Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fələstində Uşaq Olmaq
Fələstində Uşaq Olmaq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2730
Səs ver:
Salam ana. Bu mənəm. Sənin 8 yaşlı Fatimən. Atam sənin öldüyünü mənə deməyib hələ. Deyir gələcəksən. Amma bilirəm mən. Gəlməyəcəksən. Yadımdadır, qardaşım şəhid olanda demişdin ki, ölənlər geri qayıtmır. Ana, bilirəm sən də qayıtmayacaqsan.
O gün evimizə bomba atılanda yerə yıxıldın. Gördüm ana. Çox qorxmuşdum. Əlimdəki ad günümdə aldığın gəlinciyi yerə atıb yanına qaçdım. Səni çağırdım, çağırdım. Səndən heç bir səs gəlmədi. Gözlərin isə mənə baxırdı.
Atam səni xəstəxanaya aparanda mən də yanında idim. Xəstəxanada yer yox idi. Sən isə can verirdin. Hərdən mənə baxırdın. Dodağın isə gülümsəyirdi. Həmişəki kimi. Amma heç nə danışmırdın. Həkim əmilər bir təhər sənə çöl qapının yanında yardım edirdilər. Bu vaxt işıqlar da söndü. Atam cibindəki telefonu çıxarıb işığını sənin qəlpə dəymiş bədəninə tutdu.
Onda Allaha dua elədim. Dua elədim ki, ölməyəsən. Heç bilirsən necə dua edirdim ana?! Sənin öyrətdiyin kimi.
Həkim əmi də mənim yalvarmağımı görüb ağladı. Gözlərindən yaşlar axırdı. Sonra ağlıya-ağlıya atama baxdı və başını yellədi. O an hiss elədim. O an hiss elədim ki, Allah səni cənnətə apardı. Ürəyimin döyüntülərinin artmasından hiss elədim. Nəfəsimin tutulmağından hiss elədim. Atamın belinin qırılmasından hiss elədim. Sənin mənə baxmamağından hiss elədim, təbəssümün yox olmasından hiss elədim ki, öldün, ana.
Amma atam mənə bildirməmək üçün özünü ağlamaqdan güclə saxlayırdı. Amma mən sənin cənnətə getdiyini anlamışdım, ana. Mən də atama sənin öldüyünü anladığımı bildirmədim ki, bir də buna görə kədərlənməsin. Bir də buna görə beli sınmasın...
İndi sən yoxsan ana. On bir aylıq qardaşım İsmayıl elə hey ağlayır. Səni istəyir, ana. Mən atamdan gizli sənin şəklinə baxıb təsəlli tapa bilirəm. İsmayıl isə uşaqdır hələ. Heç nəyi başa düşmür. Biz onu susdura bilmirik, ana. Axı uşaq neyləsin. Həmişə sənin laylanla yatırdı. İndi sənin laylalarını bomba səsləri əvəz edib. Heç ana səsi ilə bomba səsi bir ola bilərmi, ana?!
Hərdən atam olmayanda qardaşıma səndən danışıram. Susur, ağlamır onda. Sanki möcüzədir, ana. Dil bilməyəm İsmayıla anasından danışırsan, başa düşür. Ağlamır.
Birdən məktəbə getməmişəm deyə narahat olarsan. Məktəblər bağlıdır. Çünki səni öldürən bombalardan biri də oxuduğumuz məktəbə düşüb. Nə qardaşım Abbas, nə də mən dərsə gedə bilmirik.
Ana, on iki yaşlı Abbasın yemək yemir. Heç evdə yemək olur ki! Axı atalar analar kimi ola bilmir. Həm də yazıq atam neyləsin. Heç yanda çörək yoxdur. Olan yerlərdə də növbələr var. Növbələrdə ölüm var. Parta yoldaşım Məryəm də çörək növbəsində duranda öldürülüb.
Qardaşım on beş yaşlı Həsəni də iki gündür görmürəm. Atam isə tez-tez xəstəxanaya gedir-gəlir. Həsəni soruşanda gah deyir qrip olub, gah deyir qızdırması var. Hər dəfə bir bəhanə ilə qardaşımın yerini demir bizə.
Bilirsən sənin qəbrini necə tapdım, ana. Hər səhər atam gəlir sənin yanına. Bu gün onun izləmişəm. Gəlib səni tapmışam. Amma bura gəldiyimi atama demə. Onsuz da pərişandır. Daha da pərişan eləmə.
Bəs, bilirsən bura niyə gəlmişəm? Gəlmişəm ki, səni aparam. Dur ana! Bəstir uzandın. Dur gedək evə. Heç olmasa İsmayılın xətrinə gəl.
Bilirəm ana, indi cənnətdəsən, gələ bilmirsən. Heç olmasa bir dəfə də olsa gəl gir İsmayılın yuxusuna. Öp onu yuxuda. Nə olar, ana, gəl gir İsmayılın yuxusuna. O sənin üçün çooox darıxır. İstəyirsən, Allaha dua edim qaradaşımın yuxuna gəlməyinə icazə versin.
İstəyirsən, ana, dua edim...
Ana o bombanı atanlar İsmayılı tanımırdılar?! Bilmirdilər İsmayıl sənsiz dayana bilmir?! Bilmirdilər İsmayılın hələ bir yaşı yoxdur?! Ana niyə atdılar ee bombanı?! Niyə səni bizdən ayırdılar?! Onlar nə istəyir bizdən, ay ana?! Onların anası yoxdu, ay ana?! Onlar bilmirlər ki, anasız uşaq qanadsız quşa bənzəyir?! Uca bilməz?! Niyə bizim qanadımızı qırırlar, ana?! Niyə bizi sənsiz qoydular, ana?!
Ana, səni çox sevirəm. Niyə yoxsan?! Yəqin dünyanın hər yerində uşaqların analarını öldürülür. Əgər belə deyilsə, dünya niyə susur, ana?! Niyə İsmayılın gecə sanki «ana!» deyərmişcəsinə ağlamağını eşitmir bu dünya?! Mənə həmişə dünya dostlarımızdan danışardın. Haradadır o dostlarımız indi, ay ana?! Harada qaldılar, niyə gəlmirlər?! Hərdən bir yekə maşın gəlir içində yemək, su, dərman...
Ana, dünya başa düşmür ki, biz susuzluğa, aclığa dözə bilirik. Qarnına daş bağlayıb yatan adamın nağılını sən danışmışdın mənə. Bizim azadlığımızı əlimizdən alıblar. Biz qarnımıza daş bağlaya bilərik, biz susuz qala bilərik, amma zülm altında yaşaya bilmərik! Bizim azadlığımızı əlimizdən alıblar, ana. Bu dünya niyə bir dəfə də maşında bizə azadlıq gətirmir, niyə bunu başa düşə bilmir, ana!
Qonşumuz Zəhra da dünən anasını itirdi. O da ağlayır. Bütün günü ağlayır. Dəyəsən, Fələstində uşaq olmaq - anasız olmaq, atasız olmaq deməkdir. Fələstində uşaq olmaq - anasının ölümünü görmək deməkdir. Fələstində uşaq olmaq - yaşayan ölü olmaq deməkdir…
Bilirsənmi, ana, o gün xəstəxanada ata səni aparanda o ağlayan həkimə dedi ki, mənim başımı qatsın. Atam kədərlənməsin deyə, səsimi çıxarmadım. Həkim əmi məndən böyüyəndə nə olacağımı soruşdu. Ona "şəhid olacağam” dedim.
Yaxşı demişəmmi, ana? Şəhidliyin nə olduğun sən öyrətmisən mənə. Şəhid olub sənin yanına gəlmək istəyirəm, şəhid olub qardaşımın yanına gəlmək istəyirəm.
Bir gün mütləq böyüyəcəyəm. Bax, artıq məni qəbiristanlıqda tək olmaq qorxutmur. Böyüyürəm, ana. Həyətimizdə bir zeytun ağacı da əkmişəm. Deyirlər, zeytun ağacından düzəldilən sapandla atılan daş daha uzağa gedir. Zeytun da böyüyür...
İndi mən getməliyəm. Bir azdan on bir aylıq İsmayılın duracaq. Ağlamağa başlayacaq. Atam da evdə olmayacaq. Gedim yanına, qorxmasın. Sağ ol, ana.
Artıq bu gün İsmayıla sənin haqqında danışmalı çox şeyim olacaq...


Şərhlər:
Baxılıb: 2730
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz