Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik toksikozları
Hamiləlik toksikozları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3591
Səs ver:

Hamiləlik toksikozları hamiləlik vaxtı əmələ gələn və o başa çatdıqdan sonra keçib gedən patoloji hallardan ibarətdir. Toksikozların əmələ gəlməsinin səbəbləri kimi bir neçə nəzəri fikirlər var.

Bunlardan həqiqətə daha çox yaxın hesab olunanı isə immunoloji nəzəriyyədir. Bu nəzəriyyəyə görə toksikozlar döl və ciftdən ana orqanizminə daxil olan zülal tərkibli yad birləşmələrə qarşı ana orqanizminin immun sisteminin müvafiq reaksiyasıdır.

Hamiləlik toksikozlarının aşağıdakı qrupları ayırd edilir:

- hamiləliyin ilkin dövrlərinin (birinci yarısının) toksikozları - qusma, arasıkəsilməyən qusma, ağız şirəsi ifrazının artması;

- hamiləliyin sonrakı dövrlərinin (ikinci yarısının) toksikozları - hamiləlik dövrünün şişkinlikləri (ödemləri - toxumaarası sahəsinə su yığılması, nefropatiya, eklampsiya);

- az təsadüf edilən formaları - dəri xəstəlikləri (dəri qaşınmaları), hamilələrin sarılığı.

Hamilələrdə qusma ilkin dövrlərin toksikozunun əlaməti kimi ancaq səhərlər deyil, günün digər vaxtlarında da baş verməklə gün ərzində 1 neçə dəfə təkrar olunur. Gündə 5-6 dəfə təkrar olunan yüngül qusmalar hamilə qadının səhhətinə o qədər də mənfi təsir etmir. Gün ərzində 10-15 dəfə təkrar olunan orta və ağır dərəcəli qusmalar isə həm qadın, həm də döl orqanizmi üçün təhlükəli hesab olunur.

Bu zaman bədənin susuzlaşması baş verir və döl ona lazım olan qidaları tam şəkildə ala bilmir. Belə hallarda hamilə qadın xəstəxanaya yerləşdirilərək, onun yuxu, istirahət və emosional sakitlik rejimləri təmin edilir, lazımi dərman və vitaminlər təyin olunur. Əksər hallarda bu cür müalicələr müsbət nəticə verir. Əgər aparılan müalicələr istənilən nəticənin alınmasına səbəb olmursa, bu halda hamiləliyin süni şəkildə vaxtından qabaq pozulması əməliyyatına əl atıla bilər.

Bir çox hallarda hamilələrdə qusma və fasiləsiz qusma hallarında ağız şirəsi ifrazının xeyli dərəcədə artması da ola bilər. Ağız şirəsinin artması toksikozun ayrıca bir forması kimi də ola bilər. Bu zaman gün ərzində ifraz olunan ağız şirəsinin həcmi bəzən 1 litrə çatır. Ağız şirəsinin artması hamilə qadın üçün müəyyən narahatlıqlar yaratsa da, onun və uşağın orqanizmində ağır pozğunluqlara səbəb olmur.

Hamiləlik dövrünün şişkinlikləri (ödemləri) - hamiləliyin ikinci yarısının toksikozlarına aid olmaqla, sidikdə zülalın olmaması və arterial təzyiqin (AT) normal göstəriciləri fonunda şişkinliklərin əmələ gəlməsi ilə xarakterizə olunur. Belə halın yaranmasında hamiləliyə qədər olan dövrdə qadın orqanizmindəki patoloji halların (piylənməyə meylliliyin olması ilə maddələr mübadiləsi pozğunluqları, qara ciyər xəstəlikləri və s.) olması müəyyən rol oynayır. Xəstəlik adətən tədricən başlayır. Nəzərəçarpan ödemlərdən əvvəl ilkin xəbərdaredici simptomlar qeyd oluna bilər: çəkinin normadan artıq artması, üzük simptomu (barmaqda olan üzük əvvəllər sərbəst hərəkət etdiyi halda, sonradan çətinliklə hərəkət edir), dar ayaqqabı simptomu (əvvəllər rahat geyilən ayaqqabının sonradan geyilərkən ayağı sıxması). Bəzi hallarda hamilə qadının çəkisi həftə ərzində 700 qrama qədər artır (norma - 250-300 q). Belə hallarda vaxtında tədbir görülməzsə, nəzərəçarpan şişkinliklər əmələ gələ bilər.

Bu zaman dəri öz rəngini saxlamaqla hamar şəkil alır. Şişlərin artması dövründə ifraz olunan sidiyin miqdarı azalır. Hamilənin ümumi vəziyyəti kafi olaraq qalır, yalnız şişkinliklər xeyli dərəcədə artmış olduğu hallarda onlarda ağırlıq hissi, təngnəfəslik, yorğunluq, bəzən taxikardiya kimi narahatlıqlar əmələ gəlir.

Hamiləlik şişkinliklərinin ilkin dövrlərinin müalicəsini ambulator şəraitdə aparmaq olar. Bu zaman tam yararlı zülallarla zəngin olan qidaların (ət, balıq, kəsmik), həmçinin müxtəlif meyvə və tərəvəzlərin, onların şirələrinin qəbul edilməsi məsləhət görülür. Xörək duzunun və mayelərin qəbuluna da müəyyən məhdudiyyət qoyulur (maye – 1 l-dən artıq olmamalıdır). Hər həftə yüngülləşdirici qida qəbulu günlərinin keçirilməsi də məqsədəuyğun sayılır. Bədən çəkisinə, arterial təzyiqə və sidiyin müayinəsinə nəzarət edilməsini yaddan çıxarmamaq da məsləhət görülür. Hamiləlik şişkinlikləri xeyli dərəcədə artmış olduğu hallarda isə hamilə qadınlar mütləq şəkildə xəstəxanaya yerləşdirilməlidirlər. Xəstəxana şəraitində müvafiq yataq rejimi, pəhriz və sidikqovucularının təyin edilməsi nəticəsində bu cür şişkinliklər adətən aradan qaldırılır. Vaxtında aparılan müalicə yaxşı nəticə verir, hamiləlik öz vaxtında olmaqla normal doğuşla başa çatır.

Nefropatiya adətən ondan qabaqkı dövrdə əmələ gəlmiş olan hamiləlik şişkinliklərinin fonunda inkişaf edir. Nefropatiyanın üzə çıxarılması üçün sistematik olaraq sidikdə zülalın miqdarı təyin olunmalıdır. Hamiləlik nefropatiyasının 3 əsas əlaməti qeyd edilir:

- şişkinliklər (ödemlər);

- arterial təzyiqin artması (maksimal (sistolik) arterial təzyiq 130 mm. c.süt.-dan da çox olaraq, bəzən 150-180 və daha yüksək rəqəmlərə qədər qalxır);

- sidikdə zülalın miqdarının artması.

Nefropatiya qadın orqanizmi və dölün inkişafı üçün təhlükəli hal olub bəzən dölün ölümü ilə də nəticələnə bilər. Müalicə yalnız xəstəxana şəraitində olmaqla aparılır. Nefropatiyanın ən yaxşı profilaktikası isə hamiləlik dövründə düzgün rejim və qida qəbuluna nəzarət edilməsi, həmçinin ondan qabaqkı dövrlərdə yaranan hamiləlik şişkinliklərinin vaxtında aşkar edilərək müalicə olunmasından ibarətdir.

Gecikmiş toksikozlarda preeklampsiya əlamətləri hamiləliyin nefropatiyası fonunda inkişaf edir. Bu hal baş ağrıları, başgicəllənmə, göz önünə pərdə gəlməsi əlamətləri ilə müşayiət olunur ki, bu da beyində qan dövranının pozulmasının nəticəsidir. Bu zaman hamilə qadının təcili olaraq xəstəxanaya yerləşdirilməsi tələb olunur. Belə vəziyyət həm hamilə qadın, həm də dölun özü üçün təhlükəli hesab olunan ciftin qopması və digər fəsadlara səbəb ola bilər.

Eklampsiya gecikmiş toksikozun ən ağır forması hesab olunur. Eklampsiya doğuşa qədər, doğuş dövrü və doğuşdan sonrakı yaxın saatlarda baş verə bilər. Bu zaman preeklampsiya fonunda huşun itirilməsi ilə müşayiət olunan qıcolmalar meydana gəlir. Bu hal ana və uşaq üçün çox təhlükəlidir və son nəticədə beyinə qan sızması ilə əlaqədar ananın ölümünə səbəb ola bilər.

Eklampsiyanın qarşısının alınması toksikozların ondan qabaqkı bütün gecikmiş formalarının profilaktikası, onların vaxtlı-vaxtında aşkar edilərək müalicə edilməsi və nəhayət doğuşun vaxtından qabaq aparılan cərrahi yolu ilə tətbiq edilməsindən ibarətdir.

Dəri qaşınması - hamiləliyin həm əvvəlində, həm də axırında özünü göstərə bilər. Bəzən bu ancaq xarici qadın orqanları nahiyəsi ilə məhdudlaşır, bəzən isə bütün bədən üzrə yayılır. Bəzən qaşınma üzücü xarakter alaraq yuxusuzluq və əsəbiliyə də səbəb olur. Müalicə üçün dəri həkiminə (dermatoloq) və terapevtə müraciət etmək məsləhət görülür.

Sarılıq - hamiləlik zamanı baş verə bilən müxtəlif xəstəliklərin nəticəsində (viruslu hepatit, xolesistit, öd daşı xəstəliyi) ola bilər. Toksikozun ayrıca bir forması kimi çox az hallarda təsadüf edilərək, qorxulu əlamət hesab olunur. Sarılığın səbəbinin aşkar edilməsi üçün xəstəni təcili surətdə xəstəxanaya yerləşdirmək tələb olunur. Belə hallarda bəzən doğuşun vaxtından qabaq aparılması əməliyyatına tələbat yarana bilər.

Toksikozların yuxarıda qeyd olunan bütün formaları dəqiq şəkildə ancaq mütəxəssis tərəfindən müəyyən edilə bilər. Özünüzə müstəqil şəkildə diaqnoz qoymağa və xüsusən də müalicəyə başlamağa cəhd göstərməyin, mütləq mama-ginekoloqa müraciət edin!



Şərhlər:
Baxılıb: 3591
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz