Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quranın azəricə tərcüməsi - Əl furqan surəsi
Quranın azəricə tərcüməsi - Əl furqan surəsi
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 301
Səs ver:
"Haqqı Batildən ayıran (əl furqan)” surəsi, 77 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
 
1. Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!

2. Göylərin və yerin səltə­nəti Ona məxsusdur. O, Özünə oğul götür­mə­mişdir və səltənə­tində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və on­lara münasib bir biçim ver­mişdir.

3. Kafirlər isə Onun əvə­zinə heç nəyə fayda verməyən, həm də özləri yara­dı­lan, özlərinə nə bir zərər, nə də bir xe­yir ver­məyə qadir olmayan, öldür­mə­yə, hə­yat verməyə və yenidən diriltməyə qüd­rəti olmayanları özlərinə tanrı gö­türdü­lər.

4. Kafirlər: "Bu, Muhəmmə­din uydur­duğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək et­miş­lər”– dedilər. Beləcə, onlar haq­sız­lı­ğa və iftiraya yol ver­dilər.

5. Onlar: "Bu, keçmişdəki­lərin nağıl­la­rıdır. O bunları baş­qasına yazdır­mış­dır. Bunlar səhər-axşam onun özünə oxu­­nur”– dedilər.

6. De: "Onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqi­qətən, O, Bağışlayandır, Rəhmlidir!”

7. Onlar dedilər: "Bu necə elçidir ki, yemək yeyir, bazar­ları gəzib do­laşır. Nə üçün ona özü ilə birlikdə xəbər­dar­lıq edən bir mələk göndərilmədi?

8. Niyə ona bir xəzinə veril­mədi? Ni­yə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: "Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər.

9. Gör sənə aid hansı məsəl­ləri çək­dilər! Onlar haqq yol­dan azdılar və bir daha o yolu tapa bilməyəcəklər!

10. İstəsə, sənin üçün onla­rın dedik­lərindən daha xeyirli­sini, ağacları altın­dan çaylar axan Cənnət bağlarını yara­dan, sənin üçün qəsrlər inşa edə bilən Allah necə də xeyir­xahdır.

11. Lakin onlar Qiyaməti də yalan saydılar. Biz də onu ya­lan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.

12. Onlar Cəhənnəm odunu uzaq mə­safədən gördükdə belə onun necə qə­zəblə qay­nama­sını duyar və uğul­tu­su­nu eşidə­cəklər.

13. Onlar əlləri qoynunda bağlı hal­da onun dar bir kün­cünə atıldıqları za­man ölüm di­ləyərlər.

14. Onlara deyilər: "Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər is­təyin!”

15. De: "Bu yaxşıdır, yoxsa müt­təqi­lərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbə­diyyət bağı?”

16. Onlardan ötrü orada istə­dikləri hər şey vardır. Onlar orada əbədi qa­la­caqlar. Bu, sənin Rəbbinin Öz öhdə­si­nə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir.

17. O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin ha­mısını məhşər ayağında cəm edərək deyəcək: "Mənim bu qullarımı haqq yol­dan sizmi azdırdınız, yoxsa onlar öz­ləri azdılar?”

18. Onlar deyəcəklər: "Sən pak və mü­qəddəssən! Sənin əvə­zinə özümü­zə başqa hima­yə­darlar götürmək bizə ya­raş­maz. Lakin Sən onlara və ataları­na o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxart­dılar və məhvə məhkum olun­muş bir zümrəyə çev­ril­dilər”.

19. Kafirlərə deyiləcəkdir: "Onlar sizin dediklərinizi tək­zib etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edər, nə də başqa bir əlacınız qalmamışdır. Zülm edən­lə­ri­nizə böyük bir əzab daddıracağıq”.

20. Səndən öncəki elçiləri­miz də, ye­mək yeyər, bazarları gəzib dolanar­dı­lar. Sizin bəzi­lə­rinizi digərlərinizlə sınaq­dan keçirtdik ki, görək səbir edə bilə­cək­sinizmi? Sənin Rəbbin Görəndir.

21. Bizimlə qarşılaşacaqla­rını güman etməyənlər dedilər: "Nə üçün bizə mə­ləklər gön­də­rilmədi? Niyə biz Rəbbi­mizi görmürük?” Onlar özləri haq­qın­da yüksək fikirdə oldular və böyük üs­yankarlıq etdilər.

22. Məhz mələkləri görə­cək­ləri gün günahkarlara heç bir müj­də olma­ya­caq­dır. Mələklər deyəcəklər: "Cənnətə girmə­yi­niz qadağandır, qadağan!”

23. Biz onların etdikləri əməl­lərə bax­dıqdan sonra onları sov­rul­muş toz də­nəciklərinə çevi­rərik.

24. Həmin gün Cənnət sa­kinlərinin qalacağı yer daha lə­tafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır.

25. Həmin gün göy buludla par­ça­la­nacaq və mələklər yerə endiriləcək­dir.

26. Həmin gün gerçək hökm vermək ancaq ər-Rəhmana məx­susdur. O, kafir­lər üçün çətin bir gün olacaqdır.

27. Həmin gün zalım kimsə bar­maq­larını dişləyərək deyə­cəkdir: "Kaş ki, mən Peyğəm­bərin yolunu tutub gedəy­dim!

28. Vay halıma! Kaş ki, fi­lankəslə dost olmayaydım!

29. Çünki Zikr (Quran) mənə çatdıq­dan sonra o, məni ondan uzaqlaşdırdı”. Hə­qiqətən, şeytan insanı tənha qoyub qaçandır.

30. Peyğəmbər: "Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.

31. Beləcə, Biz hər peyğəm­bər üçün günahkarlardan bir düşmən etdik. Doğ­ru yolu gös­tərən rəhbər və yardımçı ki­mi Rəbbin sənə yetər.

32. Kafirlər dedilər: "Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndir­mək üçün tədri­cən nazil etdik və onu ən gö­zəl şəkildə ayəbəayə izah etdik.

33. Onlar sənin yanına gəlib elə bir mə­səl çəkməzlər ki, ona cavab olaraq Biz sə­nə haqqı və ən yaxşı yozumu ver­mə­yək.

34. Üzüstə sürüklənib Cəhən­nəmə top­lanılacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kim­sələrdir.

35. Həqiqətən, Kitabı Musaya Biz ver­dik və qardaşı Harunu da ona köməkçi etdik.

36. Onlara: "Ayələrimizi ya­lan sa­yan bir tayfanın yanına gedin!”- dedik. Sonra Biz o tayfanı yerli-dibli yox et­dik.

37. Biz Nuh qövmünü elçi­ləri yalan­çı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz za­lım­lar üçün sarsıdıcı bir əzab ha­zır­la­mışıq.

38. Biz, Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik.

39. Biz onların hamısına mi­sallar çək­dik və onların hamısını büsbütün məhv etdik.

40. Məkkə müşrikləri bəla yağmuru düşüb viran qalmış şəhərin yanından keç­mişdilər. Məgər onlar onu görmə­miş­­di­lər? Xeyr, onlar öldükdən son­ra dirilməyə də inanmırlar.

41. Onlar səni gördükdə an­caq sənə lağ edir və deyirlər: "Budurmu Allahın elçi göndər­diyi kəs?

42. Əgər biz tanrılarımıza tapın­maq­da səbirli olmasaydıq, az qala o, bizi on­lardan uzaq­laşdıracaqdı”. Onlar əzabı gör­dükləri zaman kimin haqq yol­dan daha çox azdığını anlaya­caqlar.

43. Nəfsinin istəyini ilahi­ləş­dirən kim­səni gördünmü? Sən ona vəkillikmi edəcəksən?

44. Yoxsa elə hesab edirsən ki, onla­rın əksəriyyəti eşidəcək və ya anla­ya­caq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan onlardan da­ha çox uzaq­laş­­mışlar.

45. Məgər Rəbbinin kölgəni necə uzat­dığını görmürsənmi? Əgər O, istə­səydi, onu hərəkət­siz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik.

46. Sonra o kölgəni yavaş-yavaş Özü­müzə tərəf çəkdik.

47. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.

48. Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Biz göy­dən tərtəmiz su endirdik ki,

49. onunla ölü bir diyarı can­landıraq, yaratdığımız neçə-neçə heyvanlara və necə-neçə insanlara ondan içirdək.

50. Biz düşünüb ibrət alsın­lar deyə o suyu onların arasında paylaşdırdıq. La­kin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər.

51. Əgər istəsəydik, hər kəndə qorxu­dan bir peyğəmbər gön­dərərdik.

52. Belə olduqda sən kafir­lərə baş əy­mə və onlara qarşı bununla (bu Quran­la) böyük bir cihad et!

53. Birinin suyu dadlı və şi­rin, digə­rininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və ke­çilməz sədd qoyan Odur.

54. Sudan insan yaradan, ona qan qo­humları və sonradan qo­hum olanları bəxş edən Odur. Rəbbin hər şeyəQadir­dir.

55. Onlar Allahı qoyub öz­lə­rinə nə xe­yir, nə də zərər verə bilməyənlərə si­ta­yiş edir­lər. Kafir öz Rəbbinə qarşı şey­tana köməkçidir.

56. Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik.

57. De: "Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmi­rəm. Təkcə onu is­təyirəm ki, insanlar Rəbbinə tərəf apa­ran bir yol tutsunlar”.

58. Ölməz, əbə­di Yaşayana təvəkkül et və Onu həmd-səna ilə tərif­lə. Onun Öz qularının günahlarından agah ol­ma­sı ki­fayətdir.

59. O, göyləri, yeri və on­ların ara­sın­dakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu bi­lən­dən soruş!

60. Onlara: "Ər-Rəhmana səcdə edin!”– deyildikdə: "Ər-Rəhman nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə et­məliyik?”– deyərlər. Bu da onların nif­rə­tini artırar.

61. Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan Allah nə qədər xeyir­xahdır.

62. Yada salmaq və şükür etmək is­təyənlər üçün gecə ilə gündüzü bir-bi­rinin ardınca gətirən Odur.

63. Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökar­lıqla gə­zər, cahillər onlara xoşagəlməz bir söz de­dikdə: "Sa­lam!”- deyərlər.

64. Onlar gecələrini Rəbbi üçün səc­dədə və qiyamda keçi­rərlər.

65. Onlar deyərlər: "Ey Rəb­bimiz! Cə­hənnəm əzabını biz­dən uzaq elə. Doğ­rusu, onun əzabı həmişəlikdir.

66. Həqiqətən, o, nə pis məskən, ne­cə də pis iqamət­gahdır!”

67. Onlar mallarını xərclə­dikdə nə is­rafçılıq, nə də xə­sis­lik edər, bunların arasında orta bir yol tutarlar.

68. Onlar Allahla yanaşı başqa tan­rıya yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bunu edən kimsə cəzalandı­rılar.

69. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.

70. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhm­­lidir!

71. Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar.

72. Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.

73. Onlara Rəbbinin ayələri xatır­lan­dı­ğı zaman o ayələrə qarşı kar və kor ki­mi davran­mazlar.

74. Onlar deyərlər: "Ey Rəb­bimiz! Bi­zə gözümüzün aydın­lığı olan zövcələr və övladlar bəxş et və bizi müttə­qi­lə­rə imam et!”

75. Onlar səbir etdiklərinə görə (Cən­nətdə olan) otaqla mü­kafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılana­caqlar.

76. Onlar orada əbədi qala­caqlar. O, nə gözəl məskən, necə də gözəl iqa­mət­gahdır!

77. De: "Əgər yalvarmağınız olma­saydı, Rəbbim sizə diqqət yetir­məzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat burax­mayacaqdır!”


Şərhlər:
Baxılıb: 301
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz