Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
FAHİŞƏ HEKAYƏTİ: "Sevdiyim atıb getdi, mən də başladım...” – FOTO
FAHİŞƏ HEKAYƏTİ:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6446
Səs ver:

... Onunla tanış olduğum ilk gün də içkiliydi. Parkın gün düşən tərəfində bir skamyada oturub ara-sıra gözündən yaş axıdırdı. Elə o gün diqqətimi cəlb etmişdi. İkinci dəfə yolum yenə o parkdan düşəndə onu eyni skamyada oturan gördüm. Yaxınlaşıb, yanında əyləşmək üçün izn istədim. Sanki elə buna bəndmiş kimi gözüylə mənə razılığını bildirdi. Sonra elə özü başladı söhbətə... Ondan sonra onunla bir neçə dəfə yenə həmin parkda və skamyada söhbətləşdik. Mənim jurnalist olduğumu biləndə isə həyatını yazmağı təklif etdi. Əslində mənim ona yaxınlaşmaqda məqsədim də elə buydu. Təklifini qəbul edib növbəti görüşümüzün vaxtını təsadüfə buraxmadıq. Elə ordaca qərarlaşıb ayrıldıq.

 

 

"15 yaşım olanda atam məni özümdən 8 yaş böyük oğlana ərə verdi. Qayınanam, baldızlarım, ərim yola vermədilər. Qucağımda uşaqla küçəyə atdılar. Ailəm də yaxın durmadı mənə. Uşağım günlərlə ac qaldı. Axırda məcbur olub bu işə başladım. Mənim də, körpəmin də qarnı doydu...”

 

"Niyə fahişəlik edirsən?” sualına adətən bu cür standart cavablar alırıq. Bəlkə elə gözlədiyimiz, ona bəraət qazandırmaq üçün axtardığımız cavab da budu. Qınayan qınayır, qınamayan "balası acdı, neyləsin yazıq?!” deyib onların əməlinə haqq verir. Bu gün yenə onlardan danışacağıq. Mövzu fahişəlik olsa da Asyanın (ad şərtidir) hekayəsi və məşhur suala cavabı fərqli oldu. Mələk siması ilə hər kəsi aldada biləcək bu qadın sevdiyi kişiyə acıq edib bütün kişilərdən qisas aldığını deyir: "Sən və ya başqaları mənə fahişə deyə bilər. Amma mən özümü fahişə kimi hiss etmirəm. Fahişə odur ki, işi müqabilində pul alsın. Mən isə xırda-para hədiyyələrdən başqa heç nə qəbul etməmişəm. Sənə əvvəl də demişdim, özümün işim, yeməyə çörəyim, qalmağa yerim var. Əlavə pula ehtiyacım yoxdu. Mənim məqsədim, tək amalım özümü kişilərə sevdirib, sonra onları tərk etməkdi. Onun mənə etdiyi kimi. Nədənsə, cəmiyyətimizdə elə düşüncə var ki, yalnız qadınlar tərk edilir. Qoy görsünlər ki, kişilər də tərk edilə bilir. Çox kişilər görmüşəm qarşımda ağlayıb, "getmə” deyə yalvarıb. Bu, mənə ləzzət edir”.

 

 

- Belə iddialısansa, gəl, səmimi olaq. Özün haqqında düzgün məlumat ver. Kimdir Asya?

 

- Ailəm mənim üçün yoxdu. Atama nifrət edirəm, anama yazığım gəlir. Bircə işimə görə qalmışam. Bu dövrdə iş tapmaq çətindi. İşdə hamı məni mələk kimi tanıyır. Onlara bu şoku yaşatmaq istəmirəm. Belə açıqlama edərsəm, işimi itirə bilərəm. Dövlət işində işləyirəm axı. Yoxsa fotomu çəkməyinə icazə verərdim. İslanmışın yağışdan nə qorxusu?! Özüm barəsində bunu deyə bilərəm ki, qarışığım var. Ata nənəm rus olub. Bakı kəndlərinin birində böyümüşəm. Belə yarımçıq olacaq. Bəlkə başdan başlayaq? 

 

 

- Sənə necə rahatdısa.

 

 

- Mən sənə hər şeyi danışacam. Lakin bircə şərtim var. Sözümü kəsməyəcəksən. Razılaşsan başlayaq.

 

 

Razılaşdım. Yenə içkiliydi, mübahisə etmək faydasız olacaqdı. Həm bir neçə sualdan başqa mənim ona deyəcək bir sözüm yoxuydu. Həmişəki skamyada yerimizi rahatladıq. Mən əlimdəki su qabını, o isə pivə butulkasını bərk-bərk sıxmışdı. Başladıq söhbətə. Daha doğrusu, o danışdı, mən dinlədim...

 

 

- Sən şəhərdə böyümüsən. Məni tam olaraq anlaya bilməzsən. Kənddən kəndə də fərq var. Mənim böyüdüyüm kənddə qız doğulmaq bədbəxtçiliyin ilk pilləsidi. Qızı olan kişilər körpəsinin doğulduğu gündən qızı necə başından etmək barəsində düşünməyə başlayırlar. Təhsil - onu heç ağlına da gətirmə. Qız nədi, təhsil nədi? Adını yaza bildi bəsidi. Uzun sözü qısası, atamın qapazı altında böyüyüb 16 yaşıma çatdım. O zaman pis adam deyəndə ağlıma ilk gələn insan atamıydı. Elə bilirdim həyatda atamdan pis adam yoxdu. Zamanla gördüm ki, atama şükr etməliyəm.

 

 

El adəti və ənənəsiylə 16 yaşımda məni kəndçimə ərə verdilər. Bizim toylarda kişilər və qadınlar ayrı otururlar. Ona görə də mən evdə qadınlarla, bəy isə həyətdə toy çadırında kişilərlə oturmuşdu. Bəyin şəklini görsəm də, üzünü ilk dəfə toy gecəsi gördüm. Onu sevdimmi? Vallah, deyə bilmərəm. Tanımadığım insanı bir günə necə sevə bilərdim. Amma canımı atamın əlindən qurtardığı üçün ürəyimdə ona minnətdar idim. Günlər keçdikcə bir zamanlar qaçmağa can atdığım ata evinə qayıtmağı düşünürdüm. İnsan nə qədər döyülüb söyülər? Bu barədə anama deyəndə "sus, ağzın qanlı olsa da, dinmə. Atan ikimizin də başını kəsər”, - deyirdi. Sonuncu dəfə ərim məni döyəndə yerdəki sobanı başıma vurmağa hazırlaşırdı ki, elə ev paltarındaca ayaq yalın qaçdım evdən. Qışın soyuğunda özümü güclə atam evinə çatdırdım. Gecə vaxtı məni qapının ağzında görən atam yazığı gəlib evə buraxdı. Sabah geri göndərmək istəyəndə "bir də məni o evə göndərsən, özümü öldürəcəm” dedim. Bilmirəm yazığımı gəldi, yoxsa özümü öldürəcəyimə inanıb məni bir daha o evə göndərmədi. Ancaq qarşıma şərt qoydu ki, evdən burnumu belə çölə çıxartmayacam. Beləcə, aylar keçdi, mənim getdiyim yer uzaq başı qonşuluqda yaşayan əmimgil olurdu. O da qaranlıqda, küçədə kimsə olmayanda.

 

Dəqiq yadımdadı. Yay aylarıydı. Mən öz otağımda, anamgilsə qonaq otağında televizora baxırdılar. Kinonun adı yadımda olmasa da məzmunu beləydi. Təhsilsiz bir qız kənddən şəhərə gəlir. Orda işə başlayır. Cahil və təhsilsiz olduğu üçün hamı onu aldadır. Pis dostların əhatəsinə düşür, narkotik, oğurluq, əxlaqsızlıq. Birdən anam qəflətən ”yox, mən qoymaram qızım da belə olsun”, - dedi. Atam məni döyəndə səsi belə çıxmayan anam qışqırırdı. Atamla şokdaydıq. Daim əsib gurlayan atam bir söz belə demədən anama baxırdı. Gözünü filmdən çəkib sərt baxışlarını atamın gözünə zillədi: "Ya sən bu qızın şəhərdə oxumağına razılıq verəcəksən! Ya da mən səndən boşanıb qızımı da götürüb oxumağa şəhərə aparacam!”. Nə baş verdiyini anlamırdıq. Atam hələ də özünə gəlməmişdi. Mat-mat anamın üzünə baxırdı. Hər halda arvad dəli olub deyə düşünürdü. Birdən atam sakit, qırıq səslə " yaxşı, nə deyirəm, oxusun da” dedi. Atamın bu cavabından sonra mən şoka düşdüm. Dünya tərsinə dönüb deyəsən. Bu nədi? İllərdi atama cavab belə qaytarmayan anam indi ərinin üstünə qışqırır, atam məni şəhərdə oxumağa göndərməyə razılaşır...

 

 

Beləcə, atam şəxsi puluyla məni kolleclərin birinə düzəltdi. Sentyabr ayından dərsə getməyə başladım. O vaxtlar dərslər ayın birindən başlayırdı.  Kənd qızı və şəhər. Təsəvvür edirsən? Evdən küçəyə çıxmayan qız birdən-birə şəhərə təkcə dərsə gəlib gedir. Əvvəl günlər çox çətin oldu mənə. Utancaqlıq, komplekslərim vardı. Şəhərdə bizim kimi insanlara "çuşka” kimi baxırdılar. Bir neçə aydan sonra şəhər mühitinə adaptasiya oldum. Sonra eşitdim ki, kollecimizdə ödənişli kompüter kursları keçirlər. Anamdan icazə alıb atamdan gizlin həmin kurslara başladım. Anam "pensiyası” ilə kurslarımın pulunu ödəyirdi. Kompüterə marağım kollecdən daha çoxuydu. Müəllimim də məndən razılıq edirdi: "Çox qabiliyyətlisən. Belə getsə, sən hamıdan yaxşı biləcəksən”. Bir qədər sonra mən təhsilimi atıb bütün fikrimi verdim kompüterə. Ağır proqramları öyrəndim. Və iş təklifi aldım. Maaşı da normalıydı. Mənim kimi ata, ana əlinə baxan adam üçün hətta əlaydı. Razılaşdım, başladım hər gün məktəb əvəzinə kompüter kursunda dərs keçməyə. Beləcə, təhsilimi yarımçıq qoydum.

 

 

Bir neçə aydan sonra dərs dediyim şagirdlərdən birini sevməyə başladım. Daha doğrusu, bir-birimizi sevdik. Şagird deməyimə baxma, oğlanın yaşı məndən çox idi. Kursadakıların hamısı yaşca məndən böyük idilər. Necə ki, kollecdə, eləcə də kursda heç kim mənim bir dəfə ailəli olduğumu bilmirdi. Vüsal da eləcə. Bir ilə yaxın küncdə-bucaqda görüşdük, sevişdik. Elə ki, evlənmə söhbəti araya düşdü oğlan heç bir açıqlama vermədən birdən- birə yoxa çıxdı. Əvvəl zənglərim cavabsız qaldı, sonra telefonu söndü. Aylarla göz yaşı tökdüm. Səkkiz martda verdiyi dəmir parçasını barmağımdan çıxartmadım. Bilmirdim nə edim. Başına pis hadisə gəldiyini düşünürdüm. Bəlkə ölüb? Bəlkə mənim köməyimə ehtiyacı var? Amma onun məni yarı yolda qoyacağını heç cür ağlıma gətirmirdim. İşləməyən nömrəsinə hər gün zəng edirdim. Beləcə, bir ilə yaxın onun yolunu gözlədim. Bir gün yanında bir xanımla qarşıma çıxdı. Qızın nişan üzüyü olan əlindən bərk-bərk yapışmışdı. Aylar əvvəl axtardığım sualların cavabını o gün tapmışdım. Həmin gün ona olan sevgim nifrətə döndü. Və ondan sonra başladım...

 

 

- Necə yəni başladım? Bu qədər asandı məgər?

 

 

- Yox, birdən-birə deyil, yavaş-yavaş. Bu işdə çətini birinci dəfədi. Mən birinci özümə obyekt seçirdim. Kim mənim qurbanım ola bilər? Sonra başladım planlarımı həyata keçirməyə. Onsuz da cazibədar olduğuma görə arxamca gəzən kişilər çoxuydu. Bir him-cimə bənd idilər ki, mənim olsunlar. Amma mən daha çətin yolu, məni bəyənməyən, mənə fikir verməyənləri seçdim. Həm də mənim hədəfim evli, nişanlı, ya da sevgilisi olan kişilər idi. İlk işim onlara qayğı, mehribançılıq göstərmək idi. Kişilər qadın mehribançılığı və anlayış qarşısında acizdirlər. Yaşadığım acı günlərdən danışıb bir-iki damla göz yaşı tökmək kifayət edir ki, balıq tora düşsün. Özümə bağlayandan sonra səssiz-səmirsiz onları tərk edirəm. Artıq 5 ildir bu fənddən istifadə edirəm. Qurbanlarımın sayını dəqiq bilməsəm də, çoxunun adı yadımdadı. Aralarında vəzifəli şəxslər də olub. İntiqamımı almaq mənə zövq versə də, bəzən məni də incidir. Gördüyün bu parkı seçməyim təsadüfi deyil. Bura ilk dəfə Vüsalla gəlmişdim. Bax, elə bu gördüyüm skamyada oturmuşduq.

 

Ağlamaq istəsə də, içindəki qəhəri boğub özünü güclü göstərməyə çalışan Asya söhbət boyu qurtum-qurtum içdiyi pivəsini bir nəfəsə başına çəkdi.

 

- Ailəndən danışmadım heç. Bəs atan, anan?

 

- Bilirsən, pul hər şeyi həll edir. Pul kimdədirsə, hakimiyyət də ondadı. İndisə, pul məndədi.

 

Birdən onun telefonuna zəng gəldi. Nömrəyə baxıb: "Bir azdan bura növbəti qurbanım gələcək. Adətən qurbanlarımla ilk görüşü bu parkda, bu skamyada təyin edirəm. İndisə sən get. Qarşılaşmağınızı istəmirəm. Hər halda sən özün də istəməzsən”, - dedi.

Eşitdiklərim məni xeyli sarsıtmışdı. "Əlbəttə, istəmirəm”, - deyib ürəyimdə bir daha o parka getməməyə söz verdim. Bir neçə metr uzaqlaşmışdım ki, bir anlıq geri dönüb baxdım. Skamyada əyləşən mələk simalı bir qadın mənə tərəf boylanırdı...

 



Şərhlər:
Baxılıb: 6446
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz