Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Klassik toy ənənələri unudulur.?
Klassik toy ənənələri unudulur.?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1330
Səs ver:
Hər birimiz doğmalarımıza, övladlarımıza "şahlara" layiq təmtəraqlı toy etməyi arzulayırıq. Belə toyların iştirakçısı olmaq istəyirik. Gül-çiçək, gözəl libaslar, bəzək-düzək toylarımızı təntənəli etməklə bərabər, həm də daha yaddaqalan edir. Yeni ailə quran cavanların toyu qohumların uzun müddət yaddaşında qalır, sevinci həyatı boyu qəlblərdən silinmir.
Gəzib gördüyümüz, televiziya ekranlarından seyr etdiyimiz Avropa toylarına xas olan bir çox təmtəraqlı toy elementləri artıq bizim toy elementlərimizə inteqrasiya edib. Lakin başqa xalqların toy adətlərindən fərqli olan milli çalarları saxlamaq, onun təkrarsızlığını, bənzərsizliyini yaşatmaq həyati zərurət, milli vətəndaşlıq borcumuzdur. Müasirlik, inkişaf gözəldir. Ancaq hər bir xalqın özünəməxsus adət-ənənəsi var. Çalışmaq lazımdır ki, bu adət-ənənələr unudulmasın. Düzdür, bəzi adətlər ola bilər ki, bu gün köhnəlik, geridəqalmışlıq kimi görünsün, ancaq bizim çox gözəl, mənalı, lazımi toy adətlərimiz var ki, onları unutmaq olmaz. Onları unutmaq milli mənsubiyyətimizi unutmağa, keçmişimizdən imtina etməyə gətirib çıxara bilər. Biz nə qədər müasirləşsək də, şərqin özünə aid müəyyən milli adət-ənənələri var. Biz mərasimlərimizdə həmin ritualları, adətlərimizi yaşatmağa borcluyuq. Bizi bəlkə də qərbdən, digər millətlərdən fərqləndirən məhz elə milli adətlərimiz, rituallarımız, milli irsimizdir. Bunu qorumaq isə əslində hər birimizin üzərinə düşən məsuliyyətdir.

Əvvəllər qohum-əqrəbada toya hazırlıq xüsusi sevgi ilə başlayardı, bu gün isə bu problemə çevrilib. Toya getməyi bir çox ailələr artıq problem kimi qəbul edir. Bir-birini sevib evlənən iki gəncin sevincini toya gələn 500 nəfərdən bəlkə də heç 50-si hiss etmir. Əvvəllər toylarda bəylə gəlin rəqs etməzdi, gəlin ağsaqqalların, ağbirçəklərin izni olmadan ayağa qalxmaz, qol qaldırıb oynamazdı. Amma indi «qonşudan nəyim əksikdi? O elədisə, mən də etməliyəm» düşüncəsiylə toydan əvvəl gəlinlə bəy pul verib xüsusi rəqs dərnəklərinə də gedirlər. Hələ bəzi toylarda gəlinin ağ gəlinliyinin ətəyini qaldırıb kişilərlə bir arada "şıdırğı" vurub, «Tərəkəmə» oynamasından danışmırıq. Əvvəllər bunlara rast gələ bilməzdik. İndi isə gəlin qonaqlardan çox oynayır.
Toylarımızın mənfi tərəflərindən o qədər danışmaq olar ki. Sonda qalan yeməklər, «səs-küy» xarakterli «musiqi», içib hadisə salmaq, gəlinlərin açıq geyimi, köhnə yeməklər və s. Kənd toylarına maraq azalsa da, bu toyları sevənlər az deyil. Müzakirə mövzumuz toylarımızdırsa, bundan çox danışmaq olar. Toy edən valideyni bir məsələ narahat edir. Görəsən xərcini, borcunu ödəyə biləcəkmi? Restorana borclu qalmayacaq ki? Sizcə bu doğrudurmu? Bu günün toylarında həddindən artıq israfçılığa yol verilir. Hər toyda süfrəyə 20-30 çeşiddə xörək düzülür. Əl vurulmamış xörəklər isə növbəti toyun süfrəsinin bəzəyinə çevrilir. Yəqin ki, dünyanın heç bir ölkəsində toylarda bizdəki qədər yemək yeyilmir. Əksər müasir toylarda əsasən kimin-kimdən daha imkanlı olmasını diqqətə çatdırmaq meylləri daha çoxdur. Yuxarıda da qeyd etdiyimiz kimi, süfrəyə saysız-hesabsız təamlar düzdürülür — müxtəlif kabablar və soyuq yeməklər qoyulur. Bu prosesdə ayrı-ayrı şəxslər maraqlı olmaqla yanaşı, şadlıq sarayları da bir-birlərilə əsl bəhsə girirlər.

İndi elə bir vəziyyət yaranıb ki, toyda ağız deyəni qulaq eşitmir. Səs-küy əlindən nə oxuyana qulaq asan var, nə də sağlıq deyənə. Çoxu toya ancaq içki içməyə, atılıb-tullanmağa gedir. Bir müddət öncəyə qədər isə məclislərə, toy mərasimlərinə ağsaqqallar, el içində nüfuzu olan şəxslər xeyir-dua verirdilər. Bu gün isə onları bir-iki dəyərsiz, məntiqsiz və mənasız şeirlə məclisi yola verməyə çalışan «tamada»lar əvəz etməyə başlayıb. Hələ bu harasıdır? Bir də görürsən ki, toyun ən şıdırğı vaxtında həmin «tamada» mikrofonu əlinə alır və gurultulu, zırıltılı, partıltılı və cartıltılı alqışlarla şadlıq evinin bəy-gəlinə hədiyyəsini məclisə dəvət edir. Və budur, qırmızı burun, qıvrım, yaşıl saçlı kloun artıq «tamada»nın yanındadır. Bəylə gəlinə özünəməxsus tərzdə xeyir-dua verdikdən sonra təlxək başlayır camaatı əyləndirməyə. Sanki toyda yox, sirkdəyik…
Musiqidən isə danışmağa heç dəyməz. Toylarımızda artıq səsgücləndiricilərin sahəsində toyda bir saatdan artıq oturan qonaq kar vəziyyətdə qalır. Toya gələn qonaq istirahət etmək əvəzinə, səs-küydən əziyyət çəkir. İki qonaq bir-biri ilə danışarkən mütləq qışqırmalı olur ki, biri digərinin dediyini eşitsin. Üstəlik, toylarda səslənən bəsit, bayağı musiqilərin səslənməsi də qonaqları yorur. «Bir aləmsən, sarı gəlin», «Bəzənin qızlar, bəzənin», «Ay mənim Fatma nənəm», «Xatuba» və digər bu qəbildən olan səviyyəsiz musiqi sədaları altında bığıburma kişilər xanımları ilə birlikdə girirlər ortaya və başlayırlar atılıb-düşməyə. Ta ki, qan-tərə batınca meydandan çıxmırlar. Hələ üstəlik, ləhləyə-ləhləyə tanış-bilişlərinin də qolundan tutub zorla stuldan qaldırırlar ki, mən ölüm, gəl oyna. Beləcə, 10 nəfərlik kiçik bir meydana azı 25-30 nəfər doluşur və hamı da musiqinin sözlərinə, onun ritminə məhəl qoymadan qol-qanad açıb atılıb-düşür. Birinin əli digərinin başına, o birisinin ayağı bu birisinin belinə dəyə-dəyə oynayırlar, bizim toylarda. Məhz bütün bunlardan sonra bəzi müasir toylarımızın vurduğu mənəvi zərbə uzun müddət xatirələrdən silinmir.
Milli adət-ənənələrimizə yad olan, toy şənliyinə yaraşmayan ən kobud səhvlərdən biri də əsasən şou-biznesin fəallarından olan müğənnilərin fonoqrama disklərindən istifadə etmələridir. Bəzən elə olur ki, bir nəfər müğənni eyni vaxtda 3-4 toyu «yola verməli» olur. Söz yox ki, bu cür hərəkət bizim xalqımızın milli adət-ənənələrinə, görkəmli xanəndələrimizə, bəstəkarlarımıza hörmətsizlikdən başqa bir şey deyildir. Orta nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, 20-30 il bundan öncə korifey sənətkarlarımızdan olan Xan Şuşinski, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Rübabə Muradova və başqalarının toy məclislərində iştirak etməsi əsl bayrama çevrilərdi. Və pulu olan hər adam bu xoşbəxtliyə nail ola bilməzdi. İndi isə bəzi müasir toylarımızda adət-ənənədən, millilikdən əsər-əlamət qalmayıb. Çünki artıq mən, sən və o, Xan Şuşinskinin zamanındakı bizlər — elmə, əsl incəsənətə, muğama lazımınca qiymət verməyi bacaran azərbaycanlılar deyilik. O dövrdən bugünədək toylarımız kimi biz də çox dəyişmişik… Toy adətlərimizə maraq göstərməklə bərabər, milli mənsubluğumuzun simvolu atributu olan milli-mənəvi irsimizin bugünkü səviyyəsi, ona olan münasibət bizi narahat edir. Bu, bir vətəndaş narahatçılığıdır. Bu, milli təəssübkeşlikdən doğan narahatçılıqdır. Xalqı yaşadan, onun kimliyini sübut edən torpağımız, dilimiz kimi milli-mənəvi irsimiz olan toy, abidələrimiz bizim milli varlıq möhürümüzdür. Zamanın ağır sınaqlarından keçib gələn, babaların bizə əmanət qoyduğu bir yadigardır. Onları bayağılaşdırmağa, meşşan, özgə donu geyindirməyə haqqımız yoxdur.

Müasir toylarımız barədə Xalq artisti Mənsum İbrahimovla da söhbət etdik. İndiki vəziyyətdən narazılığını gizlətməyən Xalq artisti «Həqiqətən çox ciddi və vacib bir məsələyə toxunmusunuz. Müasir toylarımız məni qətiyyən bir vətəndaş, bir sənətkar olaraq qane etmir. Əvvəllər toylarımızda adət-ənənələr mütləq nəzərə alınırdı. Bu gün sanki azərbaycanlı toyu etmirlər. Avropalı ilə bizim toylarımızın heç bir fərqi qalmayıb. Avropalıların toylarına şükr edə bilərik. Biz də „qonşudan qalma geri" deyib, toyda imkanları nümayiş etdiririk. Toylarımızda mətbəx, süfrə mədəniyyəti qalmayıb. İsrafçılıq baş alıb gedir. Bir masada 20-30 çeşiddə yemək olur. Bu yeməklərin çoxuna toxunan belə olmur. Artıq salatlar həm masada yer tutur, həm də artıq xərcdir. Buna mütləq ciddi şəkildə müəyyən qurumlar nəzarət etməlidir ki, problem həllini tapsın. Bir də hər kəs özündə məsuliyyət hiss etməlidir. Mən də bu yaxınlarda övladıma toy çaldırdım. Çalışdım ki, imkan qədər bu problemlər olmasın, israfçılığa yol verilməsin, masada artıq təamlara yer olmasın. Ola bilər, bəziləri bunu bəyənmədilər. Ancaq kimsə bunu başlamalıdır. Biz sənət adamları isə üzdə olduğumuzdan, bizim məclislərə diqqət yetirənlər də çox olur. Çalışdım buna görə bir qədər o israfçılıqdan qaçaq ki, başqaları da görsün. Ancaq açığı, bəziləri bundan narazı qaldılar. Toylarımızda ən böyük problemlərdən biri də səsgücləndiricilərin həddindən artıq çox olmasıdır. Bizim toylarımızda həm yeməklərin çox olması göz yorur, həm də uca səslə musiqilərin səslənməsi baş ağrıdır. Mən öz övladımın toyunda çalışdım ki, hər musiqiçinin qarşısında bir mikrofon olsun ki, səsgücləndiriciyə ehtiyac olmasın, toya gələn qonaq istirahət edə bilsin. Buna irad tutanlar çox oldu. Biri dedi mən musiqiçiləri yaxşı eşitmirəm, biri dedi oynaya bilmirəm. Ancaq hər halda bu problemlərin həll olunması üçün addım atmaq vacibdir. Əvvəlki toylarımızda milli adət-ənənələr qorunub saxlanırdı, indi artıq toya gələnlər avropalılar kimi görünmək istəyir. Əvvəllər „Vağzalı" ilə gəlin gətirilirdi, indi yavaş-yavaş „Vağzalı"nı Mendelson əvəz edir. Bu isə kökümüzü unutmaq deməkdir. Bizim çox gözəl toy adətlərimiz var. Çalışmaq lazımdır ki, onları unutmayaq, onlardan imtina etməyək. Bunun üçün isə hər birimiz bir az məsuliyyət hiss etməliyik» söylədi.

Yazılmayan nizamnamələr nizama salınan milli-mənəvi irsimizi, qanunun maddələrinin soyuq nəzarəti qoruya bilməz. «Qadağan edilmiş ağacın meyvəsi daha şirin olur». Mənəvi dəyərlərimizi bir neçə maddəlik qanunlar deyil, milyonların cəhdi, istəyi, torpağa, vətənə, onun tarixinə bağlılığı, milli mənsubluğundan doğan qürur hissi qorumalıdır. Biz millət olaraq özümüzü unutmamalıyıq, irsimizdən uzaq düşməməliyik. Mənəvi irsimizi, adətlərimizi məhv etməyək. Sonra bizi tarixsiz, gəlmə adlandıran, torpağımıza, tariximizə, mədəniyyətimizə, musiqimizə sahib çıxan «qarı yağı»lara öz varlığımızı, milli mənsubluğumuzu necə sübut edərik?

Maddi sərvətlərimizi qoruyub, artırıb gələcək nəsillərə əmanət etdiyimiz kimi, bizə ata-babalarımızdan əmanət qalan milli-mənəvi dəyərlərimizi, adətlərimizi, milli toy adətlərimizi hifz edib, yaşatmaq, saflığını qorumaq, kimliyindən, zamanından və məkanından asılı olmayaraq, özünü azərbaycanlı bilən hər bir şəxsin vətəndaşlıq borcudur.


Şərhlər:
Baxılıb: 1330
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz