Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tanrıdan əhdim budur, toyunu görüm, bala...
Tanrıdan əhdim budur, toyunu görüm, bala...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1546
Səs ver:
İzahlı lüğətlərə baxıram: Toy – evlənmə, nikahın qeydə alınması ilə əlaqədar mərasim, habelə həmin mərasimlə əlaqədar olaraq düzəldilən şənlik, şadlıq məclisi deməkdir. Bu mərasimin əsas şərti qızın ata evindən bəyin evinə köçməsidir. Matriarxat dövründə sadə mərasim olub. Patriarxat dövründə təknikahlılıq (monoqamiya) bərpa olduqdan sonra xüsusilə geniş yayılmağa, forma və məzmununu dəyişməyə başlamışdır. Diapozonu, istinad etdiyi anlam bəsitləşdirilməyibmi, görən? Nərgizi üzək, layla, Telinə düzək, layla. Sən böyü, biz qocalaq, Toyunda süzək, layla... Fikir verirsinizmi, burada hansı evlənmə, nikah mərasimindən söhbət gedə bilər? Hələ əlindən yatmaqdan başqa heç nə gəlməyən bir tifilə anası, nənəsi "toy tutur”, atını dördnala bu arzunun gerçəkləşəcəyi günə çapır... Laylası dərin bala, Yuxusu şirin bala, Tanrıdan əhdim budur, Toyunu görüm, bala. Deməli, əslində evlənmə, nikah mərasiminin reallaşdığı gün kimi izah edilən toy sözünün cövhərində daha dərin mənalar var… Deməli, hər kəsin toyu nikah mərasiminin baş tutduğu gündən yox, hələ beşikdə ikən başlayır. Həyat mövcud olandan saf məhəbbətlə sevmək və bu məhəbbətin arzularında vüsala qovuşmaq insanlıq aləmini düşündürmüşdür. Təkcə əza həzzi almaqdan ötrümü? Təkcə gözümüzün qurdunu öldürməkdən ötrümü? Yox, bu hissləri heç məhəbbətə yaxın buraxmamalı... İnsan həmişə sevgi acı olmuşdur, çünki özü dərin bir sevginin ehtiyacından, ülfətindən yaranmışdır.. Yarananda başının üstündə Ay, Günəş, ulduzlar, ayağının altında da torpaq.. Uca Allah hələ özündən öncə onun yaşaması üçün lazım olan bütün ruziləri də bəxş etmişdi: su, hava, bitki, meyvə… Sevgi də Allahın bir ruzisidir… Sevgi- bütün ruzilərin şahı. O olmasa heç torpağı, anamızı da sevmərik. O olmasa, bir şitili belə torpağa sancmarıq. O olmasa, əkdiyimiz, biçdiyimiz heç nəyin bərəkəti olmaz… Bax, toy mərasimi hər iki tərəfin bu ruzinin elin gözü qarşısında qazandığı gündür. Həyatın, insanlığın davam edəcəyinə ümidlərimizin torpağa sancıldığı gündür, göyərsin deyə… Akademik Vaqif Abbasov yazılarının birində çox gözəl deyib ki, dünyaya gələn hər körpə uşaq Allahın insanlardan əlini üzmədiyinə bir nişanədir. Bu mənada , ən başlıcası, toy Allahın buyurduqlarına bizim sədaqət əhdimizdir. Toy iki gəncin bir-birinə qovuşduğu, onlar üçün sərbəst, xoşbəxt ailə qurmaq günüdür. Toy insanlar arasında ülfət və ünsiyyəti möhkəmləndirən gözəl şadyanalıqdır. Toy iki ailənin, iki nəslin şadyanalığına elliklə ehtiramın təsdiqi günüdür...Toy yeni-yeni toylara, yeni-yeni sevgilərə nişan verən səadət ünvanıdır....Toy elin gözü qarşısında subaylığın yenildiyi gün..Toy 9ay, 9 gün, 9 saat, 9 dəqiqə, 9 saniyədən sonra aşılacaq bir könül laləsinə xeyir-dua günüdür... Toy hər oğlumuza, qızımıza arzuladığımız ən hərarətli arzudur... Məhz buna görə də bizim xalqımıza məxsus toy adət-ənənələri öz dolğun məzmunu və müxtəlifliyi ilə zəngin və qədimdir. Çox qədimdəki toylarımız məişət əyləncələri ilə də zəngin olmuşdur. O vaxtlar radio, televiziya, musiqili tədbirlər yox dərəcəsində olduğundan toy həm də evlənmə mərasimi çərçivəsindən çıxaraq ictimai-mədəni bir şənlik məclisinə çevrilirdi. Toylarımızda ailə-məişət mövzusunda "Kilimarası”, "Qara göz”, ” "Şah Səlim”, "Haçı gəldi” kimi tamaşalar göstərilir, cıdır, güləş, kollektiv rəqslər və s. əyləncəli tədbirlər keçirilmişdir. Toy adətlərimiz özü bir neçə mərhələdən ibarət olmuşdur: qız bəyənmə, söz kəsdi, elçilik, qız evinə şirni göndərilməsi, qız evində paltarkəsdi, xına geçəsi, kəbin kəsilməsi, toy və gəlin”üzəçıxdı”sı... Yaşlı nəslin nümayəndələrındən toylarımız haqqında çox eşitmişik. Onlar söyləyirlər ki, keçmişdə oğullarını evləndirmək istəyən atalar qohum-qardaşlarını evlərinə çağırıb məsləhətləşərdilər. Qız seçildikdən sonra oğlan xalası və ya bibisi qız evinə gedər, elçi gələcəkləri üçün onlardan icazə alardılar. Elçi getməmişdən əvvəl müəyyən vasitələrlə qız tərəfinin, qızın özünün münasibətini öyrənər, yalnız bundan sonra elçi gedərdilər. Elçilərə çay süfrəsi açılar, söhbət başlayardı. Qızın valideynlərinə gəlişlərinin məqsədlərini deyərdilər. Əgər "razılıq" verilsəydi, yalnız bundan sonra süfrəyə şirin çay gələrdi. Sonra nişan mərasimi olardı. Qız ər evinə gedənə kimi bütün bayramlarda oğlan tərəfi qız tərəfinə, qız tərəfi də oğlan tərəfinə bayram payı, müxtəlif hədiyyələr aparardı... Qız ata evindən gəlin köçərkən arxasınca su atılması, oğlan evində qarşılanarkən ayaqlarının altında qurbanlıq qoyun kəsilməsi, başı üstündən şirniyyat qatılmış düyü səpilməsi, ər evinə çıxarkən ayaqlarının altlnda boşqab sındırılması, zifaf gecəsi, səhəri gün "üzəçıxdı” mərasimi, böyük şadyanalıq, dərhal qız tərəfinə xonça göndərilməsi və sairlər təkcə mərasim xatirinə keçirilməzdi. Bütün bunlar hər iki gənc qarşısında ciddi vəzifələr qoyardı, onlar ailə həyatına daha məsul yanaşardılar. Bu ailələr çox etibarlı olurdu. O vaxtlar ailə dağılması nəinki iki nəslin(həm o tərəfin, həm bu tərəfin), eləcə də bütün kəndin , bütün obanın faciəsi sayılırmış. Bu gün toylarımız da çox dəyişilib, gənclərimiz də. Heç bilmirsən harda tapışdılar, harda sevişdilər .Ata-ana bir də görür ki, övladları gəlib deyir ki, biz bir-birimizi sevirik, toyumuzu edin. Əvvəllər toy edən gənclərimiz bir neçə il ata-ana yanında olmalı idilər. Bu, həmin gənclərin ailə, ər, qadın olmaq haqqına, kişilik, qadınlıq qayğılarına hazırlıq məqsədi ilə vacib idi.Amma indiki gənclər birbaşa şadlıq evindən əlahiddə evə köçmək istəyirlər ki, əllərinə-ayaqlarına toxunan olmasın. Nə vaxt yatıb-durmaqlarından heç kim əndişələnməsin. Öz üzərlərində qaynata-qaynana baxışları hiss etməyən, bu baxışlarda cilalanmayan təzə bəy-gəlinlər qarşılaşdıqları ən kiçik məsələləri belə həll edə bilmədiklərindən böyük problemlərə yol açırlar. Bugünkü toylarımızın unudulan bir hissəsi də yengə ilə bağlı məsələdir.Yengə adını eşidən əksər gənclərimiz az qala aləmi qarışdırmaq istəyirlər. Yengə xidmətini biabırçılıq, gerilik kimi qəbul edirlər. Əslində bunların hər biri dönə-dönə zamanın sınağından çıxıb.Bu mərhələlərin hər birinin özünün mənası, əhəmiyyəti vardır. Mən də qəbul edirəm ki, toy adətlərimizin təkibində utancverici elementlər olub.Məsələn, qız evinin öz qızları üçün aldığı haqq. Onu da deyim ki, bu cür haqq alma təkcə bizim xalqa aid deyil. Dünyanın bir çox yerlərində belə haqq alınıb. Avropada buna "veno”, türk xalqlarında "başlıq”, "kalım” deyirlər. İnsanların həyat şəraiti yaxşılaşdıqca, düşüncə tərzlərində müasirləşmə baş verdikcə bu haqqın alınmasına da son qoyuldu. Amma yengə bizim toylarda qalsa yaxşıdır. Bu, mənim şəxsi fikrimdir. Əgər xatırlayırsınzsa, hamımızın ehtiram bəslədiyimiz iki məşhur sənətçimiz ailə qurandan sonra mətbuatda yazı getdi ki, xanım nikahdan qabaq hamilə imiş. Yengəlik məhz bu cür halların qarşısını almaqdan ötrü bir cavabdehlik, məsuliyyət hissidir. Bu, təkcə toyu olan iki gənc üçün deyil, həm də gələcəkdə ailə quracaq qız və oğlanlar üçün ictimai bir nəzarətdir. Amma təəssüf ki, yengəlik getdikcə öz mahiyyətini itirir, çünki bunu bir qazanc vasitəsinə çevirmək hədəfi var. O adam yengə gedə bilər ki, o, ailəyə, qadınlığa nümunə ola biləcək xanımlarımızdan olsun.Türk qardaşlarımız qardaş arvadına "yengə” deyirlər. Yəqin ki, yengələrimiz də gəlinə, bəyə qardaş arvadı, bibi, xala qədər yaxın olmalıdır. Biz ata-babalarımızdan miras qalan toy adətlərimizi yaşatmalıyıq.
Müdriklərimizin zaman –zaman yaratdıqları əxlaq məcəlləsini, ailə, ər-arvad münasibətlərni onlardan necə qəbul etmişiksə, gələcəyə də elə ötürməliyik. Müşahidələr göstərir ki, bu məcəlləyə uyğun qurulan ailələr daha etibarlı, daha sədaqətli olurlar. Bəs, Siz necə fikirləşirsiniz?
Toy adət-ənənələrimizi modernləşdirməliyik, yoxsa, olduğu kimi saxlamalıyıq ?


Şərhlər:
Baxılıb: 1546
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz