Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan elmi AMEA
Azərbaycan elmi AMEA
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 763
Səs ver:
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır. Akademiya Azərbaycanda bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir və istiqamətləndirir, respublikada elmin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir.

Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılmışdır. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Akademiyanın yaranması əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün formalaşmasının təbii nəticəsi olmuşdur. Maddi mədəniyyət abidələri və bir çox elmi mənbələr göstərir ki, hələ qədim Azərbaycanda riyaziyyat, astronomiya, tibb, fəlsəfə və başqa elmlər yüksək səviyyədə inkişaf etmişdir.

60 il ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır.

Akademiyanın fəaliyyəti dünyada qəbul olunmuş, eyni zamanda respublikamızın maraqlarından irəli gələn müasir elmi istiqamətlərə müvafiq qurulmuşdur. Akademiyada elmin istiqamətləri üzrə elmi bölmələr, elmi, elmi- xidmət və sosial-xidmət müəssisələri fəaliyyət göstərir.

Akademiya onun tərkibinə seçilən Akademiya üzvlərini (həqiqi üzvləri, müxbir üzvləri, xarici üzvləri), fəxri doktorları, Akademiyanın elmi, elmi- xidmət, təhsil və sosial-xidmət müəssisələrində işləyən elmi işçiləri və mütəxəssisləri birləşdirir.

Akademiyanın ali orqanı onun həqiqi üzvlərindən, müxbir üzvlərindən və xarici üzvlərindən ibarət olan Ümumi yığıncaqdır. Akademiyanın vəzifələrini və funksiyalarını həyata keçirən idarəetmə orqan onun Rəyasət Heyətidir. Rəyasət Heyəti Akademiyanın prezidentindən, birinci vitse-prezidentindən, vitse-prezidentlərindən, akademik-katibdən, elmi bölmələrin akademik-katiblərindən və digər üzvlərindən ibarətdir. Rəyasət Heyətinə Akademiyanın prezidenti başçılıq edir. Rəyasət Heyətinin nəzdində elmi, elmi- xidmət, təhsil və sosial-xidmət müəssisələri, ensiklopediya, jurnal və digər elmi nəşrlərin redaksiyaları, elmi şuralar, komitələr, komissiyalar və cəmiyyətlər fəaliyyət göstərir.

Hazırda Azərbaycan Milli Elmlər Akdemiyasında 10300-dən yuxarı əməkdaş, o cümlədən 5500-ə yaxın elmi işçi, 500-ə yaxın elmlər doktoru, 2000-dən yuxarı elmlər namizədi çalışır. Akademiyanın 60 həqiqi üzvü və 107 müxbir üzvü var. Onlar Akademiyanın və başqa qurumların elmi-tədqiqat strukturunda fəaliyyət göstərirlər.

Azərbaycan Milli Elmlər Akademiyası altı elmi bölmədən ibarətdir: Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi, Yer Elmləri Bölməsi, Biologiya Elmləri Bölməsi, Humanitar və İctimai Elmlər Bölməsi və regional Naxçıvan Bölməsi. Elmi bölmələrin tərkibində elmi və elmi-xidmət müəssisələri, problem şuraları, komissiyalar, komitələr, elmi cəmiyyətlər, bölmənin profilinə uyğun elmi nəşrlər var. Naxçıvan Bölməsində isə tədqiqatlar geniş elmi istiqamətləri əhatə edir.

Elmi bölmə elmin müvafiq sahələrində fundamental və tətbiqi tədqiqatların istiqamətlərini müəyyənləşdirir, onların əlaqələndirilməsini təmin edir, respublika və dünya elminin vəziyyətini təhlil edir və respublikada onun inkişafını proqnozlaşdırır, nəzdində olan problem şuraların, komissiyaların, komitələrin, cəmiyyətlərin işinə rəhbərlik edir, respublikadakı elmi müəssisələr, ali məktəblər və alimlər arasında elmi əməkdaşlığı möhkəmləndirir, beynəlxalq elmi əlaqələri inkişaf etdirir, respublikanın sosial-iqtisadi və mənəvi inkişafına dair təkliflər hazırlayır.

Akademiyada 66 təşkilat, o cümlədən 48 elmi-tədqiqat, 9 konstruktor-texnologiya müəssisəsi, 2 regional elmi mərkəz, 4 muzey, 2 rəsədxana, 3 təcrübə-sınaq zavodu və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi fəaliyyət göstərir.

Akademiyanın əsas struktur özəyi fundamental və tətbiqi tədqiqatlar aparan institutlarıdır. İnstitutlar Akademiyanın mühüm elmi istiqamətlərinə uyğun olaraq elmi-tədqiqat işlərin planlarını hazırlayır və yerinə yetirir, beynəlxalq elmi-texniki əməkdaşlığı həyata keçirir, elmi nəşrlər təsis edir, nəşriyyat fəaliyyətini həyata keçirir.

Regional elmi mərkəzlər müvafiq bölgələrin təbii sərvətlərini, tarixini, mədəniyyətini və sosial-iqtisadi inkişafının müxtəlif problemlərini öyrənir.

Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyət göstərdiyi müddətin yarısından çoxu ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 70-ci illərdə Akademiya onun qayğısı sayəsində dünya şöhrəti qazandı. Alimlərimiz böyük bir coğrafi məkanda layiqli hörmət və nüfuz sahibi oldular.

Müstəqilliyimiz dövründə Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının qorunması, bu elm ocağında çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması, onların normal fəaliyyət göstərməsi üçün şəraitin yaradılması, müxtəlif elm sahələri üzrə elmi müəssisələrin inkişafı da məhz Heydər Əliyevin adı ilə bağlıdır.

"Sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir" - deyən böyük rəhbər hələ 1970-1980-ci illərdə Azərbaycanın müasir və müstəqil bir dövlətə çevrilməsi üçün elm strategiyasını işləyib hazırlamış və onu uğurla həyata keçirməyə başlamışdır.

Elmin inkişafına dövlət səviyyəsində qayğı əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qloballaşma prosesinin bütün dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə həyata keçirildiyi müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı məhz elmin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.

Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli-mənəvi və elmi intibahında misilsiz rol oynamışdır. Böyük tarixə malik olan elmi ənənələrimiz son yarım əsrlik dövrdə sistemli xarakter almış, dünyada tanınmış elmi məktəblər və istiqamətlər formalaşmışdır. Əslində Akademiya müasir elmimizin təşəkkül və inkişaf yolunun parlaq göstəricisidir. Onun özünəməxsus dəst-xətti və mənəvi-əxlaqi dəyərləri yaranmışdır. Bu dəyərlər xalqımız tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Ötən əsrin 70-80-ci illərində Elmlər Akademiyası alimlərinin fəaliyyəti dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. İqtisadiyyatın və mədəniyyətin inkişafı, yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində qazandığı nailiyyətlərə görə AMEA o dövrdə "Xalqlar dostluğu" ordeninə layiq görülmüşdür. Bu ali mükafat elm məbədinə 1975-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təqdim edilmişdir.

Akademiyanın nailiyyətləri, beynəlxalq baxışları həmişə yüksək dəyərləndirilmişdir. Alimlərimizin elmi işləri xarici ölkələrdə dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür. Müasir iqtisadiyyatın uğurlarında fizika, riyaziyyat, mexanika, kibernetika, informatika, energetika və başqa texniki elmlər əsas götürülür. Bu sahələrdə 1960-cı illərin sonunadək ölkəmizdə nəinki elmlər doktorları, hətta elmlər namizədləri çox az idi. 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı nəticəsində təhsilini davam etdirmək üçün yüzlərlə tələbə Rusiyanın müxtəlif şəhərlərindəki məktəblərə, onlarla aspirant və doktorant isə keçmiş SSRİ-nin ən qabaqcıl alimlərinin çalışdığı nüfuzlu elmi mərkəzlərə göndərilirdi. Həmin tədbir nəticəsində respublikada müasir tələblərə cavab verən ixtisaslı kadrlar hazırlandı. Artıq 1980-ci illərin əvvəllərində Azərbaycanda neft maşınqayırması, fizika, riyaziyyat, informatika, kibernetika sahəsində dünya səviyyəsində elmi nəticələr alan mərkəzlər yarandı.

Ötən əsrin 70-ci illərində Azərbaycanda riyaziyyat elmi sürətlə inkişaf etdi və bütün dünyada tanınan elmi məktəb kimi formalaşdı. Onlarla gəncin keçmiş ittifaqın ən güclü riyaziyyat məktəblərində namizədlik və doktorluq dissertasiyaları müdafiə etmələri, uzunmüddətli elmi təcrübə keçmələri Elmlər Akademiyasında riyaziyyat elminin kadr potensialını zənginləşdirdi. XX əsrin 80-ci illərində möhtərəm Heydər Əliyevin Fizika İnstitutunda fundamental tədqiqatlara böyük diqqət verməsi bərk cisim və yarımkeçiricilər, elementar zərrəciklər fizikası, elektrofizika və elektroenergetika istiqamətlərində tədqiqatların daha da inkişafına güclü təkan verdi. Azərbaycan xalqının ümummilli lideri bütün ictimai siyasi fəaliyyətində tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə humanitar elmlərə yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. Klassik irsin ötən əsrin 70-ci illərində yenidən qiymətləndirilməsi milli-mənəvi dəyərlərin formalaşmasına yönəlmiş müdrik bir siyasət idi. Bu illərdə görkəmli şair və yazıçıların yubileylərinin keçirilməsi Azərbaycanda mədəni həyatın atributlarına çevrilmişdi. Heydər Əliyevin qayğısı sayəsində Nəsiminin, Nizaminin, Füzulinin, N.Nərimanovun, C.Cabbarlının, S.Vurğunun, S.Rüstəmin, Aşıq Ələsgərin və başqa ədiblərimizin yubileyləri keçirilmiş, əsərləri nəşr edilmiş, onlar haqqında müxtəlif kitablar, albomlar hazırlanmışdır.

Möhtərəm Heydər Əliyev görkəmli ədiblərin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirirdi. S.Vurğun, M.Ordubadi, C.Cabbarlı kimi ədiblərin ev muzeyləri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Həmin illərdə Bakıda Nəsiminin, S.Vurğunun, C.Cabbarlının əzəmətli abidələri ucaldılmış, M.P.Vaqifin Şuşada, Nizaminin Gəncədə möhtəşəm məqbərələri tikilmişdir. 1981-ci ildə H.Cavidin nəşi vətənə qaytarılmış, böyük sənətkarın ev muzeyi açılmış, qısa müddətdə Naxçıvanda onun məqbərəsi inşa edilmişdir. Bütün bunlar Azərbaycanda klassik irsə göstərilən böyük ehtiramın nümunələridir.

Böyük siyasətçi Heydər Əliyev cəmiyyətin inkişafında elmin çox yüksək rol oynadığını yaxşı bildiyi üçün Azərbaycanın ali rəhbərliyinə ikinci qayıdışından sonra ölkəmizdə elmin inkişafı üçün ardıcıl tədbirlər gördü. Akademiyanın bugünkü intibahı da məhz Heydər Əliyevin adı ilə bağlıdır.

1997-ci il yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərkən elm sahəsində islahatların aparılmasının vacibliyini xüsusi vurğulamış, Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarını və Milli Elmlər Akademiyasının bundan irəli gələn vəzifələrini müəyyənləşdirmişdir. Respublika prezidenti Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini qiymətləndirərkən demişdir: "Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, idarəsi altında toplaşmış elmi müəssisələr böyük ixtiralar ediblər, böyük tədqiqatlar aparıblar, böyük işlər görüblər, sanballı elmi kitablar, əsərlər yaradıblar, tam qətiyyətlə demək olar ki, dünya elminə böyük töhfələr veriblər". Bu sözlər elmə, fundamental elmin təşkilinin optimal forması olan Milli Elmlər Akademiyasına verilən ən yüksək qiymətdir.

Bu görüş Azərbaycan elminin və Milli Elmlər Akademiyasının tarixində mühüm əhəmiyyət kəsb etmiş, alimlərin nüfuzunu artırmış, cəmiyyətdə onların rolunu və mövqeyini möhkəmləndirmiş, Milli Elmlər Akademiyasında ciddi dəyişikliklərin və islahatların başlanmasının əsasını qoymuşdur.

Həmin vaxtdan başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası ümummilli liderimizin tövsiyələrini rəhbər tutaraq, islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, kadrların məsuliyyətinin artırılması, elmi idarə və elmi xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə bir sıra qərarlar qəbul etmiş və konkret tədbirlər həyata keçirmişdir.

Akademiyanın fəaliyyətini tənzimləyən normativ sənədlərdə əhəmiyyətli dəyişikliklər edilmişdir. Akademiyanın nizamnaməsi yenidən işlənib hazırlanmışdır.

Son on il ərzində ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilmişdir.

Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı Azərbaycanın elmi ictimaiyyəti üçün mühüm hadisə olmuşdur. Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyətində olan nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli fərmanı isə Akademiyaya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət təşkilatı statusu vermişdir. Bu, Azərbaycan MEA-nın tarixində dönüş nöqtədir.

Azərbaycan xalqının ümummilli lideri digər 4 yanvar 2003-cü il tarixli fərmanları ilə Azərbaycan MEA-nın nizamnaməsini və prezidentini təsdiq etmişdir.

Heydər Əliyev Azərbaycan MEA-nın Nizamnaməsini təsdiq etməklə onun fəaliyyəti üçün yüksək səviyyədə hüquqi zəmin yaratmış, Akademiyanın fəaliyyət dairəsini xeyli genişləndirmiş, onun səlahiyyətlərini artırmış və onun qarşısında məsul vəzifələr qoymuşdur. Dahi rəhbərin Azərbaycan MEA-nın Nizamnaməsi haqqında fərmanı Akademiyanın qarşısında duran bir sıra problemlərin həllində kömək edəcəkdir.

Ötən müddət ərzində Akademiyanın elmi istiqamətləri və elmi-tədqiqat işlərinin planları ekspertizadan keçirilmiş, onun strukturunun təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülmüşdür. Aktuallığını itirmiş bəzi elmi-tədqiqat işləri dayandırılmış, bir sıra institutlar, şöbə və laboratoriyalar ləğv edilmiş, bəziləri birləşdirilmiş, yeniləri yaradılmışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq 2001-ci ilin iyun ayında Milli Akademiyamızın tarixində xüsusi yer tutan seçkilər keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri seçki ərəfəsində Akademiya üzvlərinin ümumi sayının 200 nəfər müəyyən edilməsi haqqında xüsusi sərəncam vermişdir. Bu seçkilərdə müxtəlif ixtisaslar üzrə 500 nəfərə yaxın iddiaçı alimlərin sırasından 27 akademik və 86 müxbir üzv seçilmişdir. Akademiyanın tərkibində gənc və istedadlı alimlərin sayı xeyli artmışdır. Akademiyanın Rəyasət Heyətinin tərkibi də yeniləşmişdir.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamına əsasən Azərbaycan MEA-nın Naxçıvanın Bölməsi yaradılmışdır. Bu bölmə Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Naxçıvan bölməsinin tərkibinə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası daxildir.

Akademiyada çalışan işçilərin sosial müdafiəsini gücləndirmək, onların fəaliyyətinin səmərəsini artırmaq məqsədi ilə ümummilli liderimizin bir sıra mühüm qərarlər qəbul etmişdir. 1997-ci ildə Akademiyanın işçilərinin əmək haqları 50%, 2002-ci ildə isə 2 dəfə, Akademiyanın həqiqi və müxbir üzvlərinin rütbə maaşları 1997-ci ildə 10 dəfə, 2002-ci ildə isə 3 dəfə artırılmışdır.

"Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti işçilərinin əmək haqlarının artırılması haqqında" 30 mart 2001-ci il tarixli sərəncamı ilə Rəyasət Heyətinin üzvülərinin və onun Mərkəzi aparatının əməkdaşlarının vəzifə maaşları Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının işçilərinin vəzifə maaşları ilə eyniləşdirilmişdir.

Bütün bunlar dövlətimizin elmi işçilərə göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev hazırda elm, təhsil və mədəniyyət sahəsinə qayğını ardıcıl davam etdirərək elm sferası üçün mühüm olan bir sıra qərarlar qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi haqqında" 14 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, elmi kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirərək Akademiyanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması və bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi haqqında tapşırıqlar vermişdir.

Dövlət başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının üzvlərinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" 14 fevral 2004-cü il, "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il, "Aspirantura, ali, orta ixtisas və peşə məktəblərinin və peşə litseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" 19 aprel 2004-ci il tarixli sərəncamları Azərbaycan elmində xüsusi xidmətləri olmuş alimlərimizin əməyinə verilmiş yüksək qiymət, gənc alimlərə və tələbələrə böyük qayğının təzahürüdür.

Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamlarının icrası ilə bağlı qarşıda duran vəzifələrin məsuliyyətini dərk edir və bu vəzifələrin yerinə yetirilməsi üçün bütün potensialını səfərbər etmişdir.

Möhtərəm prezidentimizin sentyabrın 15-ni "Bilik günü" kimi təsis etməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında fərmanı və 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramını təsdiq etməsi şübhəsiz ki, ölkəmizdə elmin və təhsilin səviyyəsinin artmasına xidmət edəcəkdir.

Azərbaycan Milli Elmlər Akademiyası dövlət başçısının "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərmanını və "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 21 oktyabr 2004-cü il tarixli sərəncamını öz fəaliyyətində çox mühüm proqram kimi rəhbər tutur. Hazırda Akademiyada institutların və regional elmi mərkəzlərin müxtəlif dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etməsi, regionlarda elmin inkişaf etdirilməsi, elmi tədqiqatların regionların sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi üçün müvafiq tədbirlər görülür.

Azərbaycanda elmi təhlilə əsaslanan, müasir tarixi şəraitin reallıqları nəzərə alınmaqla həyata keçirilən daxili və xarici siyasət ölkəmizə digər sahələrdə olduğu kimi elm sferasında da uğurlar qazandırıb.

Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin və demokratiyanın möhkəmləndirilməsini, iqtisadiyyatın inkişafını ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər edirlər. Elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edərkən alimlərimiz milli maraqları ön plana çəkirlər.

Müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir. Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini, demokratiyanın və iqtisadiyyatın inkişafını ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər edirlər. Azərbaycan alimləri Respulikanın ən ağır vaxtlarında dövlətimizə, ölkə Prezidentinə sadiqlik nümayiş etdirmiş və ona dayaq olmuşlar.

Fundamental elm ümumbəşəri xarakter daşısa da, elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edərkən alimlərimiz milli maraqları ön plana çəkirlər. Alimlərimiz son illər qiymətli nəticələr əldə edərək, dünya elminə də böyük töhfələr vermişlər.

Azərbaycan Milli Elmlər Akademiyasının fizika sahəsində çalışan alimləri mürəkkəb yarımkeçiricilərin yeni sinfini açmış, onların alınması texnologiyasını yaratmış və praktikada tətbiq etmişlər. Riyaziyyat və mexanika sahələrində dünyada şöhrət tapmış elmi məktəblər yaradılmışdır. Kibernetik alimlərimiz neft-qaz, neft emalı və neft-kimya sənaye sahələrinin aktual problemlərinin həll edilməsi üçün müasir riyazi üsullar işləyib hazırlamışlar. Yeni informasiya texnologiyalarının mənimsənilməsi və tətbiqi sahəsində mühüm işlər görülmüşdür.

Kimya və neft emalı sahəsində Azərbaycan alimlərinin tədqiqatları həm respublikada, həm də xaricdə geniş şöhrət tapmışdır. Yüksək keyfiyyətli mühərrik yanacağının və benzin növlərinin, xüsusi mayelərin, mühərrik və sürtkü yağlarının alınması bu tədqiqatların nəticəsində mümkün olmuşdur. Sintetik kauçukun istehsalı üçün neft qazından etil spirtinin alınması prosesinin işlənməsi də neft kimyasının inkişafında mühüm mərhələ olmuşdur.

Azərbaycanın geoloq alimləri neft-qaz-mədən geologiyası və geofizikası, neft və qaz yataqlarının işlənməsi, Azərbaycanın müxtəlif geotektonik zonalarında Yer qabığının dərinlik quruluşunun tədqiq edilməsi, zəlzələlərin proqnozunun ilkin elmi şərtlərinin işlənməsi sahələrində dünya elminə layiqli töhfələr vermişlər.

Bioloqlarımız molekulyar biologiya, biokimya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika üsullarından istifadə etməklə ekstremal mühit amillərinə qarşı bitkilərin davamlılıq mexanizmlərinin öyrənilməsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması sahəsində mühüm nəticələr əldə etmişlər. Respublikamızın flora, fauna, torpaq örtüyü və mikroorqanizmlərin biomüxtəlifliyinin öyrənilməsi, təbii bioresursların və zəngin genofondun qorunması və səmərəli istifadəsi üzrə mühüm işlər həyata keçirilmişdir.

Akademiyada Azərbaycanın çoxəsrlik tarixinə, çoxsahəli iqtisadiyyatına, Azərbaycan xalqının mədəniyyətinin tarixinə, dil və ədəbiyyatımızın, ictimai-fəlsəfi fikrimizin, elm və incəsənətimizin zəngin irsinə aid çoxşaxəli tədqiqatlar aparılmış və dəyərli əsərlər nəşr etdirilmişdir.


Şərhlər:
Baxılıb: 763
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz