Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana südü haqqında 10 yalan
Ana südü haqqında 10 yalan
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2170
Səs ver:
Yeni ana olmuş təcrübəsiz xanımları ana südü və əmizdirmə mövzusunda əslində, doğru olmayan məlumatlarla yükləyən qohum, dost və tanışlar həmişə var.

Onlar sözsüz ki, bu məsləhətləri xoş niyyətlə verirlər və əmizdirmə ilə bağlı yarana biləcək problemlərdən qorumağa çalışırlar. Amma təəssüf ki, bu cür məsləhətlər nəinki yeni olan analara kömək edir, bəzi hallarda onlar üçün problem yaradır. Əgər körpənizi əmizdirməyi qərara almısınızsa, onda mənfi fikirlərə qapılmayın.

Süd gələnə qədər süni qida vermək lazımdır.Çox geniş yayılmış səhv məlumatlardan biri doğuşdan sonrakı 3-4 gün müddətində ananın döşlərində körpəni qidalandırmaq üçün lazımi miqdarda südün olmamasıdır. Həqiqətən də, bu dövrdə ananın döşlərində süd olmur. Lakin tərkibində ana südündən qat-qat zəngin zülal olan ağuz südü olur. "Childbirth” Beynəlxalq Təlim Təşkilatının təqdim etdiyi sonuncu məlumatlara (2010) görə, ana südünün 100 ml-də 0.9 qr zülal olduğu halda, eyni miqdarda ağuz südünün tərkibindəki zülalalın miqdarı 2.3 qr təşkil edir. Ağuz südü verməklə körpənizin bütün qida ehtiyaclarını ödəmiş olacaqsınız və süni qidaya heç bir ehtiyac qalmayacaqdır.

Ana südü ilə bərabər körpəyə əlavə maye və qida lazımdır. Ana südü məişət dili ilə desək, həm yemək, həm də içməkdir. Körpənin ilk 6 ayında ana südündən başqa heç bir əlavəyə ehtiyacı yoxdur. Bunu eşidən nənənlər başını tutub, "Siz uşağa şirin çay vermirsiniz?” deyəcəklər. Aşraf R.N. (Ashraf R.N.) "Additional water is not needed for healthy breastfed babies in hot climate” (Acta Paediatrica Scandinavia 1993) adlı məqaləsində hətta qızmar yayın istisində belə ana südü ilə qidalanan körpəyə əlavə mayenin verilməsinin lazımsız olduğunu qeyd edir. İsti iqlim ölkələrində körpələrin sadəcə olaraq daha tez-tez əmizdirilməsini Qoldberg N. (Goldberg N.) və E. Adams (Archives of Diseases of Childhood 1983) "Supplementary water for breast-fed babies in a hot and dry climate-not really a necessity” adlı məqalədə tövsiyə edirlər.

Amerika Pediatrlar Akademiyası (American Academy of Pediatrics) və Dünya Səhiyyə Təşkilatı (World Health Organization) ümumiyyətlə, 6 ayına qədər körpəyə ana südündən başqa heç bir qidanın (su, meyvə, tərəvəz, şirə, sıyıq və s.) verilməsini məsləhət görmür. Mütəxəssislər bildirirlər ki, bu hal gələcəkdə körpənin sağlamlığında fəsadlara səbəb ola bilər.
Cill Rapli (Gill Rapley) və Treysi Mörkit (Tracey Murkett) "Baby-led weaning” (2008) adlı kitabında məlumat verirlər ki, 2003-cü ildə Dünya Səhiyyə Təşkilatının "Ana südü Əvəzləyicilərinin Beynəlxalq Marketinq Məcəlləsi” (International Code of Marketing of Breast-Milk Substitudes) 6 ayından aşağı körpələr üçün qidaların istehsal olunmasına məhdudiyyətlər qoyduğu halda, hələ də bir çox ölkələrin dükanlarında (Azərbaycan da daxil olmaqla) 4 aylıq körpələr üçün nəzərdə tutulan hazır qidalara rast gəlmək olar. Kanada Pediatrik Cəmiyyəti, Kanada Dietoloqları və Kanada Səhiyyənin (The Canadian Paediatric Society, The Dietitians of Canada, Health Canada) birgə nəşr etdirdikləri bəyanatda deyilir ki, "Ana südü körpələr üçün ən optimal qidadır. Buna görə də körpələr 2 yaşlarına qədər ana südü ilə qidalanmalıdırlar”.

Ana südü dəyişmir. Ananın südü körpənin ehtiyaclarından asılı olaraq günü-gündən həm miqdar, həm də keyfiyyət baxımından dəyişmək qabiliyyətinə malikdir. Ananın və ya körpənin xəstə olması südün tərkibində xəstəliklə mübarizə apara bilən əlavə anti-cisimlərin ifraz olunmasına səbəb olur. Ananın qidalandığı yeməklərin dadı südə tam verir. Cill Rapli və Treysi Mörkit "Baby-led weaning” (2008) adlı kitabında hesab edirlər ki, məhz bu səbəbdən ana südü ilə qidalanan körpələr daha rahat "ümumi qida masasına” keçir və yeməklər arasında daha az fərq qoyurlar.

Süni qidanın tərkibində ana südündə olduğundan artıq vitamin var. Sözsüz ki, ana südü və süni qidanın tərkibində olan vitaminlərin miqdarına baxsanız, çox təəccüblənəcəksiniz. İnanmazsınız, lakin süni qidanin tərkibində vitaminlər qat-qat çoxdur (Childbirth Beynəlxalq Təlim Təşkilatı nəzərə çatdırır ki, məsələn, 100 ml ana südündə dəmir 0.04 mq olduğu halda süni qidada 1.4 mq-dır). Lakin yenə də ana südü üstünlüyünü itirmir. Çünki ana südündə olan az miqdarda dəmir təbii olduğundan daha böyük faydaya malikdir. Ana südünün həzm olunması çox rahatdır və həzm prosesinin getməsi üçün daha az vitaminə ehtiyac duyulur. Sintez olunmuş süni qidanın həzminə isə külli miqdarda faydalı maddə sərf olunur. Məhz bu səbəbdən süni qidaların tərkibindəki vitaminlərin miqdarı qat-qat artırılır .

Müasir süni qidalar demək olar ki, ana südü ilə eynidir. Tamamilə yalnış olan bu fikir haqqında kanadalı pediatr və əmizdirmə üzrə dünya miqyaslı mütəxəssis Cek Nyümən (Jack Newman) "Some Breastfeeding Myths” adlı məqaləsində (1998) yazır: "1900 və ondan əvvəlki illərdə istehsal olunan süni qida müasir süni qida ilə eyni tərkiblidir. Onların tərkibində ana südündə olan anti-cisimlər, canlı hüceyrələr, hormonlar və fermentlər yoxdur. Ana südü doğuşdan 1-7 gün ərzində, anadan və körpədən asılı olaraq dəyişdiyi halda, süni qidanın tərkibi sabit olaraq qalır. Ana südü konkret körpənin, süni qida isə bütün körpələrin ehtiyacını ödəmək üçün nəzərdə tutulduğundan heç bir xüsusi xassəyə malik deyil”. Belə bir qənaətə gəlmək olar ki, süni qidalarda dəyişən yalnız rəngarəng, gözəl və cəlbedici qablaşdırmalardır.

Döşdə olan süd köhnəlir. Beynəlxalq Süd Liqi (La Leche League) "The womanly art of breastfeeding” (2004) adlı kitabında oxucuların nəzərinə çatdırır ki, ananın döşündə olan süd şüşə qabda olan südlə eyni deyil. Ana bədənindən ifraz olunan "sehrli” maye həmişə eyni hərarətdə və yüksək keyfiyyətdə olur.

Yağlı və yağsız süd. Dünya praktikasında ana südünə tətbiq olacaq belə bir terminologiya və ümumiyyətlə, anlayış mövcud deyil. Mövcud olan başqa bir anlayışlar var: ön və arxa süd. Ön süd tərkibində daha çox maye, arxa süd isə daha çox yağdan və zülaldan  ibarət olan süddür və bütün anaların südünə aiddir. Əgər kiminsə yalnız ana südü ilə qidalanan körpəsi sizin körpənizdən daha canlı və kökdürsə, bunun səbəbini südünüzün qüsurlu olmasında axtarmayın. Sadəcə həmin körpədə genetik ailə tarixi və şəxsi bədən konstitusiyası özünü göstərə bilər.

Çox yemək! Çox içmək! Çox yatmaq! Dusdiyeker L.B (Dusdieker L.B.) "Is milk production impaired by dieting during lactation?” ( American Journal of Clinical Nutrition 1994) və Duvi K.Q. (Dewey K.G.) "Effects of maternal caloric restriction and exercise during lactation” (Journal of Nutrition 1998) məqalələrdə əmizdirən ananın qidası haqqında ətraflı məlumat veriblər. Bu mütəxəssislər ananın çoxlu su içməsi və qidasında çox miqdarda və kalorili yeməklərin südü daha keyfiyyətli etməsi fikirlərini təkzib edirlər.

UNİCEF (BMT-nin Uşaq Fondu) qeyd edir: "Əgər ana çox kasıb deyilsə və şiddətli qida çatışmamazlığından əziyyət çəkmirsə bu halda, Afrikanın kəndində yaşayan ana ilə Manhettanda (Nyü York şəhərinin ən sıx məskunlaşmış və bahalı küçəsində) yaşayan ananın südünün keyfiyyəti eynidir.” Ana ac olduğu zaman yeməli, susuzlayanda içməli və yorulanda dincəlməlidir. İfrata varmağa ehtiyac yoxdur.

Yalançı südartıran ərzaqlar. Azərbaycanda qatılaşdırılmış südü, çay və ağır xəmir xörəklərini analara tez-tez süd artıran ərzaqlar kimi məsləhət görürlər. Qeyd etmək lazımdır ki, vətənimizin hər bir bölgəsinin özünə məxsus ləziz xəmir xörəkləri analara demək olar ki, doğuşdan dərhal sonra verilir və əmizdirən analara təklif olunur. "Childbirth İnternational”ın verdiyi məlumata görə, Cənubi Amerikanın And dağlarında yaşayan bəzi tayfalarda əmizdirən analara hakaçu quşunun ətini və lələklərini yedizdirmək, Çində isə kurau balığının yumuşaq, ağ ətindən şorba azırlamaq yerli ənənənin bir hissəsidir. Sözsüz ki, bütün bunların heç bir möhkəm elmi və praktiki əsasları yoxdur. Yalnız sağlam qida vərdişləri laktogenetikaya müsbət təsiri ilə özünü dəfələrlə təsdiqləyib.

Südün miqdarı sağılmaqla bəllidir. Anaların ən böyük dərdi "istehsal” etdikləri südün miqdarının körpələri üçün kifayət olub-olmamasıdır. Adətən bunun üçün analar südlərini əl və ya südsağan aparatlar ilə sağıb miqdarını ölçməyə çalışırlar. Südünüzün kifayət qədər olmasını sübuta yetirən başqa vasitələr var. Ilk növbədə körpənizi müşahidə edin. Yaxşı əmən körpə ananın bütün çalışqanlığı ilə sağa biləcəyi süddən dəfələrlə çox süd əldə edə bilir. Dr. Nyümana görə, sağmaq süd ehtiyatınızı deyil, yalnız sizin sağa biləcəyiniz südün miqdarını göstərə bilər.

Bu mövzuda "yalnış” məlumatların geniş vüsət almasına baxmayaraq, ana südü minilliklər boyu özünü doğruldub və həyatın müxtəlif sınaqlarından müvəffəqiyyətlə çıxıb. Zəngin tərkibi olan ana südü bəşəriyyətin yaradıldığı gündən etibarən keyfiyyətinə və eyni zamanda asanlığına görə rəqib tanımır. Müharibə, yoxsulluq, təbii fəlakət və digər fövqəladə vəziyyətlərdə körpələrin sağ qalmasına səbəb olan və ətraf mühitdə baş verənlərdən asılı olmayaraq, körpələri ən keyfiyyətli qida ilə təchiz edən məhz ana südüdür.


Şərhlər:
Baxılıb: 2170
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz