Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oğlu olanların nəzərinə! (oğlanların cinsi tərbiyəsi)
Oğlu olanların nəzərinə! (oğlanların cinsi tərbiyəsi)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 931
Səs ver:
İlk dəfə övladınızın cinsi tərbiyəsi haqda nə vaxt düşünmüsünüz? Valideynlər bu suala belə cavab verirlər: "Uşağım ilk dəfə çətin suallar soruşanda” və ya "oğlum qızlara və öz zahirinə qarşı daha çox maraq göstərdiyi zamandan.”
Gecdir! Cinsi tərbiyə ilə lap körpəlikdən məşğul olmaq lazımdır. Əks halda gec ola bilər. Cinsi tərbiyənin ilk təxirəsalınmaz mərhələsi körpəyə qulluqdan başlayır. Söhbət həm adi gigiyena qaydalarına riayət etməkdən, həm rejimdən (idman, bədəni möhkəmləndirən işlər, su və hava vannaları, yaxşı və miqdarında qidalanma) və həmçinin cinsi instinktlərin vaxtından əvvəl oyanmasının qarşısını almaq məqsədi güdən bəzi spesifik işlərdən gedir. Axı cinsi instinkt, yemək, özünümüdafiə, oriyentasiya kimi həyat əhəmiyyətli instinktlərdən fərqli olaraq, uzun müddət gizli qalır. O yox olmur, sadəcə gizlənir. Bu təbiidir: cinsi instinkt orqanizm yetişkənliyə çatdıqdan sonra realizə olunur.
Yaxşı, bəs yuxarıda sadalananları həyata keçirmək üçün nə etmək lazımdır?
Əvvəla həkimin bütün məsləhətlərinə, xüsusilə raxitlə mübarizə məqsədilə söylədiyi müalicə üsullarına diqqətlə əməl etməliyik. Bu xəstəlik bəzən onba sümüyünün düzgün inkişaf etməməsinə gətirib çıxarır ki, bu da normal cinsi fəaliyyətə ciddi maneə ola bilər. Xüsusilə, gələcək ana olan qızlar üçün normal onbaya sahib olmaq vacibdir.
Çox vaxt uşaqların başı oyuna qarışır və sidiklərini saxlayırlar. Bu yolverilməzdir. Sidik kisəsinin tələbi ilə tualeti gecikdirmək adəti oğlanlarda arzuolunmaz nəticələrə aparıb çıxarar. Əlbəttə, qızlarda da uşaqlığın səhv yerləşməsinə səbəb ola bilər.
Uşağınızda qəbizlik varsa, həkimə müraciət edin. Bağırsaq qurdlarının uşağınıza yol tapmasına imkan verməyin. Əgər belə bir hal aşkar etmisinizsə, həkimdən məsləhət alaraq inadla mübarizə aparın. Çünki bağırsaq qurdları orqanizmin ümumi vəziyyətinə mənfi təsir etməklə yanaşı, aralıq nahiyəsində iltihabi təzahürlərə, bu isə bir sira dözülməz ağrılara səbəb olur. Bütün bunlar uşağın əsəblərini korlayır, yatmağa imkan vermir və nəhayət, cinsi təhrikə gətirib çıxarır. Erogen zonanın qıcıqlanmasının qarşısını almaq üçün (xarici cinsi orqanların səthi) uşaqları imkan daxilində hər gün çimdirmək, hər ifrazdan sonra yaxşı-yaxşı yumaq lazımdır. Yuyarkən suyu qabaqdan arxaya tökmək lazımdır ki, xəstəlik daşıyan mikroorqanizmlər cinsi orqanlara daxil ola bilməsinlər. Çimdirdikdən və ya yuduqdan sonra aralıq nahiyəsini (dərini dartmadan) yumşaq dəsmalla qurulamaq lazımdır.
Bəzən valideynlər özləri də bilmədən uşağın cinsi hisslərini təhrik edirlər. İslam dini ər-arvad münasibətləri xaricində cinsi təhrikə səbəb olan hərəkətləri qadağan edir.
Psixonevroloqların fikri bu məsələdə də Allahın dini ilə üst-üstə düşür: Uşaqların bədənini məqsədsiz olaraq sığallamaq, uğyun olmayan yerlərdən, o cümlədən dodaqdan öpmək, bədəninə əl gəzdirmək, yanını şappıldatmaq olmaz. Bütün bunlar cinsi orqanları təhrik edər və onanizmə səbəb ola bilər. Bu pis vərdişi övladlarında görən valideynlər tez-tez psixoloqlara müraciət edirlər. Əgər uşaq məktəbəqədər yaşdadırsa və ya aşağı sinif şagirdidirsə, sözün əsl mənasında onanizmdən söhbət gedə bilməz. Cinsi orqanların özünütəhriki spesifik cinsi komponentlər olmadan mümkün deyil. Çox vaxt onların bu hərəkətinin arxasında uşaq marağı durur, hiss etdikləri isə kəskin seksual xarakter daşımır. Bundan qorxmaq lazım deyil, amma bunun adətə çevrilməməsi üçün çalışmaq vacibdir. Qətiyyən uşağı qorxutmaq, hədələmək, cəzalandırmaq olmaz. Əksinə, çox sakit tərzdə bildirmək lazımdır ki, onun maraq göstərdiyi predmet sidik ifrazı üçün lazımdır və onu başqalarına göstərmək ayıb olduğu kimi, özünün də onunla oynamağı pis işdir.
Əgər siz uşağınızda əks cinsin cinsi orqanına qarşı maraq hiss etmisinizsə, yenə də sakit tərzdə izah etmək lazımdır ki, qadın və kişinin orqanları müxtəlif yaradılıb və bunda qeyri-adi heç nə yoxdur. Bu, qadın və kişi geyimindəki fərq kimi bir şeydir. Adətən, bu cür sadə izahlar kifayət edir.
Ən əsası isə uşağın fikrini arzuolunmaz fikir və hərəkətlərdən yayındırmaq lazımdır.
Uşağınızın vaxtını necə keçirdiyi, hansı yeni əyləncəli oyunlar oynadığına daim nəzarət edin. Nəzarətiniz onu narahat və təhqir etməməlidir. Yerli-yerində, sakit tərzdə verəcəyiniz açıqlamalar uşağınızın normal uşaq təəssüratları və məşğələləri ilə böyüməsinə kömək edəcək. Əgər yenə də həmin pis vərdiş davam edərsə, deməli, siz nəyisə düzgün etməmisiniz. Bu zaman həkimlə məsləhətləşin.
Fövqəladə əhəmiyyətə malik olan məsələlərdən biri məqsədyönlü pedaqoji tərbiyə üsullarıdırsa, digəri də ailə həyatının atmosferidir. Söyüş, qeybət, yamsılama, ikibaşlı lətifələr və bu kimi işlər, ümumiyyətlə yolverilməzdir. Uşaqlar özünəməxsus tərzdə də olsa, bizim düşündüyümüzdən daha çox şey başa düşürlər.
Uşaqlar valideynlərini sevirlər. Onların hələ uşaqlıqdan gələcək artım üçün seçəcəkləri tərəf müqabili haqqındakı düşüncələri, məhz valideynləri əsasında formalaşır. Quşlar və heyvanlar üzərində aparılan araşdırmalarda məlum olub ki, bir quş (və ya heyvan) başqa bir növ quşun (və ya bənzər heyvanın) yuvasında böyüyərsə, gələcək cütünü də həmin növdən seçir. Odur ki, valideynlər daim nümunə obyekti olduqlarını bilməlidirlər. Valideynlərinin bir-biri ilə qarşılıqlı qayğı və hörmət ilə davrandıqlarını görmək uşaq üçün müsbət haldır. Amma qətiyyən, hətta körpə vaxtı belə, uşaq onların intim münasibətlərinin şahidi olmamalıdır. Amma ifrata da getmək olmaz. Belə ki, bəzi valideynlər uşağın yanında "hamiləlik”, "doğuş”, "doğum evi” kimi sözlər işlədildikdə qorxu içində gözlərini bərəldirlər. Hətta əgər uşaq quzu, küçük və ya pişiyin doğulmasının şahidi olubsa da, burada dəhşətli bir şey yoxdur. Bu, uşaqda nəsilartırma prosesinə həyatın əhəmiyyətli və təbii tərəfi kimi baxışı tərbiyə edəcək.
Cinsi tərbiyə problemi çox vaxt o zaman xatırlanır ki, uşaqlar valideynlərindən bu sualı soruşmaq qərarına gəlirlər: "Mən hardan gəlmişəm?”
Sual təbiidir. Bu sual onu göstərir ki, uşağın düşüncəsi inkişafdadır, onda öz "mən”ini dərk etmək prosesi gedir. Uşaq sizdən nəsilartırma barədə təfsilatlı mühazirə gözləmir. Ən ümumi cizgilərilə cavab versəniz, kifayət edər. Amma cavab düz olmalıdır. Uşağı aldatmaq , "tapmışıq”, "bazardan almışıq” demək olmaz. Susmağa da çalışmayın. Əvvəl-axır uşaqlar "bütün həqiqət”i öyrənəcək və bu, onda sizə qarşı inamsızlıq yaranması, gizlətməyə çalışdığınız mövzuya qarşı isə ifrat marağın oyanması ilə nəticələnəcək. Bundan əlavə, uşaq informasiyanı "çirkli mənbə”dən də ala bilər ki, çox vaxt elə belə də olur. Bu sahənin (seksopatologiya) həkimləri, 10-11 yaşlı uşaqlara belə bir cavab verilməsini məsləhət bilirlər: "Uşaq, ananın orqanizmindəki kiçik yumurtacıqda inkişaf edir və inkişafı tamamlandıqdan sonra onun bədənindən çölə çıxır. Belə ki, ana vücudu elə yaradılıb ki, bu mümkündür”. Əgər uşaq haradansa mayalanma prosesi barədə nələrsə eşidibsə, bunu inkar etmək lazım deyil. İzah etmək lazımdır ki, atadakı hüceyrə hərəkət qabiliyyətinə malikdir və hissedilmədən ananın orqanizminə daxil ola bilir. Əgər bütün bunlar barədə sadə, sakit tərzdə danışılsa, uşaqda bu mövzuya yaranan maraq uzun müddət sönmüş olacaq.
Uşaq məktəbə getdiyi gündən yeni vəzifələri və müxtəlif maraqları yaranır: dərs, mütaliə, idman, kolleksiya və s. Bütün bunlar kiçik məktəblinin mənəvi dünyasını tamamlayır və onun bir qayda olaraq keçid dövrünə qədər cinslərə aid marağı sönür.
Kiçik məktəblilərlə oğlan və qızlar arasında ayrıseçkilik qoyub əks cins barədə düşmənmiş kimi danışmaq olmaz. Tez-tez deyirik: "Ədə, qız kimi zırıldama!” , "Dinc otur, oğlan deyilsən!” Belə sözlər bir cinsdə, o biri barədə yanlış təsəvvürlər yaradır və onların fərqli olduğu fikrini müntəzəm olaraq uşağın gündəmində saxlayır. Onsuz da inkişafın müəyyən mərhələlərində müəyyən ziddiyyətlər və cinsi dərk etmənin siqnalları öz-özünə yaranır.
Ümumiyyətlə, vaxtından əvvəl cinsi aktivliyin yaranması uşağın fərdi, individual inkişafının qarşısını alır. Sağlam, aktiv yeniyetmənin heç bir seksual arzusu olmur. O, yalnız bu mövzuya maraq göstərə bilər. Bu da yalnız ona görədir ki, o, intim münasibətlər barədə nələrsə eşidir və ya görür.
Qurana görə mömin qadınlar və kişilər bir-birilərinə dost, arxa, dayaq olmalıdırlar. ("Tövbə” surəsi, ayə 71) Bu məntiqdən çıxış edərək bizim borcumuz uşaqlara iman aşılamaq, məhrəm-naməhrəm sərhədlərini (onların anlayacağı şəkildə) mərhələli şəkildə izah etmək və sağlam, dostyana münasibətlər qurmağa kömək etməkdir. Həmçinin lap erkən yaşlarından oğlanlarda igidlik, qızlarda isə şəxsi ləyaqət hisslərini tərbiyə etməyə çalışmalıyıq.
Əgər oğlunuzun və ya qızınızın əks cinsdən olan kiməsə xüsusi maraq göstərdiyini hiss etsəniz, qorxmayın. Uşaqlıq sevgisi pedoqoji tərbiyədən, o cümlədən tibbi normalardan uzaq olmaq demək deyil. Belə sevgilər seksuallıqdan uzaqdır. Bu hiss gənc insanı daha yaxşı olmağa ruhlandırır, yüksəldir. Belə hallarda kobud reaksiya verməyin. Uşaq emosiyalarının bu incə, sehrli aləminə qaba müdaxilə etməyin. Əlbəttə, uşaq üzərində ağıllı, tədbirli kontrolu da itirmək lazım deyil. Uşağı alçaltmadan, onunla düşünülmüş biçimdə, mərhələli şəkildə aparılan söhbətlər onu tədricən bu əhəmiyyətsiz işdən uzaqlaşdıra bilər.
Yeniyetmə dövrünə çatmış oğlanlanlarla daha ehtiyatla davranmaq lazımdır. Yeniyetmə yaşlarında orqanizmdə baş verən dəyişikliklər, inkişaf gənclərin və onların gələcəyi üçün cavabdehlik daşıyan böyüklərin qarşısında yeni problemlər çıxarır. Cinsi hormonların artıq dərəcədə hasil olunması nəticəsində orqanizmdə baş verən bioloji dəyişikliklər cinslər arasında münasibətlərin dəyişməsinə səbəb olur ki, bu da qarşıya ictimai və əxlaqi məsələlərin həlli kimi ciddi vəzifələr qoyur. Valideynlər bunu bilməli və yaddan çıxarmamalıdırlar. Onlar gigiyena məsələləri barədə məsləhətlərlə yanaşı yeniyetmə gənclərə orqanizmin biofizioloji xüsusiyyətləri, bu dövrdə müqabil cinsə münasibət haqda sadə, onların anlayacaqları tərzdə məlumat verməlidirlər. Valideynləri narahat edən məsələlərdən biri də yeniyetmənin masturbasiya ilə məşğul olduğunu bilmələridir. Ümumiyyətlə, bu iş İslam hökmlərinə əsasən haramdır. Təəssüf ki, bəzi gənclərin həyatında onanizm yeganə əyləncəyə çevrilir və o, vaxtının çoxunu masturbasiyaya həsr edir. Belə vəziyyət, adətən, intellektual cəhətdən məhdud, qaraqabaq, utancaq və yaşıdlarından ayrılıb onlarla yoldaşlıq, dostluq etməyən gənclərdə olur. Belələri təklikdə olmağı, vaxtını boş-boşuna keçirməyi xoşlayırlar. Buna görə də valideynlər belə gəncləri müəyyən bir maraqlı fiziki və ya əqli işlə, idmanın bir növü ilə maraqlandırmalı, onu yaxşı, işgüzar yoldaşları ilə həmkarlığa, dostluğa təhrik etməlidirlər. Ümumiyyətlə, qeyd etməliyik ki, fiziki əmək, idman onanizmlə mübarizədə çox təsirli vasitədir. Valideynlər uşaqlarının dərsdən sonra vaxtı necə keçirdiyi ilə maraqlanmalı və mümkün dərəcədə ona məqsədəuyğun şəkildə istiqamət verməlidirlər. Gəncə izah olunmalıdır ki, onanizmlə məşğul olmayıb orqanizmin gərgin vəziyyətinə dözməyin heç bir ziyanı yoxdur, əksinə, bu vəziyyət gənc orqanizmin yetişib möhkəmlənməsinə səbəb olur. Yeniyetmənin hələ tam mükəmməlləşməmiş cinsiyyət sistemi onanizmin bu ağır yükünə biganə qalmır. Onanizm yeniyetmənin cinsiyyət üzvləri üçün yox, bütün orqanizmi üçün həddən artıq ağır və zərərli ola bilər.
Fiziki cəhətdən əlavə burda başqa mühüm məsələlər də var. Cinsi inkişaf dövründə baş verə biləcək emosional pozulmalar, psixi travmalar, pis əhval-ruhiyyə və kəsalət gəncdə ömür boyu iz buraxa bilər. Bəzi ailələrdə baş verən narazılıqların, yeniyetməlik dövründə keçirdikləri psixotravmalar və buna bənzər səbəblər nəticəsində əmələ gəldiyi məlumdur.
Yeniyetməlik dövründə beyində bir neçə yeni proqramlar işə düşür. Özünü təsdiq etmək, liderliyə can atmaq bu qəbildəndir. Ümumiyyətlə, bütün canlılarda yeniyetməlik dövrü bu proqramların işə düşməsi ilə xarakterizə olunur. Məsələn, küçüklər bu dövrdə atalarına hürür, təpinir, öz güclərini nümayiş etdirirlər. Ata it də əvəzində acıqlanaraq bütün gücü ilə onun "cavabını” verir. Küçük sakitləşsə də, bu hərəkət dəfələrlə təkrar olur və nəticədə ata it oğlundan imtina edir, küçük də atasını özgələrdən fərqləndirmir. İnsan da müəyyən psixoloji normaları nəzərə almasa və övladına düzgün mənəvi tərbiyə verməsə, eynilə bu vəziyyətə qalır. (Çox ailələrdə elə belə də olur). Yeniyetməlik dövründən sonra bir çox ailələr övladları ilə ömürlük düşmənə çevrilirlər. Yeniyetmələrin sinir sistemi çox kövrək olur və özünə qarşı edilən kobudluğa, hörmətsizliyə dözmür. Valideynlərdən oğlunun (və ya qızının) həyatında müstəqilliyi qəbul etmək, mədəni şəkildə və səbrlə rəftar etmək tələb olunur. Belə olduqda yeniyetmələrdə böyüklərə qarşı inam əmələ gəlir, onlarla müəyyən məsələlərdə məsləhətləşmək, sual vermək arzusu yaranır və bu zaman onlar dostlarına deyil, öz valideynlərinə müraciət edirlər. Əsas məsələ odur ki, valideyn (xüsusilə ata) oğlunun qıcıqlandırıcı hərəkətlərinə qarşı soyuqqanlı davrana bilsin, eyni zamanda onunla ünsiyyət yaradaraq səhvlərini bildirsin.
Müəyyən vaxtlarda valideynlər anlayırlar ki, uşağa müəyyən müstəqillik vermək lazımdır. Bu, ona həyatda öz xüsusiyyətlərini formalaşdırması üçün vacibdir. Amma valideynlər müəyyən edə bilmirlər ki, müstəqilliyi hansı səviyyədə vermək lazımdır? Yeniyetmənin istəklərinə hansı həddə məhdudiyyət qoyulmalıdır ki, vəziyyət gərginləşməsin? Necə söhbət etmək lazımdır ki, kobudluğa yol verilməsin?
Hər şeydən əvvəl onlara mühazirə deməyin. Söhbəti necə başlayacağınız böyük əhəmiyyət daşıyır. Stol arxasında oturub: "söhbət eləməliyik” deməkdənsə, əhəmiyyətli mövzular barədə təsadüfən söz düşübmüş kimi, təbii şəkildə söz salmağınız məsləhətdir. Maşın ilə harasa gəzməyə getdiyiniz zaman söhbəti açmaq çox yaxşı üsuldur. Bu zaman yeniyetmənin fikrini heç nə yayındırmayacaq və siz tez-tez onun gözlərinə baxmağa məcbur olmayacaqsınız. Beləliklə də, arada həya hisslərini qoruyan, rahat bir mühit alınacaq.
Söhbət açmaq üçün başqa bir əlverişli üsul isə sizi narahat edən vəziyyət barədə müəyyən suallar verməkdir: Əgər bu cür olsa nə edərsən? Məsələn: "Birdən yaxın dostunu narkotikdən istifadə edərkən görsən, nə edərsən?” "Biri durduğun yerdə sənə ilişsə nə edərsən?”
Sonrakı mərhələdə isə həmin mövzularda şəxsi praktikanızdan danışa bilərsiniz. Amma nəticə olaraq öz fikrinizi deməyə tələsməyin, əksinə, uşağa imkan verin ki, vəziyyəti özü götür-qoy etsin.
Başqa bir vacib üsul da var ki, o da budur: uşağınıza bildirməlisiniz ki, o, hər bir halda sizin övladınızdır və nə olursa-olsun, onu sevirsiniz. Beləliklə, övladınız biləcək ki, hər bir halda sizə müraciət edə bilər və siz ona sorğu-sualsız kömək edəcəksiniz. Məsələn, əgər dostu onu öz ad gününə dəvət edibsə və orada xoşagəlməz vəziyyətlə qarşılaşıbsa, (bəlkə də dalaşıb, üz-gözünü yaralayıb) bircə dəfə zəng etməklə onun arxasınca gələ bilərsiniz. Həm də heç bir sorğu-sual lazım deyil.
Bu yaşlarda oğlanlar özünü təsdiq etməyə can atdıqlarından hər şeyə tez qıcıqlanır, tez- tez qarşıdakı insan barədə düşmən təəssüratı yaradırlar. Bu onların təbiətindən irəli gəlir. Bütün canlılarda erkəklər yeniyetməlik dövrünü belə keçirir. Deməli, bu sırf instinktiv bir hissdir. Biz insanları heyvandan fərqləndirən cəhət isə ağlımızdır. Övladınıza əsəbi anlarda ağılla düşünüb özünü ələ almağı təlqin və tərbiyə etmək lazımdır. Məsləhət görmək lazımdır ki, qarşı tərəf barədə yaxşı düşünməyə çalışsın, onun qıcıqlandırıcı hərəkətlərini yaxşıya yozsun. Hər bir halda onunla danışıqlara getməyə çalışsın. Övladı başa salmaq lazımdır ki, yalnız düşmənçilik hissləri və aqressiya ilə lider olmaq mümkün deyil. Lider olmaq istəyən həm də rəqibin yaxşı işlərini qiymətləndirməyi bacarmalı, ağıl və tədbirlə hərəkət etməlidir.
Ümumiyyətlə, oğlanların cinsi tərbiyəsində hər an, hər saat kişi avtoritetinin saxlanmasının çox vacib olduğunu unutmaq olmaz. Ata həm ailə başçısı kimi oğlanlara, həm də yaxşı ər nümunəsi kimi qızlara örnək olmalıdır. Analar da bu mənada atalara yardım etməli, onun hörmətini daim saxlamalı, uşaqların qarşısında səsini ucaldıb təhqirə yol verməməlidirlər. Müasir zamanda hətta ana evə atadan daha artıq qazanc gətirirsə də, bu iş ona ailə başçısı olmaq hüququ vermir. Qadının bu mövzuda səhvə yol verməsi uşaqların gələcəkdə normal ailəyə sahib olması üçün ciddi təhlükə ola bilər. Bu mənada ata ailədə uşaqlar üçün (xüsusilə oğlanlar üçün) nümunə olmalı və uşaqlarının namuslu, vicdanlı, həqiqət tərəfdarı, işgüzar, səmimi bir insan kimi tərbiyə olunmasına çalışmalıdır.

Kəmalə Mirməcidli


Şərhlər:
Baxılıb: 931
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz