Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əli xınalı gəlin - Araşdırma
Əli xınalı gəlin - Araşdırma
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6853
Səs ver:
 Son vaxtlar dəbə minən təmtəraqlı xınayaxdı mərasimləri bəzən toyun özündən baha başa gəlir...
Xalqımızın toy kimi bir adəti var. Bununla əlaqəli ən gözəl adətlərimizindən biri də xınayaxdı mərasimidir. Bu mərasim qız evinə məxsusdur və məhz orada, qız evi tərəfindən keçirilir. Xınayaxdı mərasiminin əsas mənası ondan ibarətdir ki, gəlin olacaq qız subaylığın son gecəsini yaşayır.
Əvvəllər bu mərasimlər sadə olardı. Toydan bir gün öncə ən yaxın qohumlar qızın evinə gedər, simvolik olaraq xına yaxaraq xeyir-dua verərdilər. Bunun üçün isə o qədər də böyük xərc tələb olunmurdu. Bir kasa xına, bir xonça da konfet və gəlinin toy günü geyinəcəyi gəlinlik. Amma indi qədim adətlərimizdən olan xınayaxdını həyata keçirmək üçün əməlli-başlı xərc tələb olunur.
Ümumilikdə, böyük toy biznesinin tərkib hissəsi olan dəbdəbəli xınayaxdı mərasimləri son zamanlar dəb halını almağa başlayıb. Şou-biznes nümayəndələri gəlirini toylardan tutduğu kimi, aktrisalar, rəqqasələr də qazancını xınayaxdı mərasimlərindən çıxarmağa başlayıb. Onlar da günü-gündən öz bizneslərini genişləndirərək ofislər, mərkəzlər açmaqla məşğuldurlar.
Bəs, görəsən, xına mərasimlərinə gedib qızların əlinə xına yaxmaqla, bir-iki ağız "haxışda” deməklə 3000-4000 manat pul qazanan məşhur simaların yaxdığı xınanın digər xınalardan fərqi nədir? Və ya onların yaxdıqları xına ilə gəlin köçən qızlarımız daha çoxmu xoşbəxt olurlar?

Biz kiçik işlərlə məşğul olmuruq

Xına mərasimlərinin təşkili deyəndə, ilk olaraq gözümüzün önünə uzun müddətdir ki, bu işlə məşğul olan, el arasında "Göyçək Fatimə” kimi məşhurlaşan rəqqasə Fatimə gəlir. Rəqqasə Fatimə ilə söhbətimiz zamanı bir çox xına mərasimlərinin onun şirkəti tərəfindən həyata keçirildiyini və burada yalnız xına işi ilə məşğul olmadığını, həmin studiyada toy mərasimlərinin təşkili ilə bağlı işlər də gördüyünü söylədi: "Rəqqasəlikdən əlavə, "Xınayaxdı mərasimləri serveri”-nin rəhbəriyəm. Tez-tez iştirak etdiyim xınayaxdı mərasimlərində həm oynayıb, həm də oxuyuram. Xınayaxdı mərasimlərinə həm rəqqasə, həm də mərasiminin aparıcısı kimi dəvət olunuram. Xınayaxdılarda bütün adət-ənənələrimizi yaşadıram. Bilirsiniz, əvvəl-axır mən səhnəni tərk edəcəyəm. Yəni ömrümün sonuna kimi rəqqasəliklə məşğul olmayacağam. Səhnə böyükdür və hər zaman da cavanlara səhnədə yer açmaq lazımdır. Açdığım serverdə xına mərasimləri ilə yanaşı, toy azuqələrini də təşkil edirik. Biz kiçik işlərlə məşğul olmuruq”.
Rəqqasə məsələnin gəlir tərəfinə toxunduqda, ruzini ona Tanrının verdiyini qeyd etdi: "Bilirəm ki, məni çox insanların gözü götürmür. Ruzini verən göydəki Tanrıdır. Allahımdan çox razıyam ki, bu ruzini mənə verib. Qoy bu ruzini həmin o insanlara da versin ki, onların gözü heç vaxt başqalarında olmasın. Ümumiyyətlə, Tanrı hər kəsə ürəyinə görə verir”.
Xınayaxdı biznesindən heç müğənnilərimiz də kənar qalmır. Belə ki, ifaçı Xatirə İslam bir neçə ildir ki, "Buta Xınayaxdı Evi” adlı, toy-nişan və xüsusilə xınayaxdı mərasimləri üçün xidmət edən studiya açıb. Xatirə İslam açdığı xına evinə müştəriləri cəlb etmək üçün hətta onlara maraqlı bir təklif də edib: "Hər kimsə bu məkandan sifariş edərsə, həmin şəxsin xınayaxdı mərasimində mənim yarım saatlıq çıxışım təmənnasız olacaq. Mənə elə gəlir ki, bizimkinin başqa xınayaxdı evlərindən fərqi və özəlliyi mənim bu təklifimdir. Burada olan məhsullar sırf milli naxışlarla, xüsusilə buta nişanı ilə bəzədilib. Həmçinin müasir naxışlardan da istifadə etmişik ki, bu da milli paltarlarımız üzərində həkk olunub. Fotossesiyanın, müxtəlif təamlı, ləziz şirniyyatların təqdim olunması və mərasimlə bağlı başqa xidmətlərin göstərilməsi ilə məşğul oluruq”.
Tanınmış aktrisa və aparıcı kimi tanınan "Toppuş bacı” ləqəbli əməkdar artist Tünzalə Əliyeva da uzun müddətdir ki, xınayaxdı biznesinə başlayıb. Studiya açan aktrisanın şirkətində gözəllik salonu, toy-nişan, xına mərasimləri üçün xidmətlər təklif olunur. Tünzalə Əliyeva studiyanı açan zaman mətbuata studiyada olan mərasim ləvazimatlarının satılmadığını, oranın xına mərasimlərinin təşkili üçün nəzərdə tutulmuş bir ofis olduğunu söyləyib: "Bizim studiya açmaqda məqsədimiz həm ziyarət, həm ticarətdir. Studiyada heç nə satılmır. Bütün aksesuarlar sərgi kimi düzülüb. Biz sifarişçinin istəyindən asılı olaraq, xınayaxdı mərasimləri qururuq. Bu zaman öz aksesuarlarımızdan istifadə edirik”.
Maraqlıdır, aktrisada bu fəaliyyətə başlamaq ideyası necə yaranıb? Tünzalə xanım buna da aydınlıq gətirib: "Mən neçə illərdir toylarda bu işi həyata keçirirəm. Fikirləşdim ki, 5 ildir bu işdə əziyyət çəkirəm. Əziyyətimin bəhrəsini görmək üçün bu ofisi açım. Həm də qoy məni axtaranlar yerimi bilsinlər. Bu vaxta kimi restoranlar və prodüserlər vasitəsilə mənə müraciətlər olurdu. Bəzən müştəriyə elə qiymətlər deyilirdi ki, bu, sifarişçinin imkanı daxilində olmurdu. İndi isə xınayaxdı mərasimi düzənləmək istəyənlər birbaşa mənimlə əlaqə yarada bilərlər”.
T.Əliyeva qiymətləri də açıqlayıb: "İlk olaraq deyim ki, tanışlara, jurnalistlərə, sənət adamlarına pul demirəm. Gedib məclislərini təşkil edirəm, nə hörmət etsələr, "əlhəmdülillah” deyirəm. Verməsələr, yenə də həmçinin. O ki qaldı qiymətlərə, baxır kim nə sifariş edir. Qiymətlər 500-4000 manat arasında dəyişir. Biz milli geyimli qızlar, video çəkiliş, musiqi və sair kimi xidmətlər də təklif edirik. Bunlardan asılı olaraq qiymətlər dəyişir”.
Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərən Ülviyyə Əliyeva da bu biznesdən çörəyini çıxaranlardandır. Ötən həftə aktrisa biznesini genişləndirdiyini və artıq onun da xına mərasimlərinin təşkil edən bir şirkəti olduğunu mətbuata açıqladı. Belə ki, aktrisa çalışdığı, xına mərasimlərini təşkil edən şirkətin müdirinə ərə gedir.

Real qiymətlər

Artıq bir neçə ildir ki, sosial şəbəkələrdə və müxtəlif saytlarda xına mərasimlərinin təmtəraqlı təxminən bu şəkildə reklam olunduğunun şahidi oluruq: "Milli adət-ənənələrə uyğun xınayaxdı mərasimlərinin keçirilməsi və təşkili. Bizim xidmətlər: Məkanın milli üslubda tərtibatı, Kəcabənin qurulması, xanımlardan ibarət musiqiçilər, video çəkən xanım, fotossesiya edən xanım, rəqqasə (ərəb, milli, hind), naxış vuran, ofisiant qızlar, milli paltar və sair. Aparıcılarımız tanınmış aktrisalar Keyxanım, Fatma xanım, Xuruş, Çəkirəm haa Xəyalə, Naibə Allahverdiyeva və daha kimlər, kimlər…”
Xına mərasimləri təşkil edən studiyaların biri ilə əlaqə saxladıq. Məlum oldu ki, xınayaxdı üçün hazırlanan geyimlər studiya tərəfindən sifarişlə alınır. Mərasimdən sonra isə bu geyimlər təhvil verilir. Xınayaxdıda istifadə olunan geyimləri, gəlin və bəy bu geyimlərdə fotosessiya keçirirlərsə, adətən, studiya öz öhdəsinə götürür. Fotosessiyanın haqqı oğlan tərəfindən ödənilir. Qeyd edək ki, fotosessiyanın qiymətləri müxtəlifdir, belə ki, 60-150 manat arasında dəyişir. Daha sonra bu şəkillər alboma salınaraq qız evinə təqdim edilir. Xınayaxdı mərasimində istifadə olunan əşyaların hər biri studiyalarda sifarişlə hazırlanır. Bura şamdanlardan tutmuş, qızın əlinə xına yaxılarkən istifadə olunan əlcəklərədək hər şey daxildir. Hətta xonçada olan şirniyyatlar da studiyada bəzədilərək oğlan evinə təhvil verilir.
Qiymətlər isə olduqca müxtəlifdir: Məsələn, şamdanlar 20-40 manat, güzgü 25-50 manat, xına əlcəkləri 15-35 manat, gəlin üçün üz örtüyü 25 manat, zinət əşyaları üçün nəzərdə tutulmuş zinət qabı 15-45 manat, üzərlik qabı 20-25 manat, xınayaxdı qabı 20-35 manat arasında dəyişir. Xına mərasiminə dəvət ediləcək aparıcının məvacibi isə məşhurluğundan asılı olaraq 2000-4000 manat arasında dəyişir... Belə çıxır ki, xına mərasimlərinə çəkilən xərclə böyük bir cehiz aparmaq olar.
Bəs görəsən, bu cür bahalı mərasimlərin keçirilməsi üçün həmin şirkətlərə müraciət edənlər çoxdurmu? Aldığımız cavab elə gözlədiyimiz kimi oldu. Belə ki, toyların çox olduğu aylarda sifarişlər də həddindən artıq çox olur, hətta bir gündə 3 xına mərasimini yola verən studiyalar da var.
Yuxarıda qeyd etdiyimiz kimi, toy biznesi müğənnilərin nəzarətində olduğu kimi, xınayaxdı biznesi də əsasən rəqqasələrin, aktrisaların bazarına çevrilməyə başlayıb. Bu bazarda udanlar sahibkar incəsənət xadimləri, uduzanlar isə ailə qurmağa hazırlaşanlar, əsas da oğlan tərəfidir.


Şərhlər:
Baxılıb: 6853
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz