Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir daha işgüzar xanımlar barəsində
Bir daha işgüzar xanımlar barəsində
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1610
Səs ver:
Bu gün qadınlarımızın işlə bağlı problemlərindən söhbət açacağıq. Söhbət əsnasında "İş müasir xanımların həyatında hansı rol oynayır?", "İşgüzar xanımlar hansı problemlərlə qarşılaşırlar ?", nəhayət, "Evdar xanımlarla işgüzar xanımları hansı cəhətlər ayırır?" kimi suallara cavab axtaracağıq. Təbii ki, söhbət təkcə Azərbaycan reallığından getmir. Çünki qadınların qarşılaşdığı problemlər az qala məkanından və zamanından asılı olmayaraq eynidir. Sosial təminat, cəmiyyətin ab-havası, sadəcə, bu problemlərin azlığına və yaxud çoxluğuna təsir göstərə bilər. 
Müasir xanımların həyatında iş mühüm rol oynayır. Təsadüfi deyil ki, qadınların böyük bir qismi işləyir. İş xanımlara özünü cəmiyyətdə təsdiq etmək şansı verir, sözün əsl mənasında, müstəqilliyinə imkan yaradır. Daha dəqiq desək, xanımların iqtisadi asılılığına son qoyur. Burada bir haşiyə çıxaq. Etiraf etmək lazımdır ki, Azərbaycan xanımlarında işgüzar ovqat aşağı səviyyədədir. Bu, o demək deyil ki, onların böyük əksəriyyəti işləmir, evdardır. Xeyr. Söhbət işgüzar ovqatdan gedir. Bizim xanımlarımız işləsələr belə, ictimai həyatda həmişə passiv mövqedə dayanırlar. Bu, milli adət-ənənələrimizdən, tərbiyə üsulumuzdan irəli gəlir. Belə ki, bir qayda olaraq, Azərbaycan ailələrində qızlara özünü yaxşı aparmağı, daha dəqiq desək, hər şeylə razılaşmağı, mehribanlığı öyrədirlər. Çünki məhz qadınlar ənənə və etik normaların daşıyıcısıdır. Qızların asılılığı, qeyri-müstəqilliyi rəğbətlə qarşılanırsa, oğlanlarda tam bunun əksi olaraq, müstəqillik, məqsədə doğru əzmlə irəliləmək və iddialı olmaq təqdirəlayiq hal sayılır. Ənənəvi azərbaycanlı ailəsində qızlar oğlanlarla müqayisədə daha çox nəzarətdə saxlanılırlar. Məhz buna görə də Azərbaycan xanımlarında işgüzar ovqat aşağı səviyyədədir. Məsələn, bu yaxınlarda Azərbaycanda aparılan sosioloji sorğu zamanı qızlara ünvanlanan "Sizin üçün həyatda ən vacib olan nədir?" sualına verilən cavaba nəzər salaq. Qızların 53 faizi "ailə və uşaqlar", 18 faizi "maddi firavanlıq", 19 faizi "sevgi", 5 faizi "iş və təhsil", 3 faizi "ictimai tədbirlər", 2 faizi "istirahət" cavabını verib. Biz bunun yaxşı və ya pis olmasını müzakirə etmirik, sadəcə, reallığı nəzərinizə çatdırırıq.
İşgüzar xanımların hansı problemlərlə qarşılaşmasına gəlincə, nədənsə, qadınların əməyi kişilərlə müqayisədə aşağı səviyyədə qiymətləndirilir. Məsələn, BMT-nin məlumatına əsasən, Azərbaycanda əməkdaşlarının 81 faizinin qadınlar olduğu səhiyyə sahəsində orta əməkhaqqı kişilərin əməkhaqqının 61 faizini təşkil edir. Kişi və qadınların məvacibi arasındakı fərqi izah edən bir neçə fərziyyə mövcuddur. Birinci fərziyyəyə görə, qadınların məvacibi ona görə aşağıdır ki, onlar özləri az ödənişli işi seçirlər. Başqa bir fərziyyəyə görə isə qadınlar özlərini təcrübəli işçi kimi göstərə bilmədikləri üçün onların əməyi yüksək qiymətləndirilmir. Nəhayət, ən maraqlı fərziyyə isə budur ki, qadınlara ona görə aşağı maaş verilir ki, onlar buna öz etirazlarını bildirmirlər. Daha dəqiq desək, az maaş alacaqlarını gözləyirlər. Və bir qayda olaraq, verilən maaşa qane olurlar. İndi isə bu fərziyyələrin hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
Birinci fərziyyə barədə. Sosioloqların apardıqları müşahidələr göstərir ki, həqiqətən də qadınlar onlara aid hesab olunan az ödənişli iş yerlərinə üstünlük verirlər. Bu zaman onlar alacaqları məvacibdən daha çox normal əmək şəraiti və yaxud iş mühiti, daha çevik, maraqlı iş qrafiki ilə maraqlanırlar. Reallığa nəzər yetirək. Həqiqətən də bu sahədə aparılan araşdırmaların nəticəsi göstərir ki, Azərbaycanda mədəniyyət, tibb, təhsil və sosial müdafiə sahəsində çalışanların 60 faizi qadınlardır. Ən yüksək siyasi və inzibati dairələrdə isə qadınlar çox seyrək təmsil olunurlar. Siyasi və inzibati sahələrdə qadınların sayı cəmi 30 faizdir. Onu da nəzərdən qaçırmayın ki, sözügedən 30 faiz ən aşağı mövqelərdə çalışırlar.
Göründüyü kimi, qadınlar ənənəvi olaraq kişi işi sayılan vəzifələrə maraq göstərmirlər. Ancaq bu məsələni daha dərindən tədqiq edənlər qadın işinin asan iş kimi dəyərləndirilməsinə qarşı qəti etirazlarını bildirirlər. Hətta qadın ixtisaslarının daha çətin olduğu fikrindədirlər. Bəs belə olan təqdirdə qadınlar nəyə görə "kişi ixtisaslarına" maraq göstərmirlər? Məsələ bundadır ki, qadınların bu marağı qarşısında bir çox süni maneələr yaradılır. Süni maneələr də ilk növbədə cəmiyyətdə hökm sürən stereotiplərdən, xüsusən də bu sahədə mövcud olan ənənələrdən irəli gəlir. Buna görə də qadınlar belə iş yerlərində onları gözləyə biləcək xoşagəlməz psixoloji şəraiti qabaqcadan duyaraq belə işlərə maraq göstərmirlər.
Qadınların az maaş almasını "onlar aza qane olacaqlar" fərziyyəsinə gəlincə isə, həqiqətən də bu, belədir. Bu, qadın xarakterindən irəli gəlir. Zəriflik timsalı olan xanımlar aza qane olmağı bacarıqlar. Bu zaman onlar bir qayda olaraq, özlərini evdə əyləşən qadınlarla müqayisə edirlər. Təbii ki, bu müqayisə də onların xeyrinə olur. Xanımların əksəriyyəti hesab edir ki, "filankəs evdə əyləşib. Mən yenə işləyirəm, bu pula da şükür". İşgüzar xanımların qarşılaşdığı problemlərdən biri də "şüşə tavandır". Bu termini ilk dəfə ABŞ-ın əmək naziri Linn Martin işlədib. "Şüşə tavan" nə deməkdir? İşgüzar xanımlar yalnız müəyyən vəzifə pilləsinə qədər yüksələ bilirlər. Onların daha yüksək vəzifələrdə çalışmaq bacarığının olmasına baxmayaraq, yerlərində sayırlar. Və ətrafdakılar hesab edirlər ki, həmin xanım buna qane olmalıdır. Qadının lider rolu və rəhbər iş üçün "yararsız" hesab olunmasının səbəbi yenə də cəmiyyətdə hökm sürən stereotiplərlə bağlıdır. Bu, ən demokratik ölkələrdə də belədir.
Yeri gəlmişkən, maraqlı bir fakta diqqət yetirək. Qərblə müqayisədə qeyri-demokratik sayılan ölkələrdə qadınların ən yüksək vəzifələrdə təmsil olunmasına daha tez-tez rast gəlmək olar. Dünyaya demokratiya, azadlıq dərsi keçən Qərbdə isə bu hal demək olar ki, istisnadır.
Mövzumuza qayıdaraq, deyək ki, qadınların özləri də bu fikirdədir. Ayrı-ayrı ölkələrdə aparılan sosioloji sorğular da bu fikri təsdiqləyir. Məsələn, alman qadınların əksəriyyəti rəhbər vəzifəni məhz kişi işi hesab edir. Böyük Britaniya xanımları da səs çoxluğu ilə rəhbər vəzifəni kişiyə aid edib. Amma almanlar arasında qadınları da rəhbər vəzifədə görmək istəyənlər olub. Amerikalı qadınlar isə rəhbər vəzifə üçün gender probleminin mövcud olmadığı qənaətindədirlər.
Bu rəydə olan insanlar seçimlərini belə əsaslandırırlar ki, qadınlar emosional və qətiyyətsizdirlər. Bundan başqa, araşdırmalar göstərir ki, ev, ailə qayğıları qadının işinə əngəl yaradır. Belə ki, evə daha çox əmək sərf edən qadın işə lazımi diqqət ayıra bilmir. Həqiqətən də bütün günü və diqqəti onun əlindən "alan" rəhbər vəzifələrdə çalışmaq qadın üçün çətindir. Axşam evə tələsən, bazar günləri evdə qalmağa üstünlük verən xanımlar könüllü olaraq bəzən aşağı vəzifələrdə çalışmağı seçirlər. Çünki araşdırmaya ehtiyacı olmayan bir fakt var. Xanımlar evə, ailəyə kişilərlə müqayisədə qat-qat artıq bağlıdırlar. Ən nəhayət, işlə həddindən çox məşğul olmaq ənənəvi qadın roluna uyğun gəlmir. Buna görə də işgüzar xanımlar çox zaman narahatlıq keçirir, özlərini ailə qarşısında günahkar hiss edirlər.
İndi də evdar xanımların vəziyyətinə nəzər salaq. ABŞ-da aparılan tədqiqatlar göstərir ki, qadınlar evdə orta hesabla kişilərdən 2 dəfə çox iş görür. Həqiqətən bütün gününü evdə keçirən xanımların az işlədiyini söyləmək yanlışdır. Bəs işgüzar xanımlarla evdar xanımların arasında əsas fərq nədən ibarətdir?
Bu haqda bir çox araşdırmalar, tədqiqatlar var. Evdar xanımlar özləri evdə qalmağa, ana və həyat yoldaşı vəzifəsini layiqincə yerinə yetirməyə üstünlük versələr də, əslində, onlar vəziyyətlərindən razı deyillər. Çünki bu zaman evdar qadınlar yalnız başqalarının həyatı ilə yaşamağa məhkum olurlar. Özlərinin maraqları diqqətdən kənarda qalır. Bundan başqa, onlar özlərinə inamsız yanaşır, özləri haqqında mənfi rəydə olurlar. Qətiyyətsizlik də bu qadınların xarakterik xüsusiyyətidir. Onlar qarşılaşdıqları problemlər qarşısında çox zaman aciz qalır, depressiyaya daha tez düçar olurlar. Üstəlik, bu vəziyyətdən çox gec çıxırlar. Ev xanımı rolunun qadına necə təsir göstərdiyi barədə fikirlər bölünsə də, hamı bu rəydədir ki, pul qazanan qadın evdə daha böyük hakimiyyətə malikdir. Ümumiyyətlə, ailə hakimiyyəti nəzəriyyəsinə görə burada əsas məsələ iqtisadi imkandır. Həqiqətən də həyat yoldaşından maliyyə asılılığı olan evdar xanımlar ailədə nüfuzsuz fiqura çevrilirlər. İşgüzar xanımlarsa ailədə daha yüksək hörmətə malik olurlar. Bu fikirlə razılaşmaq istəməyənlərin nəzərinə onu da çatdıraq ki, bu fikri təsdiqləyən bir neçə tədqiqat əsəri mövcuddur.
Nəhayət, mövzumuzu yekunlaşdıraraq, hər birinizə işgüzar ovqat arzulayırıq.
 


Şərhlər:
Baxılıb: 1610
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz