Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlyas Əfəndiyev haqqında
İlyas Əfəndiyev haqqında
Göndərən: Ayten Melek
Şərhlər: 2
Baxılıb: 14298
Səs ver:
Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.

Onun qələmindən çıxan hər söz, hər cümlə "Bahar suları" kimi canlı və qaynar idi. Onun "Söyüdlü arx"ından XX əsr Azərbaycan lirik nəsri su içdi, "Körpüsalanlar"ı qəlblərə sevgi, məhəbbət, səmimilik körpüsü saldı. Masa arxasında üç dostun - qələm, kağız və sənətkar düşüncəsindən yaranan "Dağlar arxasında üç dost"u isə dağlar qədər ucalaraq mənsub olduğu xalqın kökü əsrlərin dərinliklərindən gələn ədəbiyyatının zirvəsinə qalxdı.
Bu gün - XXI əsrin ikinci onilliyinin başlanğıcının prizmasından baxanda iyirminci və iyirminci birinci yüzilliklərin qovuşuğunda, 1996-cı ilin bir payız günündə adına əbədiyyət deyilən sirli-sehrli bir aləmə qovuşan İlyas Əfəndiyevin qələminin məhsulu olan hər bir romanın, povestin, dram əsərinin bənzərsizliyinin bir daha şahidi olursan.

Vaxtilə bu böyük söz ustadının özünün sadiq, sayı milyonlarla ölçülən oxucularına yaratdığı obrazlar vasitəsilə aşılamağa çalışdığı əsas keyfiyyətlər - insani borc, vətəndaş vəzifəsi, fərd və cəmiyyətin qarşılıqlı münasibəti, ailə və əxlaq, bəşərilik, millilik problemləri bu gün də aktuallığını, dəyərini qoruyub saxlamaqdadır.

Bax, bu səbəbdən İlyas Əfəndiyevin 50-60 il bundan əvvəl qələmindən süzülən dəyərli sözlər, müdrik kəlamlar bu gün də sevilə-sevilə oxunur, daha böyük aktuallıq, daha böyük məna kəsb edir və min illər bundan sonra da belə olacaqdır.

Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Füzuli şəhərində anadan olmuşdur. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab insanlar olmuşlar.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışmışdır. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan ötməmiş, yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" damğası vurulmuş, aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən bu işıqlı şəxsiyyət 1934-cü ildə, 50 yaşında ikən dünyasını dəyişmişdir.

İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq etməklə kifayətlənməmişdir. Məhəmməd kişi vəfat etdikdən sonra müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir.

Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi "əla" qiymətlərlə bitirmişdir. 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirmişdir.

1938-ci ilin axırlarında Bakıya gələn İ.Əfəndiyev "Yeni yol", "Kommunist" və "Ədəbiyyat qəzeti" redaksiyalarında işləmişdir. İlk mətbu əsəri "Buruqlar arasında" oçerki 1938-ci ilin noyabrında dərc olunmuş, "Berlində bir gecə" adlı ilk hekayəsi "Ədəbiyyat qəzeti"nin 1939-cu il 26 yanvar tarixli nömrəsində çap olunmuşdur.

1939-cu ildə nəşr edilmiş "Kənddən məktublar" kitabı İ.Əfəndiyevə "ədəbiyyat dünyası"na çıxmaq səlahiyyəti vermişdir. O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan "İntizar" pyesini yazmış və bununla da yazıçının Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulmuşdur. 40-cı illərin sonunda o, artıq özünü bir nasir və dramaturq kimi tanıtmış, əsərləri haqqında mətbuatda yazılar dərc olunmuşdu.

İ.Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri olmuşdur. Həmçinin, onun oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə mütaliə etdiyi "Qızıl Araz" adlı rayon qəzeti, işlədiyi mətbuat orqanları, Bakı ədəbi mühiti çox böyük təsir göstərmişdir. Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, "Azərnəşr"də çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda olmuş, həyatı dərindən öyrənmiş, dünyagörüşünü daim artırmışdır.

İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi xronoloji ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi də fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış etmişdir. O, ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.

Özünəməxsus yaradıcılıq üsulu ilə XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" və s. roman və povestləri, dramaturgiyasına "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Mahnı dağlarda qaldı", "Bağlardan gələn səs" və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, "İlyas Əfəndiyev teatrı" yaratmışdır.

Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar. 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İ.Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olmuşdur.
Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev hakim ideologiyanı heç vaxt tərənnüm etməmiş, sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə almışdır. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır.

1990-cı ildə İstanbul və Ankara səhnələrində "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı" müvəffəqiyyətlə oynanılmışdır. Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr vermişdir. 60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaratmış, təzə pyeslərini tamaşaya qoymuşdur. Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata gətirmiş, onları yeni zamanın kontekstində oxuculara təqdim etmişdir. O, "Hacı Axundun cənnət bağı necə oldu" hekayəsini, "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestini dərc etdirmiş, "Tənha iydə ağacı", "Dəlilər və ağıllılar" "Hökmdar və qızı" və s. pyeslərini tamaşaya qoydurmuş, bir sıra yeni kitablarını nəşr etdirmişdir.

Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutmuşdur. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləmiş, əsərlərində Qarabağın qədim tarixini əks etdirmişdir.

Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış böyük sənətkarımız İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

XX əsr Azərbaycan ədəbiyyatının klassiki olmaqla milyonlarla oxucunun və tamaşaçının məhəbbətini qazanmış, Azərbaycan ədəbiyyatı və teatrı tarixində silinməz iz qoymuş İlyas Əfəndiyevin vəfatından 16 il ötür.

İ.Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.

Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmamışdır. Akademik Milli Dram Teatrında yazıçının bütün pyesləri tamaşaya qoyulmuşdur. Onun qələmindən çıxan və Azərbaycan dramaturgiyasının nadir incilərindən olan, yüksək vətəndaşlıq pafosu, incə lirizmlə aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açmış, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində əvəzsiz rol oynamışdır.

Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə onun xatirəsi əbədiləşdirilmiş, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu "Elitar" Gimnaziyaya İlyas Əfəndiyevin adı verilmişdir. Ulu öndərin xüsusi Sərəncamı ilə İlyas Əfəndiyevin "Seçilmiş əsərləri"nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilmişdir. Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olunmuş, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ədibin təltif olunması və yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalamışdır. Bu diqqəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə İlyas Əfəndiyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.
Şübhəsiz, İlyas Əfəndiyev bugünkü narahat dünyamızda yaşasaydı, daha neçə-neçə əsərlər yazacaqdı. Lakin müdrikliyin zirvəsinə yüksəlmiş bu "qoca geriyə baxma"sa da olar. Çünki ürəyindəkilərin hamısını demiş, zəngin irsini böyük səxavətlə insanlara, müasirlərinə və özündən sonra gələn nəsillərə ərməğan etmişdir.


Şərhlər: 2
Baxılıb: 14298
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox gozel yazicidir
13 oktyabr 2016 11:01
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Cox beyendiyim insandir.Eserlerinin bir necesini oxumusam.
12 oktyabr 2016 09:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz