Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evli kişi başqa bir qadını sevərsə, nə etməli?
Evli kişi başqa bir qadını sevərsə, nə etməli?
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 2292
Səs ver:
"35 ildir ki, evliyəm. Ancaq 15 ildir ki, yoldaşım başqasını sevir və onunla qalır. Bir uşaqları da var. Biz hələ də rəsmən boşanmamışıq. İki övladım var, onların xətrinə dözürəm. Sadəcə uşaqlarım atasız olmasın deyə dost kimi evə gəlib-getməsinə razı oluram. Amma heç bir yaxınlığımız yoxdur. Mən onun başqasını sevdiyini özüm başa düşdüm. Bundan sonra evdə çox dava düşdü. Ancaq mən gördüm ki, artıq gecdir. Daha ardınca getmədim. Əslində mənimçün çox ağırdır. Amma belə fikirləşirəm ki, o, düz edib. Yəqin mən onu bir qadın kimi qane etməmişəm və o, başqasını sevib. Ancaq mən cəmiyyət arasında çox olan insanam, kişilərin nəyə qulluq elədiklərini də görürəm və onlara inamım qalmayıb. Mənə elə gəlir ki, indiki dövrdə kişilik yox dərəcəsindədir”.

Haqlı olan kimdir?
Bu sözləri deyən Nailə xanımdır. Yəqin ki, onun taleyini yaşayan, onun yerində olan qadınlara çoxlarımız rast gəlmişik. Təbii ki, burda kişi qınaq obyekti olur və o, evlidirsə, sevməyə haqqı olmadığı düşünülür. Bəs əslində kim haqlıdır? Ürəyinə hökm edə bilməyən kişi, həyat yoldaşı, yoxsa sevgisinə görə onu qınayanlar? Axı sevgi elə bir qonaqdır ki, "gəldim” deməz, heç qapını da döyməz, sadəcə gələr… Ancaq bu da danılmazdır ki, artıq o aşiqin bir ailəsi, məsuliyyəti, öhdəlikləri var. Çox halda isə hazırda sevmədiyi həyat yoldaşından olsa belə, övladı və ya övladları… Digər tərəfdən, kişi həyat yoldaşı yanında ola-ola başqa bir qadını düşünür, xəyalında özünü onunla canlandırır. Yaşadığı həyat və yanında olan qadın artıq onun ürəyincə deyil və sadəcə onu sıxır. Ən pisi də odur ki, yanındakı arzuolunmaz qadın onun ürəyini və beynini "oxuyur”. Burda isə məsələ həqiqətən qəlizləşir və həm kişinin, həm başqa birinə dəyişilən həyat yoldaşının, həm də sevilən qadının düşüncəsi, seçimi çox şeyi həll edir. Fərdin fərqliliyi məsələyə də fərqli görünüş, fərqli sonluq verə bilər. Ancaq söhbət ailə münasibətlərindən gedirsə, kifayət qədər ciddi yanaşmaq lazım olduğu da aydındır.

Ailə qurarkən vacib amillər
Sosial psixoloq Naib Niftəliyev bildirir ki, evlilik – ailə qurmaq, ailəli olmaq çox ciddi, müqəddəs, hər kəsdən böyük məsuliyyət tələb edən addımdır: "Bu baxımdan, hər bir insan ailə quracağı insan barədə hərtərəfli götür-qoy etməli, onu tam sevdiyinə, ömrünün sonunadək tərəf müqabili ilə birgə yaşayacağına əmin olduqdan sonra ailə qurmalı və öz sevgisini ailəsində tapmalıdır. Başqa sözlə, ailədə qarşılıqlı anlaşma, qarşılıqlı sevgi, qarşılıqlı hörmət, bütün bunların cəmində qarşılıqlı sədaqət çox vacib şərtdir. Bu, heç də o demək deyil ki, insan hisslərini boğmalı, duyğularını ailə müstəvisində qapatmalıdır. Əksinə, ciddi, məsuliyyətli, sədaqətli insan hisslərini, duyğularını ifadə etməkdə daha azaddır. Çünki o, nə istədiyini bilir, hisslərini, duyğularını, sevgisini də düzgün yönləndirməyi bacarır. 

Evli biri kənarda sevgi axtarırsa
Psixoloqun sözlərinə görə, sevgi hissinin çox müxtəlif təzahür formaları var: "Bunlardan ən vacibi insanın digər insanlara olan hörmət, sayğı və sevgisidir. Bu, o deməkdir ki, insan insana kimliyindən, qadın və ya kişi olmasından, yaşından, böyük-kiçikliyindən asılı olmayaraq, diqqət, ehtiram, qayğı ilə, normal insani münasibətlə yanaşmalıdır. Əgər hər hansı bir kişi və ya xanım sevgisini ailəsindən kənarda axtarırsa, ya onun ailəsində bir ziddiyyət, boşluq, ya da həmin şəxsin xarakterində bir natamamlıq, bölünmə, ikiləşmə var. Bu mənada, nə kişinin, nə də qadının öz həyat yoldaşına xəyanət edib kənarda sevgi axtarmağa qəti haqqı yoxdur. Sözsüz ki, müəyyən səbəblərdən başqa çıxış yolu qalmayıbsa, tərəflər ayrılıb yenidən ailə qura bilərlər. Buna heç kəs pis baxmır və qanun da bunu qadağan etmir. Məsələn, İngiltərədə evlənən hər iki nəfərdən biri on il ərzində boşanır. Türkiyədə isə, boşanma səviyyəsi ildə 1 %-dən aşağıdır. Yəni, burada mənəvi-əxlaqi dəyərlərin fərqliliyi, özünəməxsusluğu da öz sözünü deyir. Məsələyə milli, dini-mədəni dəyərlər müstəvisində yanaşıldıqda bu, həm də etnopsixoloji məsələdir. Başqa sözlə, bir türklə bir ingilisin, bir avropalı ilə bir azərbaycanlının evlilik və sevgi məsələsinə münasibəti heç də eyni deyil”.

Başqa qadın ailəni əvəz edə bilərmi?
Naib Niftəliyevin fikrincə, burada incə bir məqamı da nəzərə almaq lazımdır: "Ailədən kənarda nə qədər böyük sevgi yaransa və yaşansa belə, bu heç vaxt ailə sevgisini, ailə sədaqətini, isti ailə ocağını əvəz eləmir. Hətta sevgisiz, yalnız hörmət, bəzən kənar təsirlər nəticəsində qurulan ailələrdə belə boşanma, ayrılıq, xəyanətlər çox böyük mənəvi-psixoloji böhrana səbəb olur. Doğrudur, heç bir insan tam kamil və tam ideal şəxsiyyət deyil. Hər kəsin özünə görə, müəyyən çatışmayan cəhətləri, az-çox mənfi xüsusiyyətləri, hardasa zəiflik göstərdiyi anlar var. Bu səbəbdən, heç də hər kəs iradəsini işə salıb hisslərini cilovlamağı, idarə etməyi bacarmır. İnsanların müəyyən qismi çox vaxt ikili hisslərin əsirinə çevrilir. Bu təmayülün qüvvətlənməsində müasir KİV-in, xüsusən, mənəvi-əxlaqi dəyərlər sistemindən getdikcə uzaqlaşan televiziya kanallarının, internetin, digər informasiya və kommunikasiya texnologiyalarının da mənfi rolu var (Sözsüz ki, bu ifadə işinə vicdanla, məsuliyyətlə yanaşan media qurumlarına aid deyil”.

Ötəri hisslər və sonrakı peşmançılıq…
Müsahibimiz qeyd edir ki, indi müxtəlif saytlarda, sosial şəbəkələrdə tanışlıq adi hal alıb: "Onların böyük bir qismi də elə ailəli xanımlar və kişilərdir. Əlbəttə, hər bir insanın müəyyən bir seçim azadlığı var. Lakin birinin haqqını tapdalamaqla digəri ilə xoşbəxtlik tapmaq, həyat yoldaşına xəyanət edib, ailəni dağıdıb, başqa birisi ilə səadətə çatmaq mümkün deyil. Belə münasibətlər çox zaman ötəri, keçici olur, sonradan yaranan peşmançılıq, günahkarlıq hissi ilə isə nə əvvəlki normal, sağlam ailə həyatına qayıtmaq, nə də yenidən öz həyatını qurmaq mümkün olur. Biz insanların öz hisslərinin boğmasının tərəfdarı deyilik, hisslərin dərk və idarə olunması ən doğru çıxış yoludur. Əlbəttə, insan yeri gələndə, öz ürəyinə də hökm etməyi bacarmalıdır. Ona görə ki, biz şüura, ağıla, dərrakəyə, idraka malik olduğumuz üçün yer üzündə ali bəşəri varlıq sayılırıq. Hisslər aldadıcı ola, insanı yanlış yola – günaha, xəyanətə sürükləyə bilər. Belə məqamlarda insan dərindən düşünməyi və həyata açıq gözlə, sağlam baxışla baxmağı bacarmalıdır”.

Psixoloq bu halın qınağa səbəb olmasına da aydınlıq gətirdi: "Evli olduğu halda, ailəsi müqabilində sevgisini seçən insanları qınayıb-qınamamaq məsələsinə gəldikdə, bu, şəraitdən, vəziyyətdən asılıdır. İstənilən halda belə münasibətlər həmişə ictimai qınaq obyektidir. ABŞ-da, Avropa ölkələrinin əksəriyyətində evli insanın nigahdankənar sevgi yaşamasına çox da yaxşı baxmırlar. Nümunə üçün ABŞ-da baş verən məşhur Bill Klinton – Monika Levinski qalmaqalını xatırlatmaq kifayətdir”.

Ailədəki gizli və ya aşkar böhran
Həmsöhbətimizin sözlərinə görə, ailəli insanda başqa birisinə qarşı səmimi rəğbət, saf, təmənnasız sevgi oyana bilər: "Əgər bu hiss şəxsiləşmirsə, düzgün yönləndirilib idarə olunursa, arada zəruri məsafə saxlanılırsa, tam təbii, normaldır. Əgər bu hisslər artıq ailə münasibətlərini kölgədə qoyub yaxınlıq duyğusuna, istəyə çevrilirsə, demək, həmin şəxsin ailəsində bir natamamlıq, iradəsində müəyyən zəiflik, xarakterində ifrat özünütəsdiq meyli, həyat yoldaşı ilə münasibətlərində gizli və ya aşkar yaşanan bir böhran var. Bəzən arzuladığı sevgisini ailəsində tapmayan insan onu özü də bilmədən kənarda axtarır, başqalarının təsiri altında bunu "dəb, norma, adi hal” kimi qəbul edir. Yəni belə bir sevginin yaranmasının və yaşanmasının səbəbləri çox fərqli, müxtəlif ola bilər. İstənilən halda bu, həmin şəxsin ailədaxili münasibətlərdə, eləcə də həyat yoldaşına münasibətdə disharmoniya, rahatsızlıq yaşamasından xəbər verir”.

Həyat yoldaşı başqasını sevsə, qadın nə edər?
Göründüyü kimi, eyni məsələni necə qəbul etmək və ya necə həll etmək şəxsin özündən asılıdır. Həyat yoldaşının başqa bir qadını sevməsini normal başa düşən bir qadın da ola bilər və ya bu məqamda özünü alçalmış hiss edərək, vəziyyətlə mübarizə aparmaq və rəqib qadına qalib gəlmək yolunu seçən də ola bilər. Yaxud da zəif və ya aciz bir qadın sadəcə depressiyaya düşər, intiharı belə seçə bilər.
Elə ailəli olan Ülviyyənin sözlərinə görə, həyat yoldaşına deyib: "Ola bilər bir gün məndən bezərsən. Bəlkə, başqasını sevərsən. Bunu mənə özün de. Səni məndən yaxşı heç kim başa düşməz.

Amma düşünəndə ki, birdən həqiqətən gəldi dedi ki, mən artıq başqasını sevirəm… Fikirləşirəm ki, yəqin depresiyaya düşərəm, özümü alçalmış hesab edərəm. Çünki məndən yaxşısını tapıb ki, aşiq olub. Bu bir qadın üçün çox ağırdır, ona görə də, bəlkə də, dözməyib özümü belə öldürərəm”.

Aynur Namazova da evlidir. O düşünür ki, əgər həyat yoldaşı başqa birini həqiqətən sevərsə, ona qarşı heç sevgisi qalmazsa, ayrılmaq yolunu seçər: "Mən onu sevsəm belə, nə mənası olacaq ki? Onun digər bir qadını sevə-sevə mənim yanımda olması işgəncədən başqa bir şey olmaz. Ancaq onu da deyim ki, əgər ortada sevgi yox, sadəcə bir həvəs, ötəri hisslər olarsa, buna görə əsla ailəmi dağıtmaram”.

Mətanət xanım isə indi sadəcə "uşaqlarının atası” adlandırdığı keçmiş həyat yoldaşının əvvəl də münasibəti olan bir qadınla əlaqədə olduğunu deyir: "Bu barədə biləndə ona dedim ki, əgər onu sevirdinsə, əlaqəni davam edəcəkdinsə, niyə mənimlə evlənirdin? Elə onunla münasibətini rəsmiləşdirərdin. Ancaq o dedi ki, onunla evlənə bilməz, çünki o qadın öz bacısının ərindən uşaq dünyaya gətirib. Bu sözlərdən sonra o, mənim gözümdə daha da dəyərini itirdi və ona nifrət etdim. Bununla da, ondan ayrılmaq qərarına gəldim. İki oxşar insanları bir-biri ilə buraxmaq lazımdır. Mən o vaxt mübarizə aparardım ki, o, buna layiq olsun”.

Sevib olursan "yuvadağıdan” varlıq…
Bu məqamda kişinin hissləri, sevgisinin nə dərəcədə təmiz, güclü olduğu, bəlkə də, nəzərə alınmır və ya başa düşülmür. Qarşı tərəfdəki qadın isə sadəcə qınanılır və onun haqqında "Ev yıxanın evi olmaz” deyilir. O qadın sevsə belə, sadəcə kənardan bir "yuvadağıdan” varlıq kimi qəbul edilir. Ancaq bir də evli kişini sevən qadının fikirlərini öyərənək.
Jalə 3 ildir ki, evli bir oğlanla birlikdə olduğunu deyir: "Evli insanın da sevmək haqqı var. Biz bir-birimizlə xoşbəxtiksə, bunu qınamaq olmaz. O axtardığını həyat yoldaşında yox, məndə tapır. Elə mən də onda. Münasibətimiz bizimçün maraqlıdır və heç kəsə pislik etmədən yaşayırıq. Onun övladları da var, mən onun ailəsini dağıtmıram ki. ”Jalə düşünür ki, bu hissləri, həyatı yaşamadan fikir bildirmək çox asandır. Hər şeyi, "Mənim başıma belə bir şey gəlsə, nə edərəm?” deyə qiymətləndirmək lazımdır.

Gənc qızların bu barədə fikirlərini öyrənəndə isə, onlar evli birini sevə bilməyəcəklərini deyirlər. Həyat yoldaşının başqa bir qadını sevdiyi halda isə, əksəriyyəti bunu qəbul edib, ondan ayrılacaqlarını bildirdilər. Nuranə Abbaszadənin sözlərinə görə, bu, hər bir kəsin özündən asılı olan bir davranış istəyir: "Ancaq mən heç də əksər xanımların etdiyi kimi, onu bu sevgidən qaytarmağa çalışmazdım. Onun acığına mən də həyatımı təzədən qurardım və xoşbəxt olmaq üçün hər şeyi edərdim”. Ancaq nəzərə alaq ki, bu, subay bir xanımın fikridir. 

Bəs kişilər nə düşünür: sevgi, yoxsa ailə?
Elnur ətrafdakıların dili ilə desək, bir qıza görə "ailəsini satan” biridir. O sevərək ailə qurmayıb: "Əvvəllər düşünürdüm ki, ailə qurmaq üçün heç də sevmək lazım deyil. Evləndirdilər, evləndim. Amma həqiqi sevgini tapanda necə böyük səhv etdiyimi başa düşdüm. Geciydi onda da. Məni fikrimdən çox daşındırmaq istədilər, amma ürəyimdəki, ağlımdakı, yaşamağı arzuladığım başqa bir qadın idisə, bu ailəni davam etdirməyin nə faydası vardı? Bu, sadəcə evlilik oyunu, özümüzü aldatmaq olardı. Ona görə də, ayrılmalı oldum”.

Bir neçə ildir evli olan İlqar Kamil düşünür ki, sevgi təbii və insanların istəyindən asılı olmayan bir hissdir: "Mən belə bir şey yaşamamışam, amma hesab edirəm ki, onu kontrol etmək mümkündür. Evli bir kişinin başqa bir qadına vurulması prosesi istənilmədən, ani olaraq baş verə bilər. Bu, təbiidir. Lakin peyğəmbərimizin belə bir hədisi var: "Hər kəs birinə aşiq olsa və bu eşqini (müəyyən səbəblərə görə) aşkar edə bilməyib ölənədək tam iffətlə qəlbində daşısa, Allah onu şəhid hesab edər”. Mənim də seçimim Allahın seçimi olar və sevgi yaşasam belə, ailəmi üstün bilərəm”.

Hələ subay olan Fəxri İsmayılov evli olduğu halda belə bir sevgi yaşasa, birmənalı şəkildə ailəsini seçəcəyini bildirdi: "Çünki bunu yaşamış bir övlad kimi ailə dağılanda onun acılarının nə olduğunu çox yaxşı bilirəm. Ancaq burda başqa məqamlar da var. Mən ailəmin təkidi ilə evləndirilib, sonra öz sevgimi tapsam, bəlkə də onu seçərdim. Ailə sevgi əsasında qurulubsa, gələcəkdə kimisə sevsə belə, ailəni üstün tutur. Həmçinin, ailə tərbiyəsindən də çox şey asılıdır”.

Ümumilikdə isə, insanlar evli kişi və ya qadının başqa birini sevməsini xəyanət və utanılacaq bir hərəkət kimi qiymətləndirirlər. Yəni ailə münasibətlərində sevgi olmasa belə, hörmət və ailə dəyərləri xatirinə onu qoruyub-saxlamaq lazım olduğunu bildirirlər.

"Məhəbbət 3 il yaşayır”
Çoxları isə düşünür ki, oğlan sevib ailə qurubsa, o, daha sonra heç vaxt başqasını sevə bilməz. Çünki sevgi daima yaşayır. Bəs həqiqətən sevgi əbədi yaşayırmı? Bəşəriyyət yarandığı dövrdən insanları maraqlandıran və cavabsız suallarından biri də budur.
Bu haqda çoxlu fikirlər irəli sürülüb, araşdırmalar aparılıb, hətta fransız yazıçısı F.Beqbeder bu haqda kitab da yazıb. Beqbederə görə, "Məhəbbət 3 il yaşayır”. Kitabda bu göstərilir. Əsərin qəhrəmanı Mark Marronye düşünür ki, bu, təbiətin qanunudur. Ancaq onun fikrincə, arvadı ilə boşanmasının bu təbiət qanuna heç bir aidiyyatı yoxdur. Sadəcə yeni məhəbbət başqa heç nəyə yer saxlamadan onu bütünlüklə əsir edir. Ancaq Mark öz nəzəriyyəsinə inanır və qorxu içində həmin tarixi günün gəlməsini gözləyir.
Müəllif bildirir: "Məhəbbətin ömrü üç ildir. Əvvəl ehtiras, sonra incəlik və nəhayət sıxıntı ili.
Birinci il deyirlər: "Getsən, özümü öldürəcəm.”
İkinci il deyirlər: "Getsən, özümü pis hiss edəcəm, ancaq yaşayacam.”
Üçüncü il deyirlər: "Getsən, bunu şampan şərabı ilə qeyd edəcəm.”

Onun fikrincə, uzunboy əsmər biri olub, ağlamaq da olar. Bunun üçün məhəbbətin üç il yaşadığını kəşf etmək kifayətdir.

4 il sonra sevgi cinsi bağlılıqla əvəzlənir
Bəs elm adamları bu haqda nə düşünür? Meksika Universitetinin alimlərinin apardıqları araşdırmalara görə, sevgi dörd ildən çox çəkmir. Eşq beyindəki bəzi kimyəvi hüceyrələrin aktiv hala gəlməsi ilə başlayır. Ən kor, qarşılıqsız sevgi belə kimyəvi hüceyrə ehtiyatları bitdikdə sona yetir. Həmin hüceyrələrin müddəti isə cəmi 4 ildir. Yəni 4 ildən sonra sevgi yerini cinsi və ruhi bağlılıqlara verir.
Beləliklə, sevgi heç də əbədi deyil. Qurulan ailələr isə istər sevgi əsasında olsun, istərsə də əksinə, bir gün dağıla bilir. Bəzən buna səbəb isə, bəşəriyyətin səcdəsində olduğu müqəddəs sevgi hissi olur… Ancaq bu məqamda o sevgi hər baxışda bir cür görünür. Çünki onu yaşatmaq üçün bir yuva yıxılır və geridə yerinə yetirilməyən öhdəliklər, sahib çıxılmayan qadın və övladlar qalır. Ziddiyyət bir daha özünü göstərir: bir tərəfdə xoşbəxtliyini tapan kişi, digər tərəfdə tərk edilmiş bir qadın…


Şərhlər:
Baxılıb: 2292
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz