Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günel Mövlud Müxalifətçi Liderin Oğlu İlə Gecə Barları Gəzdi.
Günel Mövlud Müxalifətçi Liderin Oğlu İlə Gecə Barları Gəzdi.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3868
Səs ver:
Gecə saat 24:00-du. Şəhərin mərkəzi yavaş-yavaş seyrəlir. Əliuşaqlı qadınlar, yanı qadınlı kişilər, qocalar və üzündən, geymindən standart həyat tərzi keçirən adamlara oxşayanlar tədricən yoxa çıxır. Buna baxmayaraq, hələ sönməmiş mərkəz işıqlarında Bakı hələ namuslu-qeyrətli, ana-bacı, oğul-uşaq şəhəridir. 
Hələ haralardasa, it-pişikli, kol-koslu künc-bucaqlarda bir-birini ciddi-ciddi sevənlərə oxşayan romantik cütlüklər, itlərini gecə gəzintisinə çıxaran «ağ adamlar», şəhərin mərkəzində yaşayan, başmaq seyrinə çıxmaq üçün mərkəzdəki yetim-yesirin itilib, öz «Əhmədli»sinə getməyini gözləyən, həndəvər «təmizlənəndən» sonra küçəyə çıxan varlı qadın və kişilər…
Bakı gecəsini yaşamalıyıq - bu məqsədlə çıxmışıq evdən. Mən və həddən artıq uca boyuna görə zarafatla «bir doxsan» dediyimiz dostum. Mən yazı, reportaj üçün, dostum isə heç kim ilişib, reportajıma mane olmasın deyə, mühafizə və müdafiə məqsədilə…
Mərkəzi küçə boyu addımlayırıq və dirəklərdəki fənərlərin arxamızca bir-bir söndüyünü hiss eləyirik. Əksəriyyəti yarızirzəmilərdə yerləşən barların, diskotekaların işıqları qaranlıqda daha gur yanır, xaotik musiqisi isə gecənin sakitliyində adamın qulağına daha gurultulu gəlir.
Dostumun barlarla arası olmasa da, gecə həyatı, xüsusilə PAB-larla arası yaxşıdı. Ona görə də, nabələdliyimə salıb, seçimi ona buraxıram. Biz ilk PAB-a tərəf gedəndə, boş küçə ilə addımlayan bir dəstə əcnəbi çıxır qabağımıza. Hərəsinin arxasınca qapqara, çirkli, cır-cındırlı bir uşaq qıçır və kişilərin paltarlarından, əl-qollarından yapışıb, pul istəyirlər. İfrat rahat yerimələrindən sərxoş olduqları bilinən əcnəbilər sərt hərəkətlə uşaqları özlərindən kənarlaşdırmağa çalışırlar. 
Dostum deyən PAB-a çatırıq. Qapının ağzında dayanan mühafizəçi mənə qıyqacı baxıb, dostuma «yermiz yoxdur» deyir. Dostum kiminsə adını verir və qapı «simsim»sayağı üzümüzə açılır. 
Qapı açılan kimi mənə elə gəlir ki, qəfildən xarici ölkəyə düşmüşəm. Çılğın musiqi altında rəqs eləyənlərin, pivə şüşəsini başına çəkələrin, siqaret tüstülədənlərin az qala hamısı hündür, sarışın, göygöz kişilər və yanaqlarında rəngləri, milliyyətləri, hətta intimual orientasiyaları məlum olmayan qadınlardı. Diqqətlə baxanda, qadınların üzündə dünyanın o başından da olsa, bildirən milli cizgilərimizi sezmək olur. 
Qulağıma azərbaycanca bircə dənə də olsun, söz dəymir. Hətta rusca da nəsə eşitmiəm. Boyasız, kağızsız daş divarlardan asılmış bildirişlər də ingiliscədi. Divarlardan birindən qırmızı, buynuzlu öküz, alov püskürən əjdaha və marixuana şəkilləri asılıb. İçəri girən kimi, çevrilib baxan, üzümə gülümsəyən bir-iki kişi yanımdakı «bir doxsan»ı görüb, üzlərini çevirir. 
Yer, doğrudan da yoxdur. Bu gün şənbədi – həftə uzunu nizam-intizamla işləyən əcnəbilər indi dincəlir, əylənir, gecənin dadını çıxarırlar. Üstəlik, «Evrovision» yarışmasının final gecəsidi. Əksəriyyətin gözü nəhəng ekranlara dikilib.
Çox cavan bir əcnəbi eşşək kimi sərxoşdu. Səntirləyə-səntirləyə öz-özünə danışır, qəfil gördüyü adamlarla qucaqlaşıb-öpüşür, kimdənsə nəsə soruşub, cavab gözləmədən üzünü döndərib gedir. Arada vaxt eləyib, başı ekrana qarışmış birinin yanındakı siqaret qutusunu götürüb, bir dənəsini çıxarır, həmin adamın alışqanını da götürüb, siqaretini yandırır və məkanın dərinliklərinə doğru gedir.
Tüstü buludundan görünməz olan masaların arxasında əlyəşmiş əcnəbi kşilərin yanlarındakı qadınlar heç şübhəsiz azərbaycanlıdır. Bu, görməmişcə düzləşdirdikləri saçlarından, zövqsüz və vulqar dodaq boyalarından, kipriklərindən tonlarla sallanan tuşlardan – hər şeydən bəllidir. Davranışlarından, kişilərlə danışıq tərzlərindən isə onları bu sarılı-qırmızılı yadellilərə əlahəzrət puldan başqa heç nəyin bağlamadığı hiss olunur. Ortamın çılğınlığan heç yaraşmayan müdrik görkəm alıb: «Bəli, biz Avropanın pivə, canlı musiqi, sərbəst ünsiyyət mədəniyyətinə ancaq fahişəlik səviyyəsində qoşula bilmişik…» - deyə düşünürəm.
Ayaq üstə bir neçə dəqiqə dayanandan sonra, «lövbərimizi» başqa, daha seyrək PAB-a atmaq qərarına gəlirik. Buradan çıxanda, məşhur müxalifət liderlərindən birinin gənc oğlu ilə rastlaşırıq və o, məmnuniyyətlə bizə qoşulur. Əgər mənim «bir doxsan» dostumun PAB-larla arası yaxşıydısa, müxalifətçi oğlu əsl «pablar qənimi» çıxır. Bizə qədər artıq babat «vuran», sərxoş olsa da, ortama və söhbətin şuxluğuna rahatca qoşulan gənc, bizi tanıdığı yerlərə aparmağı öz üzərinə götürür. 
Hündürdən danışıb, gülə-gülə növbəti ünvana addımlayırıq. 
Diskotekalardan birinin qarşısından keçəndə piləkənlərlə yuxarı qalxan iki qız, bir dəstə oğlanın səs-küyü, gülüşləri, söyüşləri küçəni başına götürür. Qızların əyinlərindəki paltarların açıqlığından daha çox, rəngləri adamı heyrətə gətirir. Günün günorta çağı bu rənglərdə paltarları heç kim geyinib küçəyə çıxmaz - adam olsa-olsa korridada-zadda belə rənglərə bürünər.
Bayaq əcnəbilərin arxasınca düşən dilənçi uşaqlar indi bizi qaralayır. Dostum ovcundakı tumdan, müxalifətçi oğlu həsrətlə yediyi bibərli çipslərdən dilənçi uşaqlara pay verir.
Gecə saat 1-i çoxdan keçib… 
Çatdığımız PAB bayaqkından bir az dar olsa da, iki zaldan birində əməlli-başlı bilyard zalı var. Burada musiqi canlı, müştərilər daha gənc və əksəriyyəti türklər, ortam isə daha dəlidir. Masaların kənarlarında, bar kətillərində demək olar ki, heç kim yoxdur, bütün müştərilər tərləyə-tərləyə, əl-qol ata-ata, bağıra-bağıra ortada rəqs eləyir. Canlı musiqi ifa edən sarışın, çılğın, gənc rokçular arada yanlarındakı pivə stəkanlarından iri bir udum alıb, yenə başlarını əsdirə-əsdirə oxuduqları musiqiyə qapılırlar. 
Hazır pivə şüşələrini, bokalları, kokteyl stəkanlarını yanına düzərək, müştərilərə tamaşa eləyən «barmen»in arxasında saysız-hesabsız yarımçıq şüşələr düzülmüş içki dolabı var. Amma adamın ağzını açıq qoyan, dolabdakı şüşələr deyil, şüşələrin üstünə, dolabın kənarlaına yapışdırılmış müxtəlif əskinaslardır. Manat, dollar, funt-sterlinq, marka, lirə, lari, zlot, lit, rubl – tanıdığım və tanımadığım yüzlərlə əskinaslar pula ifrat meylli rəssamın şah əsərinə bənzədir bütün dolabı. 
Dostlarım məni hündür bar kətilində əlyəşdirib, özləri arada pivə bokallarını mənimlə və bir-biri ilə toqquşduraraq, bilyarda başlayırlar. Müxalifətçinin gənc oğlu bizə qədər də o ki var «vurduğuna» baxmayaraq, əla oynayır və içməkdə heç kimdən geri qalmır. Mən bu ara boş-bekar qaldığımdan, başımı qaldırıb PAB-ın divarlarına baxıram. 
Məşhur futbolçuların məkana ya da məkan sahibinə bağışladığı yazılı «futbolka»lar, rokçuların çox sevdiyi başdanxarab-başdanxarab şəkillər, yarıqaranlıqda ordan-burdan közərən müxtəlif biçimli şamlar, ingiliscə yazılar və daha nələr-nələr... Birdən gözüm düz başımın üstündə, adi ağacdan kobudca kəsilmiş oval taxta parçasının üstündə məşhur şair və məşhur kommunist Nazim Hikmətin qıvırcıq saçlı, mavi gözlü, üzündən məsumluq yağan şəkli və şəklin altında dünyanın ən sadə sevgi sözlərinə sataşır. 
Bu çılğınlıqların, qəzəbli rokun və alkoqoldan, narkotikdən özlərini unutmuş gənclərin, PAB-ın tualetinə qızlı-oğlanlı cüt girib-çıxanların, oradan qulağımıza çatan vəhşi böyürtü və söyüşlərin, rəqs meydançasındakı yarçılpaq, silikon dodaqlı, silikon döşlü, silikon yanaqlı, silikon beyinli gicbəsər qızların, saçlarına ətriyyat mağazalarının bütün ehtiyatı qədər gel sürtən, həndəvərindəki qızların çoxluğu ilə fəxr eləyən içiboş, ruhsuz oğlanların arasında bu işıqlı, bu sadə, bu sevgi dolu şairin şəkli məni təsirləndirdi. 
İndi, gecənin bu vaxtı evdə, yazı masasının başında deyil, burada, bu boş və gecələrini necə öldürəcəklərindən, kiminlə yatacaqlarından başqa dərd-sərləri olmayan insanların arasında olduğuma görə bir neçə dəqiqəlik utandım.
«Bir doxsan» dostumla müxalifətçi oğlu isə oyunlarını qurtarıb, məni dirçəltməyə çalışırlar:
- Dost, gecə hələ davam eləyir! Saat hələ 2-di…
Qalxıb çıxırıq və küçələrdəki adamların çoxluğu məni heyrətə gətirir: indi küçədə günün günorta çağı gördüyümdən də çox adam var və bu adamlar indiyə qədər gördüklərimə heç oxşamılar. Saçlarından tutmuş ayaqqabılarına qədər dəli, yava qadınların, kişilərin baxışları ya boş, ya da qəzəblidi. Bağıra-bağıra danışdıqları sözləri, ya ətkafdakılara, ya bir-birilərinə yağdırdıqları söyüşləri normal adam həyatında heç kimdən eşidə bilməz. Küçədə bir qadını şapalaqlayaraq aparan kim, dəstə-dəstə qaçışaraq, bağıran kim, sərxoş yoldaşını sürüyən, əlbəyaxa tutuşan, ağacın dibinə qusan, qarşısına keçən pişiyi təpikləyən kim…
Yanımda iki kişinin olduğuna baxmayaraq, qorxudan büzüşürəm, mənə heç cür çatmır ki, necə ola bilər, ətrafda bu qədər qəzəb, biabırçılıq, utanc, tərbiyəsizlik ola və bunların hamısı məndən yan keçə…
Yaxşı ki, diskotekalarının musiqisi, qışqırığı bütün həndəvəri başına götürmüş küçədəki PAB-a çatırıq. Qapının ağzında yenə bizi çox yekəpər mühafizəçi qarşılayır. Üçümüzdən başqa, qapı ağzında dayanıb keçməyə cəhd edən daha beş-altı nəfər var. Mühafizəçi «Yerimiz yoxdur, özü də 45 dəqiqədən sonra bağlanırıq» deyə sinəsini irəli verib. Biz ona daha yaxın dayanmışıq, «bir doxsan» dostum onun da qulağına «sim-sim, açıl» janrında nəsə pıçıldayır. Mühafizəçi başını tərpədib, razılaşır, ona nəsə pıçıldayır və məni arxayınlaşdırmağı da yaddan çıxarmır:
- Darıxmayın, xanım, mən bilirəm neynirəm.
O biri beş-altı nəfər yarıməyus-yarıqəzəbli, söyə-söyə aralaşandan sonra qapının ağzındakı nəhəng bizi içəri buraxır. Bura da bayaqkı, şənbələrini pivə və əyləncəyə xərcləyən Avropa xalqının daha sıx yığışdığı məkana oxşayır. Daş divarlar, divarlarda ağzından od püskürən əjdahalar, yekə-yekə marixuana posterləri, çılğın canlı musiqinin arasından güclə sezilən televizor səsi… muştərilərdən çoxunun diqqəti ekranlardakı «Evrovision» yarışmasına dikilib. Nəticələrin bəlli olacağı dəqiqələrə az qalıb.
Bir neçə saat əvvəlkinə baxmış, ortam bir az sakit, içəri daha az tünlükdü. Künclərdəki masalarda oturmuş yarıçılpaq tənha qadınlar siqaret tüstülədib, qədəhlərini başlarına çəkə-çəkə ətrafa baxır, arada bir-birilərinə nəsə deyirlər. 
Dostlar boş masalardan birinə yaxınlaşır, mənsə tualetə getmək üçün aralanıram. Qadın tualetinə girəndə, az qalır başıma hava gəlsin – döşəmə, əl-üzyuyanın kənarları istifadə olunmuş, əzik-üzük edilib, necə gəldi atılmış kağız dəsmallar, tualet kağızları, siqaret kötükləri, boş siqaret qutuları ilə doludur. İçəridə üz-gözünün boyası qusuntuya və tərə qarışmış cavan, amma olduqca çirkin bir qız yarıçılpaq dayanıb. Məni görəndə, içkinin (ya da alah bilir, narkotikin) təsirindən ağzı əyilə-əyilə:
- Köynəyi tərs geyinəcəm, bu üzü pis gündədi – deyir və əlindəki köynəyin qollarını çevirməyə çalışır. 
Özümü ələ alıb, tez uşaqların yanına qayıdıram və gecə ərzində dördüncü eşşək boyda pivə bokalını başıma çəkib, sakitləşməyə çalışıram. Müxalifətçi oğlu pivəni elə şüşədəncə başına çəkib, qalxır və elə şüşə əlində, qolumdan yapışıb, məni rəqs meydançasına dartır. Utandığımdan az qala ölürəm, çünki dəli kimi atdanıb-düşmək elə bir istedad tələb eləməsə də, əlimdən gəlmir. Bəxtimdən müğənni qız aram bir mahnıya başlayır və çarə bu əlişüşəli, özü sərxoş «dədəsi göyçəy»i qucaqlayıb, aram rəqs eləməyə qalır… 
Aram rəqs bitəndən, biz meydançanı tərk eləyəndən sonra, olduqca çılğın bir musiqi başlayır və artıq eşşək kimi sərxoş olmuş, buruqsaç, çiyniaçıq qız ortaya düşüb, təkbaşına, çiyinlərini, yanbızlarını əsdirə-əsdirə rəqs eləməyə başlayır. Rənglərini sarılığı, içkinin təsirindən yanaqlarına, alınlarına çəhrayılıq çökmüş əcnəbilər xumar-xumar qıza baxır, fit çalır, alqışlayır…
Qəfildən canı musiqi kəsilir, ehtiraslar öləziyir, dialoqlar yavaşıyır…hamı gözünü ekrana zilləyir – Azərbaycan «Evrovision» yarışmasında birinci olur. Və hamı dəstə-dəstə, çığırışa-çığırışa barı tərk eləyib küçələrə axışır. 
Biz də qalxırıq və dostlarım məni evə ötürmək üçün yanımca gəlirlər. Qarşımıza çıxan çılğın dəstədən iki nəfə azərbaycanl qopub, bizə tərəf qaçır və yanımdakı oğlanların ikisini də qucaqlayıb öpürlər:
- Qardaş, biz qalib gəldik! Bax, Qarabağı da beləcə alacağıq!
Yuxusuzluq, yorğunluq, sərxoşluq, bayaqdan gördüklərimin içimə yaratdığı məyusluq və ürəkbulanma, hamısı bir-birinə qarışır. Əsəbdən ya qusmaq, ya da ağlamaq istəyirəm. Ağlamaq yanım ağır basır. Gözlərim dolur. «Bir doxsan» çiyinlərimi qucaqlayıb:
- Özünü ələ al, dost! Elə birinci dəfədən məğlub olma…
Uşaqların qanını qaraltmamaq üçün birtəhər özümü ələ alıram. Yaxınlıqda iyirmi dörd saat işləyən marketdən sosis, pendir və qazlı su alıb, evə tərəf addımlayırıq. Mən soldan, müxalifətçi oğlu demokratiyadan danışırıq. 
Yaxınlıqdakı məsciddən isə azan səsi ucalır. 1400 ildən bu sözləri oxuyan müəzzin, mömin və günahkar, əməlisaleh və yolunu azmış, tövbəkar və tövbəsini min dəfə pozmuş, iffətli və zinakar, harın və fəqir – bütün müsəlmanları sübh namazına çağırır. Dan yeri yavaş-yavaş ağarır və Bakıya gecə deyil, sübh sükutu çökür…
Səhər oyanıram, pəncərədən baxıram və indii gördüyüm şəhərin bu gecəki Bakı olduğuna inana bilmirəm…
Günel Mövlud



Şərhlər:
Baxılıb: 3868
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz