Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peyğəmbərin dəfn mərasimi
Peyğəmbərin dəfn mərasimi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1416
Səs ver:
Peyğəmbərin ruhu bədənini tərk edəndən sonra Onun cənazəsinin üzərinə parça örtdülər və qadınlar ərəb qaydalarına uyğun olaraq, mərsiyə deyib ağlamağa başladılar. Peyğəmbərin vəfat xəbəri Mədinədə çaxnaşma yaratdı. Camaat Məscidün-nəbəvinin həyətinə yığışıb ah-nalə edir, ağlayırdı.

Bu xəbərdən yaranmış sarsıntı o qədər güclü idi ki, bəziləri hətta Peyğəmbərin ölümünə inanmaq istəmirdilər. Ömər ibn Xəttab Məscidün-nəbəvinin həyətindəki vəziyyəti görəndə ağlayan camaatı qınamağa başladı, hətta uca səslə elan etdi: "Kim Allah Rəsulunun öldüyünü söyləsə, onu özüm öldürəcəyəm. O həzrət ölməyib, başqa peyğəmbərlər kimi Allahla görüşə gedib, bir müddətdən sonra qayıdacaq”. Bu arada Əbu Bəkr Aişənin hücrəsinə daxil olub, Peyğəmbərin üzündəki parçanı qaldırdı, o həzrətin həqiqətən vəfat etdiyinə arxayın olduqdan sonra həyətə çıxıb Öməri sakitləşdirməyə çalışdı. Axırda Əbu Bəkr heç cür sakitləşmək istəməyən Ömər üçün Qurandan bu ayəni oxudu: "Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz? Halbuki, geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər” (Ali-İmran, 144).

Peyğəmbərin qüsl və kəfən işləri ilə Əli ibn Əbu Talibin başçılıq etdiyi bir qrup məşğul olmuşdur. Peyğəmbərin vəfatından dərhal sonra Mədinə camaatı üç qrupa bölündü: Bəni-Haşimdən olanlar Əli ibn Əbu Talibin evinə yığışdılar. Mühacirlərin qalan hissəsi Əbu Bəkrin həyətinə toplaşdı. Ənsardan olanlar isə təcili surətdə Mədinə kənarındakı Səqifətü Bəni-Saidə adlı məhəllədə xəlifə seçkisinə başladılar. Sonradan Əbu Bəkr, Ömər ibn Xəttab və Əbu Übeydə ibn Cərrah da Səqifəyə gedib seçkiyə qoşuldular.

Peyğəmbərin qüsl və kəfənləmə prosesinə Əli nəzarət edirdi. Peyğəmbərin əmisi Abbas öz oğulları Fəzl və Qüsəmlə birlikdə cənazəni lazım olan tərəflərə çevirirdilər, Peyğəmbərin qulamı Şəqran və Üsamə ibn Zeyd isə su tökürdülər. Həzrət Əli Peyğəmbərin cəsədinə köynəyin altından qüsl verirdi. Rəvayətə görə, ənsardan Övs ibn Xovli Xəzrəci adlı şəxs Əlidən xahiş etmişdi ki, onu da içəriyə buraxsın. Əlinin icazəsi ilə Övs də otağa daxil oldu, amma qüsl işinə qarışmayıb bir tərəfdə oturdu. Qüsl başa çatdıqdan sonra Peyğəmbərin cənazəsinə kafur sürtüb, dördqat Yəmən ipəyindən kəfənə bükdülər. Həzrət Əli bu zaman cənazəyə müraciət edərək belə buyurdu: "Atam-anam Sənə fəda olsun! Həyatda olduğun kimi, öləndən sonra da pak-pakizəsən”.

Peyğəmbərin cənazə namazı bu şəkildə qılındı: əvvəlcə Əli ibn Əbu Talib özü o həzrətə təklikdə cənazə namazı qıldı. Sonra cənazə qoyulmuş otağın qapısını açıb camaatı hər dəfə 10 nəfər olmaqla hissə-hissə içəriyə buraxdı (otaq darısqal olduğuna görə), özü də bu dəstələrin hər biri ilə namaz qıldı. Müsəlmanlar cənazə namazına başlamazdan qabaq Quranın bu ayəsini oxuyurdular: "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib layiqincə salamlayın!” (Əhzab, 56). Ərəb dilində "səlat” sözü həm namaz, həm də dua, salamatlıq arzusu mənalarını verir. Beləliklə, bu ayəni həm Peyğəmbərə salavat söyləmək, həm də Onun cənazəsinə namaz qılmaq tapşırığı kimi qəbul edə bilərik.

Həzrət Əli sonralar həmin hadisələri belə xatırlayırdı: "...Allahın Rəsulu vəfat edəndə başı mənim sinəmin üzərində idi. O, canını tapşıranda son nəfəsi ağzından çıxıb əlimə toxundu və mən təbərrük kimi əlimi üzümə çəkdim. Mən Ona qüsl verəndə mələklər mənə yardım göstərirdilər. Ev-eşik və divarlar ağlayıb-sızlayırdı. Mələklərin bir hissəsi yerə enir, bir hissəsi səmaya qalxırdı. Allah Rəsulunun cənazəsini qəbrə qoyana kimi mələklərin o həzrətə göndərdikləri salavatın səsi qulaqlarımdan getmirdi. O həzrətə həm sağlığında, həm də ölümündən sonra məndən daha yaxın olan varmı?” (Nəhcül-bəlağə, 188-ci xütbə).

Cənazə namazları ertəsi günün axşamına kimi davam etdi. Həzrət Mühəmməd Peyğəmbər (s) səfər ayının 29-unun sonunda, cümə axşamına keçən gecə dəfn olundu. Bəziləri o həzrəti Bəqi məzarlığında dəfn etmək barədə düşünürdülər. Lakin «peyğəmbərlər vəfat etdikləri yerdə torpağa tapşırılarlar» hədisinə uyğun olaraq, Həzrət Mühəmməd Peyğəmbəri (s) də dünyasını dəyişdiyi məkanda, yəni ümmül-möminin Aişənin hücrəsində basdırmaq qərara alındı. O zamanlar Mədinədə iki nəfər qəbir qazımaqla məşğul idi; bunlardan biri – Əbu Übeydə ibn Cərrah mühacirdən, o birisi – Əbu Təlhə Zeyd ibin Səhl isə ənsardan idi. Əbu Übeydə Məkkə dəbinə uyğun olaraq qəbrin içində ləhəd qazımırdı (qəbrin dibində qazılan taxçaşəkilli oyuğa ləhəd deyirlər). Mədinəlilərin qəbirqazıyanı olan Əbu Təlhə isə qəbri ləhədlə qazıyırdı. Peyğəmbərin əmisi Abbas hər iki qəbirqazıyanın dalınca adam göndərib dua etdi ki, Allah öz Peyğəmbərinə nə cür məzar qismət olmasını istəyirsə, qoy o cür olsun. Əbu Übeydənin dalınca gedən adam onu tapa bilmədi. Beləliklə, Peyğəmbərdən ötrü məzar qazımaq şərəfi Əbu Təlhəyə qismət oldu. Onun qazıdığı ləhədli məzarda Allahın son peyğəmbərini dəfn etdilər. Bu dəfə də Peyğəmbəri qəbrə qoymaq vəzifəsi Əli ibn Əbu Talibin, Abbasın, onun oğulları Fəzl və Qüsəmin, Üsamə ibn Zeydin və Şəqranın (Peyğəmbərin nökəri) üzərinə düşdü.

Sonralar Müğeyrə ibn Şöbə adlı məşhur səhabə deyirdi ki, guya son dəfə Peyğəmbərin cənazəsini görə və ona toxunan o olub. Müğeyrə deyir ki, Peyğəmbəri qəbrə qoyandan sonra üstünü torpaqla örtməyə başladılar. Bu vaxt mən barmağımdakı üzüyü qəbrin içinə atdım. Mənə icazə verdilər ki, üzüyü götürmək üçün qəbrin içinə enim. Mən məzarın içinə düşdüm, üzüyü götürmək üçün əyiləndə gizlicə Peyğəmbərin cənazəsinin ayaq tərəfinə əlimlə toxundum. Qeyd edək ki, Həzrət Əli bu söhbəti eşidəndə Müğeyrənin yalan dediyini və Peyğəmbərin cəsədini son dəfə görən şəxsin Qüsəm ibn Abbas olduğunu söyləmişdi.

Peyğəmbəri dəfn etdikdən sonra Həzrət Əli məzarın kənarında yerə çöküb buyurdu: "Səbr etmək gözəl işdir, amma Sənin müsibətin üçün yox. Ağlayıb-sızlamaq pis əməldir, amma Səndən ötrü yox. Sənin ölümün böyük dərddir, Səndən sonra bütün müsibətlər bunun yanında kiçik görünür” (Nəhcül-bəlağə, 298-ci hikmət).


Şərhlər:
Baxılıb: 1416
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz