Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
12 sualda hamiləliyin izlənməsi
12 sualda hamiləliyin izlənməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3613
Səs ver:

1. Hamiləlikdə həkim nəzarətinin məqsədi nədən ibarətdir?

Hamiləlik əslində bir xəstəlik deyil, fizioloji haldır. Amma, bir sıra riskləri özqndə daşıyan haldır. Həmin risklər həm ananın, həm də uşağın həyatı ucun təhlükəli ola bilər.

Beləliklə, bizim hamiləliyin gedişini izləyib nəzarət altında saxlamaqda məqsədimiz bu riskləri, təhlükələri vaxtında aşkar edib, patoloji hal meydana çıxmadan qarşısını almaqdan ibarətdir. Hamiləliyin gedişini izləyərkən əsas məqsədimiz: sağlam ana və sağlam uşağa nail olmaqdır.

2. Bəs hamilə qadın hamiləlik müddətində necə dəfə həkimə müraciət etməlidir?

Əslində bu sualın konkret cavabı yoxdur. Hamilə qadın hamiləliyin müəyyən dövrlərində müəyyən məqsədlərlə müayinə edilməlidir ki, bu da individual olaraq fərqli ola bilər.

3. Hamilə qadın ilk dəfə nə vaxt həkimə müraciət etməlidir?

Əslində ən ideal variant bir qadının hamilə qalmadan, ana olmağı planlaşdırdıqda həkimə müraciət etməsidir. Bir nüansı qeyd edək ki, bəzi qadınlarımız həyatı boyunca ilk dəfə hamilə qaldıqda həkimə gedirlər. Beləliklə, ola biləcək gizli xəstəliklər və ya riskli vəziyyətlər də məhz bu vaxt aşkara çıxır.

Hamiləlikdən əvvəl həkimə müraciət etməklə bu risikli vəziyyətlərin həm ananın sağlamlığına, həm də gələcək hamiləliyin gedişinə mənfi təsirinin önünə keçmiş olarıq. Məsələn, normal halda heç bir şikayətə səbəb olmayan bir ürək xəstəliyi hamilə qaldıqdan sonra ananın həyatını ciddi təhlükə ilə qarşı-qarşıya qoya bilər. Ya da gizli keçən bir qalxanabənzər vəzi çatışmazlığı və ya şəkərli diabet dolun inkişafına öz mənfi təsirini göstərə bilər.Digər tərəfdən, döldə sinir borusu defekti dediyimiz anomaliyaların profilaktikası ucun təyin etdiyimiz Fol turşusu adlı vitamini də hamilə qalmamışdan 3 aydan əvvəl qəbul etməyə başlamaq lazımdır. Bunu da yaxın 3 ayda hamilə qalma ehtimalı olan gənc xanımlarımızın nəzərinə xüsusilə çatdırmaq istərdim.
4. Hamilə qaldıqdan sonra ilk müayinə nə vaxt olmalıdır?Hamilə qalmanın ilk əlaməti gözlənilən menstruasiyanın olmamasıdır. Əgər menstruasiyada 1 hələlik bir gecikmə varsa, həkimə müraciət etmək lazımdır. Bizim qadınlarımız çox vaxt artıq hamiləlik testindən istifadə etmiş olurlar və bizə müraciət etdikdə "həkim, məndə menstruasiya gecikməsi var” şikayəri ilə yox, "həkim, mən deyəsən hamiləyəm, test etdim, bir qırmızı, bir çəhrayı zolaq çıxdı, nə etməliyəm?” sualı ilə müraciət edirlər.

Hər iki halda da bizim ilk işimiz həmin qadını müayinə edib hamiləlik diaqnozunu təsdiq və ya inkar etmədə ibarə olur. Bu məsələ ginekoloji müayinə etdikdən sonra bizə ultra müayinəsi əvəzedilməz kömək göstərir. Belə ki, müasir dövrdə ginekoloji müayinəni, xüsusilə də hamiləliyin izlənməsini ultrasəs müayinəsi olmadan təsəvvür etmək mümkün deyil.

Menstruasiya gecikməsi olan bir qadında, ultrasəs müayinəsi hamiləlik varsa, təsdiq edir, normal uşaqlıq daxili bir hamiləlik olduğunu göstərir. Hamiləliyin ilk günlərində ultrasəs müayinəsi uşaqlıq daxilində hamiləlik kisəsini göstərməyə bilər, belə olan halda biz qanda hamiləlik hormonunun təyin edilməsinə əl atırıq.

Bu hormon müsbət çıxarsa, yəni hamiləlik olduğunu göstərərsə, hormonun səviyyəsinə görə 2-3 gün və ya bir həftə sonra ultrasəs müayinəsini təkrarlamaqla hamiləliyin normal uşaqlıq daxilində olduğunu təsdiq edirik.

Hamiləlik hormonunun təyini və ultrasəs müayinəsinin tibbdə tətbiqi sayəsində hamiləliyin erkən diaqnostikası və uşaqlıqdan kənar hamiləlik kimi bir təhlükəli xəstəliyin vaxtında aşkar edilməsi, izlənməsi və müalicəsi günümüzdə asanlaşmışdır.

5. Hamiləliyi təsdiq etdikdən sonra nə edilməlidir?

Hamiləlik diaqnozunu qoyduqdan sonra hamilə qadının sonrakı müayinələrini və verəcəyi analizləri həm özümüz üçün planlaşdırmalı, həm də bunları hamilənin özü ilə bölüşməliyik. Ultrasəs müayinəsi əsnasında hamiləlik kisəsini gördükdən sonra, canlı rüşeymi də görməliyik. Bu da hamiləliyin 6 – 7-ci həftələrindən sonra mümkün olur ki, bir sonrakı ultrasəs müayinəmiz də həmin vaxtdan sonra həyata keçirilməlidir.

O vaxta qədər isə hamilə qadın qan qrupu, qanın ümumi analizi və bətndaxili infeksiyalara görə analizləri də verməlidir. Bunlara qanda şəkər testini, böyrək, qaraciyər, qalxanabənzər vəzi funksiyasını əks etdirən analizləri də əlavə etmək olar.

Laborator və instrumental müayinə metodlarının köməyindən istifadə edərkən klassik müayinə metodlarımızı da unutmamalı, hamilə qadının tibbi keçmişini sorğulamalı, ümumi baxışı həyata keçirməli, orqan və sistemləri müayinə etməliyik.

Boyunu, çəkisini, arterial təzyiqini, qarın perimetrini ölçüb qeyd etməliyik. Belə ki, hamilə qadının daha əvvəl keçirdiyi xəstəliklər, istifadə etdiyi dərmanlar, allergik vəziyyəti, keçirdiyi əməliyyatlar, əvvəlki hamiləliklərin gedişi və nəticəsi çox əhəmiyyətli informasiyalardır.

6. Hamilə qadın yeməyində, istirahətində, gündəlik fəaliyyətində nələrə diqqət etməlidir.

Heç bir şikayəti olmayan, normal hamiləlik keçirən qadın fiziki aktivliyini məhdudlaşdırmamalıdır. Ağırlıq qaldırmaq istisna olmaqla, yerimək və üzmək kimi yüngül idmanla məşğul ola bilər. Tez-tez və az-az yemək, bol meyvə-tərəvəz yeyib, karbohidratlı qidalardan uzaqlaşmaq məsləhətdir.

Bitki mənşəli qidalara üstünlük verib, şirniyyatdan və ağ çörəkdən imtina etmək, un məmulatlarını, xəmir xörəklərini minimuma endirmək lazımdır.

Maye qəbulunu unutmamalı, ən ideal variant isə, çoxlu su içməlidir. Hamiləliyin ilk 3 ayında ürək bulanma və qusma şikayətləri çox olur. Bu hissi azaltmaq üçün daha çox quru və soyuq yeməklər yemək, yağlı və isti yeməklərdən qaçmaq lazımdır.

7. Hamiləliyin təsdiqindən və ilk analizlər verildikdən sonra nə vaxt müayinə təkrarlanmalıdır?

Sonrakı müayinədə məqsəd canlı rüşeymi görməkdən ibarətdir. Bu da, yuxarıda dediyimiz kimi, hamiləliyin 6 – 7-ci həftələrindən sonra mümkün olur. Çox vaxt ilk müayinədən 10 – 15 gün sonraya uyğun gəlir.

Canlı rüşeymi gördükdən sonra, normal gedişli bir hamiləlikdə sonrakı müayinənin məqsədi dölün xromosom anomaliyaları baxımında qiymətləndirilməsindən ibarətdir. Bu məqsədlə 11– 14-cü hamiləlik həftələri arasında ultrasəs müayinəsi ilə dölün uzunluğunu müəyyən edir, ənsə dərisinin qalınlığını ölçürük. İkili test dediyimiz qan analizini də əlavə edərək xüsusi hesablama sistemi ilə Daun sindromu başda olmaqla xromosom anomaliyası ehtimalını hesablayırıq.

8. Bəs dölün cinsiyyətini nə vaxt təyin etmək mümkündür?

Dölün bütün orqan və sistemləri 12-ci həftədə öz inkişafını tamamlayır. Yəni, nəzəri olaraq dölün cinsiyyətini 12-ci həftədə ultrasəs müayinəsi ilə görmək mümkündür. Amma praktikada bu hər zaman mümkün olmur. Döl nə qədər kiçik olarsa cinsiyyətini görmək o qədər çətin olar və yanılma ehtimalı da o qədər yüksək olar.

İstər cinsiyyət, istərsə də digər orqanları qiymətləndirmək üçün ən ideal vaxt 18 – 24-cü həftələr arasındakı dövrdür ki, sonrakı müayinəmiz də məhz bu vaxta düşür. Bu dövrdə həyata keçirdiyimiz ultrasəs müayinəsi ilə ola biləcək anomaliyaları aşkara çıxarmağa çalışırıq.

9. Belə çıxır ki, hamiləlik zamanı ayda bir dəfə aparılan bütün müayinələr kor-koranə aparılmır, müəyyən məqsədlər üçün aparılır. Bəs sonrakı müayinənin məqsədi nədir və nə vaxt olmalıdır?

Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, hamiləlik müəyyən riskləri özündə daşıyan bir vəziyyətdir. Bu risklərdən biri də şəkərli diabetdir. Hamiləlik diabetə meyilli bir vəziyyətdir. Diabetin özü isə hamiləliyin gedişində və döldə müəyyən patologiyaların yaranmasına səbəb olur.

Buna görə də gizli formada olan şəkərli diabeti vaxtında üzə çıxartmaq və müalicə etmək lazımdır. Bu məqsədlə hamiləliyin 24 – 28-ci həftələri arasında şəkər yükləmə testi həyata keçirilir.

10. Hamiləliyin son 3 ayında müayinələr necə olmalıdır?

28-32-ci həftələr arasında dölün inkişafını qiymətləndirmək məqsədi ilə ultrasəs müayinəsi həyata keçirilir. Bundan sonrakı müayinələr getdikcə daha qısa fasilələrlə olur.

Bu müayinələrdə dölyanı mayenin həcmi, və dölün ürək vurğularını kardiotokoqraf adlı cihazla qeydiyyatı böyük əhəmiyyət kəsb edir. Hər müayinədə ananın çəkisi, arterial təzyiqi mütləq qeyd edilməlidir.

11. Hamilə qadın hansı dərmanları qəbul etməlidir?

Hamilə qadın xəstə deyilsə, dərman qəbul etmək məcburiyyətində deyil. Amma hamiləlikdə dəmir çatışmazlığı tez-tez qarşımıza çıxan problemlərdən olduğundan dəmir preparatlarının qəbulu bütün hamiləlik dövründə məsləhətdir.

12. Çox hamilə qadınlarla rastlaşırıq ki, dölyanı mayenin bulanıqlığı, tonus, infeksiya kimi diaqnozlar qoyulur. Elə təsəvvür yaranır ki, problemsiz hamilə yoxdur. Doğrudan da belədirmi?

Əlbəttə ki belə deyil. Dediyiniz mövzular haqqında bir-iki cümlə qeyd etmək istərdim. Tonus-uşaqlığın yığılmasına deyilir. Uşaqlıq əzələvi orqandır. Əlbəttə ki müəyyən tonusu olmalıdır və bu bir patoloji hal deyil. Digər tərəfdən uşaqlığın tonusu ultrasəslə görünən bir hal deyil və ultrasəslə belə bir diaqnoz qoyulması tibb elminə ziddir.

Amnion mayesinin bulanıqlığı da ultrasəslə görünən bir hal deyil. Belə ki, ultrasəs səs dalğalarının müxtəlif sıxlıqdakı toxumalardan müxtəlif dərəcədə əks olunması prinsipinə əsaslanır. Buna görə də ultrasəs toxuma və mayelərin sıxlığını əks etdirə bilər, amma rəngini əks etdirə bilməz.

Yəni mayenin bulanıq olub-olmadığını göstərə bilməz. O ki qaldı infeksiyalara, əlbəttə ki, bətndaxili infeksiyalar müəyyən anomaliyaların əmələ gəlməsində rol oynayır və hamiləliyin erkən dövründə aşkara çıxarılmalıdır.

Amma, bu diaqnostik metodları düzgün həyata keçirib, düzgün şərh vermək lazımdır. Həm də, hamımızın keçirmiş olduğumuz məxmərək, sitomeqalovirus, toksoplazma kimi infeksiyalara qarşı uşaqlıq dövründə əmələ gəlmiş köhnə anticisimləri göstərməklə, bətndaxili infeksiya diaqnozu qoymaq olmaz.

Yuxarıda toxunduğumuz bu tip yanlış diaqnozlarla hamilələri qorxutmaq bir yana, digər yandan da, lazımsız müalicələr təyin etmək daha da xoşagəlməz bir vəziyyətdir. Əslində bu və digər patoloji hallar və ya şübhələr hər biri ayrı bir söhbətin mövzusudur. Bu gün biz normal hamiləlik və onun izlənməsi haqqında danışmaq istədik. Arzu etsəniz gələcəkdə ayrı-ayrı hamiləlik patologiyaları haqqında da söhbət edərik.



Şərhlər:
Baxılıb: 3613
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz