Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlərlə münasibətin ədəbi
Valideynlərlə münasibətin ədəbi
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 536
Səs ver:

 

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah "İsra” surəsində buyurur:

1. Yalnız Allaha ibadət edin.

2. Ana və ataya yaxşılıq edin.

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.

Göründüyü kimi, Alla Təala iki əsas məsələni ard-arda  sadalamışdır. Birincisi Qurani-Kərimin əsas mövzusu olan tövhiddir. Tövhid mövzusunun ardınca Allah "Valideynlərə yaxşılıq” məsələsini qəti hökm kimi bəyan edir. Allah Təala bu hökmün ardınca valideynlərlə necə davranmağı əmr edir:  "Əgər onlardan hər ikisi və ya biri qoca vaxtında sənin yanında olarsa;

1. Onlara qulluqdan əsla bezmə, "of” belə demə.

2. Onları acılama.

3. Onlarla şirin dillə danış və onlara xoş söz söylə.

4. Şəfqət və təvazökarlıqla onlara qol-qanad ol

5. Onlara belə dua et: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.

Əbu Bəddah ət-Tucibi: "Ana-ataya yaxşılıq etmək haqqında” bütün ayələri öyrəndim. Lakin "Onlara yaxşı və könül alan sözlər söylə” ayəsini tam başa düşmədim. Bu nə deməkdir? –  deyə Saib ibn əl-Museyyəbədən soruşur. İbn Museyyəbə belə cavab verir:

– Bu günahkar kölənin sahibi ilə kobud danışmasının ək­sidir.”

Həzrəti Ömər (radiyallahu anh) isə bu ayəni uşağın valideynlərinə "anacan, atacan” deməsi şəklində izah etmişdir. Allah (cəllə cəlaluhu) valideynləri ilə pis davranmış və xətasını düzəltmək istəyən insanlara bir çıxış yolu göstərir. Həmçinin, qəlblərdən agah olduğunu bəyan buyuraraq valideynləri ilə qeyri-səmimi rəftar edən və ya könülsüz gözəl davranmağa çalışan insanlara da xəbərdarlıq edir;

"Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı bi­lən­dir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır! (İsra, 17/23-25)

Mövzumuzla bağlı digər ayə isə, "Loğman” surəsindəndir;

"Biz insana ata-anası ilə yaxşı davranmağı əmr etdik. Çünki anası onu böyük zəhmətlə bətnində daşıyıb. Süddən kəsilməsi də iki il qədər çəkir.

İnsana buyurduq ki, "Həm Mənə, həm də ana-atana şükr et! Unutmayın ki, axırda Mənə dönəcəksiniz!”

Bu 14-cü ayədə valideynlərə yaxşılıq əmr edilmiş, ananın hamiləlik, doğum və südvermə kimi mühüm fizioloji çətinlikləri nəzərə alınaraq bu dövrlərin həm ana, həm də uşaq üçün psixoloji əhəmiyyəti vurğulanmışdır. Ayənin ardınca isə ana-ataya münasibət ədəbi ilə əlaqədar belə buyurulur:

"Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa məcbur etsələr,

1. Əsla onlara itaət etmə!

2. Ancaq bu vəziyyətdə də onlarla yaxşı rəftar et.

3. Mənə dönənlərin yolunu tut.

4. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman, 31/14-15)

Bu ayələrdə ana və ya atanın yaxud da hər ikisinin İslama inanmamasının mümkünlüyü bildirilmiş,  ancaq belə hallarda da onlarla yaxşı rəftar etmək, onlara əl tutmaq, ehtiyaclarını təmin etmək əmr olunmuşdur. "Valideynlərinlə yaxşı rəftar et!”, yəni İslamın əmr etdiyi şəkildə günah işləmədən valideynlərinlə yaxşı rəftar et, onların yemə-içmə, ev və geyim kimi ehtiyaclarını yoluna qoy, onlara əziyyət vermə, ağır sözlər söyləmə, xəstələnəndə müalicə elətdir.

Rəsulullahın dövründə olan hadisələr buna bariz nümunədir:

Əbu Bəkrin (radiyallahu anh) qızı Əsma nəql edir:

Hələ də müşrik olan anam yanıma gəldi. Allah Rəsulundan: "Anam yanıma gəldi, mənimlə görüşüb danışmaq istəyir. Onunla yaxşı rəftar edimmi?” – deyə soruşdum. Rəsulullah (sallallahu əleyhi və səlləm):

– Əlbəttə, ona lazımi hörməti elə, – buyurdu.

Mövzumuzla əlaqəli digər ayə isə "Əhqaf” surəsindədir:

"Biz insana ana-atasına yaxşı davranmağı əmr etdik. Çünki anası onu böyük zəhmətlə bətnində gəzdirmiş və necə çətinliklə dünyaya gətirmişdir.

Uşağın ana bətnində olması və süddən kəsilməsi (birlikdə) 30 ay çəkir.”

Ayənin bura qədər olan qismində "Loğman” surəsindəki kimi valideynlə gözəl rəftar üçün ananın hamiləlik, doğum və südvermə mərhələlərində çəkdiyi əziyyət əsas səbəb kimi göstərilir. Bu ilk baxışda aydın olur. Daha dərinə getsək, əhəmiyyətli məqamlara toxunulduğunu görərik. Bu ayə "Loğman” surəsindəki əmrlə başlayır, ancaq fərqli əmr və tövsiyələrlə davam edir. Bu fərqlilik ar­tıq insanın yetkin, oğul-uşaq sahibi olduğu bir yaşda Allaha yönəlib edəcəyi duadan xəbər verilməsidir. "Nəhayət, (insan) kamillik həd­dinə yetişib qırx yaşa çatdıqda belə deyər:

1. Məni həm mənə, həm də ata-anama verdiyin nemətə şükür­ etməyə yönəlt!

2. Sənə xoş gedəcək yaxşı əməllər işləməyi nəsib et.

3. Nəslimi əməlisaleh elə.

4. Rəbbim, Sənə döndüm, mən sənə təslim olanlardanam. (Əhqaf, 46/15)

Göründüyü kimi, bu duada dörd xüsus bəyan edilir. Yetkin insanların belə dua etməsi Allahın (cəllə cəlaluhu) lütf və mərhəmətinə vəsilə olacaq, Allaha qəlbən bağlı, əmin-aman və bəxtiyar bir cəmiyyətin formalaşmasına öz töhfələrini verəcək.

Burada bir İslam mütəfəkkirinin qələmindən çıxan "Ana” yazısını vermək yerinə düşərdi:

"Ana

Ana üçün deyirlər, sonu yox iztirabın…

Daim ənindir anada səsi, telin, mızrabın…

Fanilər arasında ən müəzzəz, ən əziz varlıqdır ana. O, yer üzündə addımlarını atarkən başı göylərdə, Cənnət də ayaqlarının altındadır. Başmağının tozu gözlərə sürmə qədər əziz və ayaqlarına qapanan üzlər də Ərşin eşiyindəki başlar qədər ucadır. Ana inləyən varlıqdır. Bir ömür boyu inləyən və sızlayan… Onun analığı övladla qaim; "anam” deyənlə… Övladsız ana, ana deyil. Bəs övladı "anam” deməyən ananın halı necə?! Ananın amalı bir övlad, bəzən başqa bir şeydir; məna kimi, ruh kimi, məfkurə kimi…

Ana var, dünyaya gətirəcəyi balasını Haqqın yoluna fəda edər. Ana var, bir övlad istər, lakin əldə etmədən hüsran içində gözlərini yumar həyata. Ana var, izah edə bilmədiyi övladı ilə beli bükük: "Kaş ki, daha öncə ölüb, unudulub getsə idim”, – deyər. Ana var, övladı ilə abidələşər və başı səmalara yüksələr. Ana var, övladı ilə pərişan və dərbədərdir. Ana var, Firon sarayında bir millətin göz bəbəyidir. Ana var, Peyğəmbər ocağında şeytan bəndəsi. Ana var, səssiz, naməlum və məchuldur, lakin güllər, çiçəklər yetişdirər. Ana var, dastanlara sığmaz; o, yaddaşlarda, könüllərdə, göylərdədir. Ana var, kağızdadır, qələmdədir, romandadır…

Torpaq, toxuma; qaynaq çağlayana; Həvva insan övladına; Məryəm bir Ruha; Əminə bütün bir həqiqətə, varlığın sirrinə, sirlərin mayasına anadır.

Yaxşısı da var, pisi də ananın. Yaxşısına canlar qurban; bəs pisinə, talesizinə nə deyək? Övladın üzünü güldürməyənə və övladdan üzü gülməyənə, ağ gün görməyənə…

Ana-övlad iki bədən, bir ruh. Övlad ananın bir parçası, qucaqlarda "könül yaxan sevgili”, iməkləyən körpə və nəhayət arxa-arxaya üz verən ayrılıqlarla ananın qəlbinə od vuran bir alov, ürəyə sancılan bir ox…

İlk addımları, təhsil həyatı, əsgərlik çağı.. bunların hər biri ananın alnına qırış, saçlarına ağ salan iztirab dövrləri. Ana hər eniş və hər yoxuşun başında göz yaşı tökər: övladın tələbəlik ayrılığı, evlilik ayrılığı və əsgərlik ayrılığına… Bəli, o, daim ağlar, daim bü­xurdan kimi od tutub yanar. Bəzən təsəlli tapar, bəzən də sel olub axan göz yaşlarında boğular. O, dəyərlərinə, vətəninə, namu­suna qurban verdiyi balasını ərməğan bilər və bununla təsəlli tapar. Ya bir heç uğrunda ölənə, məfkürəsizə nə desin ana? Bu məqamda ananın dili lal olar.

Bəli, o, şəhid olan övladına bayatı qoşar, layla söylər, onlarla ovunar.

Bura Yəməndir,

Gülü çəməndir,

Gedənlər gəlmir

Görən, nədəndir,

Görən nədəndir.

Gözlərdə şəhidin xəyalı, qulaqda Cənnətin şırıl-şırıl axan çayları kimidir onun səsi:

Kafir Krımı aldı, anam,

Düşmən yurduma girdi, anam,

İsmətim payimal oldu, anam,

Mən oraya gedirəm…

Krımda kafirlərə qoşulan da var; Plevnanı unudub Dünayda gəzintiyə çıxan da. Elə ananın belini bükən də bunlardır. Köhnə qurbanın düşməni, yeni qurbanın dostu; nə desin ana bu girift müəmmaya..!

Vay mənim talesiz anam! Qəlbi ağrılı anam, qəddi bükülmüş, gözləri dolmuş anam; dizinə döyüb saçını yolan anam! Kim rəva gördü bunları sənə? Kim qıydı qəlbinin bəhrəsinə, gözünün nuruna? Qıraq o əlləri. Su səpək alovuna…

Artıq ağlama anam! Göz yaşlarından meydana gələn buludlar, ta Ərşə qədər yüksəldi. Bax indi orada şimşəklər çaxır, burada pöhrələr baş qaldırır… Dağılan tellərinə sığal çəkmək üçün sənə tələsirlər. Biz, hər birimiz sənin fəryadına tələsirik. Dilimizdə qurtuluş nəğməsi, əlimizdə Yusufun köynəyi, alnın qırışlarına, yaşaran gözlərinə sevinc müjdəsi ilə gəlirik. Səssiz fəryadların dinsin deyə, qanayan yaraların sağalsın deyə, bütün mücrimlər adına səndən üzr istəyib eşiyinə baş qoyduq anam…!”[1]

Hədislərdə ata haqqı

Ata haqqının qorunmasına dair Peyğəmbərimizdən (sallallahu əleyhi və səlləm) gəlib çatan hədis belədir:

Əbu Ğassan əd-Dəbbi rəvayət edir: "Atamla birlikdə gedirdim. Elə bu vaxt Əbu Hureyrə (radiyallahu anh) ilə qarşılaşdıq. Əbu Hureyrə:

– Bu kimdir? – dedi. Mən: "Atamdır”, – dedim. O, belə dedi:

"Atanın qabağı ilə getmə, onun arxasınca və ya yan tərəfi ilə yeri. Aranızla kiminsə getməsinə icazə vermə. Atan olan evin damına çıxma, onu qorxudarsan, atanın önündə onu canı çəkən yeməyi yemə!”[2]

Demək ki, ata izin versə belə, övladın atanın qabağı ilə yeriməsi, onun istəmədiyi hərəkət etməsi və atadan əvvəl süfrəyə əl uzatması böyük nəzakətsizlikdir.

İbn Abbasın (radiyallahu anh) rəvayətinə görə, Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: "Ata uşağına baxıb sevinərsə,  uşaq bir kölə azad etmiş kimi savab qazanar.” "Ya Rəsulallah! Üç yüz altmış dəfə baxarsa, nə olar?” Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Allahu Əkbər (Allah hər şeydən böyükdür)” buyurdu.[3]

Abdullah ibn Amr Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir: "Allahın razılığı atanın razılığında, Allahın narazılığı isə atanın narazılığındadır.”[4]

İbn Abbasın da (radiyallahu anh) "Allah ana-atasının üzünə mərhəmət nəzəri ilə baxana qəbul olunmuş həcc savabı yazar” dediyi rəvayət edilmişdir.[5]

Əbud-Dərda isə Rəsulullahın (sallallahu əleyhi və səlləm): "Ata cən­nətin orta qapısıdır. İstərsən, bu qapını tərk et, istərsən, muhafizə et” dediyini eşitmişdir.[6]

Həddi-büluğa çatanlar vəfat edən valideynlərinin adına yaxşılıq edə bilərlər. Bu məsələ bir hədisi-şərifdə təfərrüatı ilə verilmişdir. Belə ki:

Əbu Useyd Malik İbnu Rəbiə əs-Səidinin rəvayətinə görə, bir adam:

– Ey Allahın Rəsulu, ana və atanın vəfatından sonra da onlara yaxşılıq etmək mümkündürmü? Onlara necə yaxşılıq edə bilərəm?” – deyə soruşmuş. Rəsulullah (sallallahu əleyhi və səlləm) isə:

– Bəli,  deyib necə yaxşılıq etməyi göstərmişdir:

1. "Onlara dua et, onlar üçün Allahdan bağışlanma dilə.

2. Onların vəsiyyətlərini yerinə yetir.

3. Ana və atanın qohumlarına  baş çək (silei-rəhmə riayət et).

4. Ana və atanın dostlarına (rəfiqələrinə) hörmət göstər.”[7]

Allah Rəsulu valideynlərinin sağlığını görən, amma onların razılığını qazanmayan övlada xəbərdarlıq etmişdir. Əbu Hureyrənin rəvayətinə görə Rəsulullah bir gün:

– Burnu sürtülsün, burnu sürtülsün, burnu sürtülsün, – demişdir.

– Kimin burnu sürtülsün, ey Allahın Rəsulu? – deyə soruşulanda: "Valideynindən hər ikisinin və ya birinin qocalığını görüb cənnətə girə bilməyən insanın burnu sürtülsün,”  – buyurdu.[8]

Burada yanlış bir davranışı diqqətə çatdırmaq istəyirik. İnsanlar, xüsusilə, əsəbi və hirsli olanda bəzən istəmədən belə qarşısındakını sözləri ilə incidir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə hallarla bağlı mühüm xəbərdarlıq edir.

Amr ibn Asın rəvayətinə görə, Rəsulullah (sallallahu əleyhi və səlləm): "İnsanın ana və atasını söyməsi böyük günahlardandır”, – buyurmuş, yanında  olanlar da:

– İnsan heç ana-atasını söyər? – deyə soruşmuşdular. Rəsu­lullah (sallallahu əleyhi və səlləm):

– Bəli! İnsan başqasının atasını söyür, o da qayıdıb onun atasını, anasını söyür. Beləliklə, insan öz ana-atasını söymüş olur!” – cavabını vermişdi.[9]

Sonda isə valideynlərin tərbiyə vəzifəsi ilə əlaqədar səhabənin sözünü vermək yerinə düşər:

Vəlid ibn Numeyr atasının belə dediyini eşitmişdir: "Səhabə nəsli deyərdi ki, kamillik Allahdandır, ədəb isə atalardan.”[10]



Şərhlər:
Baxılıb: 536
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz