Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Facebook istifadəçisi olan qızları almırlar?!
Facebook istifadəçisi olan qızları almırlar?!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2782
Səs ver:

http://imgs.su/tmp/2012-02-24/1330064732-367.jpg

Təsadüfən bu məqaləni internetdə virtual olaraq gəzərkən gördüm, oxudum və sizlərlə paylaşmaq istədim. Topik mənim mövqeyimi ortaya qoymur. Mövzu gedişatında fikrimi bildirəcəm. Sizin bu haqda fikirləriniz maraqlıdı.

Sosial şəbəkədən istifadə edən qızlara həsr edilir.

- Zibeydənin gəlini internetdə bir şəkillərini qoyub, vaxsey... inan gördüm dəli oldum!

- Hara qoyub? Kompyuterdə var?

- Yox, ağəz, internetdə. Oğlum göstərdi mənə. Dırnağına lak sürtən yerdə, xörək bişirən yerdə, bir pozalar verib ki... biabırçılıqdı vallah!

- Yaxşı?! Bütün kompyuterlərdə var o şəkillər? Mən də evdəki kompyuteri açsam, görərəm?

- Ağəz, sən də çuşkasan e, deyirəm internetdə də. Orada nəsə bir yer var, hamı ora şəklini qoyur, özlərinə kişi axtarırlar da. Utanmır e, gəlin xeylağı, tərbiyəsizliyə bax e!

- Vay, vay, vay... Biabırçılıq! Şəkillərini kompyuterdə kişilərə göstərir?! Zibeydənin xəbəri olmaz yəqin, bilsə, o gəlini bir gün də saxlamaz, iti qovan kimi qovar evindən...

Bir yas məclisində iki yaşlı qadının arasında bu söhbəti qulağım təsadüfən çaldı. Hansısa tanışlarının gəlininin sosial şəbəkədə şəkillərini paylaşmasından dəhşətli bir şey kimi danışırdılar. Yazıq qadını daha nələrdə günahlandırmadılar?! Tərbiyəsizliyinə, əxlaqsızlığına, hətta ərinə xəyanətinə görə qınadılar. Nə var, nə var, sosial şəbəkə istifadəçisidir...

Uzandıqca uzanan bu söhbət getdikcə məni lap əsəbiləşdirirdi. Qadınların bu bəsit dünya görüşlərinə, gəlini ağ yuyub, qara sərmələrinə daha laqeyd qala bilməyəcəyimi görüb, söhbətə müdaxilə etdim.

«Ay xala, internetdə şəkil yerləşdirmək tərbiyəsizlik niyə olur? Facebook, „Odnoklassniki" deyilən sosial şəbəkələr var, yəqin gəlinin şəkillərini orada görmüsünüz» - dedim.

Bayaqdan dilə-boğaza qoymayan qadınlardan birinin «o nə olan şeydi elə?» sualına «internetdə saytlar var, orada qeydiyyatdan keçirsən, özünə dünyanın hər yerindən dostlar qazanırsan, müxtəlif mövzularda müzakirələrə qoşulursan» - deyə, cavab versəm də, bir nəticəsi olmadı.

«Mən elə şeylər bilmirəm, bilmək də istəmirəm. Bildiyim budur ki, tərbiyəli qız xeylağı şəkilini kompyuterə qoymaz, özünü gədələrə göstərməz!»

Hirsi soyumayan qadın, üzünü bayaqkı həmsöhbətinə çevirib, «ağəz, sən Allah, internetdə özünü ona-buna göstərən qızı oğluna alarsan?» - deyə, soruşdu.

Həmsöhbəti də qulaqlarını dartıb, «Allah məni o gündən saxlasın, heç mənim oğlum da elə qızı almaz!» - dedi...

Maraqlıdır, Azərbaycanda internetdə müxtəlif sosial qarşılıqlı əlaqələrdə qeydiyyatdan keçən qadınlara münasibət niyə birmənalı deyil? Günümüzün ən məşhur sosial şəbəkələrindən olan «Odnoklassniki», Facebook, Twitter, «Myspace», «Google+» kimi məkanlardan istifadə edən qızlar cəmiyyətdə əksər insanlar tərəfindən niyə əxlaqsız kimi qəbul olunur?!

Yaxşı, tutaq ki, söhbətlərinə istəmədən də olsa, qulaq kəsdiyim qadınların hər ikisinin biliyi orta məktəb səviyyəsindədir, ali savadları yoxdur, gənc yaşlarında ərə gedib, günlərini mətbəxdə xörək bişirməklə keçiriblər. Belələri üçün gəlin xeylağının sosial şəbəkədə şəkillərini paylaşması qəbuledilməzdir. Bu qadınları haradasa başa düşmək olar.

Amma dərd ondadır ki, savadına, intellektinə, dünya görüşünə şübhə etmədiyim elə tanışlarım var ki, onların da düşüncələri bu bisavad qadınlardan heç bir pillə də olsa, yuxarı deyil. Uzağa getməyək, elə jurnalistika sahəsində bəzi kişi həmkarlarım günlərinin böyük hissəsini Facebook sosial şəbəkəsində keçirsələr də, həyat yoldaşlarına bunu qadağan edirlər.

Arvadlarının bütün bloqlar, forumlar, çatlar və bu kimi internet vasitələrində olmalarını heç cürə qəbul eləmirlər. Hətta Facebookda yerləşdirdikləri ailə fotoşəkillərində belə onların həyat yoldaşlarına rast gələ bilməzsən...

Kimin necə düşünməsindən asılı olmayaraq, şəxsən mən həyatımı sosial şəbəkələr olmadan təsəvvür eləmirəm. Və «sosial şəbəkədə olan qızları almırlar» fikri ilə də razı deyiləm. Əksinə, tanıdığım bir sıra insanlar var ki, internetdə tanış olub, evləniblər. Türkiyə, İran, hətta ABŞ vətəndaşı ilə ailə quran rəfiqələrim də var.

Onlar da sosial şəbəkələrdə bir-birlərini tapıblar. Getdikcə, bu tanışlıq sevgiyə çevrilib, eyni dünyanın adamları olduqlarını anlayandan sonra isə evlənmək qərarına gəliblər.

Sosial şəbəkələr cinsiyyətindən asılı olmayaraq, hər kəsə kifayət qədər maraqlı dostlar da qazandırır. Məsələn, şəxsən mənim Türkiyədə, Rusiyada, Misirdə, İranda, İngiltərədə yaşayan jurnalist dostlarım var ki, onlarla məhz Facebookda tanış olmuşam. Bir həmkar olaraq, dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparır, müxtəlif olaylara baxışımızdan tutmuş, iş prinsipimiz, hətta iş yerindəki şərait barədə belə bir-birimizlə saatlarla söhbət edə bilərik. Və bunda heç bir tərbiyəsizlik görmürəm.

Düzdür, internetdə tanışlığın qadınlar üçün təhlükəli məqamları da var. Məsələn, bir ara Facebookda gənc qızların oğurluğu, evli qadınların şantajı kimi xəbərlər yayılmışdı. Deyilənə görə, bu sosial şəbəkədə qadın alveri ilə məşğul olan xüsusi adamlar var ki, gözəl qızlarla tanış olur, onların telefonunu, evinin, oxuduğu məktəbin və yaxud işlədiyi yerin ünvanını öyrənir. Sonra da qızların başını tovlayıb, onları qaçırıb, pullu adamlara satırlar.

Və yaxud evli qadınlarla tanış olur, onları sevgi söhbətlərinə çəkir, görüşə çağırır, şəkilləri çəkilir. Sonra da qadın şantaj edilir ki, əgər filan qədər pul verməsə, mesajları, şəkilləri ərinə göndəriləcək.

Və yaxud da bir psixoloqun dediyi kimi, internetdə tanış olub, bir-birilərini sevdiyini zənn edən şəxslər, sonradan reallıqda heç nə alınmayacağını anlayırlar. Müəyyən dramatik situasiyalar yaşayırlar. Bu isə bir çox psixoloji fəsadlara yol açır.

Bu cür hadisələrdən özünü qorumaq üçün təbii ki, virtual dünyanın səni real dünyadan uzaqlaşdırmağına imkan verməməli, önünə keçən hər kəslə tanış olmamalı, yaşadığın ünvanı verməməli, hər deyilən sözə inanmamalısan. Əgər bunlara əməl eləsən, o zaman ürəklə sosial şəbəkələrdən istifadə edə, hətta şəkillərini də paylaşa bilərsən.

Yuxarıda bəhs etdiyim söhbətə gəlincə isə, real həyatda əxlaqsızlıqla, fırıldaqla məşğul olan o qədər qadın var ki, internetin nə olduğunu ümumiyyətlə bilmir. Lakin sosial şəbəkədən istifadə edən çox savadlı, əxlaqlı, tanınmış qadın iş adamları, siyasətçilər, ziyalılar və s. var. Odur ki, qız alarkən, onun Facebook istifadəçisi olub-olmamasına yox, real həyatdakı əxlaqına baxsanız, daha düzgün olar!



Ülviyyə Sabirqızı



Şərhlər:
Baxılıb: 2782
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz