Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adətlər və qadın
Adətlər və qadın
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 930
Səs ver:
Azərbaycan cəmiyyətində baş verən proseslər, ictimai dəyişiklər insani münasibətlərdə də müəyyən dəyişikliklərə yol açmışdır.
Adətlər, yüz illərə dayanan ənənələr, dinin də müəyyən dərəcədə adətlərə uyğunlaşdırılması, kişilərin üstün haqlara malik olduğu bir cəmiyyətdə qadınların kimliyi, yaşam tərzi, eyni zamanda özlərinın özlərinə münasibəti onların daima əzilməsinə, sanki ikinci dərəcəli insan müamiləsini hər an hiss etməsinə yol açır. Qadınların bütün Şərqdə olduğu kimi Azərbaycanda da əzilməsi başqa Şərq ölkələrindən fərqli olaraq zahirdə o qədər də nəzərə çarpmır, belə ki, qadınlar işləyir, təhsil alır, istədiyi şəxslə ailə qura bilir və s. Amma bu dediklərimiz zahiridir, çünki qadınların bu haqlara sahiblənməsi göründüyü qədər də asan deyil, hər tində tabular, qadağalarla rastlaşan qadın son nəticədə ya sınıb barışır, hamı kimi yaşamaq yolunu tutur, ya da tək-tənha ömrünü başa vurur. Tək qalan qadınlarımızın əksəriyyətini elm və ictimai işlərlə məşğul olan qadınlar təşkil edir, regionlarda isə bu daha cox sosial məsələ kimi dəyərləndirilməlidir, çünki iş dalınca başqa ölkələrə getmiş oğlanların bir daha geri dönməməsi, yaxud da geri döndükdə də geridə qalmış hesab etdiyi qızlarla ailə qurmaması bu kimi hallara yol acır. Ümumiyyətlə, Azərbaycanda qadınlarımızın problemlərini şərti olaraq belə bir sıralama ilə dəyərləndirmək olar:

1. Sosial - siyasi vəziyyətin və cəmiyyətin yaratdığı problemlər.
2. Adətlər, kişilərə tanınmış haqqların qadınların haqqını tapdalamaq üzərində qurulması.
3. Əslində qadının alçaldılmasına xidmət edən adətlərimizə uyğunlaşdırılıb din adı ilə bizə sırınmış qaydalar.
4. Qadınların özlərinə münasibəti.

Qadınlar (qızların) bu sadaladığımız halların hər birini kiçik yaşlarından hiss edir. Bir qız uşağının ailədən başlayaraq az qala hər gün eşitdiyi "sən qız uşağısan, sənə olmaz" qadağası bir şəxsiyyət kimi onun formalaşmasına, özünə güvənməsinə, eyni zamanda bir qadın kimi hisslərini anlamaqda, insan kim özünü bilməsində əngəldir. Özünə güvənməyən, qadın və insan kimi özünü bilməyən qadınlarımız yaşadığı həyatdakı mövqeyini də tam dərk edə bilmədiyi üçün indi Azərbaycanda qadınların həyat tərzində də bir-birinə bənzəməyən və hətta bir-birini rədd edən vərdişlər formalaşmaqdadır. Birinci hal - bu daha çox gənclərin arasında rast gəlinir ki, həyatı gündəlik həzzlərin əhatəsində yaşayır, həyatın sərhədləri bununla da məhdudlaşır. İkinci halda - özünü bilir, insanca, qadınca yaşamanın belə olmadığını, belə olması gərəkmədiyinin fərqində olur, amma ətrafla savaşdan ya yorulub tənhalığına çəkilmişdir, ya da savaş şəraitində yaşamını sürdürür və hər iki halda tənha, məyusdur. Digər bir hal də var ki, onlar indiyə kimi yaşayanların yolunu tutmuş, biz belə gördük deyib, bir kişinin arvadı, bir övladın anası olmaqla razılaşıb oturanlardır. Cəmiyyətdə belələri daha çox təqdir alır, hətta "ağıllı" hesab olunurlar. Əslindəsə tənhalardan da bədbəxt olurlar, ərinin xəyanətinə də dözür, nə edim uşaqlarım var deyə boyun əyən bu qadınlar çoxluq təşkil edirlər və ən qəribəsidə budur ki, cəmiyyət, adətlər, kişilər tərəfindən ən çox əzilən bu kəslər necə deyərlər "dikbaş" həmcinslərinə nəinki bu qadağaların dəyişməsində yardımcı olurlar, əksinə onlara qarşı hər kəsdən daha aqressiv yanaşırlar. Niyə? Birincisi, "dikbaşlar", yəni özlərini bilənlər onların illərə dayanan, artıq "daşlaşmış rahatlığını" pozur, çünki zahirən Azərbaycanda kişilər ənənəvi qadın tipinə üstünlük verirlər, əslində kişilər ənənəvi qadınları arvad kimi seçməyə üstünlük verirlər, "sevgililərsə" ənənəvilərin deyil, digər kəslərin arasından secilir. Bu ənənəvi qadın tiplərinin rahatlığını pozur. Çünki onlar dəyişməyə meyilli deyil, bir qədər rahibə tipində olan bu mühafizakarlar ənənəvi Şərq qadınının əgər belə demək mümkünsə, "haqlarını" qoruyurlar. Cəmiyyətin mühafizakar kişi və qadın kəsimi üçün əslində qaydaların dəyişməməsi rahatlıqdır ki, onlar da bunun fərqində olduqları üçün əllərində olduqları hər nəsə onu kimsəyə güzəştə getmək istəmirlər.

Azərbaycanda zahirdə bütün qanunlar qadınların hüququnu qoruyur. Amma dediyimiz kimi bu ancaq zahiridir, mahiyyətdəsə reallıqla qanunlar, imkanlarla qanunlar arasında böyük boşluq var. Həm inzibati, həm də cəmiyyət yanaşmasına görə bu qanunlar əslində donmuş vəziyyətdədir. Çünki Azərbaycanda çox hallarda qadın azad, maneəsiz, sərbəst şəkildə öz istedad, arzu, savad, istəyini reallaşdıra bilmir. Bir tərəfdən qadına şəxsiyyəti ilə deyil, cinsiyyəti ilə yanaşma, bir tərəfdən rüşvət, bir tərəfdən gizli "sən qadınsan" alçaldılması, digər yandan da ailədə və cəmiyyətdə sıxışdırılması qadının həyatında bəzi problemlərə səbəb olur. Bir qədər geniş şərhlə izah etsək, qadına şəxsiyyəti ilə deyil, "cinsiyyəti ilə yanaşılması" deyiminə nəzər salsaq, aydın olur ki, inkişaf etmiş Qərb ölkələrində belə bu məsələ köklü həll olunmamışdır. Aparılmış bir sorğunun nəticəsinə görə bunu qətiyyətlə demək mümkündür. Belə ki, Amerikada bir sosial araşdırma mərkəzinin apardığı sorğuya görə, eyni yazı ilə müxtəlif adamlara müraciət olunmuş, eyni yazının "qadın tərəfindən yazılmışdır" deyilən adamlar onu yüksək dəyərləndirməmiş, amma həmin yazının kişi tərəfindən yazıldığı söylənilən kimi münasibət müsbətə doğru dəyişilmişdir.

Qadın daha çox sevgili, məşuqə, arvad kimi qiymətləndirildiyindən sanki hər şeyə, bütün dünyaya sahibmiş kimi davranan kişilər qadını "zəifdir" damğası ilə damğalamış və bu damğanın tarixin səhvələri arasında itməsini istəmirlər. O isə ki, qadın artıq çoxdan sübut etmişdir ki, nəinki zəifdir, hətta qolunun zgücünə güvənən kişilərdən daha güclü, daha da həssas, daha da uzaqgörən və daha vəfalıdırlar. Bu fikirlərin qarşısına kişilər həmişə "bu qədər güclüsünüzsə, niyə dünyanı kişilər idarə edir?" məntiqi ilə çıxmaq istəyirlər ki, onda eyni sualı başqa formada geri də qaytarmaq olar: Niyə sizin idarə etdiyiniz dünya bu gün bu qədər dəhşət və vəhşət icərisindədir?
Nədənsə qadın haqqından danışanda adətlərimiz, dinimiz, qaydalarımız var deyilir, amma kişi ləyaqəti, sözbütövlüyündən, başqasının əmanətinə yan gözlə baxmamaqdan danışanda, bu sadalananların heç biri yada düşmür. Hər gün yüzlərlə qadın şəhərin küçələrində işlərinin arxasınca getmək üçün hərəkət edir və belə demək mümkünsə, bu kişilərin öz qadınlarını bir-biriunə əmanət etməsidir, amma elə ləyaqətdən danışan kişilərin çoxu da o əmanətə xəyanət edir, gözlərini zinadan qormayaraq. Budurmu adətlər, budurmu din? Yox!
Anlamağa çalışaq. Əgər bir vaxtlar başqasının cavan arvadını götürüb qaçmış, bu cavan arvada görə də bütün ailəsini məhv etmiş Cahandar ağaya "əsil Azərbaycan kişisi" statusunu verib, "zəhimli" olmağı ilə tərif etmişlərsə onda bu günkü Azərbaycan kişilərinin əksəriyyətinin əmanətə xəyanətini anlamaq olar, amma Cahandar ağanı Azərbaycan kişisi kimi simvollaşdıranlara kiçik bir xatırlatma yerinə düşərdi. Düzdür, Azərbaycanda coxarvadlılıq olub, amma başqasının kəbinli arvadını qaçırmaq kimi adətimiz olmayıb. Başqa bir yöndən, məsələyə sevgi məsələsindən də yanaşsaq, onda Cahandar ağanı ümumiyyətlə, "ittiham" etmək mümkündür, çünki onun bir qadını qaçırmasında sevgi yoxdur, sadəcə "cavan arvad qaçırmaq" əməli var və bu əməlin adı sevgi yox, başqadır. Beləcə, Cahandar ağa Azərbaycan kişisinin simvolu ola bilməz, amma nə yazıq ki, bu simvolun "törəmələri" indi çoxdur.

Qadının öz həmcinsləri tərəfindən əzilməsindən bir qədər əvvəl danışmışdıq, amma bəzən qadına əzab verənə yardım edən məhz elə qadının öz həmcinsi olur. Kişi xəyanəti deyilən dönüklük halı əslində tək kişilərin əməli deyil, burada qadınlar da iştirak edir və bu zaman öz həmcinsinin əzilməsinin fərqində olsa da bu ləyaqətsizlikdən vaz kecmir. Təbii ki, bu hal Böyük sevgilərin mövcud olduğu yerdə dəyişir ki, bu yazıda bundan bəhs etməyəcəyimiz üçün yan keçək, amma qısa olaraq onu deyə bilərik ki, hər bir stuasiyada fərqliliklər var.
Başqa bir məsələ də əxlaq məsələsidir ki, bu dəyərin indiyə qədər ancaq qadına aid olduğu cəmiyyətdə elə kök salmışdır ki, sanki əxlaq deyəndə kişilərin bu məsələyə heç bir aidiyyatı yoxdur. O isə ki, dinimizdə bu məsələdə kişi və qadın eyni dərəcədə məsuliyyət daşıyırlar. Azərbaycan cəmiyyətində ümumən, əxlaqın özünə yanaşmada bir qədər dayaz yanaşma var. Əxlaqı ancaq biryönlü dəyərləndirmək adət halını almışdır, amma əxlaq çox şaxəlidir, məsələn, düşünmək belə əxlaq və qeyri-əxlaqi ola bilər.
Əxlaq məsələlərini qadınlarımızın üzərinə yükləmiş cəmiyyət, adətlərimiz, xüsusən də kişilər bundan tamamən məmnundur, çünki məsuluyyətdən yayınmaq işlərinə yarayır. Amma unutmaq olmaz ki, bir cəmiyyətin sağlam olması üçün bir tərəfli fəaliyyət heç bir zaman nəticə verə bilməz, ya da əzilmişlər bir vaxt özləri bacardığı kimi üsyana qalxarlar. İndi Azərbaycan qadını üsyan halındadır, amma nə yazıq ki, bütün "kütləvi hərəkatlarda" olduğu kimi bu "üsyanda" da xoşagəlməz, hətta cəmiyyətin sağlamlığını sarsıda biləcək hallar mövcuddur. Azərbaycanda əslində indiyə qədər, toplumun sağlamlığı bir mənalı şəkildə qadınların çiynində olmuşdur və qadınlar bu "vəzifələrini" ləyaqətlə yerinə yetirmişlər, amma son dönəmlər bu vəziyyət mənfiyə doğru xeyli dəyişmişdir. Qısa şəkildə ifadə etsək, bir çox hallarda azadlıq istəyənlər ifrata qaçaraq, azadlığın sərhədlərini aşaraq azğınlığa yuvarlanmışlar. Bu Azərbaycan cəmiyyətinin tamlığına, ailə institunun zəifləməsində, sağlam nəslin yetişməsində təhlükədir. Qadın ləyaqətinin kimsəyə və zamanın şərtlərinə görə təyin etməlidir, yaxud da qadın kimsə və nələr üçün öz kimliyini alçaltmamlı, çırkləndirməməlidir. Hər kəs öz həyatını yaşayır və hər kəs də öz kimliyi ilə bilinir.


Şərhlər:
Baxılıb: 930
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz