Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədə xəyanət: Niyə yaranır, haradan qaynaqlanır?
Ailədə xəyanət: Niyə yaranır, haradan qaynaqlanır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1527
Səs ver:
Psixoloq: "Bizim toplumda kişinin xəyanəti normal, qadının xəyanət etməsi faciə sayılır".

Xanımlar, nə zamansa şübhələnib həyat yoldaşınızın telefonunu "qurdaladınızmı"? O yatdıqdan sonra ciblərini "qarışdırdınızmı"? Bəs siz, bəylər? Heç xanımınızdan şübhə etdinizmi? İşə və ya başqa bir yerə gedəndə onu gizlicə izlədinizmi? Həyat yoldaşınızın sizə xəyanət edə biləcəyini düşündünüzmü? Bu dəfə xəyanətdən və onu yaradan səbəblərdən bəhs edirik.

Xəyanəti yaradan səbəblər nədir?

Ailədə xəyanəti yaradan səbəblər çox ola bilər. Öncəliklə, əgər xəyanət baş veribsə, deməli, münasibətdə boşluq var. Araşdırma yazımızda ekspertlərin köməyi ilə sizə bu boşluqları yaradan problemlərdən və onların qaynağından bəhs edəcəyik.

İngiltərədə aparılan bir tədqiqat nəticəsində məlum olub ki, evli olan cütlüklərin yüzdə 21-i həyat yoldaşına xəyanət edir. Bu göstərici vətəndaş nigahında yaşayan cütlüklərdə yüzdə 51-dir.

Araşdırmanın nəticələrinə görə, qadınların 50 faizi gerçəkdən aşiq olduqları üçün, kişilərin 44 faizi qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət edir.

Kanadada aparılan digər bir araşdırmada isə məlum olub ki, kişilərin 50 faizi xanımı tərəfindən romantik və hissi qarşılıq görmədiyindən, yüzdə 30-u yoldaşı ilə "dil tapa bilmədiyindən", yüzdə 20-si isə xanımı ilə cinsi problemlər yaşadığından xəyanət edir.

Qadınlar niyə xəyanət edirlər?

Bizim cəmiyyətdə milli mentalitetimizdən qaynaqlanan belə bir fikir var: "Kişilər xəyanət edər, amma qadınlar - əsla!" Maraqlıdır ki, bu fikir artıq öz qüvvəsini itirməyə başlayıb. İndi kişilər qədər olmasa da, qadınlar da həyat yoldaşlarına xəyanət edirlər.

Amma qadın və kişilərin xəyanət etmə səbəbləri bir-birindən fərqlidir. Türkiyədə aparılan bir tədqiqat zamanı ailəli qadınlara belə bir sual ünvanlanıb: "Nə vaxtsa həyat yoldaşınızdan başqa bir kişini bəyənmisiniz?"

Cavablar 3 kateqoriyada dəyərləndirilib. Evliliyi əla durumda olan qadınların 13 faizi, normal olanların 9 faizi, evliliyi pis olanların isə 100 faizi bu suala müsbət cavab verib. Beləliklə, aydın olur ki, ailədə bədbəxt olan qadının aldatma və xəyanət ehtimalı 100 faizdir.

Xəyanət edən kişi necə bilinir?

Psixoloqlar deyirlər ki, xəyanət edən kişi özünü bəzi hərəkətləri ilə "ələ verir". Əvvəlcə xanımı bunu hiss edir, öncə bəzi məsələlərin yolunda olmadığının fərqinə varır. Daha sonra həyat yoldaşının bir sözünün digəri ilə uyğun gəlmədiyini anlayır. Həmçinin, xanımına xəyanət edən kişi onun gözünün içinə günahkar uşaq kimi baxır. Xəyanət edən kişilər evdə mümkün qədər az zaman keçirir, ailəsinə, xanımına az maraq göstərir.

Həyat yoldaşı tərəfindən aldadılan qadın bunun fərqinə vardıqda və xəyanətə əmin olduqda isə çox vaxt bunu gizlədir. Araşdırmalar zamanı məlum olub ki, yoldaşı xəyanət edən qadınların 50 faizində güvən və inam hissi "ölür", yüzdə 35-i ailənin dağılmaması naminə özünü elə aparır ki, guya heç nədən xəbəri yoxdur, 15 faizi isə konkret olaraq boşanır. Qısası, əri xəyanət edən qadınların yüzdə 85-i "taleyi ilə barışır".

Kişilər istəmədən də xəyanət edə bilirlər

Ekspertlər deyirlər ki, xəyanətlərin əksəriyyəti ailədəki bədbəxtliyin kompensasiya edilməsi məqsədi ilə başlayır. Xəyanətlər əsasən evliliyin ilk 10 ili ərzində baş verir. Xəyanət edən kişiləri 2 kateqoriyaya bölürlər.

1. Daima xəyanət meylində olanlar - bu cür kişilər qısa və davamlı olmayan əlaqələrə üstünlük verirlər və heç bir əlaqələrində uğurlu ola bilmirlər.

2. Təsadüfən xəyanət edənlər - bu cür kişilər istəmədən bu vəziyyətə düşürlər. Onlar daha çox evli və nisbətən daha yaşlı qadınların bir növ "toruna düşürlər".

Psixoloq Xatirə Səfərova hesab edir ki, xəyanət başqasını deyil, özünü aldatmaqdır. Çünki real həyatından razı olmayanlar xəyanət edir və bu xəyanəti ilə gerçəkliyi dəyişə bilməzlər. Ona görə də sadəcə, özlərini aldadırlar:

"Ailədə xəyanət kişi tərəfindən baş veribsə, o zaman qadın düşünməlidir ki, mənə olan xəyanət öz cinsimdəndir, yəni mənimlə eyni cinsdən olan biri ilə xəyanətə uğramışam və bu düşüncə ilə analiz etməlidir, hansı səbəbdən bu xəyanət baş verib? Qadın özünə və xarakterinə, davranışlarına obyektiv yanaşsa, o zaman xəyanətin səbəbini aşkarlamış olar".

Qadının xəyanətinə gəlincə isə, psixoloq hesab edir ki, qadının düşüncəsində ön yerdə cismani ehtiyaclar deyil, mənəvi ehtiyacdır. Qadın özünə sübut etmək istəyir ki, o, dəyərsiz və lazımsız deyil. Çünki ailədə kişinin laqeydliyi qadına lazımsız olduğunu təlqin edir.

Psixoloq: "Kişinin xəyanəti normal, qadının xəyanəti faciə sayılır"

Həm psixoloqlar, həm də sosioloqlar deyirlər ki, qadınlar heç bir halda əmin olmadan qəti hərəkət etməməlidirlər. Mütləq şübhələrini həyat yoldaşları ilə paylaşmalıdırlar. Xəyanətin səbəblərini öyrənmək, durumu dəyərləndirmək lazımdır. Kişinin xəyanətinin səbəbi qadın da ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi, kişilər çox vaxt ailədə xanımlarından yetərli diqqət görmədiklərindən xəyanət edirlər.

Psixoloq Sahil Əbilov deyir ki, bu, kişilərə də aiddir. Xanımının xəyanətindən şübhələnirsə, öncəliklə buna əmin olmalı, daha sonra onunla sakit bir tərzdə danışmalı, səbəbini öyrənməli, daha sonra qərar verməlidir:

"Elə kişilər var ki, özlərini ideal hesab edir və xanımlarının xəyanətinin özləri ilə bağlı olmadığını düşünürlər. Amma təcrübəmə əsaslanaraq bildirim ki, istər kişi olsun, istərsə də qadın, xəyanəti yaradan səbəb ilk növbədə ailədə yaşanan problemlərdir. Əks tərəfin diqqətinin azaldığını və sevgisinin tükəndiyini görən qadın və ya kişi xoşbəxtliyini kənarda axtarır".

Sahil Əbilov deyir ki, kişi dəfələrlə xanımına xəyanət edir, amma qadın xəyanət edərsə, ona ən acımasız cəzanı verməyə də hazır olur:

"Bizə müraciət edənləri diqqətlə dinləyirik, gərəkli məsləhətləri veririk, amma pasiyentlərimizə özəlliklə deyirik ki, xəyanət alqışlanacaq bir hərəkət deyil, ailə müqəddəs məkandır, onu kirlətmək, yad nəfəsi oraya gətirmək doğru deyil, səbəbi hər nə olursa-olsun, nə qadın, nə də kişi bunu etməməlidir".

Düşüncədə xəyanət

Elə ailələr də var ki, ya kişi, ya da qadın cismən olmasa da, düşüncə və fikir ilə də xəyanət edir. Bəzi psixoloqlar bunu xəyanət hesab etmirlər, çünki bu düşüncə realda həyata keçirilmir və heç kimə zərəri yoxdur.

Ekspertlər deyirlər ki, düşüncədə xəyanət edənlər ailənin təzyiqilə evlənənlər, qohum evliliyi edənlər və ya aralarında yaş fərqi çox olanlardır: "Tutaq ki, valideynlərinin sözündən çıxmayıb evlənib, amma sevgi hissi, eşq yoxdur. Ola bilər ki, evlilikdən öncə, yaxud da evləndikdən sonra ürəyinə girə biləcək birini görüb, vurulub. Eşqini kimsə bilmir, heç sevdiyi insan da. Bu cür sevgilər bəzən xəyanət adlandırılır, bəzən yox".

Psixoloq Xatirə Səfərova qeyd edir ki, bir insan nə istədiyini müəyyən etməsə, öz emosiyalarını nə iləsə kompensasiya etməli olur: "İnsanın həyatdan aldığı travma və ya mənfi hadisələr müəyyən vaxtdan sonra sublimasiya olunur. Bu, ola bilər, yaradıcı işdə, böyük əsərlər yazmaqda, idmanda və s. hallarda sublimasiya olunsun.

Bəzən isə insan öz içində kimisə sevir və ya bəyənir. Bu düşüncəni reallığa keçirmədən, gizlicə yaşayır. Bu hissləri yaşamağın adı xəyanət deyil, insanın öz motivini müəyyənləşdirməsidir".

Sosioloq: "Əfsuslar olsun ki, toplum olaraq o dəyərləri yaxşı qiymətləndirə bilmirik və ailəni zamanın hökmünə buraxırıq"

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, xəyanəti yaradan birinci səbəb mənəvi aşınmalardır: "Bizim ata-analarımız da problemlərlə qarşılaşıblar, amma ailə bu səbəbdən dağılmayıb. Çətinlik də görüblər, pis gün də, amma hər iki tərəf bir-birinə sədaqətli olub".

Sosioloq deyir ki, insanlar Avropanı örnək götürərək milliliyi unudurlar: "Bizim bütün dünyada adla deyilən, həsəd aparılan ailə dəyərlərimiz vardı, yüksək səviyyəli ailə institutumuz vardı. Əfsuslar olsun ki, toplum olaraq o dəyərləri yaxşı qiymətləndirə bilmirik və ailəni zamanın hökmünə buraxırıq".

Əhməd Qəşəmoğlu qeyd edir ki, problemlərin həlli mümkündür, amma gərək təşəbbüs göstərilsin, ekspertlər toplansın, dərin elmi, sosioloji və psixoloji təhlillərdən ibarət fəaliyyət planı hazırlansın. Ondan sonra bu istiqamətdə işləmək və daha yaxşı nəticə əldə etmək mümkündür.


Şərhlər:
Baxılıb: 1527
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz