Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Qızım dedi ki, anam hər gecə bizi tək qoyub harasa gedir..."
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 11040
Səs ver:

 

Saleh "Taleyin şəkli”ni oxuduqdan sonra özü haqda elektron ünvanımıza yazıb görüşmək istədi.

Şəhərdə görüşdük. Acınacaqlı taleyi bu dünyada təkcə qadınlar yaşamırmış, sən demə. Onun taleyinin şəklini çəkmək elə də asan deyildi. Bir kişinin belə bir ağrılı həyat yaşaması, heysiyyatının sındırılması həqiqətən də çox ağrılıdır. Onun adı Salehdir. 14 il əvvəl ailə həyatı qurub. İxtisasca ibtidai sinif müəllimidir. 

Deyir ki, onun təhsil aldığı dövrlər keçmiş Sovet İttifaqının yaxşı vaxtlarına düşüb. O illərdə heç kim fikirləşmirdi ki, gün gələcək, ibtidai sinif müəllimi olan ailə başçısı evini, ailəsini dolandıra bilməyəcək. Ancaq uşaqları və öyrətməyi çox sevirmiş. Təhsilini başa vurduqdan sonra bir müddət doğulub böyüdüyü rayonda dərs deyib. Daha sonra müharibə başlayıb. Çoxları kimi, o da müharibəyə gedib. 8 ay vuruşduqdan sonra II qrup əlil kimi geri dönüb. Əmək qabliyyətini müəyyən qədər itirən Saleh başında qəlpə gəzdirdiyi üçün əsəbi, gərgin bir insana çevrilir. Beləliklə, bir daha məktəbə - müəllimliyə qayıda bilmir. Güzəranını xırda alver etməklə qazanır...


Saleh valideynlərinin təkidi ilə xalası qızı Aliyə ilə ailə həyatı qurub. Dediyinə görə, münasibətləri həmişə mükəmməl olub. Aliyə ona nə maddi sıxıntılarına görə, nə də ki, səhhətindəki problemlərinə görə eyham vurmayıb. Onların birgə nigahdan 2 övladı dünyaya gəlir. Övladlarının məsuliyyətini çəkə bilmək üçün Saleh gecəsini gündüzünə qatıb işləməyə başlayıb. "20 Yanvar” metrosunda alver edən Saleh ailənin maddi tələbatlarını ödəməyə nə qədər cəhd etsə də, yenə də maddi sıxıntıdan çıxa bilməyib. Saleh əmisi oğluna qoşulub İstanbula, Təbrizə satmaq üçün mal gətirməyə gedib. Hər dəfə gedəndə Aliyə onu necə lazımdırsa, yola salıb, evdən, uşaqlardan arxayın olmasını istəyib...

Saleh deyir ki, bu neçə ildə Aliyədən bircə dəfə də inciməyib. Arvadı onunla həmişə yaxşı davranıb. Bakının kəndlərindən birində böyüyən Aliyənin təhsili olmadığına və atasının evində heç vaxt çöl-bayır görmədiyinə görə, arvadından heç vaxt işləməyi tələb etməyib. 

Əli alverdə elə də gətirməyən Saleh sonuncu dəfə Türkiyədən maddi zərərlə geri qayıdıb. Ailənin maddi problemləri buna görə çoxalmağa başlayıb. Evin xərclərini çatdıra bilmək üçün dostlarından borc alır. Metrodakı piştaxtası kanalizasiya suyunun altında qaldığına görə əli ordan da çıxır. Bundan sonra Saleh kreditlə maşın alıb gecələr taksi fəaliyyəti göstərməyə başlayır.


Saleh 4 aya yaxın gecələr taksidə işləyir. Deyir ki, bu müddətdə də Aliyənin nədənsə şikayətləndiyini eşitməyib. Ancaq evdəki maddi problem də heç vaxt dözülməz həddə çatmayıb. Saleh mətbəx xərcliyi üçün cüzi miqdarda pul versə də, evdə artıqlaması ilə hər şey olub. Aliyə anasının onlara aradabir pul göndərdiyini əsas gətirərək xərcliyinin olduğunu deyib...


Salehin qızının 7, oğlunun 10 yaşı var. Hər ikisi məktəbdə yaxşı oxuyur. Saleh deyir ki, maddi problemlərinə baxmayaraq, uşaqları onu heç vaxt incitməyib. Söhbəti boyu dəfələrlə qeyd edir ki, ailəsində heç vaxt narazılıq olmayıb. Ətrafdan onlara hamı ideal ailə kimi baxıb...

Amma... Saleh onun həyatını alt-üst edən gecəni yadına salıb dəfələrlə intihara cəhd edib. Deyir ki, Aliyə ilə bir-birlərinə aşiq olub evlənməsələr də, ünsiyyətləri çox yaxşı alınıb. Aliyənin hər şeylə razılaşması, xoş xasiyyəti onu xoşbəxt edib. Ondan heç vaxt pis hərəkət, xəyanət gözləməyib, hətta ağlına belə gətirməyib. Bəlkə elə buna görə də yaşadıqlarının şokundan çıxa bilmir. İllərlə aldadıldığını həzm edə bilmir...


Bir gün... Salehin qızı Qönçə baxçadan – onda uşağın 5 yaşı varmış - evə dönərkən atasına deyir ki, o, gecələr çox qorxur. Saleh onu əvvəlcə ciddi qəbul eləmir. Qönçə uşaq ağlı ilə bir də atasına yalvarır ki, gecələr evdən getməsin, o, çox qorxur. Saleh isə qızına deyir ki, evdə anası, qardaşı ola-ola qorxmamalıdır, o, artıq böyük qızdır. Qönçə cavab verir ki, anası hər gecə o, işə getdikdən sonra evdən gedir. Evdə qardaşı Əli ilə tək qalırlar. Hər gecə anası onlara tapşırır ki, gözünüzü yumub yatın, bir azdan gəlirəm. Ancaq anası geri gəlmir ki, gəlmir. O isə çox qorxur...

Salehi fikir götürür. Əvvəlcə Qönçənin dediklərini uşaq fantaziyası sayır. İşdə, evdə harda olsa, Qönçənin dedikləri ağlından çıxmır. Oğlu Əlidən isə ürək edib heç nə soruşa bilmir. Bir dəfə Qönçə yenə baxçadan gələndə atasına deyir ki, o, gecələr qorxur. Anası onları təkbaşına evdə qoyub gecələr harasa gedir... 

Maraq, qısqanclıq, nifrət bir andaca Salehi öz ağuşuna alır. Bir gecə Aliyəni güdməyi qərara alır. Hər günkü kimi, axşam saat 8-də işə getmək adı ilə evdən çıxır. Evlərinin yaxınlığında maşını qaranlıq yerə çəkib saxlayır. Saat 22.00-da evlərinin işıqları sönür. Bu, o deməkdir ki, uşaqları yatmağa gedir. Bir saat da keçir. Pəncərədən dəhlizin işığının yanmasını görür. Aliyə astaca qapıdan çıxır. Saleh maşından düşüb qaranlıqda onun arxasınca gəlir. Aliyə isə iki bina aralıda dayanmış maşına minib uzaqlaşır. Saleh öz maşınına tərəf qaçana qədər Aliyənin oturduğu maşın uzaqlaşır. Saleh evə gəlir. Baxır ki, qızı Qönçə çoxdan yatıb. Oğlu Əli isə otağın bir küncünə qısılıb sakit-sakit ağlayır. Atasını görən Əli diksinib qorxur. Ata-oğlu qucaqlaşıb ağlayırlar. Atası Əlidən heç nə soruşa bilmir. 

Saleh söhbəti boyu həmin məqamları xatırlayıb ürəyini tutur. Deyir ki, oğlu Əli gözünün içinə baxa bilmirdi. Həm utanc, həm də qorxu onu sıxırdı. Atasına bu müddətdə anasının gecələri evdə keçirməməsini deməməsinin səbəbini isə onun anasını öldürəcəyindən qorxması olub. Əli atasına deyirmiş ki, televizorda atası anasını öldürən uşaqları görüb... Bəlkə də uşaq ağlı ilə xəyanəti, ölüm qorxusunu hiss edib... Anası isə...


Səhər erkəndən evə qayıdan Aliyə Salehlə qarşılaşanda heç bir izah verə bilmir. Oğlunu məktəbə, qızını isə baxçaya aparıb evə qayıtdıqdan sonra Saleh Aliyəni evdə tapa bilmir. O, deyir ki, həmin məşum gecə səhərə qədər xəyalında Aliyəni öldürdüyünün, tikə-tikə doğradığının planlarını qursa da, səhərə qədər özünü ələ almağı bacarıb. Qucağında yatan Əlini yatağına qoyandan sonra özünü öldürməyi də fikirləşib. Yaxınlıqdakı məsciddən gələn azan səsi onu bir anlıq qəflətdən oyadıb. İntiharın, adam öldürməyin onun bacaracağı iş olmadığını anlayıb. Aylardan bəri gecələr qorxu içində, tək yatan körpələrinin yan otaqdakı hənirtiləri onu çəkindirib. Lakin Aliyə ilə haqq-hesabı çürütməyi birmənalı olaraq qarşısına məqsəd qoyub. İllərlə ona ikiüzlülük edən qadınla eyni evi paylaşa bilməyəcəyinə əmin olub. Keçirtdiyi sarsıntılara gücünün çatması üçün səhərə qədər eqosu ilə iradəsi arasında çarpışıb.


Aliyə isə... Qısa bir məktub yazaraq aradan çıxıb. Aliyənin son sözü bu olub: 

"Sən əlil idin, yazığım gəldi, ərə getdim. Başqasını sevirdim. Qönçə də onun qızıdır. Əli səndə qalsın. Qönçəni mənə ver...”

Saleh deyir ki, bu təklif də onu dəhşətə gətirib: "İllərlə məni aldatmağı, ələ salmağı bəs deyilmiş kimi, qızımı da əlimdən almaq istəyir”. 

Artıq Aliyənin evi tərk etməsindən xeyli vaxt keçib. Salehin qaynanası - Aliyənin anası baş verənlərə dözməyərək infarktdan dünyasını dəyişib. Aliyə hazırda Rusiyanın Yekaterinburq şəhərində yaşayır. Rəsmi olaraq boşanıblar. Qızı Qönçəni Salehdən almaq üçün məhkəmədə iddia qaldırıb. Salehin isə Qönçəni tanımadığı adama vermək niyyəti yoxdur. Onun fikrincə, Qönçə elə onun qızıdır. Qönçəni o, böyüdüb, doğulandan bəri öz qızı kimi sevib. Onun xəyanətin qurbanı olması ədalətsizlik olardı... 

Saleh indi iki övladını təkbaşına böyüdür. Hər gün uşaqları yuxuya getdikdən sonra Aliyəyə lənət yağdırdığını gizlətmir. Uşaqlar xəyanətin nə demək olduğunu bilməsələr də, analarının qəfil yoxluğundan əziyyət çəkirlər. O, uşaqlara heç nə deyə bilmir, özü isə hər gün ağlayır. Saleh ağladığını gizlətmir. Deyir ki, ağlamaq kişilikdən heç nəyi əksiltməz. Onun elə dostları var ki, xəyanətə görə arvadını öldürmədiyi üçün onu qınayır: "Bəs övladlarım? Onlar böyüyəndən sonra məni bağışlamazdılar, onları təkbaşına, köməksiz qoyub həbsxanaya gedə bilməzdim” - deyir.


Qönçə tez-tez anasını soruşur: ”Anam gecə getdi, qayıtmadı” - deyib ağlayır. Əli isə... Əli iki aydan çox heç kimlə danışmaq istəməyib. Saleh günlərlə Əlini uşaq psixoloquna aparıb. İndi isə hər şey yavaş-yavaş qaydasına düşür. Lakin Salehi bircə şey narahat edir. O da Aliyənin Qönçəni ondan ala bilmək ehtimalı...

Söhbətimizin sonunda Saleh deyir ki, "bu danışdıqlarıma görə məni qınamayın, mənə "qeyrətsiz” deməyin. Heç vaxt ailəmi diqqətsiz, gücüm çatdığı qədər maddi sıxıntı içində qoymamışdım. Özümü bir neçə yerə parçalamışdım. O qədər işin arasında Aliyənin ən kiçik problemlərini belə çalışırdım ki, özüm həll edim. Baş verənlərdə günahsızam. Mən zərərçəkənəm. Xəyanət görmüşəm. Həyatım yarıda sınıb. İndi isə uşaqlarıma görə yaşamağa məhkumam...”


Asya (Publika)

 



Şərhlər:
Baxılıb: 11040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz