldananlar var ki... Ancaq gənclər düşünməsinlər ki, hər tanışlıq belə müsbət sonluqla bitər. Gərək diqqətli olsunlar. Xüsusilə də, gənc qızlar, atacaqları addımda diqqətli olsunlar. Kor-koranə atdıqları addım, həyatları bahasına başa gəlməsin”.
 
Gənclər bu məsələyə necə baxırlar?
 
Bir neçə gənc arasında keçirdiyim sorğu, nəticə etibarilə internet vasitəsilə həyat yoldaşı tapmağın normal olduğu qənaətini verdi. Xuraman Yusifli adlı gənc müsahibimiz internetin hər kəsin düşündüyü qədər də təhlükəli olmadığını dedi: "İndi hər kəs internet istifadəçisidir. Xüsusilə də, gənclər. Elə internetdən yanlış şeylər üçün istifadə edən gənclər də beyinlərdə "internet insanı yanlış yola sürükləyir” damğasını vururlar. Xeyir, məncə elə deyil. Bu yolla tanış olub evlənmək yanlış deyil. O halda ki, hər iki tərəf ciddi fikirdə olsunlar. Ancaq, bu da hər zaman alınmır. Çünki bəzən vaxt öldürmək üçün bu yola əl atan insanlar da olur. Düşünürəm ki, əgər ciddi fikirdə olan belə cütlüklər vaxtı uzatmadan görüş təyin edib, ailələrə fikirlərini bildirməlidirlər”.
 
Adının çəkilməsini istəməyən həmsöhbətlərimizdən biri də bu yolla tanış olub ailə həyatı quran gənclərin bu addımına çox normal münasibət bəslədiyini bildirdi: "İnternet vasitəsilə tanış olmaq pis addım deyil. Burada əsas olan görüş zamanından sonrakı müddətdir. Belə ki, qarşı tərəfin bu məsələdə nə dərəcədə ciddi olub-olmadığı, onunla görüşdüyünüz zaman ortaya çıxacaq. Ona görə də, bir müddət sonra, vaxtı uzatmadan qarşı tərəflə görüş təyin edib, onu tanımaq doğru addım olardı”. "Niyə insanlar tanışlıq vasitəsilə mümkün olduğu halda, virtuala daha meyilli olurlar” sualımıza müsahibimizdən maraqlı cavab aldıq: "Ola bilsin ki, kompleksli olduğu üçün üz-üzə gələndə özünü ifadə edə bilmir və gizlənməyə çalışır. Tanışlığın müəyyən səviyyəsindən sonra görüşmək üçün hazır olur və düşüncələrini üz-üzə belə bölüşə bilirlər. Ona görə də bu çox normaldır. Təbii ki, bu həqiqətən də, evlilik niyyəti ilə əlaqə saxlayan gənclərə aiddir”.
 
"Əvvəllər qurulan ailələrin təməli güclü olardı” 
 
İnternet tanışlığı nəticəsində evliliyə müxalif fikirlə çıxış edənlər də oldu. Adının çəkilməsini istəməyən digər bir internet istifadəçisi gününün böyük hissəsini internet qarşısında keçirsə də, internetlə evliliyə müsbət yanaşmadığını dedi: "Evlənmək üçün biz insanlar niyə internetə baş vuraq ki? Bunun üçün bütün yollar bağlanıb ki? Necə ola bilər ki, bir insan hər gün gördüyü insanları qoyub, görmədikləri arasından özü yar axtarır? Əvvəllər qurulan ailələrin təməli güclü olardı. Çünki, gənclər həm ailənin rızası ilə evlənirdi, həm də onların məsləhəti ilə seçdikləri insanla ailə qururdular. Ona görə də, indi qurulan ailələrin təməli zəif olur və müəyyən müddət sonra boşanmaya qədər gəlib çıxır”. Qeyd edək ki, yaşlı nəsil də gənclərin duyğu və düşüncələrini virtual deyil, bir-birinin gözünə baxıb, səslərini eşidərək etiraf etmələrinin tərəfdarıdır.
 
"Ailəm” jurnalının redaktoru Aydın Ucal da internet tanışlığının bəzən gənclər arasında ruh düşkünlüyünə səbəb olma ehtimalının olduğunu bildirdi: "Təbii ki, hər bir evlilik tanışlıqdan başlayır. İnternetlə tanışlıqda isə "real tanışlıq” yox, "virtual tanışlıq” əsas yer tutur. Belə ki, virtual tanışlıqda tərəflər təbii olaraq bir-biriləri haqqında müəyyən təsəvvür formalaşdırırlar. Ancaq sonra bu təsəvvürlər arasında hər hansı uyğunsuzluq olduqda ruh düşkünlüyünə məruz qalırlar. Bunu, xüsusilə, internet evliliyinin ilk ayları üçün demək olar. Digər tərəfdən, bu tanışlıq prosesinin hansı səpgidə getməsi də çox vacibdir. Çünki digər evliliklərdə olduğu kimi, burada da hiss məntiqin qarşısına keçməməlidir”. Bu evliliklərdən hansına daha çox üstünlük vermək məsələsinə gəlincə, Aydın müəllim real tanışlıq nəticəsində qurulan evliliklərə virtual tanışlıq əsasında qurulan evliliklərdən daha çox üstünlük verməyin doğru olduğunu ifadə etdi: "Çünki risk ikincidə birincidən daha çoxdur. Ən azı ona görə ki, ikincidə ancaq sözlər ön planda olduğu halda, birincidə hərəkətlər də ön plana çəkilir. (Məsələn, bədən dili kimi hallar). Bəlkə də, internet evliliklərinin uzunömürlü olmamasının bir səbəbi də elə bununla bağlıdır”.
 
Yeni Nəsil Hüquqçular Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyev son zamanlar boşanmaların bir çoxuna qloballaşmaya təkan verən səbəblərdən sayılan internetin səbəb olduğunu bildirdi: "Bu vasitə ailələrin dağılmasında çox mahirdir. Ən çox boşanma halları arasında göstərdiyimiz səbəblərin 60%-ni internet tanışlıqları təşkil edir ki, bu vasitə ilə qurulan ailələrin ortalama ömrü çox qısa olub, ailə qavramını belə doğrultmur. Boşanmaların digər bir səbəbi də, evləndikdən sonra belə, tərəflərin sosial mediadan əlaqəni kəsməmələridir. Bu da tərəflərdə güvənsizliyə səbəb olur”.
 
Azərbaycan Yeni Nəsil Hüquqçular Assosiasiyasının İdarə Heyətinin üzvlərindən aldığımız məlumat isə daha təəssüfləndiricidir. Belə ki, onların sözlərinə görə, bu günə qədər internet vasitəsilə evlənmiş və sonradan boşanma üçün müraciət etmiş gənclərlə söhbət zamanı məlum olub ki, ən uzun ömürlü evlilik müddətləri 3 ay olub.
 
Bu isə xeyli düşündürücüdür.
 
Elməddin Mehralıyev bütün bunları, ailələrin uşaqlarına göstərmədikləri münasibəti onları fərqli məkanlarda axtarması ilə əlaqələndirdi. Buna görə də, müsahibim ailələri bu mövzuda həssas olmağa və ailə qurma ərəfəsində olan övladları ilə daha səmimi və yol göstərici olmağa səslədi. Bir sözlə, həyatımızın açılmamış səhifələrini, boş zamanlarımızı dolduran internetlə qaralamayaq və doğru mənzilə yanlış yolla getməyək.


Şərhlər:
Baxılıb: 1184
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz