Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlıq Boynunun Xəstəlikləri. Erroziya Və Xərçəng.
Uşaqlıq Boynunun Xəstəlikləri. Erroziya Və Xərçəng.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 16793
Səs ver:

 

Uşaqlıq boynu haqqında ümumi məlumat vermənizi xahiş edərdik
Uşaqlıq boynu uşaqlığın uşaqlıq yoluna baxan aşağı hissəsidir. Bu orqanın xüsusiyyəti ondan ibarətdir ki, uşaqlığın daxili təbəqəsinin xarici təbəqəyə keçən yeri özünəməxsus quruluşdadır. Keçid zonası adlanan bu hissə həm infeksiyaya həm də xərçəngə meylli nahiyədir. Buna görə də cinsi fəaliyyətə başlamış bütün qadınlarda uşaqlıq boynunun iltihabi xəstəliklərinə rast gəlmək mümkündür.

Həkim, bəs erroziya nədir?
Geniş mənada erroziya epitel qatının ölməsi – defekti deməkdir. Uşaqlıq boynunun həqiqi eroziyalarına az hallarda rast gəlinir. "Erroziya” diaqnozu qoyulan xəstələrin çoxunda isə biz "yalançı erroziya” dediyimiz Ektropionla qarşılaşırıq. Yəni xəstələrin çoxunda uşaqlıq boynunun xarici qişasında əslində defekt olmur. Sadəcə, uşaqlıq boynunun iltihab nəticəsində xaricə doğru böyümüş daxili qişası müayinədə erroziya kimi görünür.

Bəs erroziya nədən əmələ gəlir?
Qeyd etdiyimiz kimi, erroziya iltihab nəticəsində əmələ gəlir. Uşaqlıq boynunun iltihabına səbəb olan mikroblar hamıya yaxşı tanış olan mikoplazma, xlamidiya və müxtəlif bakteriyalardır. Cinsi əlaqə zamanı uşaqlıq boynuna daxil olan bu mikroblar xronik iltihaba səbəb olurlar ki, bu da daxili qatın xaricə doğru böyüməsinə, yəni erroziyaya gətirib çıxarır.

Xəstəliyin əlamətləri hansılardır?
Çox vaxt xəstələrin heç bir şikayəti olmur və xəstəlik yalnız kontrol müayinələrdə təsadüfən aşkar edilir. Bəzən, xüsusilə, cinsi əlaqə zamanı meydana çıxan az miqdarda qanaxma və ağrı ola bilər. Erroziya diaqnozu qoymaq üçün ginekoloji müayinə və baxış kifayət edir. Amma xəstəliyi xərçəngdən ayırd etmək üçün sitoloji və ya histoloji analiz lazım ola bilər. Bu analizlərdən xəçəngönü xəstəliklərdən danışarkən bir daha bəhs edərik.

O zaman gəlin xəstəliyin müalicəsi haqqında danışaq. Amma əvvəlcə deyin, xəstəlik nə dərəcədə təhlükəlidir, müalicə olunmazsa xərçəngə çevrilə bilərmi?
Uşaqlıq boynunun erroziyası bəzən öz-özünə, müalicəsiz də sağalır. Sağalmayan, geniş eroziyalarda destruktiv müalicə metodlarından istifadə edilir. Başqa sözlə desək, xaricə doğru böyümüş daxili epitel qatı elektrokoaqulyasiya, dondurma və ya dərman maddələri vasitəsilə məhv edilir, daha sonra xarici qat həmin nahiyəyə doğru böyüyərək normal toxuma halını alır. Amma bu müalicələri tətbiq etməzdən qabaq erroziyanın xərçəng olmadığından əmin olmaq, bu məqsədlə uşaqlıq boynundan yaxma götürüb sitoloji analizə göndərmək lazımdır. Yəni, əslində erroziya xərçəngönü xəstəlik deyil və heç vaxt xərçəngə keçmir, amma xərçəng də erroziya şəklində meydana çıxa bildiyi üçün bunları bir-birndən fərqləndirmək lazımdır.

Söylədiklərinizdən elə başa düşmək olur ki, bütün erroziyalı xəstələrdən yaxma götürmək lazımdır.
Bəli, nəinki erroziyalı xəstələrdən, əslində ginekologa müraciət edən bütün xəstələrdən yaxma götürüb sitoloji analiz etmək lazımdır. Xəstənin müraciət səbəbi nə olursa olsun, şikayəti olmadan, kontrol müayinəyə gəlmiş xəstələrdən də uşaqlıq boynundan yaxma götürülməsi məsləhət görülür. Məqsəd təkcə erroziyanı xərçəngdən ayırmaqdan ibarət deyil. Məqsəd ümumiyyətlə cəmiyyətdə uşaqlıq boynu xərçəngini hələ gizli mərhələdə ikən aşkar edib müalicə etməkdən ibarətdir.

Xərçəngdən söhbət açılmışkən, uşaqlıq boynu xərçəngi nədən əmələ gəlir və bu xəstəlikdən necə qorunmaq olar?
Günümüzdə tam sübut olunub ki, uşaqlıq boynu xərçəngi viruslar tərəfindən törədilir. İnsan papilloma virusu ailəsinin müəyyən tipləri uşaqlıq boynu xərçənginin törədiciləri hesab olunur. Bu o demək deyil ki, uşaqlıq boynu xərçəngi qrip, qızılca, məxmərək kimi insandan insana yoluxur. Əlbəttə ki, xərçəngi törədən viruslar insandan insana keçir və keçmə yolu da cinsi əlaqə vasitəsilədir. Bu yolla uşaqlıq boynunun keçid zonasına daxil olan viruslar həmin toxumada məskən salıb artıb çoxalırlar. Bu yoluxmanın sonrakı gedişi isə müxtəlif cür ola bilir. Xəstələrin çoxunda virus heç bir əlamət vermir və bir müddətdən sonra orqanizmin immuniteti sayəsində toxumadan təmizlənir. Bəzi hallarda isə virus toxumada uzun illər qala bilir. Toxumada qaldığı müddətdə özünü hər hansı əlamətlə büruzə verməsə də, hüceyrələrdə yaratdığı dəyişikliklər xərçəng yaranma prosesinə başlanğıc verə bilir. Belə hallarda virusun orqanizmə daxil olduğu andan xərçəng əmələ gəlməsinədək 10 ilə yaxın zaman keçir. Bu zaman aralığında uşaqlıq boynu toxumasındakı dəyişikliklərə xərçəngönü prosses deyirik. Belə ki, bu mərhələdə xəstəliyi tam müalicə etmək, xərçəngə çevrilmədən, orqanizmi bu ağır xəstəlikdən xilas etmək mümkündür.

Yəqin ki, xəstəliyi erkən mərhələdə aşkar etmək də məhz uşaqlıq boynundan yaxma götürməklə mümkündür.
Bəli, tamamilə doğrudur. Uşaqlıq boynundan yaxma götürməkdə məqsədimiz də xərçəngönü mərhələdə xəstəliyi yaxalamaqdan ibarətdir. Bu metod ilk dəfə Papanikolau adlı patohistoloq tərəfindən tətbiq olunduğuna görə alimin adı ilə Pap-test adlanır. Xüsusi fırça ilə uşaqlıq boynunun xarici səthi və uşaqlıq yolundan yaxma götürüldükdən sonra sitoloji analizdə yaxmadakı hüceyrələr araşdırılır və xərçəngönü prosesə cəlb olunmuş hüceyrələr varsa qeyd edilir. Bu atipik hüceyrələrin yaxmada aşkar edilməsi o demək deyil ki, xəstədə xərçəngönü xəstəlik var. Başqa sözlə desək, Pap-test diaqnostik baxımdan 100% informativ bir test deyil, amma bizə şübhələnməyə imkan verdiyinə və sonrakı diaqnostik metodlara əl atmağa sövq etdiyinə görə çox qiymətli bir metoddur.

Deməli, Pap-test bir şübhələnmə metodudur, bir xəbərdarlıq testidir. Bəs dəqiq diaqnoz necə qoyulur? Pap-test müsbət çıxarsa, sonrakı müayinə metodları hansılardır?
Pap-testin nəticəsində atipik hüceyrələr tapılarsa, sonrakı addım kolposkopiya olmalıdır. Kolposkopiya uşaqlıq boynunun kolposkop adlanan xüsusi optik sistemlə böyüdülüb nəzərdən keçirilməsi metodudur. Bu cihaz vasitəsilə uşaqlıq boynunda xərçəngönü sahələri böyüdülmüş halda gözlə görə bilirik və bu sahələrdən biopsiya götürmək imkanl əldə edirik. Əlbəttə ki, xərçəng diaqnozu ancaq biopsiya ilə qoyulur. Yəni toxuma parçalarının mikroskop altında tədqiq edilməsi ilə. Xərçəng kimi xərçəngönü xəstəlik diaqnozu da ancaq biopsiya ilə qoyula bilər. Beləliklə, Pap-test və kolposkopiyadan sonra son söz biopsiyanındır. Biopsiya metodları müxtəlifdir. Uşaqlıq boynu kanalının xarici dəliyinin 4 ayrı nöqtəsindən biopsiya götürmək empirik metod kimi artıq çox da istifadə olunmur. Kolposkopiya altında zədəlnmiş toxuma sahəsini görərək həmin nahiyədən biopsiya götürmək ilk baxışda məntiqli görünən metoddur. Amma onu da yaddan çıxarmaq olmaz ki, xərçəngönü dəyişikliklər çox vaxt nəinki gözlə, heç kolposkopiya ilə də görünə bilmir. Buna görə də uşaqlıq boynu kanalının xarici dəliyini 360 dərəcə götürmək daha çox tövsiyə olunur. Bu metoda konizasiya deyilir.

Bu metod necə həyata keçirilir?
Konizasiya kiçik bir əməliyyatdır. Narkoz altında silindrik bir orqan olan uşaqlıq boynundan konus şəklində bir parçanın kəsilməsi şəklində icra edilir. İki cür konizasiya metodu vardır: soyuq və isti konizasiya. Soyuq konizasiya cərrah bıçağı ilə edildiyi halda isti konizasiyada bu məqsədlə xüsusi olaraq hazırlanmış, ilgək formasında olan elektrokoaqulyasiya bıçağından istifadə edirik. İsti konizasiyanın üstün cəhəti odur ki, elektrokoaqulyasiya bıçağı toxumaları kəsərkən eyni zamanda da yandırır, bu da qanaxmanın minimal olmasına və əməliyyatın daha qısa sürməsinə imkan verir. Bunun sayəsində əməliyyat 5 dəqiqədən də qısa müddət ərzində həyata keçirilir. Əldə etdiyimiz konus şəklində toxuma parçası patohistoloji analizə göndərilir və gələn cavab

 

əsasında da sonrakı taktika seçilir.

 

 

Gələn cavablar müxtəlif ola bilər?

 

 
Bəli, ola bilər ki göndərdiyimiz toxumada heç xərçəngönü dəyişiklik olmasın. Bu, ən sevindirici cavabdır. Toxuma parçasında xərçəngönü dəyişiklik varsa, zədələnmə sahəsi tam götürülübsə, başqa sözlə, cərrahi kəsik sərhədlərində xərçəngönü prosses yoxdursa, o zaman xəstə xəstəlikdən xilas olmuşdur. Yəni icra etdiyimiz bu diaqnostik prosedura həm də müalicəvi bir metoddur və xəstəliyi tam ortadan qaldırmışdır. Amma əgər xəstəlik götürdüyümz toxuma parçasının sərhədlərini aşırsa, o zaman uşaqlıq boynunda prossesin qalma ehtimalı vardır və bu səbəbdən uşaqlığı əməliyyatla çıxarmaq lazımdır.

Söhbətimizi yekunlaşdırarkən oxucularımıza nə məsləhət görərdiniz?
Əvvəlcə onu deyim ki, Pap-testin və sonrakı diqanostik metodların tətbiqi sayəsində ginekoloji xərçənglər arasında ən önəmli yerlərdən birini tutan uşaqlıq boynu xərçənginin Avropa və Amerikada rast gəlmə tezliyi 75% azalmış və bu xərçəngdən ölüm faizi də nəzərə çarpacaq dərəcədə aşağı düşmüşdür. Buna görə də biz də xanımlarımıza hər dəfə ginekoloqa müraciət edərkən, ümumiyyətlə, ildə bir dəfə Pap-test verməyi məsləhət görürük. Son söz olaraq, onu bir daha vurğuamaq istərdim ki, uşaqlıq boynu xərçəngi erkən mərhələdə aşkar edilə bilən və tamamilə müalicə oluna bilən bir xəstəlikdir. Bu xəstəliyə tutulmamaq isə xanımlarımızın öz əlindədir.

Rəşad Sultan

 




Şərhlər:
Baxılıb: 16793
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz