Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan haqqında ümumi məlumat
Azərbaycan haqqında ümumi məlumat
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1108
Səs ver:
Biz sizə ecazkar bir diyardan-Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən-onun həyatından, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.

Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir.  Paytaxtı Bakı şəhəridir. Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi bölgələrin bir-birindən fərqli əsrarəngiz flora və faunası var.

Azərbaycan coğrafi addır. Azərbaycan adı bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. "Azər"-od, atəş deməkdir. Əbədi yanar od qədim zamanlardan paytaxt Bakının yerləşdiyi Abşeron yarımadasının simvolu hesab olunub. Çünki bu ərazidə təbii olaraq yanan məşəllər var. Təbiətdəki bu möcüzələrdən biri də Abşeron yarımadasında Məhəmmədi kəndindəki "Yanar dağ"dır. Suraxanıda isə heç vaxt sönməyən odun üzərində "Atəşgah" adlı qədim abidə var. Bu fenomen Azərbaycanın dünyada "Odlar Yurdu" kimi tanınmağına səbəb olub.

Digər tərəfdən isə Azərbaycan ərazisində qədim zamanlardan yaşayan türksoylu "Azər" tayfalarının adından götürülmüşdür. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər"-yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli  "Azərbaycan" bu ərazidə yaşayan qədim türkdilli qəbilənin adından əmələ gəlib.

Azərbaycanın ərazisi arxeoloqlar üçün zəngin bir mənbədir. Qarabağda Azıx mağarasında aparılan qazıntılar Azərbaycanda 2 milyon il əvvəl insan sivilizasiyasının izlərini aşkar edib. Aşel dövründən olan, Azıxantrop kimi tanınan insan çənəsi Azərbaycan ərazisində erkən insan məskunlaşmasının olduğunu deməyə əsas verir. Məhz bu tapıntı Azərbaycanı Avropada erkən insanın yaşayış xəritəsinə daxil etmişdir.

Azərbaycanda dövlətçilik tarixinin isə beş min illik yaşı var. Bu ərazidə ilk dövlətlər bizim eradan əvvəl  4-3-cü minilliklərdə yaranıb.

Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalan xalça naxışları bizə çox şeylərdən xəbər verir. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa gəlmək, onu qarış-qarış gəzmək, onunla və xalqı ilə yaxından tanış olmaq gərəkdir.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və bir çox başqa epik abidələrdə təcəssüm edib. Bu əsrarəngiz məmləkət filosofların, alimlərin, şairlərin, memarların, müsiqiçilərin, rəssamların vətənidir. Azərbaycan Nizami Gəncəvi, Xəqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Yusif Məmmədəliyev kimi bir sıra tanınmış elm və ictimai xadimlərin vətənidir.

Məşhur Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını, tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox uzaq ölkələrə gedib çıxırlar.
Azərbaycan xalçaları qeyri-adi dizaynı, dolğun rəngləri, özünəməxsus toxuculuq texnikası ilə bənzərsizdir. Azərbaycanın bu qədim sənət nümunələri hazırda dünyanın Viktoriya və Albert Muzeyi (London), Tekstil Muzeyi (Vaşinqton), Luvr (Paris), Topkapı (İstanbul), Ermitaj (Sankt-Peterburq) kimi məşhur muzey və qalereyalarında nümayiş etdirilir.

Azərbaycanda elmin və maarifin çoxəsrlik tarixi vardır. 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti, 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının institutları respublikada elmin, təhsilin və mədəniyyətin inkişafında müstəsna rol oynayıblar. Bu gün respublika alimlərinin maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun ənginlikləri, insan beyninin sirləri və digər problemlər daxildir.

Azərbaycanda həmçinin musiqi ənənələrinin dərin kökləri var. Ölkədə aşkar edilmiş ən qədim musiqi aləti Qobustandakı qavaldaşdır. Azərbaycan musiqi irsinin bir hissəsi kimi muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Azərbaycan eyni zamanda Şərqdə klassik musiqisinin beşiyi kimi tanınır. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə 1908-ci ildə səhnəyə qoyulub. Bunun ardınca isə 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin müəllifi olduğu "Qız Qalası" baleti müsəlman şərqində ilk dəfə oynanılıb. Eləcə də 1912-ci ilin aprelində Şövkət Məmmədova ilk müsəlman qadın opera müğənnisi kimi tarixə düşüb.

Sonrakı onilliklər ərzində Qara Qarayev və Fikrət Əmirovun əsərləri klassik musiqi irsində silinməz iz qoydu. 1950-1970-ci illərdə caz ilə muğamın unikal sintezini yaradan Vaqif Mustafazadə Azərbaycanı Şərqdə cazın mərkəzlərindən biri etdi. Yeri gəlmişkən Vaqif Mustafazadə ilə eyni səhnəni bölüşən Amerikanın əfsanəvi bluz ifaçısı B.B.King Azərbaycan caz məktəbinin banisinin piano ifasına öz vurğunluğunu bildirib.

Azərbaycan zəngin memarlığı ilə də tanınır. Ölkənin tarixinin hər dövrü müəyyən bir iz saxlayıb. Qafqaz Albaniyası dövründən bəri olan abidələr bu günədək qorunur.

Təbriz, Naxçıvan, Şirvan və Abşeron memarlıq məktəbləri bir çox incilərini təqdim etmişdir. Yusif  ibn Kuseyr (1162) və Möminə Xatun (1186) türbələri, Bərdə türbəsi (1322), Bakının rəmzi olan Qız Qalası, Şirvanşahlar Sarayı (1420-1460), Mərdəkan (1232), Nardaran (1301) və Ramana qəsrləri (12-14-cü əsrlər), Şəki xan Sarayı (18-ci əsr) kimi tarixi abidələr buna misal ola bilər.

Dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri saxlanılır.

"Azərbaycan" deyəndə göz önünə həm də onun əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə yandırmaq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı və bu gün də Azərbaycan region və Avropa ölkələrinin əsas neft təchizatçılarındandır.

Bu gün Azərbaycanda nəhəng enerji layihələri həyata keçirilir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialından faydalı istifadə edərək regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilib.

Dini tolerantlıq və müxtəlif sivilizasiyaların məskəni olan Azərbaycan öz tarixi missiyasını davam etdirir və Qərblə Şərqi mükəmməl şəkildə bir arada tutur və doğmalaşdırır.


Şərhlər:
Baxılıb: 1108
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz